Migyasdeyisme - Wikipedia
Migyasdəyişmə -CAD sistemlərində hissənin ölçüsünün başqasına uyğunlaşdırmaq məqsədilə aparılan əməliyyatdır. Əməliyyatın icrası zamanı hissənin ölçüləri xətti olaraq dəyişdirilir, yəni onun hər elementinin ölçüləri müəyyən miqyasdəyişmə faktoruna vurulur, yeni ölçülər hesablanır və səthlər yenidən təsvir olunur. Miqyasdəyişmə faktoru verilən tapşırıqdan asılı olaraq seçilir və böyük həddə dəyişilə bilir. Müasir CAD sistemləri hissənin miqyasının hər üç koordinat oxu boyunca eyni zamanda dəyişməsinə, yəni onların koordinatlarının transformasiyasına imkan verir. Əgər hər üç istiqamətdə miqyasdəyişmə faktorunun qiyməti eyni olarsa, onda buna homogen miqyasdəyişmə, müxtəlif olarsa anizotropik miqyasdəyişmə deyilir. Anizotropik miqyasdəyişmə zamanı hissənin həndəsi forması dəyişdirilir (məsələn: çevrə oval formasını alır). Miqyasdəyişmə koordinat oxlarından yalnız biri boyunca da aparıla bilər, bu hala dartma deyillir. Dartma zamanı hissənin ölçüləri müəyyən nisbətdə dəyişir. CAD sistemlərində hissənin səthləri adətən müxtəlif təsviretmə üsulları vasitəsilə verilir: poliqon, nöqtələr çoxluğu və s. Miqyasdəyişmədə hissənin bütün elementlərini təyin edən parametrlərin qiymətləri faktora vurularaq yenidən hesablanır. Sonra səthlər alınmış yeni parametrlər əsasında oriqinalda olduğu üsullarla yenidən qurulur. Mürəkkəb həndəsəyə malik hissələrdə miqyasdəyişmə əməliyyatı xeyli vaxt tələb etdiyindən bunun üçün güclü kompyüterlərə ehtiyac yaranır.
CAD sistemlərində hissələrin modellərinin miqyası dəyişdikdə müəyyən problemlər ortaya çıxa bilər. Əgər hissənin modelində müəyyən kiçik xətalar varsa (ara boşluqları) onlar da böyüyürlər və modelin sonrakı tətbiqi zamanı problemlərə səbəb olur (məsələn: NC-proqramlaşdırmada). Miqyasdəyişmədə ən böyük problemlərdən biri də radiusların kəskin dəyişməsidir. Hissədə olan kiçik radiuslar kiçiltmə zamanı itirlər, bu da alınan modeldə yenidən korreksiya işlərinin aparılmasını, radiusların əl ilə konstruksiya edilməsini tələb edir. Bu problemlər hissə üçün artıq mövcud olan texnologiyaların kiçildilməsi zamanı da maneələr yaradırlar (məsələn: NC-proqramlarının miqyasının bir başa dəzgahda kiçiltməsi).
Mənbə
redaktə- Rezo Əliyev. Maşınqayırma leksikonu. II hissə, Bakı: Appostrof nəşriyyatı, 2012, 423 s.