Merziyye Davudova - Wikipedia
Mərziyyə Yusif qızı Davudova (Dautova) (25 noyabr (8 dekabr) 1901 və ya 1901[1], Həştərxan[2] – 6 yanvar 1962[2] və ya 1962[1], Bakı[2]) — Azərbaycanın teatr və kino aktrisası, SSRİ xalq artisti (1949), Azərbaycan SSR xalq artisti (1936), Azərbaycan Teatr Cəmiyyətinin sədri (1956–1961).
Mərziyyə Davudova | |
---|---|
tatar. Мәрзия Йосыф кызы Давытова | |
1956 – 1961 | |
Əvvəlki | Rza Təhmasib |
Sonrakı | Mustafa Mərdanov |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 25 noyabr (8 dekabr) 1901 və ya 1901[1] |
Doğum yeri | |
Vəfat tarixi | 6 yanvar 1962[2] və ya 1962[1] |
Vəfat yeri | |
Dəfn yeri | |
Partiya | |
Fəaliyyəti | aktrisa |
Həyat yoldaşı | |
Elmi fəaliyyəti | |
Elm sahəsi | aktyorluq[3], teatr[3], film[3] |
|
|
Təltifləri |
|
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəMərziyə Davudova 8 dekabr 1901-ci ildə Həştərxanın Sarevo çayının sahilində yerləşən eyniadlı kənddə anadan olmuşdur. 1908–1912-ci ildə kəndlərindəki dördillik "Darültəhsil", 1912–1915-ci illərdə "Qaliyə" və 1915–1918-ci illərdə "İqbal" rus-tatar məktəblərində oxumuşdur. Bu dövrlərdə teatr fəaliyyətinə başlamış, burada həvəskarların hazırladıqları tamaşalarda oynamışdır.
Hüseyn Ərəblinski 1918-ci ildə Həştərxanda qastrolda olarkən onun oyununu bəyənmiş və onu Bakıya dəvət etmişdi. 1919-cu ildə anasını itirdikdən sonra Bakıya gəlmişdir. İlk dəfə Birləşmiş Dövlət Teatrosu nəzdində Türk Dram Teatrosu kollektivinə aktrisa qəbul edilib. Arada çox qısa müddət Tiflis Azərbaycan Dram Teatrında və Bakı Türk İşçi Teatrında işləsə də, ömrünün sonunadək Akademik Milli Dram Teatrının aparıcı sənətçilərindən olmuşdur. 1956–1961-ci illərdə Azərbaycan Teatr Cəmiyyətinin (hazırkı Azərbaycan Teatr Xadimləri İttifaqı) sədri vəzifəsində işləmişdir. Azərbaycan SSR Ali Sovetinin deputatı olmuşdur.
Mərziyyə Davudova 6 yanvar 1962-ci ildə Bakı şəhərində vəfat etmişdir.
Səhnə fəaliyyəti
redaktə1920-ci ildə Bakıya gələn və taleyini əbədi olaraq teatra bağlayan Mərziyyə Davudova Azərbaycan mədəniyyətinin, xüsusilə də teatr sənətinin inkişafında misilsiz xidmət göstərmişdir. Doğrudur, onun ən böyük arzusu Hüseyn Ərəblinski ilə tərəf müqabili olmaq idi, amma bu istək həyata keçmədi. Çünki bir il öncə nadanlar qüdrətli aktyorun həyatına son qoymuşdular. Xoşbəxtlikdən ikinci bir nəhəng aktyorla səhnədə üz-üzə dayanan Mərziyyə xanım sonralar həmin sənətkarın — Abbas Mirzə Şərifzadənin teatrda yalnız tərəf müqabili deyil, həyatda da sevgili həmdəminə, vəfalı ömür-gün dostuna çevrildi.
Ötən əsrin 20-ci illərindən sonra Azərbaycan səhnəsində Fatma Muxtarova, Şövkət Məmmədova, Həqiqət Rzayeva, Sürəyya Qacar, Münəvvər Kələntərli… kimi müqtədir aktrisalar çıxış edirdilər. Onların sırasına həvəslə qoşulan Mərziyyə xanım Üzeyir Hacıbəyovun "Arşın Mal Alan" musiqili komediyasında əvvəlcə Gülçöhrə, sonra isə Cahan xala rollarında çıxış edib. Bununla da özünün aktrisa kimi nəyə qadir olduğunu məharətlə təsdiqləyib. Hüseyn Cavidin "İblis" əsərinin tamaşasında Abbas Mirzə Şərifzadə ilə tərəf müqabili olmaq onun səhnə yaradıcılığında yeni səhifələr açıb. Çox keçmir ki, Mərziyyə Davudova mürəkkəb, ziddiyyətli, bir-birinə bənzəyən və bənzəməyən müxtəlif qadın obrazlarını, xüsusilə də qüdrətli xarakterlərin yaradıcısı kimi parlayıb. Azərbaycan teatrının aktrisalarla bağlı yeni səhifəsinin yazılması şərafəti məhz Mərziyyə xanımın qismətinə düşdü. Böyük dramaturqumuz Cəfər Cabbarlının "Sevil" pyesi yalnız səhnədə deyil, həyatda da böyük əks-sədaya, təlatümə səbəb olmuşdur. Mərziyyə xanımın böyük ustalıqla can verdiyi Sevil obrazı o qədər parlaq, təsirli, təbii alınmışdı ki, tamaşa salonundakı qadınlar öz çadralarını elə oradaca atmışlar. Mərziyyə xanım əslində qaranlıq bir mühitdə qəfildən şimşək kimi doğmuşdu. Onun səhnədə göstərdiyi təbii oyunu və sənət yanğısı haqqında Cəfər Cabbarlı yazırdı: "Mərziyyə yetkin bir sənətkardır, ustadır. Aktrisa səhnədəki əhval-ruhiyyəsi ilə bütün tamaşa salonuna təsir edən heyrətamiz bir istedada malikdir".
Mərziyyə Davudovanın teatra gəlişi ilə çox şey dəyişdi. Bu aktrisa səhnədə yalnız Azərbaycan qadınlarının surətini deyil, Qərb teatrından gələn dezdemonalar, amalyalar, ofelyalar, violalar… kimi neçə-neçə mürəkkəb obraz yaratdı. Onun obraza girmək məharəti o qədər güclü idi ki, heç bir mübaliğə olmadan bu qüdrətinə görə aktrisa Hüseyn Ərəblinski, Abbas Mirzə kimi nəhənglərlə bir sırada fəxarətlə dayanırdı. Mərziyyə xanım Cəfər Cabbarlı, Hüseyn Cavid, Səməd Vurğun, Mirzə İbrahimov, Mehdi Hüseyn, Ənvər Məmmədxanlı kimi Azərbaycan dramaturqlarının əsərləri ilə yanaşı, rus və Qərbi Avropa ədiblərinin də tamaşalarında bir-birindən fərqli və mürəkkəb qadın obrazları yaratmışdır.
Mehdi Məmmədov Mərziyyə Davudovanın yaradıcılığını dəyərləndirərək yazırdı: "1937-ci ildə Mirzə İbrahimovun "Həyat" dramı ilk dəfə tamaşaya qoyulmuşdu. Tamaşa gurultulu müvəffəqiyyət qazandı. İfaçılar ansamblı, xüsusilə də əsas rolların ifaçıları — Mərziyyə Davudova (Həyat) və Ülvi Rəcəb (Süleyman) yüksək qiymətləndirilmişdir. Əsasən klassik repertuarda romantik səpkili rollar oynayan bu aktyorlar indi "Həyat" tamaşasında həyati cizgilərlə, məişət boyaları ilə zəngin olan realist xarakterlər yaratmaqla böyük qələbə əldə etdilər. Yekdilliklə təsdiq olundu ki, bədii siqləti böyük olan bir tamaşa, onun nəzdində və mərkəzində isə Mərziyyə Davudova kimi sənətkarın ifasında Həyat obrazı yarandı".
Xalq artisti Hökümə Qurbanova öz xatirələrində yazırdı ki, bu da taleyin qismətidir. Mərziyyə xanımın ilk dəfə yaratdığı obrazları sonralar mən oynadım. Həmişə həyəcan keçirirdim ki, o bu məsələyə necə baxacaq. Böyük ürək və istedad sahibi idi. Həmişə tamaşadan sonra məni ilk təbrik edib oyunumu bəyəndiyini söyləyən Mərziyyə xanım olardı. Bu aktrisa əsl sənət fədaisi kimi gənclərə xüsusi qayğı göstərərdi.
Geniş yaradıcılıq diapazonuna malik olan Mərziyyə Davudova Azərbaycan kinosunun inkişafında da müəyyən xidmətlər göstərmişdir. "Hacı Qara", "Bir Ailə", "Bakının İşıqları", "Bir Məhəllədən İki Nəfər", "Koroğlu" və digər filmlərə çəkilib. 1956-cı ildən ömrünün sonuna kimi Azərbaycan Teatr Cəmiyyətinə rəhbərlik edən Mərziyyə xanım Davudova əslində qaranlıq bir mühitdə parlayan ulduz idi.
Çətin illər
redaktəBəllidir ki, 1937-ci ilin repressiyası sənət adamlarının taleyindən izsiz keçmədi. Müşfiqləri, Cavidləri, Ülvi Rəcəbləri, Əhməd Cavadları aparanların növbəti hədəfi Azərbaycan səhnəsinin azman aktyoru Abbas Mirzə Şərifzadə oldu. Görkəmli teatr ustasının hansı şəkildə qətlə yetirildiyi uzun müddət qaranlıq qaldı. Bu ailənin çəkdiyi zillətin təsvirini vermək indi çox çətindir. Yalnız 1955-ci ildə məlum oldu ki, Abbas Mirzə Şərifzadə 1938-ci ildə güllələnib. Səhnədə faciə qəhrəmanlarının mahir ifaçısı Abbas Mirzə Şərifzadə heç vaxt ağlına gətirməzdi ki, yaratdığı obrazların taleyi onu da gözləyə bilərmiş. O, həyatda da faciə qəhrəmanına çevrildi. Taleyinə, həyatına vurulan zərbələrin ağrı-acısını çəkənlərdən birincisi həyat yoldaşı, səhnəmizin qüdrətli nümayəndəsi, xalq artisti Mərziyyə xanım Davudova oldu.
Mərziyyə xanım Davudovaya xalq artisti fəxri adını 1936-cı ildə vermişdilər. Buna baxmayaraq, 1937-ci ildə Ülvi Rəcəbi, Abbas Mirzəni "xalq düşməni" elan edənlər aktrisanı da çək-çevirə salmaqla qəlbini didib-parçalayırdılar. O illərin xofunu Mərziyyə xanım ömrünün sonuna kimi qəlbində yaşatdı. O ağır repressiyalar aktrisanı çox incitsə də, dərdlərini gizlətməyi, səhnədə həmişəki qüdrətini, həyatda isə qürurunu, məğrurluğunu saxlamağı bacardı. O, 61 yaşında dünyasını dəyişəndə çox şeydən narahat getsə də, bir məsələdən ürəyi arxayın idi. Böyük məhəbbətin nişanəsi olan qızı Firəngiz Şərifova onların yolunu çox ləyaqətlə davam etdirirdi.
- Aktyor və rejissor Abbas Mirzə Şərifzadənin həyat yoldaşıdır.
- Aktrisa Firəngiz Şərifovanın anasıdır.
Təltif və mükafatları
redaktə- "SSRİ xalq artisti" fəxri adı — 22 iyul 1949
- "Azərbaycan SSR xalq artisti" fəxri adı — 4 aprel 1936
- "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 25 aprel 1933
- "Stalin" mükafatı (2-ci dərəcə) — 1948
- 2 dəfə "Qırmızı əmək bayrağı" ordeni — 25 fevral 1946, 22 iyul 1949
- "Şərəf nişanı" ordeni — 9 iyun 1959
Filmoqrafiya
redaktə- Ağasadıq Gəraybəyli (film, 1974)
- Bakının işıqları (film, 1950)
- Bəxtiyar (film, 1955)
- Bir ailə (film, 1943)
- Bir məhəllədən iki nəfər (film, 1957)
- Qızmar günəş altında (film, 1957)
- Əsl dost (film, 1959)
- Hacı Qara (film, 1929)
- Koroğlu (film, 1960)
- Min birinci söz (film, 1997)
- Onlar belə sevirdilər (veriliş, 2007)
Nəsil şəcərəsi
redaktəMirzə Əbdül-Rəsul | Mələk-Nisa | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Hənifə Akçurina (1904–1980) | Abbas Mirzə Şərifzadə (1893 — 1938) | Mərziyyə Davudova (1901 — 1962) | Qulam-Mirzə Şərifzadə | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Ərtoğrul Şərifov (1923–1973) | Qalina Şərifova | Qaratay Şərifov (1925–1973) | Zeynəb Şərifova | Firəngiz Şərifova (1924–2014) | Bala Ağa Qasımov (ö. 2010) | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Leyla Şərifova | Dilarə Şərifzadə | Fəridə Rzaquliyeva | Çingiz | Pərviz Qasımov | Elmira Qasımovа | Nərgiz Qasımovа | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Kamran Vəliyev | Simuzər Rzaquliyeva | Eldar Qasımov (d. 1989) | Murad Qasımov | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
İstinadlar
redaktə- ↑ 1 2 3 4 Faceted Application of Subject Terminology.
- ↑ 1 2 3 4 5 6 Давудова Марзия Юсуф кызы // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохорова 3-е изд. Москва: Советская энциклопедия, 1969.
- ↑ 1 2 3 Davudova, Mərziyyə Yusif qızı // Çex Milli Hakimiyyət Məlumat bazası.
Mənbə
redaktə- Sənət meydanının qəhrəmanı Arxivləşdirilib 2007-09-28 at the Wayback Machine
Xarici keçidlər
redaktə- Mərziyyə Davudova — IMDb səhifəsi
- Жемчужина азербайджанской сцены Arxivləşdirilib 2007-09-28 at the Wayback Machine
- Dünya bir pəncərədir Arxivləşdirilib 2007-09-28 at the Wayback Machine