Mirze Feteli Axundov Adina Azerbaycan Ssr Dovlet Mukafati - Wikipedia
Mirzə Fətəli Axundov adına Azərbaycan SSR Dövlət mükafatı (azərb-kiril. Мирзә Фәтәли Ахундов адына Азәрбајҹан ССР Дөвләт мүкафаты) — Azərbaycan SSR-də ədəbiyyat və incəsənətin müxtəlif sahələrində fərqlənən əsərlərə görə Azərbaycan SSR Nazirlər Soveti tərəfindən iki ildən bir verilən mükafat.
Mirzə Fətəli Axundov adına Azərbaycan SSR Dövlət mükafatı | |
---|---|
Мирзә Фәтәли Ахундов адына Азәрбајҹан ССР Дөвләт мүкафаты | |
Mükafatın döş nişanı |
|
Ölkə | Azərbaycan SSR |
Tip | mükafat |
Kimə verilir | bədii ədəbiyyat, musiqi, teatr, təsviri incəsənət, kino incəsənəti və jurnalistika sahəsində təqdim edilmiş əsərlərin müəlliflərinə |
Təltif edir | |
Status | verilmir |
Statistika | |
Təsis tarixi | 15 dekabr 1964 |
Ləğv tarixi | 10 sentyabr 1970 |
İlk təltif | |
Son təltif |
|
Ardıcıllıq | |
Müvafiqdir | Azərbaycan SSR Dövlət mükafatı |
Haqqında
redaktəMükafat Azərbaycan SSR-də bədii ədəbiyyat, musiqi, teatr, təsviri sənət, kino incəsənəti və jurnalistika sahələrində nəzərə çarpan əsərlərin təşviqi məqsədilə 15 dekabr 1964-cü ildə təsis olunmuşdur. Mükafata layiq görülən şəxslərə "Mirzə Fətəli Axundov adına Azərbaycan SSR Dövlət mükafatı laureatı" adı, döş nişanı, diplom və 2500 manat məbləğində pul mükafatı verilirdi.[a]
Mükafat M. F. Axundov adına Mükafatlandırma Komitəsinin təqdimatına əsasən Azərbaycan SSR Nazirlər Soveti tərəfindən iki ildə bir dəfə, Azərbaycanda sovet hakimiyyətinin qurulduğu gündə verilirdi. Mükafatı almaq üçün irəli sürülən namizədlərin və əsərlərin siyahısı iki ay əvvəldən Azərbaycan SSR mətbuatında dərc olunurdu.[1]
1970-ci ildə Azərbaycan SSR Dövlət mükafatının təsis edilməsindən sonra mükafat ləğv olunmuşdur.[2][3]
Əsasnaməsi
redaktəM. F. Axundov adına Azərbaycan SSR Dövlət mükafatı haqqında əsasnamə 15 dekabr 1964-cü ildə qəbul olunmuşdur.[a] Əsasnamədə deyilir:
Azərbaycan Sovet sosialist mədəniyyətini, xüsusilə bədii əsəbiyyatı, musiqini, teatr və təsviri incəsənəti, kinematoqrafiya və jurnalistikanı daha da inkişaf etdirmək məqsədilə respublikanın daha çox fərqlənən və əsərləri partiyanın və xalqın yüksək tələbatını ödəyən yaradıcı işçiləri həvəsləndirmək üçün Azərbaycan SSR hökuməti görkəmli mütəfəkkir, filosof və dramaturq Mirzə Fətəli Axundov adına üç mükafat təsis etmişdir:
1. M. F. Axundov adına respublika mükafatları iki ildə bir dəfə Azərbaycan sovet ədəbiyyatı, musiqisi, teatr, təsviri və kino incəsənəti sahəsində yüksək ideya-bədii əhəmiyyəti olan, mükafatlar verilən vaxta kimi ən azı yarım il qabaq geniş ictimaiyyət tərəfindən bəyənilmiş daha görkəmli əsərlər üçün verilir.
2. M. F. Axundov adına mükafatlar vermək üçün əsərlər yazıçılar, bəstəkarlar, rəssamlar, kinematoqrafçılar və jurnalistlər ittifaqları, elmi-tədqiqat idarələri, Teatr cəmiyyəti, teatrlar, jurnal və qəzetlərin redaksiyaları, müəssisələrin kollektivləri, ali məktəblər, nazirliklər, idarələr və ictimai təşkilatlar tərəfindən ən geci mükafatlar verilənə üç ay qalmış təqdim olunur.
3. İctimai təşkilatların nümayəndələrindən və mədəniyyət xadimlərindən yaradılmış Azərbaycan SSR Nazirlər Soveti yanında M. F. Axundov adına respublika Mükafatlandırma Komitəsi ictimaiyyətin rəyini hesaba almaqla mükafat üçün təqdimata baxır və öz təkliflərini Azərbaycan SSR Nazirlər Sovetinin təsdiqinə verir.
4. M. F. Axundov adına mükafat vermək üçün təqdim olunmuş namizədlərin və əsərlərin siyahısı Respublika Mükafatlandırma Komitəsinin adından müvafiq xarakteristika ilə mükafatların verilməsinə iki ay qalmış respublika mətbuatında dərc olunur.
5. M. F. Axundov adına mükafatların verilməsi barəsində Azərbaycan SSR Nazirlər Sovetinin qərarı aprelin 28-də — Azərbaycanda Sovet hakimiyyəti qurulmasının ildönümü günündə respublika mətbuatında dərc olunur.
6. M. F. Axundov adına mükafatlara layiq görülmüş əsərlərin müəlliflərinə "M. F. Axundov adına mükafat laureatı" adı, döş nişanı, diplom və pul mükafatı verilir.
— mükafat haqqında əsasnamə[b]
Döş nişanı
redaktəMükafat laureatının döş nişanının, diplomunun eskizi, habelə döş nişanının təsviri 26 iyul 1965-ci ildə təsdiqlənmişdir.[c] Həmin qərara əlavədə deyilir:
M. F. Axundov adına Azərbaycan SSR dövlət mükafatı laureatının döş nişanı kolodka ilə birləşdirilmiş medaldan ibarətdir.
Qızıldan hazırlanmış medalın forması yastı, dəyirmi, diametri 26 millimetr, qalınlığı da 2,5 mm.-dir. Onun üz tərəfində M. F. Axundovun barelyef portreti təsvir olunmuşdur, onun da aşağısında dəfnə budağı yerləşdirilmişdir. Medalın üz tərəfində 0,7 mm. enində dairəvi relyef haşiyə vardır.
Portretin relyefi, dəfnə yarpağı, haşiyə, eləcə də medalın səthi cilalanmışdır.
Medalın arxa tərəfində bu sözlər yazılmışdır: "M. F. Axundov adına Azərbaycan SSR dövlət mükafatı laureatı" (Azərbaycan dilində), verildiyi il və döş nişanının nömrəsi.
Dəyirmi medalın yuxarı hissəsində halqa vasitəsilə kolodkanın qulaqcığı ilə birləşdirmək üçün deşiyi olan qulaqcıq vardır.
Kolodkanın eni 20 mm.-dir. Onun üz tərəfində Azərbaycan SSR dövlət bayrağı proporsiyasında — 4 : 1 qırmızı və göy rəngli ipək muar lent çəkilmişdir.
Kolodkanın arxa tərəfində paltara bərkitmək üçün ştifli plastina vardır. Kolodka və halqa qızıl suyuna çəkilmiş bürüncdən hazırlanmışdır.
— döş nişanının təsviri[d]
Mükafatlandırma Komitəsi
redaktəYaradıldığı zaman Azərbaycan SSR Nazirlər Soveti yanında M. F. Axundov adına Mükafatlandırma Komitəsinin heyəti aşağıdakı tərkibdə idi:[a]
- Məmməd Arif Dadaşzadə (komitənin sədri) — Azərbaycan SSR Elmlər Akademiyası prezidentinin müavini
- Nadir Əbdürrəhmanov — Azərbaycan SSR xalq rəssamı, Azərbaycan Rəssamlar İttifaqının sədri
- Mikayıl Abdullayev — SSRİ xalq rəssamı
- Fikrət Əmirov — Azərbaycan SSR xalq artisti, Azərbaycan Bəstəkarlar İttifaqı sədrinin müavini
- Hrant Babayan — "Kommunist" (erməni dilində) qəzetinin redaktoru
- Cövdət Hacıyev — Azərbaycan SSR xalq artisti, Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının rektoru
- Muxtar Dadaşov — Azərbaycan SSR əməkdar incəsənət xadimi, Azərbaycan Kinematoqrafiya İşləri İttifaqı sədrinin müavini
- Cəfər Cəfərov — incəsənət elmləri doktoru, Azərbaycan SSR Elmlər Akademiyasının müxbir üzvü
- Mirzə İbrahimov — Azərbaycan SSR xalq yazıçısı
- Qara Qarayev — SSRİ xalq artisti, Azərbaycan Bəstəkarlar İttifaqının sədri
- Mehdi Məmmədov — Azərbaycan SSR xalq artisti, S. M. Kirov adına Azərbaycan Dövlət Universitetinin professoru
- Mustafa Mərdanov — Azərbaycan SSR xalq artisti, Azərbaycan Teatr Cəmiyyətinin sədri
- Mehdi Hüseyn — Azərbaycan Yazıçılar İttifaqının birinci katibi
- Mürsəl Nəcəfov — sənətşünaslıq namizədi
- İsrafil Nəzərov — Azərbaycan SSR Jurnalistlər İttifaqının sədri
- Pinxos Sabsay — Azərbaycan SSR xalq rəssamı
- Tahir Salahov — Azərbaycan SSR xalq rəssamı
- Tofiq Tağızadə — Azərbaycan SSR əməkdar incəsənət xadimi, kinorejissor
- Yaşar Qarayev (məsul katib) — Azərbaycan SSR Elmlər Akademiyası dil və ədəbiyyat institutunun kiçik elmi işçisi
Laureatlar
redaktə1965
1962–1964-cü illərdə yaradılmış ədəbiyyat və incəsənət əsərləri üçün:[7]
- Mirzə Əjdər oğlu İbrahimov (yazıçı) — "Kəndçi qızı" komediyası üçün
- Maral Yusif qızı Rəhmanzadə (rəssam) — "Azərbaycan" və "Vətənim" linoqravüralar silsiləsi üçün
- M. Əzizbəyov adına Azərbaycan Dövlət Akademik Dram Teatrında "Antoni və Kleopatra" tamaşası üçün:
- Tofiq Səməd Mənsur oğlu Kazımov (rejissor)
- Tahir Teymur oğlu Salahov (rəssam)
- Qara Əbülfəz oğlu Qarayev (bəstəkar)
- Hökümə Abbasəli qızı Qurbanova (Kleopatra rolunun ifaçısı)
- Əli Yusif oğlu Zeynalov (Antoni rolunun ifaçısı)
1967
- Qılman İsabala oğlu Musayev (yazıçı) — "Şimal küləyi" romanı üçün[8]
İstinadlar
redaktə- ↑ Әдәбијјат вә инҹәсәнәт. № 7, 1965, сәһ. 1
- ↑ АСЕ, 1976, сәһ. 500
- ↑ AME, 2009. səh. 222
- ↑ Гәрарлар күллијјаты. № 1, 1965, сәһ. 13–14
- ↑ 1 2 Гәрарлар күллијјаты. № 14, 1965, сәһ. 833–834
- ↑ Гәрарлар күллијјаты. № 1, 1965, сәһ. 11–13
- ↑ Коммунист. № 99, 1965, сәһ. 1
- ↑ Коммунист. № 100, 1967, сәһ. 1
- Sənədlər
- ↑ 1 2 3 Mirzə Fətəli Axundov adına mükafatlar təsis etmək haqqında Azərbaycan SSR Nazirlər Sovetinin 1964-cü il 15 dekabr tarixli 777 №-li qərarı[6]
- ↑ Mirzə Fətəli Axundov adına respublika mükafatları barəsində əsasnamə. Azərbaycan SSR Nazirlər Sovetinin 1964-cü il 15 dekabr tarixli 777 №-li qərarına əlavə[4]
- ↑ M. F. Axundov adına Azərbaycan SSR dövlət mükafatı laureatının döş nişanının, diplomunun eskizi və döş nişanının təsvirini təsdiq etmək haqqında Azərbaycan SSR Nazirlər Sovetinin 1965-ci il 26 iyul tarixli 509 №-li qərarı[5]
- ↑ M. F. Axundov adına Azərbaycan SSR dövlət mükafatı laureatının döş nişanının təsviri. Azərbaycan SSR Nazirlər Sovetinin 1965-ci il 26 iyul tarixli 509 №-li qərarına əlavə[5]
Ədəbiyyat
redaktə- Азәрбајҹан Совет Сосиатист Республикасы Һөкумәтинин гәрарлары күллијјаты. № 1. 1965-ҹи ил.
- Азәрбајҹан Совет Сосиатист Республикасы Һөкумәтинин гәрарлары күллијјаты. № 14. 1965-ҹи ил.
- Азәрбајҹан ССР Назирләр Советиндә: [М. Ф. Ахундов адына мүкафатларын тәсис едилмәси һаггында] // Әдәбијјат вә инҹәсәнәт. № 7. 13 феврал 1965-ҹи ил.
- М. Ф. Ахундов адына мүкафатларын верилмәси һаггында // Коммунист. № 99 (12876). 28 апрел 1965-ҹи ил.
- Азәрбајҹан ССР Назирләр Советиндә: [М. Ф. Ахундов адына вә Ү. Һаҹыбәјов адына республика мүкафатларынын верилмәси һаггында] // Коммунист. № 100 (13488). 28 апрел 1967-ҹи ил.
- Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. I ҹилд: А—Балзак. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1976. 647 с.
- Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 1-ci cild: A – Argelander (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2009. 608 səh. ISBN 978-9952-441-02-4.
- Milli Azərbaycan Tarixi Muzeyi. Mirzə Fətəli Axundzadə – 200 (Kataloq). Bakı. 2012. S. 4.