Maral Heykeli Smolensk - Wikipedia
Maral heykəli (rus. Скульптура оленя) – Rusiyanın Smolensk şəhərində yerləşən tunc heykəl. 1910-cu ildə heykəltaraş Rixard Friz tərəfindən hazırlanmış və əvvəlcə Rominten meşəsində quraşdırılmışdır. İkinci Dünya müharibəsindən sonra indiki yerinə – Blonye parkına köçürülmüşdür. Smolensk şəhərinin simvollarından biridir.[1][2][3]
Maral heykəli | |
---|---|
Ölkə | |
Tikilib | 1910 |
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
redaktəAlmaniya imperatoru II Vilhelm Rominten meşəsində ovçuluqla məşğul olmağı, xüsusilə, maral ovlamağı sevirdi. Bu səbəbdən Rominten meşəsində öz ov köşkünü tikdirmişdi. 1909-cu ildə ovladığı sayca 16-cı maralın buynuzlarının ölçüsü II Vilhelmin o qədər xoşuna gəlmişdi ki, bu ovunu əbədiləşdirmək istəmiş və 1910-cu ildə heyvan heykəltaraşı Rixard Frizə bu maralın tunc heykəlini hazırlatdırmışdır. Heykəl maralın əsl ölçüsündən bir qədər böyük alınmışdır:[4] təkcə bir buynuzunun çəkisi 200 kq. olmuşdur.[5] Maral heykəli ov köşkünün yaxınlığında, Müqəddəs Hubert kapellasının qarşısında quraşdırılmışdır.[4]
Heykəl İkinci Dünya müharibəsinə qədər öz yerində qalmışdır. 1944-cü ilin oktyabrında Rominten meşəsinə daxil olan sovet əsgərləri Maral heykəlini Herman Görinqin bağında kəşf etmişdirlər.[4] Bundan sonra heykəl müəmmalı şəkildə yoxa çıxsa da, 1945-ci ildə Smolensk şəhərində ortaya çıxmışdır:[5] heykəlin bir tərəfində ağ boya ilə "n saylı korpus tərəfindən Şərqi Prussiyadan Smolensk uşaqlarına hədiyyə" sözləri yazılmışdır.[4] Deyilənə görə əslən Smoleskdən olan bir sovet əsgəri heykəli bəyənmiş və onu doğma şəhərinə aparmağa qərar vermişdir. Heykəl həmin il şəhərdəki Blonye parkında yerləşən uşaq meydançasında quraşdırılmışdır.[5] 1994-cü ildə almanlar heykəlin qaytarılmasını tələb etsələr də, ruslar onların tələbini əsassız hesab etmişdirlər.[1]
Heykəlin dövlət tərəfindən qorunması və abidə statusu alması üçün cəhdlər edilsə də, bu cəhdlər uğursuz olub. 2024-cü ildə "düşmən ölkədə hazırlanması" əsas kimi gətirilərək heykələ abidə statusunun verilməsindən imtina edilib.[6]
Bərpası
redaktəMaral heykəli şəhər əhalisi arasında populyar olduğu üçün uzun müddət deformasiyaya uğramış, hətta buynuz fraqmentlərindən biri itmişdir. Heykəl dörd dəfə metal ovçularının hücumuna məruz qalmışdır.[1] 2010-cu ildə heykəlin 100 illiyi münasibətilə heykəltaraş Pyotr Fişman heykəli Katın kəndində yerləşən emalatxanasına apararaq restavrasiya işləri aparmışdır. Heykəl korroziyadan qoruyan maddə ilə örtülmüş və buynuzları bərpa olunmuşdur. Heykəlin qabağında hazırlandığı ili və heykəltaraşını qeyd edən lövhə quraşdırılmışdır.[3]
Mədəniyyətdə
redaktəMaral heykəli Smolensk şəhərinin simvollarından biri hesab olunur.[1] Şəhər əhalisi arasında yayılmış inanca görə heykəlin tuncdan hazırlanmış cinsi orqanını sığallamaq uğur gətirir.[2]
Qalereya
redaktə-
Maral heykəli II Vilhelmin ov köşkünün qarşısında (1914).
-
Qışda.
-
Yandan görünüşü.
-
Qarşısında quraşdırılmış lövhə.
İstinadlar
redaktə- ↑ 1 2 3 4 "Олень в парке Блонье никому не принадлежит". SmolNews (rusca). 22 oktyabr 2009. 23 aprel 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 iyul 2024.
- ↑ 1 2 "Это я удачно потер!". Gorodnews (rusca). 23 sentyabr 2013. 2 dekabr 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 iyul 2024.
- ↑ 1 2 "Оленя вернули на место". Smalgrad (rusca). 22 sentyabr 2010. 3 dekabr 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 iyul 2024.
- ↑ 1 2 3 4 "Охотничий дом императора". Журнал "Смоленск" (rusca). 14 iyul 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 iyul 2024.
- ↑ 1 2 3 "Памятник оленю в саду Блонье". Smolenskin rəsmi saytı (rusca). 2 dekabr 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 iyul 2024.
- ↑ "Smolenskdəki maral heykəli 'düşmən abidəsi' sayılıb". Azadlıq Radiosu. 16 iyul 2024. 16 iyul 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 iyul 2024.