Murekkeb Madde - Wikipedia
Mürəkkəb maddə — Bir neçə növ element atomlarından təşkil olunan kimyəvi birləşmə. Mürəkkəb maddələr bəsit maddələrdən fərqli olaraq böyük qruplara bölünürlər və müxtəlif növ atomlardan əmələ gəlmiş olurlar.
Mürəkkəb maddələrin müxtəlif növ atomlardan təşkil olunduğunu sübut etmək üçün kimyəvi təcrübələrdən istifadə edirlər. Məsələn, suyun sabit elektrik cərəyanının tə — siri ilə oksigen və hidrogen qazlarına parçalanmasını təcrübədə asanlıqla müşahidə etmək olar. Bunun üçün içərisində su olan aşağıdakı cihazı (Hofman cihazını) dövrəyə qoşaq. Borudan çıxan qazın oksigen olduğunu, "Həyat bilgisi" kursundan bildiyiniz kimi, közərmiş çöplə yoxlamaq olar. Hidrogen qazını yoxlamaq üçün borudan çıxan qazı kiçik sınaq şüşəsinə yığıb spirt lampasının alovuna tuturuq. Bu zaman kiçik "pax" səsi eşidiləcəkdir. Hava qarışığı olmayan hidrogen isə sakit, rəngsiz alovla yanır.
Deməli, su iki müxtəlif element atomlarından—hidrogen (H) və oksigendən (O) ibarətdir, yəni o, mürəkkəb maddədir.
Həmçinin bizim tanıdığımız xörək duzu (NaCl) Na və Cl, sönməmiş əhəng (CaO) Ca və O elementlərindən ibarət olub, mürəkkəb maddələrə aiddir. Mürəkkəb maddələrə başqa sözlə kimyəvi birləşmələr də deyilir.
Tərkibinə və xassələrinə görə mürəkkəb maddələrin 4 əsas qrupu var: oksidlər, əsaslar, turşular, duzlar.
Biri oksigen olmaqla iki elementdən ibarət mürəkkəb maddələrə oksidlər deyilir. Bəsit maddələrin (metallar və qeyri-metalların) oksigenlə birləşərək mürəkkəb maddələr əmələ gətirməsi reaksiyaları birləşmə reaksiyalarıdır.