Marallarim Hekayeler Toplusu - Wikipedia
Marallarım — Əbdürrəhim bəy Haqverdiyevin 1910-cu ildən etibarən "Marallarım" adı altında "Molla Nəsrəddin" jurnalında çap etdirdiyi hekayələrini "Mütrüb dəftəri" ilə başlamışdır. Hekayədə kənd yüzbaşısı Qasım əminin fəaliyyətindən danışılır. "Marallarım" adı altında gedən hekayələrdə ədib dövrün bir sıra mühüm məsələlərinin bədii həllini verir, cəhalət, nadanlıq və köhnə etiqadlara istehza edir, xalqın ruhunu, zehnini zəhərləyən təbliğatçıları kəskin tənqid atəşinə tuturdu.
Onun 1910–1913-cü illərdə "Molla Nəsrəddin" jurnalında "Ceyranəli" imzası ilə çap etdirdiyi "Marallarım" adlı hekayələr toplusuna aşağıdakılar daxildir:
- "Müqəddimə" (Molla Nəsrəddin jurnalı, S.29, 1910)
- "Mütrüb Dəftəri" (Molla Nəsrəddin jurnalı, S.30, 1910)
- "Dəcəlabad" (Molla Nəsrəddin jurnalı, S.42, 1910)
- "Yaşılbaş Sona" (Molla Nəsrəddin jurnalı, S.28, 1911)
- "Qiraət" (Molla Nəsrəddin jurnalı, S.30–35 arası, 1911)
- "Şikayət" (Molla Nəsrəddin jurnalı, S.35, 1911)
- "Şəbih" (Molla Nəsrəddin jurnalı, S.7, 1912)
- "Pir" (Molla Nəsrəddin jurnalı, S.10–12 arası, 1913)
- "Tənqid" (Molla Nəsrəddin jurnalı, S.14–16 arası, 1913)
- "Acından Təbib" (Molla Nəsrəddin jurnalı, S.22–24, 1913)
1927-ci ildə Haqverdiyevin ədəbi-ictimai fəaliyyətinin otuz beş illik yubileyi keçirilir. O, bu dövrdə "Marallarım" silsiləsindən olan satiric və başqa ciddi ruhlu çoxlu hekayələr çap etdirir. Hekayələrin bir hissəsi "Marallarım" (1927) və digər hissəsi "Hekayələr" (1940) kitabında toplanmışdır.
"Marallarım" ilk dəfə tərtib edilərək kitab şəklində "Azərnəşr" tərəfindən 1927-ci ildə Bakıda nəşr edilmişdir. "Marallarım" başlığı ilə yazılan hekayələr "Xortdanın Cəhənnəm Məktubları" və "Mozalanbəyin Səyahətnaməsi" -nin davamı olaraq qələmə alınmışdır[1].
Haqverdiyevin "Marallarım" sərlövhəsiylə çap etdirdiyi hekayələr "Cəhənnəm məktubları"nı tamamlayır. Hekayələrdə "cəhənnəmdə" cəza çəkənlərin oraya "getməzdən" əvvəl dünyada gördüyü işlər təsvir və ifşa olunur. "Marallarım" kimlərdir? Ədib özü bu suala belə cavab verir:
Şükür оlsun Allaha, Yеr üzündə mənim marallarımın hеsabı üç yüz milyоna çatıb. Gеdərsən İrana, Hindistana, Türküstana, Ərəbistana, Buxaraya, Əfqanıstana, İrəvana, Naxçıvana, Qarabağa, Lənkərana,
Salyana, Bakıya, Batuma, Dərbəndə, Dağıstana... hər yеr mənim marallarımla dоludur. Gözəl marallarım, qоtur, bitli marallarım, başları qapazlı marallarım, üzləri tüpürcəkli marallarım. |
Nəsr yaradıcılığını davam və inkişaf etdirən yazıçı sovet dövründə də "Marallarım" silsiləsində hekayələr yazmışdır. Bu hekayələr mövzuca müxtəlifdir. Hekayələrin bir qismində çar hakimiyyəti dövründə yaşayan satqın, yaltaq, ikiüzlü bəylər, xanlar, hacılar, tacirlər, çinovniklər və polis məmurlarının acgözlüyü tənqid edilir ("Odabaşının hekayəsi", "Çeşmək", "Mirzə Səfər", "Pristav və oğru", "It oyunu", "Diş ağrısı", "Qaban" və s.)[2].
Əbdürrəhim bəy Haqverdiyevin hekayələrinin təxminən üçdə biri portret hekayədir. Portret hekayələr sırasında "Mirzə Səfər", "Şeyx Şəban", "Koroğlu", "Şikayət", "Mütrüb dəftəri", "Yaşılbaş sona", "Diş ağrısı", "Qiraət" və s. hekayələrinin adını çəkmək mümkündür. Bu hekayələrdə əsas qəhrəmanın tərcümeyi-halının geniş və ətraflı təsvir olunması, zahiri və mənəvi tərəflərinin sözlə "rəsminin çəkilməsi" hadisələrin gedişatında aparıcı əhəmiyyətə malik olur[3].
İstinadlar
redaktə- ↑ "Abdurrahim Bey Hakverdiyev Hayatı-Sanatı ve Tiyatro Eserleri" (PDF). 2020-06-03 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-06-08.
- ↑ "ƏBDÜRRƏHİM BƏY HAQVЕRDİYЕV SЕÇİLMİŞ ƏSƏRLƏRİ İKİ CİLDDƏ I CİLD" (PDF). 2022-05-04 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-06-01.
- ↑ "Biz nəyə gülürük? - Əbdürrəhim bəy Haqverdiyevin hekayələrində bədii gülüş". 2021-06-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-06-02.