Mark Sattlvort - Wikipedia
Mark Riçard Şattlvort (ing. Mark Richard Shuttleworth; 18 sentyabr 1973) — "Canonical Ltd."nin əsasını qoyub və "Ubuntu" əməliyyat sisteminin hazırlanmasına rəhbərlik edib. İkinci kosmik turist kimi tarixə düşüb.[1][2][3]
Mark Şattlvort | |
---|---|
ing. Mark Shuttleworth | |
Doğum tarixi | 18 sentyabr 1973 (51 yaş) |
Fəaliyyəti | sahibkar, kosmonavt, mühəndis, ixtiraçı, informatik, bloger[d], iş adamı, proqram yaradıcısı |
markshuttleworth.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəMark Şattlvort 18 sentyabr 1973-cü ildə cərrah və uşaq bağçası tərbiyəçisinin ailəsində Cənubi Afrika Respublikasının Velkom şəhərində dünyaya gəlib.
Mark Rondebosch Boys' High School və Diocesan College-i bitirdikdən sonra Keyptaun Universitetində maliyyə və informasiya sistemləri sahəsində iqtisadi elmlər bakalavrı dərəcəsinə yiyələnib.
O, Smuts Hall-da yaşayaraq universitetdə birinci daimi internet-birləşmənin quraşdırılmasında iştirak edir.
1995-ci ildə Şattlvort rəqəmli sertifikatlar və internet təhlükəsizliyi üzrə ixtisaslaşan Thawte şirkətinin əsasını qoyur. O, 1999-cu ilin dekabrında şirkətini 3,5 milyard Cənubi Afrika randı (o zaman təxminən 575 milyon ABŞ dolları) məbləğinə VeriSign-a satır. Şattlvort 2000-ci ilin sentyabrında yeni başlayan firmalara dəstək və start kapitalının verilməsi ilə məşğul olan HBD Venture Capital-ı yaradır.
O, 2004-cü ilin martında azad proqram təminatı layihələrinə ticarət dəstəyi üçün "Canonical Ltd"nin əsasını qoyur. 2009-cu ilin dekabrında Şattlvort Canonical şirkətinin baş icraçı direktoru postundan gedib. O, "Ubuntu"nun dizaynı və keyfiyyət yoxlanması ilə daha sıx məşğul olmaq məqsədilə Canonical şirkətinin CEO postunu tərk edib.
1990-cı illərdə Şattlvort "Debian" əməliyyat sisteminin istehsalçılarından biri idi.
O, 2001-ci ildə sosial innovasiyalarla məşğul olan qeyri-kommersiya təşkilatını - "Shuttleworth Foundation"u açır. Fond CAR-da maarifləndirici, həmçinin azad və açıq proqram təminatının layihələri maliyyələşdirir.
Şattlvort Canonical Ltd şirkəti vasitəsilə 2004-cü ildə Ubuntu — Debian əsasında Linux distributivi hazırlamasını maliyyələşdirməyə başlayır.
2005-ci ildə o "Ubuntu Foundation"un əsasını qoyur və 10 milyon ABŞ dolları məbləğində ilkin investisiyaları həyata keçirir. Şattlvort 2004-cü ilin başlanğıcında “Kapitan Xlebnikov” buzqıranında Antarktidaya səyahət edib. 2005-ci ilin sentyabrında o, Impi Linux səhmlərinin 65 %-i əldə edib.
2006-cı il, 15 oktyabr tarixində elan edilmişdi ki, Şattlvort KDE-ın birinci himayəçisi olub, belə ki, ən yüksək sponsor statusunu alıb.
KDE - beynəlxalq azad proqram təminatı cəmiyyəti olub, Linux, Microsoft Windows, FreeBSD, Solaris və Mac OS X əməliyyat sistemlərində çalışan cross platform tətbiqlər yaradır. Əsasən Linux əməliyyat sistemlərində çalışan masasüstü mühit kimi tanınır. KDE-nin əsası 1996-cı ildə Mathias Etrich tərəfindən qoyulub. KDE proqram təminatı Qt çərçivəsi (framework) üzərində yazılır. KDE 108 dilə tərcümə olunub.
2013-cü ilin 27 mart tarixində "Forbes" jurnalı Şattlvortı 2013-cü ildə kompüter sənayesini silkələyən şəxs kimi təsvir edib.
Ubuntu əməliyyat sistemi
redaktəŞatltlvortun rəhbərliyi altında hazırlanan Ubuntu (“insanpərvərlik”, “humanizm”) - Debian layihəsi əsasında yaranmış, Linux nüvəsini istifadə edən əməliyyat sistemidir. Əsas yaradıcı və sponsor Canonical şirkətidir. Hazırda layihə azad cəmiyyət tərəfindən aktiv inkişaf etdirilir və dəstəklənir. Bu ad Cənubi Afrikada mövcud olan Ubuntu fəlsəfəsi (başqalarına qarşı humanizm) şərəfinə qoyulub.
Distrubitivin adi yeni veriyası 6 aydan bir çıxır və 18 ay ərzində təhlükəsizlik yenilənmələri ilə dəstəklənir. LTS versiyası isə 2 ildən bir çıxır.
Şattlvortun rəhbərliyi ilə ərsəyə gələn Ubuntu server və iş stansiyaları üçün ilkin yığılmış proqram təminatı ilə təchiz edilir. Ubuntu CD və ya DVD-daşıyıcı istifadə edərək LiveCD və ya mətn sehrbazı vasitəsilə masaüstü fərdi kompüterlərə yazılır. LiveDVD versiyası daha böyük proqram təminatı tutumuna malikdir. Tərkibinə tam lokalizasiyadan tutmuş sistem bərpasına qədər müxtəlif köməkçi proqramlar daxildir.
Ubuntu istifadədə asanlıq və rahatlığa yönələrək hazırlanılıb. O özündə geniş yayılmış “sudo” utilitini istifadə edir. Bu sistemdə potensial təhlükəli superistifadəçi sessiyasını buraxmadan inzibati tapşırıqları yerinə yetirməyə imkan verir. Bundan əlavə Ubuntu inkişaf etmiş beynəlmiləşmişliyə malikdir. Belə ki, əməliyyat sistemi 5.04 versiyasından defolt olaraq UTF-8 kodlaşdırmasından istifadə edir və çoxlu sayda dil qruplarına geniş imkanlar verir.
Ubuntu-nun işləməsi üçün 256 MB RAM, sərt diskdə isə 4 GB boş yer lazımdır. Ubuntu əməliyyat sistemi bir çox qrafik qabıqları dəstəkləyir. Defolt olaraq GNOME qrafik qabığı ilə yayılır. GNOME azad, sadə və intuitiv interfeysə malik olub, geniş diapazonda müasir masaüstü proqramlarla yayılır. GNOME-a daxil olan proqramlardan başqa Ubuntu əlavə olaraq OpenOffice.org, Mozilla Firefox kimi proqramlarla təchiz olunub.
Şattlvortun təqdim etdiyi 6.06 və daha sonrakı versiyalar LiveCD ilə CD sehrbazını bir kompakt-diskdə birləşdirir. Bu disk əməliyyat sistemini sərt diskə yazmadan onu açaraq, içindəki proqramlara nəzər yetirməyə, aparat vasitələrinin dəstəklənib-dəstəklənmədiyini öyrənməyə imkan verir. Əgər sistem bəyənilsə qrafik sehrbaz “Ubiquity” vasitəsilə elə LiveCD-dən əməliyyat sistemini yazmaq olar. Yazılma prosesi “canlı” iş masasında yaradılan sənədləri saxlayır. Bundan əlavə, endirim üçün alternativ sehrbaz debian-installer də var. O sistemi daha dərindən tanıyan, çoxlu sistem yazan və çətin disk bölümünü həyata keçirən inzibatçılar üçün nəzərdə tutulub. Bura həmçinin 192 meqabayt operativ yaddaşdan az LVM və RAID-lər də daxildir. Distrubitivə həm də USB Flaş-disk yükləməsini yaradan proqram daxildir. Bu USB Flaş-disk LiveCD və CD sehrbazının malik olduğu bütün imkanlara malikdir. Bu xüsusiyyət adətən netbuklar üçün yararlıdır.
İkinci kosmik turist
redaktəŞattlvort kosmik uçuşun ikinci kommersiya iştirakçısı olmaqla 25 aprel 2002-ci il ümumdünya şöhrəti qazanıb. O, “Soyuz TM-34” kosmik gəmisi ilə kosmosa səyahət üçün "Space Adventures"ə 20 milyon ABŞ dolları ödəyib.
İki gün sonra “Soyuz” Beynəlxalq kosmik stansiyaya gəlib. Burada Şattlvort genom və Qazanılmış İmmun Çatışmazlığı Sindromunun tədqiqatları ilə bağlı sınaqlarda iştirak edərək səkkiz gün keçirib. O, 5 may 2002-ci il tarixində Yer kürəsinə qayıdıb. Uçuşda iştirak etmək üçün Şattlvorta bir il müddətində təlim və hazırlıq keçmək lazım olub, həmçinin, o, yeddi ay Ulduzlu şəhərcikdə keçirib. Şattlvortun Bombardier Global Express şəxsi təyyarəsi var. Onu tez-tez Canonical One adlandırırlar, amma əslində o, HBD Venture Capital şirkəti vasitəsilə təyyarəyə sahib olub. Təyyarənin yan tərəfində təsvir edilmiş Drokan Norman HBD Venture Capital-ın talismanıdır.
Mənbə
redaktə- Cahangir Atakişiyev. "Rabitə dünyası" qəzeti. № 47 (794), 27 dekabr 2013, səh. 27. (az.)
İstinadlar
redaktə- ↑ "Nasa makes space tourism U-turn". BBC News Online. 12 December 2001. 22 October 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 September 2012.
approval to plans to make the South African internet millionaire Mark Shuttleworth
- ↑ "Space tourist lifts off". BBC News Online. 25 April 2002. 22 November 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 September 2012.
South African internet millionaire Mark Shuttleworth is heading for a short stay
- ↑ "International Space Station: Soyuz 3 Taxi Flight Crew: Mark Richard Shuttleworth". 4 April 2004. 5 April 2017 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2 September 2012.
Mark was born on 18 September 1973 in mining town Welkom, in South Africa's Free State province
Xarici keçidlər
redaktə- markshuttleworth.com — Rəsmi saytı
- Spacefacts biography of Mark Shuttleworth
- "Ubuntu: The Entrepreneur who wants to give it all away", interview, Financial Times, 20 January 2006. (archived 2010)