Macera Zamani - Wikipedia
Macəra zamanı (ing. Adventure Time) — Pendlton Vord tərəfindən yaradılmış amerikan cizgi serialı. Cizgi serial Finn (Ceremi Şeda) və onun ən yaxşı dostu olan ögey qardaşı Ceykin (Con Di Macio) birlikdə Ooo dünyasındakı sərgüzəştlərindən bəhs edir.[5] Vord ilk dəfə 2007-ci ildə Nicktoons kanalı üçün qısametrajlı animasiya filmi hazırlamışdı. Qısa film yayımlandığı vaxt populyarlıq qazanmış və izləyicilər tərəfindən bəyənilmişdi. İdeyanı bəyənən Cartoon Network rəhbərliyi Nickelodeon kanalının bununla maraqlanmadığını nəzərə alaraq Fred Seibert[ing.] və Vorddan cizgi serial çəkməyi xahiş etdi.[6][7]
Macəra zamanı | |
---|---|
ing. Adventure Time | |
Janr | fantaziya teleserialı[d], absurdizm |
Prodüser | |
Yaradıcı | Pendlton Vord |
Ssenarist | |
Rolları səsləndirənlər | Ceremi Şeda, Con Di Macio, Hinden Volş[d], Tom Kenni, Oliviya Olson[d], Pendlton Vord |
Başlanğıc mövzusu | Pendlton Vordun ifasında "Adventure Time" |
Sonluq mövzusu | Eşli Erikssonun ifasında "Island Song (Come Along With Me)" |
Studiya |
Frederator Studios Cartoon Network Studios |
Ölkə | |
Dil | ingilis dili[1], isveç dili[2], koreya dili[3], alman dili[4] |
Mövsümlərin sayı | 10 |
Seriyaların sayı | 283 |
Seriyanın müddəti | 11 dəq. |
Telekanal | Cartoon Network |
Nümayiş | 5 aprel 2010 – 3 sentyabr 2018 |
IMDb | ID1305826 |
Rəsmi saytı |
Serialın yaradıcıları şounu inkişaf etdirmək üçün müxtəlif mənbələrdən, xüsusilə stolüstü oyun olan “Dungeons & Dragons”dan ilham alıblar. Bu təsiri serialın uydurma dünyasında, personajlarında, hekayə xəttində və ümumi estetikasında görmək olar. Animasiyasının hər bir kadrı əl ilə çəkməklə hazırlanmışdır. Epizodlar üçün hərəkət və dialoqlar “storyboarding” vasitəsilə əvvəlcədən planlaşdırılmışdır. Serialın hər bir epizodunun hazırlanıb bitməsi təxminən səkkiz-doqquz ay vaxt çəkmişdir. Komanda işi asanlaşdırmaq üçün eyni vaxtda bir neçə epizod üzərində işləyib. Bu, onlara bir epizod hazırlanıb bitəndə, növbəti epizodda artıq irəliləyiş əldə edə bilmələrinə imkan verib. Səs aktyorları personajları eyni otaqda birlikdə, qrup şəklində səsləndiriblər. Serialda tez-tez kiçik və ya təkrarlanan rolları səsləndirilməsi üçün fərqli aktyorlar iştirak etmişdir. Serialın hər bir epizodu təxminən 11 dəqiqə davam edir. Bəzən telekanalda 30 dəqiqəlik vaxt aralığını doldurmaq üçün bir-birinin ardınca iki epizod göstərilmişdir. 29 sentyabr 2016-cı ildə Cartoon Network rəhbərliyi serialın onuncu mövsümünün son olacağını bildirib. Serialın final epizodu 3 sentyabr 2018-ci ildə efirə buraxılmışdır. Serial bitdikdən sonra Max platformasında “Macəra zamanı: Uzaq diyarlar” və “Macəra zamanı: Fionna və Keyk” adlı spin-off serialları çəkmişdir.
“Macəra zamanı” Cartoon Network televiziyasının ən çox sevilən şousu olmuşdur. Serialın bəzi epizodları üç milyondan çox insan tərəfindən izlənmişdir. Şou əsasən uşaqlar üçün hazırlansa da, yeniyetmələr və böyüklər arasında da populyarlıq qazanmışdır. “Macəra zamanı” orijinallığına və füsunkar dünyasına görə tənqidçilər tərəfindən yüksək qiymətləndirib. Serial səkkiz “Praym-taym Emmi” mükafatı, bir “Pibodi” mükafatı, üç “Enni” mükafatı, iki “Britaniya Akademiyası Uşaq” mükafatı, “Kino Film Səs Redaktorları” mükafatı və “Kerrang!” da daxil olmaqla bir çox nüfuzlu mükafat aldı. Şou həmçinin “Tənqidçilərin Seçimi Televiziya” mükafatları, “Annecy Festival” mükafatları, “TCA” mükafatı və “Sandens Film Festivalı” mükafatı kimi bir neçə mükafata namizəd olub. Serial əsasında hazırlanan bir komiks kitabı “Eisner” mükafatı və iki “Harvey” mükafatı qazanıb. Bundan əlavə, serial əsasında həmçinin kitablar, video oyunlar və geyimlər hazırlanıb.
Məzmun
redaktə“Macəra zamanı” insan Finn və onun ögey qardaşı it Ceykin macəralarından bəhs edir.[8][9] Onlar post-apokaliptik dünya olan Ooo-da yaşayırlar. İllər öncə baş vermiş nüvə müharibəsindən sonra planetin yalnız üçdə ikisi sağ qalmış və dünyaya müxtəlif sehirlər və mutasiyalar yayılmışdır.[10] İkisi dostları Şahzadə Saqqızın idarə etdiyi Konfet Krallığının yaxınlığında yerləşən ağac evində məskunlaşıblar.[11][12] Onlar evdə robot oyun konsolu BMO ilə birlikdə yaşayırlar. Bir çox epizodda ikisi şahzadələri oğurlayan sehrbaz Buz Kralını dayandırmalı olurlar. Finn və Ceykin min yaşı olan rok həvəskarı, vampir kraliçası Marselin adlı dostu da var. Serialın əksər epizodlarında Finn və Ceyk digər insanlara yardım edir və pis niyyətli varlıqlarla mübarizə aparırlar.[13]
Personajlar
redaktə- İnsan Finn (ing. Finn the Human) — macəra axtarmağı sevən və günü qurtarmaqdan başqa heç nə istəməyən gənc oğlan. Ən yaxşı dostu Ceykdir. Arxasında yaşıl çanta daşıyır və mavi paltar, ağ şapka, mavi şort və qara ayaqqabı geyinir. Saçları uzun və qızıl rənglidir. Körpə ikən meşəyə tərk edilib və Ceykin valideynləri, Coşua və Marqaret tərəfindən övladığa götürülüb, böyüdülmüşdür. Özünü qəhrəman hesab edir, həyatını şər qüvvələrlə mübarizə aparmağa və insanlara daim kömək etməyə həsr etmişdir. Çalışqan, cəsur və ağıllı bir uşaqdır.
- İt Ceyk (ing. Jake the Dog) — “sehrli it ili” ilə 28 yaşı olan buldoq tipli bir it. Finnin ögey qardaşı və ən yaxşı dostudur. Bədənini istənilən formaya salmaq qabiliyyətinə malikdir. Ceykin koreya dilində danışan Lady Rainicorn adlı sevgilisi və onunla sahib olduğu beş övladı var. Alt çalmağı bacarır, olduqca tənbəldir və bəzən işlərini bədəninin köməkliyi vasitəsilə uzanaraq həyata keçirir.
- Buz Kralı (ing. Ice King) — Buz Krallığının 1043 yaşlı hökmdarı. Tez-tez Ooo dünyasının şahzadələrini qaçırır və onlarla evlənməyə çalışır. Başına qoyduğu tac ona sehrli güclər verməklə yanaşı, həm də onun başının xarab olmasına gətirib çıxarmışdır. Serialın “Holly Jolly Secrets” adlı epizodunda onun bir vaxtlar Saymon Petrikov adlı antik əşyalar toplayan normal insan olduğu və taca sahib olduqdan sonra bu günə düşdüyü məlum olur.
- Şahzadə Saqqız (ing. Princess Bubblegum) — Konfet Krallığının hökmdarı. 827 yaşı olmasına baxmayaraq mutasiya köməyilə 19 yaşında görünür. Son dərəcə ağıllı, cəsur və istedadlıdır. Daim digər insanları izləyir. Alman dilində danışa bilir. Vampir kraliçası Marselinin sevgilisidir.
- Atəş şahzadəsi (ing. Flame Princess) — Atəş krallığında yaşayır. Finn ilə Ceyk sayəsində tanış olur. Uzun müddət Finn ilə sevgili olan bu şahzadə əsəbləşəndə nəhəng ölçülərə çatır. Alovları sönəndə onu incidir. Çox tez əsəbləşir. “Frost & Fire” bölümündə Finn ilə ayrılsa da, sonra “Earth & Water” bölümündə təzədən dostlaşır.
- Atəş kralı (ing. Flame King) — Atəş krallığının hökmdarı və Atəş şahzadəsinin atası.
- Göy qurşağı atı (ing. Lady Rainicorn) — göy qurşağı və unikorn qarışığı olan məxluqdur. Ceykin sevgilisi, Şahzadə Babblqamın isə ən yaxşı dostudur. Uça bilir, insanları və əşyaları istənilən rəngə çevirməyi bacarır. Yalnız koreya dilində danışa bilir.
- Marselin (ing. Marceline) — insan və şeytan qarışığı vampir. Min ildən çox həyat sürüb və hələ də gənc olaraq qalıb. Musiqini çox sevir, tez-tez çaldığı balta formasında gitarası var. Qidalanma ehtiyacını qırmızı rəngli yeməklər ilə qarşılayır. Gün işığı dərisini zədələyir və qəzəblənəndə nəhəng bir məxluqa çevrilir. Atası Geceosfera adlı yeraltı dünyanın hökmdarıdır.
- BMO (ing. BMO) — Finn və Ceyk ilə birlikdə yaşayan oyun konsolu. Qadın tərəfindən səsləndirilsə də, onun cinsi yoxdur. BMO koreya aksenti ilə danışır.
- Yumrular şahzadəsi (ing. Lumpy Space Princess) — bənövşəyi rəngli şahzadə. Alnındakı ulduz uçmasına kömək edir. Ulduz sönərsə, o da uça bilmir. Vətəni Yumrulu bölgə deyilən aləmdir. Kişi kimi danışsa da, xasiyyəti yeniyetmə, qeybətcil gənc qız kimidir. Tez-tez dəvət edilmədiyi yığıncaq və şənliklərə gedir. Yumrulu bölgəni sevmədiyi üçün Dünyaya köçmüş və meşədə yaşamağa başlamışdır.
Digər personajlar
redaktəMövsümlər
redaktəİstinadlar
redaktə- ↑ 1 2 3 fernsehserien.de (alm.).
- ↑ Mysterious Island (ing.). 2017.
- ↑ Adventure Time (ing.).
- ↑ What Have You Done? (ing.). 2010.
- ↑ "Adventure Time | Characters". Cartoon Network. 24 mart 2017 tarixində arxivləşdirilib.
- ↑ "'The Enchiridion' Storyboards". Frederator Studios. 22 aprel 2010. 5 avqust 2010 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 29 mart 2017.
- ↑ Clark, Noelene. "'Adventure Time': Post-Apocalyptic 'Candyland' Attracts Adult Fans". Los Angeles Times. 14 noyabr 2012. 11 iyun 2016 tarixində arxivləşdirilib.
- ↑ Goellner, Caleb. "'Adventure Time' Comic Series Coming From Boom! in February". Comics Alliance. 19 noyabr 2011. 10 may 2013 tarixində arxivləşdirilib.
- ↑ Goldstein, Rich. "This Is How an Episode of Cartoon Network's 'Adventure Time' Is Made". The Daily Beast. 19 dekabr 2013. 4 mart 2016 tarixində arxivləşdirilib.
- ↑ Burlingame, Russ. "It's Adventure Time at Boom! in February". Comicbook.com. 27 dekabr 2011. 3 mart 2016 tarixində arxivləşdirilib.
- ↑ Rynda, Phil [philrynda]. "Adventure Time is animated on paper, then digitally composited. RT @achidente: @philrynda What animation software is used on Adventure Time?" (Tweet). 14 oktyabr 2014. 14 oktyabr 2014 tarixində arxivləşdirilib.
- ↑ Rynda, Phil [philrynda]. "Preproduction uses a lot of photoshop. RT @achidente: @philrynda What animation software is currently used for Adventure Time?" (Tweet). 14 oktyabr 2014. 6 dekabr 2015 tarixində arxivləşdirilib.
- ↑ "Series: Adventure Time: Candy Capers". KaBoom! Studios. 25 fevral 2017 tarixində arxivləşdirilib.