Mehdi Eliyev - Wikipedia
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Mehdi Sadıq oğlu Əliyev (1907, Yelizavetpol – 1970, Bakı) — Elm xadimi, Azərbaycan Pedaqoji İnstitutnun və S. M. Kirov adına ADU-nun rektoru.
Mehdi Əliyev | |
---|---|
azərb. Mehdi Sadıq oğlu Əliyev | |
1965 – 1970 | |
Əvvəlki | Şəfaət Mehdiyev |
Sonrakı | Faiq Bağırzadə |
Azərbaycan Pedaqoji İnstitutnun rektoru | |
1962 – 1965 | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Gəncə Rusiya İmperiyası |
Vəfat tarixi | |
Vəfat yeri | Bakı, Azərbaycan SSR |
Milliyyəti | SSRİ→ Azərbaycan azərbaycanlı |
Partiya | Kommunist partiyası |
Fəaliyyəti | Elm xadimi, Müəllim |
Həyatı
redaktəMehdi Əliyev 1907-ci ildə qədim Gəncə şəhərində zıyalı ailəsində anadan olmuşur. O, 1924-cü ildə Gəncə gimnaziyasını bitirərək orada müəllim fəaliyyətinə başlamışdır. 17 yaşlı müəllim öz savadını artırmağa ehtiyac duymuş və 1925-ci ildə azərbaycan dilində yenicə tədrisə başlamış Azərbaycan Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsinə daxil olmuşdur. O, 1930-cu ildə həmin ixtisası bitirmiş və istedadlı kadr kimi Azərbaycan Pedaqoji İnstitutunda dekan vəzifəsinə cəlb edilmişdir.
M. Əliyev yeni yaradılmış Azərbaycan Pedaqoji İnstitutda 1931–1935-ci illərdə dekan vəzifəsində çalışmış və sonra isə elmi-pedaqoji fəaliyyətini ADU-da davam etdirmişdir. M. Əliyev yüksək vəzifə tutmasına baxmayaraq könüllü olaraq 2-ci dünya müharibəsinə getmiş, ön cəbhədə vuruşmuş və düşmən gülləsinə tuş gələrək ağır yaralanmışdır. O özündə güc taparaq yenidən ali təhsilimizin inkişafı üçün səylə çalişmışdır. 1944-cü ildə ADU-nin fizika riyaziyyat fakültəsinə dekan vəzifəsinə seçilmiş və müharibənin ağır zərbələrinə məruz qalmıs Azərbaycanda ali təhsil sistemimizin formalaşması və inkişafı üçün mühüm işlər görmüsdür. Dərin biliyi, peşəkar müəllimlik metodikası, səmərəli təşkilatçılıq qabiliyyəti, yuksək mənəvi əxlaqi keyfiyyətləri, vətənpərvərliyi və insansevərliyi ilə parlaq şəxsiyyət kimi formalaşan M. Əliyev 1952-ci ildə ADU-nun prorektoru kimi daha məsul və daha şərəfli vəzifəyə təyin edilmişdir. O, bu vəzifənin öhdəsindən də layiqincə gələrək ölkəmizin elmi-pedaqoji ictimaiyyəti arasında sayılıb-seçilən şəxsiyyətə çevrilmişdir. Vəzifələrinin məsuliyyəti artdıqca, Mehdi müəllimin elm, təhsil və idarəçilik sahələrində praktiki istifadəsinə ciddi ehtiyac duyulan daha geniş spektrli imkanları üzə çıxmış və ADU-da ali təhsilin inkişafında çox yararlı olmuşdur. 1962-ci ildə tanınmış alim-pedaqoq Mehdi müəllim Azərbaycan Pedaqoji İnstituta rektor təyin edilmişdir. 1965-ci ilə qədər o, bu institutda ali pedaqoji kadrların hazırlanmasında, elmi-tədqiqat işlərinin aparılmasında, kollektiv arasında əfval-ruhiyyənin sağlamlaşmasında ciddi dönüş yaratmış və öz nüfuzunu daha da artırmışdır. Fədakar əməyi, bilik-bacarığı, yüksək intellekt səviyyəsi və xoşrəftar insani keyfiyyətləri Mehdi Əliyevi ali dövlət orqanlarında daimi diqqət mərkəzində saxlamış və ali təhsilimizin inkişafında ehtiyac duyulan anda ona müraciətin əsaını təşkil etmişdir. Bu səbəbdən 1965-ci ildə M. Əliyev ADU-nun rektoru təyin edilmiş və bu vəzifəni 1970-ci ilə kimi böyük uğurla icra etmişdir.
Mehdi müəllim Universitetin məzunları arasında xüsusi istedadı və bacarığı ilə seçilənlərin keçmiş SSRİ-nin müxtəlif şəhərlərinə, dünya miqyaslı elm mərkəzlərinə aspiranturaya göndərilməsinin təşəbbüskarı olmuş və onların Bakı şəhərində işə qəbul olunmasına, mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına xüsusi qayğı göstərmişdir. Hazırda Universitetin elmi-pedaqoji kadrları arasında M. Əliyevin qayğılarından bəhrələnən alimlərimiz onu minnətdarlıq hissi ilə xatırlayırlar. Mehdi müəllim respublikada təhsil, elm sahəsində təşkilatı işlərlə yanaşı, pedaqoji fəaliyyətlə də ciddi məşğul olmuşdur. O Azərbaycan Dövlət Universiteti və Azərbaycan Pedaqoji İnstitutu ilə yanaşı, Azərbaycan Sənaye İnstitutunda (indiki Neft Akademiyasında), Tbilisidəki Zaqafqaziya Dəmir Yolları İnstitutunda da mühazirələr oxumuşdur. Mehdi müəllim özünəməxsus qeyri-adi pedaqoji istedada malik idi. O, mexanika, molekulyar fizika və optika üzrə mühazirələrini oxuyarkən, əvvəlcə tələbələrdə dərsin mövzusuna aid təəccüb və maraq oyadar və sonra isə mövzunu elmi qaydada yüksək peşəkarlıqla şərh edərmiş. Mehdi müəllim məntiqli, aydın ardıcıl, dərin məzmunlu mühazirələrini oxumaqdan xüsusi zövq alırdı.
Mehdi müəllim bacarıqlı elm-təhsil təşkilatçısı olmaqla yanaşı, həm də nüfuzlu alim idi. O, 1933-cü ildə dövrünün yüksək elmi adına-dosent adına layiq görülmüşdür. Bəzi torpaq elementlərinin fiziki xassələrinin tədqiqinə aid böyük praktik əhəmiyyətə malik elmi-tədqiqat işləri ilə məşğul olmuşdur. O, 1949-cu ildə "Bərk cisimlərin bərkliyinin rəqs üsulu ilə təyini" mövzusunda dissertasiya müdafiə etmişdir. Onun elmi məqalələri müntəzəm olaraq nüfuzlu Respublika və xarici jurnallarda dərc olunmuş və məruzələri elmi konfranslarda dinlənilmişdir. M. Əliyev Azərbaycan dilində dərslik, dərs vəsaitlərinin hazırlanması, fizika üzrə terminologiyanin tərtibi kimi işlərə xüsusi əhəmiyyət vermişdir. O, tələbələr üçün bir çox vacib dərslikləri (A. F. İoffe Molekulyar fizika kurs və s.) rus dilindən Azərbaycan dilinə tərcümə etmiş və ali məktəblər üçün Optika kursundan Azərbaycan dilində yazılmış ilk dərsliyin həmmüəllifi olmuşdur.