Mustevi Pardaqlama Dezgahi - Wikipedia
Müstəvi pardaqlama dəzgahı üst səthləri müstəvi olan maşın hissələrinin abraziv alətlə emalı üçün tətbiq olunur. Müstəvi pardaqlama dəzgahları şpindelin vəziyyətinə və stolun formasına görə fərqlənirlər. Şpindeli üfüqi vəziyyətdə yerləşmiş dəzgahlarda tətbiq olunan pardaq dairəsi doğuranı boyunca kəsmədə iştirak edir. Şaquli vəziyyətdə olan şpindeldə bərkidilmiş alət isə yan tərəfi ilə metal qatı çıxarır.
Quruluşu
redaktəMüstəvi pardaqlama dəzgahları əsasən üfüqi şpindelə malik olurlar. Bu dəzgahların stolu bir, şpindel başlığı bərkidilmiş dayaq isə iki ox boyunca hərəkət edə bilir. Koordinat oxlarının bölgüsü dəzgahın təyinatından asılı olaraq fərqli ola bilər. Bu dəzgahlarda müstəvi, profil və müxtəlif dərinliklərin pardaq dairəsi ilə emalı aparılır. Proses tsiklik olaraq kompyüterdən idarə edilir. Tsikl pəstahın mövqeləşdirilməsi, pardaq dairəsinin verilmiş rejimdə işə salınma- ması, alətin sürətlə pəstaha yaxınlaşması (boş gediş), alətin kəsməyə daxil olması (işçi gediş), səthin pardaqlanması, sığallama, alətin səthdən uzaqlaşdırılması kimi mərhələlərdən ibarətdir. Pardaq dairəsinin düzləndirilməsi ya prosesdə mərhələlər arası, ya da proses başa çatdıqdan sonra aparıla bilir. Düzləndirmə adətən almaz dənəciklə yerinə yetirilir. Maşın hissələrinin müstəvi pardaqlama dəgahında emalı zamanı yüksək sərtlik tələb olunarsa, onda şaquli şpindelli dəzgahlardan istifadə olunur. Burada, kəsmə alətin yan tərəfi ilə aparıldığıdan yaranan kəsmə qüvvəsi və onun istiqaməti dəzgah tərəfindən daha əlverişli qəbul edilə bilir. Hazırlanmış səthlərdə tipik çevrə formalı abraziv izlər əmələ gəlir. Böyük pardaq dairələrinin tətbiqi ilə daha yüksək məhsuldarlıq əldə etmək mümkündür.
Fırlanma səthlərə malik hissələrin emalı üçün dönən stola malik müstəvi pardaqlama dəzgahlarından istifadə edilir. Dəzgahın stolu emalda yalnız dönmə hərkətini yerinə yetirdiyi halda, alət başlığı həm şaquli, həm də radial istiqamətdə veriş hərəkəti alır.
Mənbə
redaktə- Rezo Əliyev. Maşınqayırma leksikonu. II hissə, Bakı: Appostrof nəşriyyatı, 2012, 423 s.