Mehemmedqulu Xan Qasimli Avsar - Wikipedia
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Bu məqalənin sonunda mənbə siyahısı var, lakin mətndaxili mənbələr heç və ya kifayət qədər istifadə edilmədiyi üçün bəzi məlumatların mənbəsi bilinmir. |
Məhəmmədqulu xan Qasımlı-Avşar (1760, Urmiya – 1798, Urmiya) — Urmiya xanı .
Məhəmmədqulu xan | |
---|---|
Məhəmmədqulu xan Qasımlı-Avşar fars. محمدقلیخان افشار ارومی | |
1784 – 1798 | |
Əvvəlki | İmamqulu xan Qasımlı-Avşar |
Sonrakı | Qasım xan Qasımlı-Avşar |
1797 – 1798 | |
Əvvəlki | Mustafa xan Qasımlı-Avşar |
Sonrakı | Hüseynqulu xan Qasımlı-Avşar |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Urmiya, Urmiya xanlığı |
Vəfat tarixi | |
Vəfat yeri | Urmiya, Urmiya xanlığı |
Atası | Rzaqulu xan |
Dini | Şiə, İslam |
Həyatı
redaktəMəhəmmədqulu xan Rzaqulu xan oğlu 1760-cı ildə Urmiya şəhərində anadan olmuşdu. Mükəmməl mədrəsə təhsili almışdı. Əmiraslan xan Araşlı-Avşardan sonra, 1784-cü ildə Avşar ağsaqqallarının iradəsi ilə taxta əyləşmişdi. O, ilk gündən xanlıqda dəyişiklərə başladı. Vəzifə islahatı keçirdi.
Məhəmmədqulu xan hakimliyinin ilk vaxtlarından qonşu xanlarla mübarizəyə başladı. Atasının ölümündən sonra taxta çıxan Təbriz hakimi Xudadad xan Dünbili xalqa zülm etməyə başlamışdı. Xalqın narazılığını eşidən Sərab hakimi Sadıq xan Şəqaqi Təbrizə qoşun çəkir. Xalqın nümayəndəsi Ağa Əliməhəmməd tacirbaşı xeyli sovqatla yardım üçün Məhəmmədqulu xanın yanına yollandı. Məhəmmədqulu xan təbrizlilərə kömək etməyə söz verdi. İbrahim xan Araşlını 2 min nəfərlik qoşunla Təbrizə göndərdi. Təsuc yaxınlığında Əhməd xan Dünbili də ona qoşuldu. Xəbəri eşidən Sadıq xan qorxuya düşüb, Səraba qayıtdı. Xudadad xan gələnlərin pişvazına çıxıb, bir neçə gün qonaq saxladı.
Məhəmmədqulu xan sələfləri kimi qarətçi kürdlərə qarşı mübarizə aparmışdı. Onun hakimiyyətinin ilk dönəmlərində Həkkari kürdləri Urmiyaya yürüş edib, qarət fikrinə düşmüşdülər. Xeyli qoşun toplayıb, Urmiya ərazisinə basqın etmişdilər. Məhəmmədqulu xan Təbrizə qasid göndərib, Ibrahim xanı geri çağırtdırdı. İbrahim xan Salmas tərəfindən Həkkari bölgəsinə hücuma keçdi. Ilk həmlədə kürd qoşununu darmadağın etdi.
Sadıq xan Şəqaqi yenidən Təbrizə yürüş edib, şəhəri mühasirəyə aldı. Xudadad xan Ağa Əliməhəmməd tacirbaşını 5 min tümənlə yardım üçün Məhəmmədqulu xanın yanına yolladı. Məhəmmədqulu xan təbrizlilərə kömək etməyə söz verdi. Baş sərkərdəsi İbrahim xan Araşlını 3 min nəfərlik qoşunla Təbrizə göndərdi. Sadıq xan Avşar qoşunun gəldiyini eşidib, yenə də qaçdı. İbrahim xan onu Səraba qədər izlədi. Sadıq xanı tuta bilməsə də, onun qoşununa xeyli zərər vurdu.
Qalibiyyətlərdən ruhlanan Məhəmmədqulu xan Marağa hakimi Əhməd xan Müqəddəmin yanına elçi göndərib, bac-xərac istədi. Əhməd xan bac verməkdən boyun qaçırdı. Məhəmmədqulu xan Təbrizə, İbrahim xana məktub yazıb, Marağaya yollanmasını istədi. Ibrahim xan Marağaya hərəkət edib, Göytəpə çəmənliyində otraq etdi. Sovucbulağın hakimi Budaq xan Mükriyə, Balbas əşirətinə, Üşnəviyyə hakimi Nuh bəy Zərzaya, Mirzə ağa Şükuftiyə əmr etdi ki, qoşun toplayıb, göstərilən yerə gəlsinlər.
Əhməd xan Müqəddəm Marağadan çıxıb, İbrahim xanın üstünə gəldi. Yolda qasidlər ona xəbər verdilər ki, İbrahim xan Araşlı Tufarqan yolu ilə Marağanı tutmaq istəyir. Əhməd xan Müqəddəm yoldan qayıdıb, Marağa qalasını möhkəmlətdi. Sərabın hakimi Sadıq xan Şəqaqidən yardım etməsini rica etdi. Sadıq xan qoşun çəkib, Marağaya gəldi. Yolun İbrahim xan tərəfindən kəsildiyini görüb, Xorxor adlı kəndin yanındakı qarğılıqda oturaq etdi. Ona bildirirlər ki, balbaslar Marağanın ətraf kəndlərini çapıb-talayıb, həmin qarğılıqda istirahət edirlər. Qəflətən onların başının üstünü alıb, qılıncdan keçirdilər. Sadıq xan qənimətləri ələ keçirib, Əhməd xanı unudub, Səraba döndü.
Məhəmmədqulu xan Sulduz mahalında əyləşib, hadisələri izləyirdi. Balbasların tar-mar olduğunu eşidib, Ibrahim xana məktub göndərir ki, Əhməd xandan intiqam alsın. İbrahim xan hər tərəfdən Marağaya hücum əmrini verdi. Əhməd xan işin pisləşdiyini duyub, elçilər vastəsilə Məhəmmədqulu xandan aman istədi. İlbəil bac verməyi öhdəsinə götürdü. Məhəmmədqulu xan Əhməd xanla sülh müqaviləsi imzalayıb, İbrahim xanı geri çağırdı.
Məhəmmədqulu xan Əhməd xan Dünbilinin öyrətməsi ilə baş sərkərdəsi İbrahim xan Araşlı-Avşarın gözlərini çıxartırdı.
Məhəmmədqulu xan 1786-cı ildə əmisiuşaqları tərəfindən təklənən Cəfərqulu xan Batmanqılıc-Dünbiliyə kömək etmişdi. Cəfərqulu xan qaçıb, ona pənah gətirmişdi. Məhəmmədqulu xan Əhməd xanın ölümünə təəssüflənib yardım üçün Xoya qoşun göndərdi. Cəfərqulu xan da onlara qoşuldu. Şahbaz xanın övladları Tahir ağanın ətrafına cəm olub, Qəzənfər dağının ətəyindəki Xatun körpüsünün yanında qarşılaşdılar. Avşar qoşunun önündə dünbililər müqavimət göstərə bilməyib, Xoy qalasına çəkildilər. Avşarlar onların ardınca Xoya daxil oldular. Gizlənən Tahir ağa ilə Zahir ağanı tapıb öldürdülər. Mahmud xan Məhəmmədqulu xanın əmrilə Əhməd xanın böyük oğlu Hüseynqulu xanı taxta çıxardı.
Qərəni ağa üsyan edib bütün balbasları ətrafına toplayıb, Məhəmmədqulu xanın düşərgəsinə tərəf hücum etmişdi. Lavin çayının kənarında avşarlar və kürdlər üzləşirlər. Bir gün sərasər döyüşürlər. Avşar qoşunları balbasları darmadağın edirlər. Ölən ölür, sağlar qaçıb, dağlara sığınırlar.
Məhəmmədqulu xan iç yağıların ayaqlanmasını yatırandan sonra başı ayazıyıb, tikinti-abadlıq işlərinə başladı. Urmiyanın Kəlbəli xan Imanlının dövründən qalma hasarı uçub-dağılırdı. Ilk kişi onu təmir etdirmək oldu. Məhəmmədhəsən bəy Mahmudlunu təmir işlərinə icraçı təyin etdi.
Məhəmmədqulu xan Binab çayının üzərində körpü saldırmışdı. Körpü tikintisinə Hacı Ramazan adlı bir nəfər başçılıq etmişdi.
Məhəmmədqulu xan şəhər qalasının önündə "Qiblə" və "Nəzər" adlı bağlar saldırmışdı. Məhəmmədqulu xan qəlbisınıq adamlara hörmət edərdi. İmamqulu xanı zəhərləməkdə şübhəli bilinən, eşikağası Əlirza xan eldən dışqar qalmışdı. Onu məclisə, mərəkəyə buraxmırdılar. Məhəmmədqulu xan vəkil Mirzə Əbülhəsən bəyi yanına alıb, onlara qonaq getdi. Evdə Əlirza xanın 5 yetişmiş bacısı vardı. Məhəmmədqulu xan birini özünə, birini Sovucbulağın hakimi Budaq xan Mükriyə, birini eşikağasıbaşı Əsgər xan Əbdülməlikiyə, birini qardaşıoğlu Hüseynqulu xana, birini də kiçik qardaşı Qasım xana nişanladı.
Məhəmmədqulu xan Xoy hakimi Hüseynqulu xan Dünbili ilə bir sıra savaşlar aparmışdı. 1787-ci ildə Abdin bəy Avşar xəbər gətirdi ki, Cəfərqulu xanın təhriki ilə Hüseynqulu xan Dünbüli vergi verməkdən imtina edib. Məhəmmədqulu xan bütün Azərbaycan xanlarını Salmas ətrafına topladı. Xudadad xan Dünbili Təbrizdən, Əhməd xan Müqəddəm Marağadan, Sadıq xan Şəqaqi Sərabdan, Kəlbəli xan Kəngərli Naxçıvandan, Məhəmməd xan Ziyadlı-Qacar Irəvandan qoşunla gəlib, görüş yerinə çatdılar. Avşar qoşunu Xoy ətrafındakı Duzdağında çadır qurdu. Xoy və Salmas əhalisi Hüseynqulu xanın yanına gəlib, şivən qopardı. Bildirdilər ki, bizim avşar qoşununu qarşılamağa gücümüz yetməz. Gəl, sən ona öz tabeliyini bildir. Əks təqdirdə biz səni tutub, Məhəmmədqulu xana verəcəyik. Hüseynqulu xan eşikağası İbrahim xanı Məhəmmədqulu xanın yanına göndərib, itaətini izhar etdi. Məhəmmədqulu xan onu dinləyib, Mirzə Əbülhəsən bəyi Xoya danışıqlara göndərdi. Mirzə Əbülhəsən bəy Hüseynqulu xanı Məhəmmədqulu xanın hüzuruna gətirdi. Hüseynqulu xan Dünbili Məhəmmədqulu xandan üzr istəyib, bac-xəracı ödədi. Sonra Avşar xanını və sərkərdələri Xoydakı "Dağbağı"na qonaq apardı. Sovucbulağın hakimi Budaq xan Mükri qonaqlıq zamanı yetişdi. Xanlar onu pisləyib, Məhəmmədqulu xanın gözündən saldılar.
Məhəmmədqulu xan Xoydan Urmiyaya döndü. Digər xanlara icazə verdi ki, evlərinə qayıtsınlar. Budaq xan Mükri də evinə döndü. Elə bu vaxt Əfrasiyab sultan Zərza Məhəmmədqulu xana yetişib, Budaq xandan şikayət edir. Məhəmmədqulu xan Mirzə Salehi Sovucbulağa göndərib, Budaq xanı Urmiyaya çağırtdırdı. Budaq xan bu çağırışdan şübhələnsə də, özünə əmin olub, Urmiyaya gəldi. Urmiyaya çatcaq həbs olunub, divanxanaya gətirildi. Xan onu mühakimə edib, Baranduz qalasına göndərdi. Ardınca da cəlladı Saqi bəyi yolladı. Saqi bəy Budaq xanın gözlərini çıxardı.
Kürdlərin Hərki əşirəti Tərgəvər mahalında üsyana başladı. Məhəmmədqulu xan həmin mahaldakı adamlarına göstəriş verdi ki, hərkiləri qovub çıxarsınlar. Hərki üsyanı yatırıldı.
Məhəmmədqulu xanın daxili siyasətində zəiflik vardı. Əyan-əşrəfi, yaxın adamlarını qiymətləndirə bilmirdi. Başqalarının təsirinə düşür, öyrətməyə baxırdı.
Məhəmmədqulu xan eşikağasıbaşı Əsgər xanı ölümlə təhdid etdiyindən o qaçıb, Salmasda gizlənmişdi. Əvəzinə digər qardaşı vəkil Mirzə Əbülhəsən bəyi tutub, zindana atdırmışdı. Əsgər xan qaçandan sonra Məhəmmədqulu xan onu zindandan çıxarıb, vəzifəsinə qaytarmışdı. Sonra onu Sovməi-Bəradost bölgəsinə ezam etmişdi. Fikirləşmişdi ki, o da qaçıb, qardaşına qoşular, yerləri bəlli olar. Mirzə Əbülhəsən bəy məmuriyyətinə əncam çəkəndən sonra saraya qayıtmışdı. Məhəmmədqulu xanın umudu suya düşmüşdü. Əsgər xanın tapılmadığını görüb, Mirzə Əbülhəsən bəyi yenidən həbs etdirmişdi. Ürəyi bununla soyumayıb, əmr vermişdi ki, Əbdülməliki tayfasının bütün ağsaqqallarını və nüfuzlu adamlarını zindana atsınlar. O cümlədən Piran bəy, Kəhran bəy, Qoca bəy, Əbdülməlik bəy tutulub, öldürüldü. Onların meyitləri bazar meydanına atıldı ki, xalqa ibrət olsun.
Əsgər xan yaxın adamlarından olan Əhməd bəyi Xoya göndərdi ki, eşikağası Ibrahim xanı tapıb, Hüseynqulu xanı ona kömək etməyə inandırsın. Əhməd bəy Murtazaqulu bəy və Mehrab bəyi götürüb, Xoya yollandı. Ibrahim xanı tapıb, onun vasitəsilə qəziyyəni Hüseynqulu xana danışdı. Hüseynqulu xan Məhəmmədqulu xanın təsirindən çıxmaq üçün girəvə gəzirdi. Ona görə qoşun tərtibi üçün sərkərdələrinə göstəriş verdi. Bir neçə günün ərzində qoşun hazır oldu. Qardaşı Cəfərqulu xanı qoşun başçısı təyin etdi. Göstəriş verdi ki, Urmiyaya gedib, xoşluqla Mirzə Əbülhəsən bəyi Məhəmmədqulu xandan istəsin. Verməsə Urmiyanı dağıdıb gəlin. Cəfərqulu xan qoşunla Salmasa daxil oldu. Əsgər xan onları qarşıladı.
Məhəmmədqulu xan bu hadisəni eşidib, qardaşı Qasım xanı qoşunla Salmasa tərəf yola saldı. Qoşunda sərkərdələrdən Tahir sultan Şəhriyar xan oğlu Gündüzlü, Allahyar bəy Araşlı, Lütfullah bəy Ustaclı iştirak edirdilər. Salmasın Ağziyarət məntəqəsində qoşunlar üzləşdilər. Savaş başlandı. Avşarlar Əsgər xana görə, cani-dildən vuruşmurdu. Ona görə də məğlub olub qaçdılar. Cəfərqulu xanın qoşunu avşarları Urmiyanın ətrafındakı Qızqalasınadək izlədi. Bu vəziyyəti görən Məhəmmədqulu xan qalanın qapısını bağlayıb, içəridə gizləndi. Xoy qoşunu Urmiyanı mühasirəyə aldı. Avşar bəyləri Xoy qoşununun azğınlığını görüb, qaladan çıxdılar. Sərkərdə Hacı Ibrahim Xoylunun atı ürküb, avşarlara tərəf qaçdı. Onun ardınca da bir neçə nəfər sərkərdə getdi. Bu sərkərdələr Cahangir bəy, Ağası bəy, Əsəd bəy Dünbili idilər. Avşarlar onları tutub, öldürdülər. Avşar bəyləri onların başını Məhəmmədqulu xana apardılar. Məhəmmədqulu xan Məhəmmədhəsən bəy Mahmudlu və digər avşar bəylərinə xeyli ənam-ərmağan verdi. Əsgər xan bu savaşdan mütəssir oldu. Qardaş qırğınını dayandırmaq üçün el böyüklərinə məktub yazdı. Bildirdi ki, Urmiyaya qardaşım üçün gəlmişəm. Verin, qayıdım. Əfrasiyab sultan Zərza barışıq olduğunu görüb, məktubun xana yetişməsinə mane oldu. Avşar bəylərini növbədən götürüb, kürdlərlə əvəzlədi.
Mühasirənin 12-ci günü Cəfərqulu xanla Əsgər xan yenidən Məhəmmədqulu xana məktub göndərdilər. Əvvəlki şərtlərini təkrar etdilər. Məhəmmədqulu xan onlara bildirdi ki, siz qayıdıb, Xoya gedin, mən Mirzə Əbülhəsəni buraxacağam. Onlar çəkilib, Xoya getdilər. Bir müddət keçməyinə baxmayaraq Məhəmmədqulu xan əhdinə vəfa etmədi.
Hüseynqulu xan Dünbili təkrar qoşun yığıb, Cəfərqulu xanı sərkərdəliyi ilə Salmas yolu ilə Urmiyaya göndərdi. Əsgər xan da onlara qoşuldu. Məhəmmədqulu xan onların hərəkətini eşidib, qoşunla qarşılamağa yollandı. Ənzəl mahalının Qarabağ məntəqəsində otraq etdi. Qoşununun sayı az olduğundan irəli getməyə cəsarət etmədi. Təbriz hakimi Xudadad xandan yardım istədi. Xudadad xan ona məktubla bildirdi ki, savaşın baisi Mirzə Əbülhəsən bəyi öldürsən, bu iş öz-özünə əncam tapacaq. Məhəmmədqulu xan məktubu alan kimi cəlladı Saleh Xələc-Baranduzu Mirzə Əbülhəsən bəyi öldürməyə göndərdi. Saleh Baranduz mahalının Sarıbəyli adlı yurdunda Mirzə Əbülhəsən bəyi boğub, öldürdü. Öldürəndən sonra aparıb, qapılarına atdı. Əbdülməliki tayfası bayramda qara geyindi.
Avşar elinin ağsaqqaları yığılıb, Əsgər xana məktub yazdılar ki, Məhəmmədqulu xan ləyaqət hissini itirdiyindən, onları eşitmir. Biz sənin haqq olduğunu bilirik. Sən savaşa başla, biz sənə yardım edəcəyik. Əsgər xan məktubu Hüseynqulu xana göstərib, hərəkətə gəlməyi xahiş etdi.
Təbriz hakimi Xudadad xan Mirzə Əbülhəsən bəyin öldürülməsini eşidib, şadlandı. Qoşun yığıb, Urmiyaya tərəf yürüşə başladı. Salmasın Xandam karvansarasına yetişəndə Cəfərqulu xanın qoşununun ora cəmləşdiyi gördü. Ordan Məhəmmədqulu xana qasid göndərib, bildirdi ki, Cəfərqulu xanla Əsgər xan yolu bağlayıb. Məhəmmədqulu xan başqa yolla onu qarşılamağa 1000 atlı göndərdi. Atlıların başında Xanəmir bəy Xələc, Məhəmməd bəy və Hüseyn bəy Qarahəsənlilər, Mirzə xan Xələc, Hümmət bəy Xələc, Məhəmmədhəsən bəy Mahmudlu, Baba bəy Ərəbli və Sam bəy Qırxlı dururdu. Onlar yola düşəndən sonra özü də Ağziyarət ətrafınadək onları izlədi. Ağziyarət ətrafında Cəfərqulu xan Dünbilinin qoşunu onların önünü kəsdi. Məhzəmmədqulu xan onların gəlişinə çaşdı. Savaş etməyə tam gücü yox idi. Əlacsız qalıb, savaş əmrini verdi. Qoşunun qarovul hissəsində dayanan Ağacan bəy Kuhgiluyəli özünü Dünbili dəstəsinə vurdu. Qəflətən atının ayağı sürüşdü. Yerə yıxıldı. Heydəranlı tayfasının döyüşçüləri o dəqiqə onu yaralalayıb, heydən saldılar. Sonra başını kəsdilər.
Avşar elinin başçıları Əsgər xanla öncədən razılığa gəldiyindən bayraqları endirib, geri çəkilməyə başladılar. Məhəmmədqulu xan işin dolaşıq getdiyini görüb, Urmiya gölünün kənarı ilə Ənzəl mahalına qaçdı. Bir gün orda dincəldikdən sonra Xudadad xanla birləşib, Urmiyaya getdi. Urmiyanın girəcəyində Rüstəm bəy Qasımlını məmur etdi ki, Xudadad xanı qonaq saxlasın. Sonra ona gizlincə əmr verdi ki, Xudadad xanı öldürsün. O, Cəfərqulu xanın əmisioğlu idi. Bu fikri başa düşən Əfrasiyab sultan Zərza Kəlbəli sultan Avşar vasitəsilə onu duyuq saldı. Bildirdi ki, qalaya girməsin. Qonaqlıqda iştirak etməyəcəyinin üzrünü istəyib, sərvaxt olsun. Xudadad xanın adamları 5 gün "Nəzər" bağında dincəldikdən sonra Təbrizə döndülər. Məhəmmədqulu xan oğlu Xudaqulu xanı, Rəhim xan Qasımlını onlara qoşub, ötürməyi tapşırdı. Onlar Təbriz qoşunununa qoşulub, Sulduz-Qoşaçay yolu ilə Təbrizə yol aldılar.
İranda güclənən Ağaməhəmməd xan Qacar (1795–1797) birər-birər müstəqil xanlıqları məğlub edib, bir bayraq ətrafında birləşdirirdi. O,1792-ci ildə (1206 hicri qəməri) Azərbaycana hücum etdi. Sərab xanlığının (hakimi Sadıq xan Şəqaqi məğlub olub, Qarabağa, Ibrahimxəlil xanın yanına qaçdı. Ibrahimxəlil xan Ağaməhəmməd xanın qüdrətindən qorxsa da, ona itaət etmədi.
Məhəmmədqulu xan Ağaməhəmməd xanla savaşa hazırlaşdı. Düşməni Əsgər xan Ağaməhəmməd xana məktub göndərib, Urmiyada baş verən hadisələri bildirdi. Ağaməhəmməd xan baş vəziri Mirzə Məhəmmədşəfiyə göstəriş verdi ki, Əsgər xanı Salmasdan yanına dəvət etsin. Ətraflı söhbət edib, yaxından tanısın. Mirzə Məhəmmədşəfi Qoşaçayda Əsgər xanla görüşdü. Bu görüşün sədası bütün Azərbaycana yayıldı. Bəzi Azərbaycan xanları, əsasən Məhəmmədqulu xanın vassalları və düşmənləri Ağaməhəmməd xanla yaxından əlaqə qurmağa çalışdılar. O cümlədən Urmiyadan Hüseynqulu xan Imamqulu xan oğlu Qasımlı-Avşar, Marağadan Əhməd xan Müqəddəm, Irəvandan Məhəmməd xan Ziyadlı-Avşar, Xoydan Hüseynqulu xan Dünbili və Naxçıvandan Kəlbəli xan Kəngərli Mirzə Məhəmmədşəfinin görüşünə gəldilər. Bu xanlar hamısı bir ağızdan Əsgər xana qahmar çıxıb, tərəfini tutdular. Mirzə Məhəmmədşəfi Ağaməhəmməd xanın tapşırığı ilə Məhəmməd xan Izzəddinli-Qacara göstəriş verdi ki, Məhəmmədqulu xanı Urmiya hakimliyindən azad edib, Hüseynqulu xanı vəzifəyə gətirsin. Məhəmməd xan Izzəddinli-Qacar Hüseynqulu xan Qasımlı-Avşarı götürüb, Urmiyaya getdi. Sadıq xan Şəqaqi bu xəbəri Məhəmmədqulu xana yetirdi. Məhəmmədqulu xan təşvişə düşüb, məşvərət topladı. Avşar elinin başçıları məsləhət verdilər ki, Ağaməhəmməd xana hədiyyə göndərib, itaətini bildirsin.
Tarixçi Nisə Mustafayeva yazır: "Ağa Məhəmməd xan ilk növbədə Urmiya xanlığına zərbə endirmək fikrində idi. Onun yaxınlaşmasından xəbər tutan Məhəmmədqulu xan vuruşmaya girişməyib, şəhəri tərk etdi və Urmiya gölünün cənub tərəfindəki dağlıq ərazida yerləşən Uşnu qalasına sığındı. Urmiyaya gələn Ağa Məhəmməd xan yumşaq davranıb, heç kimi cazalandırmadı və Məhəmmədqulu xanı bağışlayacağını vəd etdi. Məhəmmədqulu xan onun hüzuruna gəldi. (Mustafayeva N., Cənubi Azərbaycan xanlıqları, s.60)
Məhəmmədqulu xan qardaşı Qasım xanı, Rəhim xan Qasımlını, Əlirza xanı və Kəlbəli bəy Xələci pay-pürüşlə baş vəzirin sərancamına göndərdi. Özü qaçıb, öncə Baranduz qalasında, sonra isə Üşnəviyyədə gizləndi.
Məhəmmədqulu xan bir neçə vaxt Urmiyada qalandan sonra, Qaradağa gedib, Ağaməhəmməd xanın ordusuna qoşuldu. Onu həbs edib, nəzarətxanaya atdılar.
Urmiyanın yeni hakimi Qasım xanın kürdlərlə savaşda uduzması xəbəri Ağaməhəmməd şah Qacara çatdı. Şah bu xəbərdən təəssüfləndi. Onun cavan, təcrübəsiz olduğunu duydu. Urmiya sərhəd nöqtəsi idi. Ora bacarıqlı adam gərək idi. Məhəmmədqulu xan onun fikrini duyub, saray adamlarını vasitəçi saldı. 4 min Təbriz tüməni də peşkəş hazırladı. Şah onun oğlu Mustafaqulu xanın adına hakimlik fərmanı imzaladı. Məhəmmədqulu xanı da ona naib təyin etdi.
Məhəmmədqulu xan 1793-cü ildə Ağaməhəmməd şahın ordusunda Şiraza, Lütfəli xan Zəndin üstünə yollanmışdı. Lütfəli xan Zəndin məğlubiyyətindən sonra Urmiyaya qayıtmışdı. Əsgər xanın onun Urmiyaya dönüşünə etiraz etmişdi. Bilirdi ki, o, qalmaqalı sevir, mütləq həngamə törədəcək. Baş vəzir Rəhim xan Qasımlını Məhəmmədqulu xana naib təyin edib, Urmiyaya göndərmişdi.
1795-ci ildə Ağaməhəmməd xan Qarabağa, ordan da Gürcüstana yürüş etdi. Məhəmmədqulu xan və Əsgər xan da bu yürüşdə iştirak etdilər. Gəncə ətrafına çatanda Urmiya şikayətçiləri gəlib, yetişdilər. Onlarla pişnamaz Molla Məhəmmədhüseyn də vardı.
Məhəmmədqulu xan Tiflisdə baş verən hadisəni öyrənib, Əsgər xana yaxınlaşmağa başladı. Saraydakı tanışlarına da peşkəş göndərib, şahın könlünü almağa girişdi. Əsgər xan bir şərtlə ona yaxınlaşdı ki, daha millətə zülm etməsin. Məhəmmədqulu xan and içib, söz verdi. Yenidən vali seçildi.
1797-ci ildə Ağaməhəmməd şah Qacar Qarabağa ikinci yürüş etdi. Urmiyaya çapar göndərib, Məhəmmədqulu xana əmr etdi ki, Avşar qoşununu Mömün xan Mahmud xan oğlu Qasımlının başçılığı ilə Qarabağa göndərsin.
Ağaməhəmməd şah Qarabağda öldürüləndən sonra Məhəmmədqulu xan müstəqil olmaq istəyən xanlara, Sadıq xan Şəqaqiyə və Cəfərqulu xan Dünbiliyə qoşuldu.
Müstəqillik hərəkatı Xoyda başlandı. Hüseynqulu xan Dünbili ona qasidi Süleyman bəy vasitəsilə Urmiyaya, Məhəmmədqulu xana xəbər göndərdi ki, fəallaşsın. Dünbili əmirləri Hüseynqulu xan, Cəfərqulu xan və Sadıq xan Şəqaqi hamısı bir ağızdan Məhəmmədqulu xanı özlərinə rəhbər seçdilər. Onun sözündən çıxmayacaqlarına vəd verdilər. Ətraf xanlara məktub göndərib, ittifaqa dəvət etdilər. İrəvan hakimi Məhəmməd xan Ziyadlı-Qacara, Naxçıvan hakimi Abbasqulu xan Kəngərliyə, Meşkin hakimi Ata xan Şahsevənə, Marağa hakimi Əhməd xan Müqəddəmə çaparlar göndərib, Təbrizə çağırdılar. Məhəmmədqulu xan, Cəfərqulu xan və Sadıq xan Təbrizə yollandılar. Məhəmmədqulu xan yolda Urmiyadan məktub aldı.
Məhəmmədqulu xan Hüseynqulu xanın Urmiyaya yürüşünü eşidib, 6 min nəfərlik qoşunla qarşısına çıxdı. Onlar Qaşqagədikdə qarşılaşdılar. Əsgər xan onları barışdırmağa tələsirdi. Qorxurdu ki, savaş başlayar, iş işdən keçər. Quşçu gədiyinə çatıb, onlara xəbər yolladı. Məktub şahın möhürü ilə möhrlənmişdi. Məhəmmədqulu xan məktubu alıb, tanış oldu. Oxudu ki, şahın əmri ilə Əsgər xan hər işə məmurdur, Hüseynqulu xan söhbət aparmaqdan azaddır.
Məhəmmədqulu xan savaşa girməyib, geri çəkildi. Əsgər xan Urmiyaya çatıb, Məhəmmədqulu xanı ora dəvət etdi. Hüseynqulu xan 6 gün Dolmalar məntəqəsində qalandan sonra, şəhərə gəldi. Əmilik hörmətini saxlayıb, divanxanaya getmədi. Rəhim xan Qasımlının Bazarbaşı məhəlləsindəki evində oturaq etdi.
Məhəmmədqulu xan 1798-ci ilədək Urmiyanın hakimi olmuşdu. 1798-ci ildə Fətəli şah fərmanla Hüseynqulu xanı Məhəmmədqulu xanın əvəzinə Urmiyaya hakim təyin etdi. Tərgəvərin hakimi Ibrahim xan 30 yük atı ilə Urmiyaya gəlib, Məhəmmədqulu xanın ev əşyalarını Kürdüstana köçürmək istədi. Fətəli şahın yüzbaşısı Məhəmmədəli xan Ərəb ona imkan vermədi. Ona Məhəmmədqulu xanı tutmaq əmr olunmuşdu. Əsgər xan yenə araya girib, məsləhət verdi ki, hələlik Məhəmmədqulu xan onun evində otursun, şahdan nə əmr gəlsə yerinə yetirsinlər. Divanxana boşaldı. Hüseynqulu xan ora köçdü.
Məhəmmədqulu xanı Mazandarana sürgün etdi. Mazandaranda onu bir otağa salıb, hər tərəfini qapadılar. Məhəhəmmədqulu xan Mazandaranda vəfat etdi.
İstinadlar
redaktəMənbə
redaktə- Ənvər Çingizoğlu, Aydın Avşar. Avşarlar. Bakı: "Şuşa", 2008, səh. 125–138
- Ənvər Çingizoğlu, Bəhram Məmmədli. Urmiya xanlığı (PDF). Bakı: SDU nəşriyyatı. 2013. səh. 188.