Malibeyli Xalcasi - Wikipedia
Malıbəyli xalçaları — Qarabağ xalçaçılıq məktəbinin Şuşa qrupuna aid olan xovlu xalça.
Xalça | |
Malıbəyli xalçaları | |
---|---|
Xalça haqqında məlumatlar | |
Məktəbi | Qarabağ xalçaçılıq məktəbi |
Ölkə | Azərbaycan |
Bölgə | Qarabağ |
Kənd | Malıbəyli |
Toxunması haqqında məlumatlar | |
Tarixi | XX əsrin əvvəli. |
Digər məlumatlar | |
Material | Yun |
Ümumi məlumat
redaktəAzərbaycanın cənub–qərbində yerləşən Qarabağ xalça məktəbi iki regionda–dağlıq və aran zonalarında inkişaf etmişdir. Yazılı mənbələrdə ərəb tarixçiləri Əl–Müqəddəsi, Məsudi və b. tərəfindən X əsrdən başlayaraq yun və pambıq emalı ilə məşğul olan iri sənətkarlıq mərkəzi kimi adı çəkilən Qarabağın Dağlıq zonasında XIX əsrdə xalça istehsalında Şuşa şəhəri və Daşbulaq, Dovşanlı, Girov, Trniviz, Çanaxçı, Tuğ, Köhnə Tuğlar, Hadrut, Muradxanlı, Qasımuşağı, Qubadlı, Qozağ, Mirseyid, Bağırbəyli, Xanlıq, Dağ Tumas kəndləri əsas rol oynayırdılar. Dağlıq zonaya nisbətən xammalla, şübhəsiz ki, daha yaxşı təmin olunmuş aran rayonlarında Cəbrayıl, Ağdam, Bərdə və Füzuli xalça istehsalında əsas yer tutur. Bu mərkəzin hər birində əhalisi satış üçün intensiv şəkildə xalça toxuyan çoxlu miqdarda kəndlər mövcud olmuşdur. Oz bədii quruluşu, texnoloji xüsusiyyətləri, rəng həlli baxımından Zəngəzur və Naxçıvan xalça istehsalı mərkəzləri də Qarabağ xalça məktəbinə daxildirlər. "Aran xalçası", "Bağçadagüllər xalçası", "Balıq xalçası", "Buynuz xalçası", "Bərdə xalçası", "Bəhmənli xalçası", "Qarabağ xalçası", "Qoca xalçası", "Qasımuşağı xalçası", "Ləmbəran xalçası", "Muğan xalçası", "Talış xalçası", "Lampa xalçası", "Malıbəyli xalçası", "Xanqərvənd xalçası", "Xanlıq xalçası", "Xantirmə xalçası", "Çələbi xalçası", "Şabalıdbuta xalçası", və s. çeşnili xalça kompozisiyaları Qarabağ xalçaçılıq məktəbinin klassik nümunələrindəndir. Qarabağda evlərin interyerlərinə uyğunlaşdırılmış 5 xalçadan ibarət dəst xalı–gəbələr geniş yayılmışdır.[1]
Qarabağ xalçaçılıq məktəbinin Şuşa qrupuna aid edilən Malıbəyli xalçaları öz adını Şuşa şəhərindən 15 km şimalda yerləşən Malıbəyli kəndinin adından götürmüşdür. Bu kəndin kişi sakinləri heyvandarlıq və əkinçiliklə, qadınları isə xalça və gəbə toxumaqla məşğul olurdular. Onların xalçaları bütün Qarabağda məşhur idi. Malıbəylinin sakinləri buraya vaxtilə Laçın rayonu mərkəzindən 20 km aralıda yerləşən Malıbəy kəndindən köçüb gəlmişdilər. Haqqında danışılan xalça yalnız Malıbəylidə deyil, həm də Qarabağın digər xalçaçılıq məntəqələrində toxunurdu. Bu kənd xalçaçılıq məhsullarının istehsalı ilə məşhurdur: çuval, xurcun, mərfəş, yəhər üstü örtük və s. Bunlar məişətdə və kənd – təsərrüfatında geniş istifadə olunurdu. Yaxın zamanlaradək Malıbəylidə naxışlı keçələr də toxunurdu, onun naxışları orta əsrlərdə Orta Asiyanın dekorativ incəsənət əsərlərinin naxışları ilə oxşardır.
Bədii analiz
redaktəMalıbəyli xalçasının orta sahəsinin kompozisiyasını şaquli istiqamətdə yerləşmiş göllər təşkil edir. Bu qellər orijinal bədii xüsusiyyətlərə malikdir: onlar orta sahənin hansı hissəsində yerləşməsinə və kəmiyyətinə baxmayaraq, formalarına görə eynidirlər. Hər bir qelin mərkəzində hovuz təsviri yaradan kvadrat formalı element yerləşir, onun üzərində isə əks tərəflərə baxan iki ördək təsvir edilir. Ördəklər həyat əhəmiyyətli ünsürlərdən biri olan suyu simvolizə edən 5 formalı naxışlarla əhatə olunur. Kvadratlar özləri isə bulud təsviri yaradan naxışların forması olan ilanabənzər elementlərlə əhatə olunur. Məlum olduğu kimi, dekor elementi və bulud təsviri kimi Şərq dekorativ incəsənətinin bütün sahələrində qədim zamanlarda və orta sahələrdə istifadə olunan ördək təsvirləri xüsusilə suyu simvolizə edən rəmzi mənaya malikdir. IX əsrdən etibarən, bulud təsviri və uyğur – çin incəsənətinin, xüsusilə miniatür və saxsı məmulatlarının digər dekorativ elementləri Azərbaycan xalq incəsənətinə daxil olur. Azərbaycan incəsənətinin bu elementləri belə asanlıqla qəbul etməsinin səbəbi yerli ictimai şərtlərlə, dini inanclarla və əhalinin həyat tərzi ilə bağlıdır. Yaxın Şərq ölkələrində və Azərbaycanda suyu balıq, ördək, düz və dalğalı xətlər və ya onların hissələri şəklində təsvir etmişlər[2].
Texniki xüsusiyyətlər
redaktə"Malıbəyli xalçaları"nın yerliyi qırmızı rəngdə olduğundan onun toxunması üçün istifadə edilən yunun 40 %-i qırmızı rəngdə boyanırdı.
"Malıbəyli xalçaları" kiçik və orta ölçülərdə toxunsa da, hərdən böyük xalçalar da toxunurdu.
"Malıbəyli xalçaları"nda bir kvadrat desimetrdə ilmələrin sıxlığı 37X37 ilmədən (düyündən) 42X42 ilməyə (düyün) qədər yerləşir. Bir kvadrat metrdə isə 140 min ilmədən (düyündən) 180 min ilməyə (düyünədək) təsadüf edilir.
"Malıbəyli xalçaları""nda xovun hündürlüyü 7–9 mm-dir[3].
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ "Qarabağ xalçaları". www.virtualkarabakh.az (az.). 2022-12-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-12.
- ↑ Qarabağ xalçaları [ölü keçid]
- ↑ "Malıbəyli xalçası". 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-09-11.