Memmed Elizade - Wikipedia
Məmməd (Məhəmməd) Əli oğlu Əlizadə (mart 1919, Qaradığa, Zəngəzur qəzası – bilinmir) — Azərbaycan-sovet dövlət xadimi, general-mayor, Azərbaycan SSR ictimai asayişi mühafizə (1965–1968) və daxili işlər (1968–1970) naziri.
Məmməd Əlizadə | |
---|---|
19 dekabr 1968 – 24 mart 1970 | |
Əvvəlki | vəzifənin adı dəyişdirilib |
Sonrakı | Arif Heydərov |
5 yanvar 1965 – 19 dekabr 1968 | |
Əvvəlki | Xəlil Məmmədov |
Sonrakı | vəzifənin adı dəyişdirilib |
1955 – 1960 | |
Əvvəlki | İbrahim Həsənov |
Sonrakı | İlhüseyn Hüseynov |
Şəxsi məlumatlar | |
Doğum tarixi | mart 1919 |
Doğum yeri | |
Vəfat tarixi | bilinmir |
Partiya | |
Təhsili |
|
Rütbəsi | general-mayor |
Həyatı
redaktəMəmməd Əli oğlu Əlizadə 1919-cu ilin mart ayında Azərbaycan Xalq Cümhuriyyəti Zəngəzur qəzasının (sonralar Qafan rayonu) Qaradığa (Qaradağ) kəndində anadan olmuşdur. Bir il sonra ailəsi ilə Bakıya köçmüş, 1934-cü ildə Ramanada yeddiillik məktəbi bitirərək Lassal adına Bakı Neft Texnikumuna daxil olmuşdur. O, burada təhsillə yanaşı ictimai həyatda da fəal iştirak etmiş və 1936-cı ildə komsomol sıralarına qoşulmuşdur.[1]
1938-ci ildə texnikumu bitirərək Azərbaycan Sənaye İnstitutunun geoloji kəşfiyyat fakültəsinə qəbul olunan Məmməd Əlizadə Böyük Vətən müharibəsinin başlaması səbəbilə təhsilini tamamlaya bilməmiş, üçüncü kurs tələbəsi olarkən Sovet Ordusu sıralarına qoşulmuşdur.[1] O, Bakı zenit-artilleriya məktəbinə daxil olmuş və buranı 1942-ci ildə bitirərək Zaqafqaziya cəbhəsinin Bakıdakı Hava Hücumundan Müdafiə Qüvvələrinin zenit-artilleriya alayında taqım komandiri kimi xidmət etmişdir. Sonra isə Zaqafqaziya Hərbi Dairəsinin zenit-artilleriya alayının batareya komandiri təyin edilmişdir.[2] Müharibə illərində, 1943-cü ildə ÜİK(b)P üzvü seçilmişdir.
Məmməd Əlizadə 1947-ci ildə ordu sıralarından ehtiyata buraxıldıqdan sonra "Orconokidzeneft" trestinin 7-ci mədənində texnik-geoloq vəzifəsinə işə qəbul olunmuşdur. Həmin dövrdə yarımçıq qoyduğu təhsilini davam etdirmiş, 1948-ci ildə Azərbaycan Sənaye İnstitutunu qiyabi olaraq bitirmişdir. Bundan sonra "Orconokidzeneft" trestinin 5-ci mədəninin böyük geoloqu, bir il sonra isə həmin trestdə baş geoloqun müavini təyin edilmişdir.[1]
1950-ci ildə Moskvaya oxumağa göndərilən Məmməd Əlizadə SSRİ Dövlət Təhlükəsizliyi Nazirliyinin ikiillik Ali Məktəbinə daxil olmuş və 1952-ci ildə buranı bitirdikdən sonra Bakı şəhər Milis İdarəsinin SƏDM (Sosialist Əmlakının Dağıdılması ilə Mübarizə İdarəsi) xidməti şöbəsinin rəis müavini olmuşdur. 1952-ci ildə Azərbaycan SSR Dövlət Təhlükəsizliyi Nazirliyinin Bakı vilayəti 5-ci şöbəsinin rəisi işləmişdir. 1954-cü ilin aprel ayında vəzifəsində irəli çəkilərək Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsi sədrinin müavini təyin edilmişdir. 1955-ci il iyul ayından isə Naxçıvan MSSR Dövlət Təhlükəsizliyi sədri olmuşdur. Sonralar SSRİ Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsində çalışmışdır.[2]
Məmməd Əlizadə 1965-ci ildə Azərbaycan SSR ictimai asayişi mühafizə naziri təyin edilmiş, 1970-ci ilədək bu vəzifədə (1968-ci ildən daxili işlər naziri) çalışmışdır. O, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvü olmuş, 4-cü və 7-ci çağırış Azərbaycan SSR Ali Sovetinə[3] və 5-ci çağırış Naxçıvan MSSR Ali Sovetinə deputat seçilmişdir.[4]
İstinadlar
redaktə- ↑ 1 2 3 Мәммәд Әли оғлу Әлизадә // Альбом биографий депутатов Верховного Совета Азербайджанской ССР. 1955. Бакы. 1956. С. 57.
- ↑ 1 2 Teyyub Qurban. Mir Cəfər Bağırov və Ağasəlim Atakişiyev // "Ekspress" qəzeti. 30 dekabr 2012. S. 15.
- ↑ Әлизадә Мәммәд Әли оғлу // Азәрбајҹан ССР Али Советинин депутатлары. Једдинҹи чағырыш. Бакы: Азәрбајҹан ССР Али Советинин нәшри. 1968. С. 127.
- ↑ Əlizadə Məmməd Əli oğlu // Naxçıvanda seçkilərin tarixi (1937–2002). Ensiklopedik toplu. Bakı: Qanun. 2003. səh. 181.
Xarici keçidlər
redaktə- Валентин Мзареулов. "Али-заде Мамед Али-оглы" (rus). 28 aprel 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 aprel 2022.