Mesude Rustemova - Wikipedia
Rüstəmova Məsudə Hümmət qızı (30 aprel 1932, Qədili, Qubadlı rayonu – 28 yanvar 2011, Bakı) — Qubadlı rayon partiya komitəsinin birinci katibi (15.04.1970-5.01.1980).
Məsudə Rüstəmova | |
---|---|
Məsudə Hümmət qızı Rüstəmova | |
1970 – 1980 | |
Əvvəlki | Kamal Ağayev |
Sonrakı | Şahsuvar Yəhyayev |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 30 aprel 1932 |
Doğum yeri | |
Vəfat tarixi | 28 yanvar 2011 (78 yaşında) |
Vəfat yeri | |
Fəaliyyəti | katib[d] |
Həyatı
redaktəMəsudə Rüstəmova 1932-ci ilin aprel ayının 30-da Azərbaycan SSR Qubadlı rayonun Növlu k/s-nin Qədili kəndində qulluqçu ailəsində dünyaya gəlmişdir. Atası Rüstəmov Hümmət Qurban oğlu yoxsul kəndli ailəsindən olmuş, 1920-ci ildən Sovet İKP üzvü sıralarına qoşulmuşdur. 1920-ci ildən 1929-cu ilə qədər Qubadlı rayonunda müxtəlif vəzifələrdə çalışmışdır. 1929-cu ildən 1939-cu ilə kimi Zəngilan, Laçın, Bərdə rayon partiya komitələrində təlimatçı və söbə müdiri işləmişdir. 1939-cu ildən 1948-ci ilə kimi Qubadlı rayonunda kənd təsərrüfat şöbə müdiri və RPK-də təlimatçı olmuşdur. 1948-ci ilin avqust ayında vəfat etmişdir.
Anası Rüstəmova Çöhrə Abış qızı 1927-ci ildə Hümmət Rüstəmovla ailə hayatı qurmuş, 1932-ci ildən Eyvazlı N.Nərimanov adına kolxoza üzv yazılmış və həmin kolxozda işləmişdir. 1927-ci ildən Sov. İKP üzvü olmuşdur.
Məsudə Rüstəmova 1939-1946-cı illərdə Eyvazlıdakı 7 illik məktəbdə, 1946-1950-ci illərdə isə Qubadlı şəhər orta məktəbində təhsil almışdır. 1950-ci ilin may ayının 30-dan 1958-ci ilin avqust ayına kimi Azərbaycan LKGM Qubadlı rayon komitəsində Məktəblər şöbəsi müdiri və Uçot şöbə müdiri vəzifələrində işləmişdir. 1958-1962-ci illərdə Azərbaycan KP MK-nin yanında Ali Partiya məktəbində təhsil almış, məktəbi bitirdikdən sonra Qubadlı rayon partiya komitəsinin sərəncamına göndərilmişdir. 1962-ci ilin iyul ayından 1963-cü ilin yanvar ayının 10-na kimi Qubadlı rayon partiya komitəsində təlimatçı vəzifəsində işləmişdir. 1963-cü ilin yanvar ayından Zəngilan kolxoz-sovxoz istehsalat idarəsi partiya komitəsinin katib müavini vəzifəsində çalışmışdır.
Məsudə Rüstəmovanın partiya karyerası 1962-1963-cü illərdən başlamışdır. Həmin illərdən o, Azərbaycan SSR-in ictimai və siyasi həyatında tanınmışdır. 1964-cü ildə Qubadlı rayonu ilə Zəngilan rayonu ayrılandan sonra Məsudə Rüstəmova Qubadlı Rayon İcra Komitəsinin sədri vəzifəsində çalışmışdır. Əvvəlcə Qubadlıda yerləşən hərbi hissənin köməkliyi ilə bu rayonda körpü salınmasına, daha sonra qəsəbədə hamam tikilməsinə nail olmuşdur.
Heydər Əliyev 1969-cu ilin yayında Mərkəzi Komitənin birinci katibi seçiləndən sonra 1970-ci ilin martında Məsudə Rüstəmovanın Rayon İcraiyyə komitəsinin sədrliyindən Qubadlı rayon Partiya Komitəsinin birinci katibi seçilməsinə razılıq vermişdir. Məsudə Rüstəmova düz 10 il həmin vəzifədə çalışmış, rayonun sosial-iqtisadi inkişafında böyük xidmətlər göstərmişdir. Onun işlədiyi zaman kəsiyində rayon ictimaiyyətindən 6 nəfər dövrünün ən yüksək mükafatı olan "Lenin" ordennə layiq görülmüşdür. Həmin illər Məsudə Rüstəmovanın da əməyi yüksək dəyərləndirilmiş, o, iki dəfə "Qırmızı əmək bayrağı" ordeni və "Oktyabr İnqilabı"ordeni ilə təltif edilmişdir.
Məsudə Rüstəmova Rayon Partiya Komitəsinin birinci katibi vəzifəsindən çıxandan sonra bir müddət rayonda mədəniyyət şöbəsinin müdiri, daha sonra isə rayon əmanət bankının müdiri işləmişdir. 1993-cü ilin 31 avqustundan isə rayon sakinləri kimi köçkünlük həyatı yaşamış, Bakıda məskunlaşmış, prezident təqaüdünə layiq görülmüşdür.
Məsudə Rüstəmova 2011-ci il yanvarın 28-də Bakıda vəfat etmişdir.