Mirze Hesen Rusdiyye - Wikipedia
Hacı Mirzə Həsən Rüşdiyyə (5 iyul 1851, Təbriz – 10 dekabr 1944, Qum) — əslən azərbaycanlı olan İran müəllimi, ruhanisi, siyasətçi və mühərriri. İranda ilk müasir təlim-təhsil üsullarını tətbiq etmişdir.
Həsən Rüşdiyyə | |
---|---|
Doğum tarixi | |
Doğum yeri | Təbriz, İran |
Vəfat tarixi | (93 yaşında) |
Vəfat yeri | Qum, İran |
Uşağı | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəƏslən azərbaycanlı olan İranda ilk müasir təlim-təhsil üsullarını tətbiq etmiş Hacı Mirzə Həsən Mehdi oğlu Təbrizi 1851-ci il iyulun 5-də Təbriz şəhərində ruhani ailəsində dünyaya gəlmişdir.
O, ilk təhsilini ərəb və fars dillərini mükəmməl bilən, dövrünün ziyalılarından olan maarifpərvər atası Molla Mehdidən almışdır[1]. Ruhani olmaq istəsə də, daha sonra bu fikirdən daşınmışdır. Bunun əsas səbəblərindən biri İstanbulda iki təbrizli naşir – Mirzə Nəcəfəli xan və Ağa Məhəmməd Tahir tərəfindən nəşr olunan, İran mətbuatı tarixində ilk mühacir mətbu orqanı sayılan "Əxtər" (1875–1896) qəzetində yazılmış məqalə ilə tanışlığı idi. Məqalədə deyilirdi ki, "Avropada hər min nəfərdən on nəfəri savadsız, İranda isə hər min nəfərdən on nəfəri savadlıdır. Bu nöqsan əlifbanın çətinliyi və tədris üsulundakı qüsurlardan irəli gəlir… İranda da avropasayağı məktəblər olmalıdır"[2].
Bu məqalədən və digər amillərdən təsirlənən gənc Həsən atasından icazə alaraq, Osmanlı dövlətinə yollanır. Orada fəaliyyət göstərən məktəblərin adı onun diqqətini cəlb edir və özünə Rüşdiyyə təxəllüsünü götürür. İstanbul, Beyrut və digər şəhərlərin təhsil sistemi ilə yaxından maraqlanır. 1880-ci ildə daxil olduğu Beyrut şəhərindəki Darül-müəllimində (Pedaqoji Universitet) təhsil aldığı zaman üsuli-cədid (ərəb dilindən tərcümədə "yeni tərz" və ya "yeni üsul" deməkdir) məktəblərinin təsis olunması və idarə edilməsi prosesi haqqında ətraflı məlumatlar əldə edir, eyni zamanda "Əlifbanın asan və yeni üsul ilə tədrisi"ni öyrənir.
Osmanlı İmperiyasının ərazisinə aid olan Beyrut şəhərində türk ziyalılarından dərs aldıqdan sonra Türkiyəyə gəlir, İstanbulun elm, maarif və mədəniyyətlə zəngin mühiti onda maarifçilik ideyalarının yaranmasında və inkişafında böyük rol oynayır. Özünün yazdığı kimi, "Təlimin yeni metodlarını, qanunu və məktəb açmaq qaydalarını öyrənmək məqsədilə İrandan mühacirət etdim"[3]. Lakin İrana dönmək istəsə də, orada özünə həmfikir tapmadığı üçün 1883-cü ildə Azərbaycanın tarixi şəhərlərindən olan İrəvana gedir. İrəvanda yaşayan qardaşı Mirzə Əlinin köməyilə yerli müsəlmanlar üçün müasir tipli dünyəvi məktəb – özünün ilk üsuli-cədid məktəbini açır.[4][5] Pedaqoji fəaliyyətinə məhz İrəvanda başlaması təsadüfi deyildi. Çünki XIX əsrin ikinci yarısında Qafqazda başlanmış maarif intibahı Cənubi Azərbaycan ziyalılarının da diqqətini cəlb etmişdi. İsmayıl Kazımzadə və Mirzə Kazım Əsgərzadənin Həsən Rüşdiyyədən əvvəl İrəvanda açdıqları yeni üsullu ana dili məktəbləri bu prosesdə Cənubi Azərbaycan ziyalılarının da iştirakının sübutu idi.
Gənc müəllim kimi Həsən Rüşdiyyənin ilk pedaqoji fəaliyyəti uğurlu alınır. Onun yaratdığı məktəb qısa müddətdə xeyli nüfuz qazanır. Savadlı yerli məmurlar hazırlamaq istəyən çar hakimiyyəti də Rüşdiyyənin fəaliyyətindən məmnun idi[6]. Buna görə də dövlətin onu mükafatlandırması və ona maddi yardım göstərməsi heç də təsadüfi deyildi. İran şahı Nəsirəddin şah Qacar Çar Rusiyasına səfəri əsnasında İrəvanda olarkən, bu təhsil ocağını ziyarət etmişdi. Uğurlu pedaqoji fəaliyyətinə baxmayaraq, Mirzə Həsən Rüşdiyyə İrəvanda çox qalmır.
1888-ci ildə artıq təcrübəli müəllim olaraq yenidən doğma Təbrizə qayıdır və burada elə həmin il "Dəbirestani-Rüşdiyyə" və "Mədrəseyi-Rüşdiyyə" adlı İranın ilk müasir təhsil müəssisələrini təsis edir. Lakin Rüşdiyyənin təlim metodlarının İslami prinsiplərə uyğun gəlmədiyini iddia edən din xadimləri məktəbi bağlamaq əmrini verirlər. 1893-cü ildə məktəbi şəhərin Şeşgilan məhəlləsinə köçürür və adını o dövrdə Nəsirəddin şah Qacarın oğlu, Azərbaycan vilayətinin hakimi (valisi) olan Müzəffərəddinin şərəfinə "Rüşdiyyəyi-Müzəffəriyyə" qoyur. Sonralar bu münasibətlə farsdilli "Çehrenoma" qəzeti 10 oktyabr 1906-cı il tarixli sayında Rüşdiyyənin şəklini çap etmiş və altında belə yazmışdır: "İranda məktəb açmış birinci böyük şəxsiyyət Rüşdiyyədir"[7].
"Rüşdiyyəyi-Müzəffəriyyə" məktəbində tədris Azərbaycan dilində aparılırdı. Dövrün ziyalı şəxsləri, o cümlədən Məhəmmədəli Tərbiyət, Əhməd Müdərris, Hüseyn Kamal Təbibzadə və başqaları bu məktəbin müəllimləri olmuşlar. Məktəbdə 200-dən çox şagird təhsil alırdı. Əksəriyyəti yoxsul ailələrdən olan bu şagirdlər pulsuz oxuyurdular. Lakin yenə də narazı qalan din xadimləri Rüşdiyyədən əl çəkməyib onu öldürməyə, məktəblərini isə bağlamağa çalışırdılar və ona qarşı fətva verdilər.
1894-cü ildə Mirzə Həsən Rüşdiyyə özünün ilk "Vətən dili" adlı əsərini yazdı. O, hələ İrəvan pedaqoji mühitində Çernyayevskinin "Vətən dili" kitabı ilə tanış olmuşdu. Məhz bu kitab Rüşdiyyədə yeni dərslik yaratmaq meyli doğurmuşdu. "Rüşdiyyəyi-Müzəffəriyyə"də tədris olunan ana dili dərsləri məhz Rüşdiyyənin özünün ilk "Vətən dili" kitabı üzrə aparılırdı. Təbrizdə çap olunan "Vətən dili" kitabı dövrü ən mükəmməl dərsliyi idi. Sadə və aydın dildə yazılan bu dərslik onu qavramaqda məktəblilər üçün heç bir çətinlik yaratmır və sövti (səs) üsulu ilə ərəb əlifbasının öyrənilməsini xeyli asanlaşdırırdı[8]. Altı ay ərzində yazıb-oxumağı öyrədən bu dərslik bütün İran Azərbaycanında yayılmışdı. Qeyd edək ki, bu kitab Cənubi Azərbaycanda sövti üsulu ilə yazılmış ilk əlifba dərsliyidir. Bu haqda Cənubi Azərbaycan Demokratik Hərəkatının nümayəndəsi Seyid Cəfər Pişəvəri Azərbaycan dilində birinci dərs kitabına dair "Vətən dili" məqaləsində belə yazmışdır: "Vətən dili" ana dili deməkdir. Böyük maarifpərvər bu kitabı yazarkən həqiqi bir rəvanşünas kimi uşaqların yaş səviyyəsini, qəlbini və əhval-ruhiyyəsini nəzərə alaraq, onun idrak qabiliyyətinə müvafiq sürətdə hekayə və misallar tərtib etmişdir"[9].
Həsən Rüşdiyyə 1897-ci ilədək Təbrizdə yeni üsulda doqquz məktəb açsa da, şah üsuli-idarəsi və mürtəce ruhanilər onu incitmiş, açdığı məktəbləri gah bağlamış, gah da qarət etmiş və digər müxtəlif vasitələrlə ona ciddi təzyiqlər göstərmişlər. Bu fitnəkar qəsdlər zamanı məktəblilərdən ölən və yaralananlar da olmuşdu. Hətta, Rüşdiyyə özü də bir neçə dəfə ağır yaralanmışdı.
Tarixə Rüşdiyyə məktəbləri adıyla düşmüş həmin təhsil ocaqlarının tədris planına nəzər saldıqda, buraya Azərbaycan, fars, fransız dilləri, sərf-nəhv, ədəbiyyat, riyaziyyat, fizika və digər fənlərin daxil edildiyini görmək olar. İranda sxolastik tədris üsuluna zidd olan, tədris işinin sövti üsul ilə aparıldığı bu məktəblərin şah üsuli-idarəsi və mürtəce ruhanilər tərəfindən dəfələrlə bağlanmasına baxmayaraq, Rüşdiyyə məktəbləri XIX əsrin sonlarında XX əsrin əvvəllərində İranda yeni tədris üsulunun yayılmasında mühüm rol oynamışdır[10]. Bu məktəblərin Azərbaycan üçün ən əhəmiyyətli məqamı isə Səfəvilər dövründən sonra Cənubi Azərbaycanda ana dilimizdə açılan ilk milli məktəb idi. Bəlkə elə buna görə bu təhsil ocaqlarına "Rüşdiyyeyi-Milli" məktəbi də deyilirdi[11].
1896-cı ildə Nəsirəddin şahın oğlu 43 yaşlı Müzəffərəddin taxta çıxdı. Müzəffərəddin Mirzə Əli xan Əminüddövləni sədrəzəm (Baş nazir) təyin etdi. Əminüddövlə Azərbaycan hakimi olduğu zaman Rüşdiyyənin gördüyü işləri təqdir və müdafiə edirdi. Onun Tehrana çağırılması Təbriz mürtəcelərinin Rüşdiyyəyə qarşı olan fitnəkar hücumlarını daha da alovlandırdı. Bu sıxıntılı günlərdə Rüşdiyyə yenə də Əminüddövlə tərəfindən müdafiə olundu. Sədrəzəm onu Müzəffərəddin şahın əmrilə Tehranda üsuli-cədid məktəbi açmağa dəvət etdi. Bu dəvət ilə Rüşdiyyə apardığı maarifçilik mücadiləsinin yeni mərhələsinə qədəm qoydu.
Nəticədə Rüşdiyyə Təbrizi tərk edib Tehrana köçməyə məcbur olur. O, Tehrandakı pedaqoji fəaliyyətinə başladığı zaman Mirzə Nəsrulla Məlikül-mütəkəllimin, Yəhya Dövlətabadi və Şeyx Mehdi Kaşani kimi maarifçi ziyalılarla əməkdaşlıq edirdi.
Tehranda hökümətin köməkliyilə həm paytaxtda, həm də bir sıra böyük şəhərlərdə oğlan və qızlar üçün Rüşdiyyə məktəblərini açmağa başlayır. 1898-ci ildə təşkil edilən Maarif Əncüməni və Ali Maarif Şurası yaradıcılarından olan Həsən Rüşdiyyənin tədris metodu artıq özünü doğrultmuşdu. İranda açılan bütün üsuli-cədid məktəbləri bu metodla işləməyə üstünlük verirdi. Lakin bir qədər sonra Tehranda açdığı yeni üsullu məktəblərin sərbəst fəaliyyətinə imkan verilməmişdir. Mürtəce qüvvələr Tehranda da öz işini görürdü.
1898-ci ilin iyul ayında yeni maarifçi hərəkatın hamisi olan Əminüddövlə sədrəzəm vəzifəsindən kənarlaşdırıldı. Bu hadisə Rüşdiyyə və digər maarifpərvər ziyalıların vəziyyətini pisləşdirdi. Əgər əvvəllər fitnəkar qüvvələr mürtəce ruhanilərdən ibarət idisə, indi onlara saray məmurları da qoşulmuşdu. Bu təhlükəli vəziyyətdən qurtulmaq üçün Rüşdiyyə vətəni tərk edib, 1900-cü ildə Məkkə, Şam şəhərlərinə, Misirə və Qafqaza üz tutmuşdur.
Demokratik xalq hərəkatı gücləndiyi vaxtlarda isə Rüşdiyyə doğma Təbrizə qayıdıb, Şeşgilan məhəlləsində yenidən məktəb açmağa müvəffəq olmuşdur. Daha sonra Tehranda da yenidən "Rüşdiyyə" məktəbini açmış, "Əncüməni tənviri əfkar" cəmiyyəti qurmuş, "Vətən dili", "Ana dili" və digər adlarla ilk əlifba dərsliklərini yazıb nəşr etdirmişdir.
1902/03-cü illərdə o, Tehranda nəşr etdirdiyi "Məktəb" və "Tehran" qəzetlərində maarifçilik ideyaları, elmi-metodiki tövsiyə və təlim üsulu barədə məqalələr yazır, eyni zamanda şah üsuli-idarəsini ifşa edirdi. Mürtəce mütləqiyyət rejiminə qarşı çıxaraq, radikal mövqe nümayiş etdirməsi onun həbsi və Xorasan əyalətinə sürgün olunması ilə nəticələnmişdir[12].
Cənubi Azərbaycandakı Milli demokratik hərəkatı dövründə Tehrana qayıdıb, 1905/11-ci illərdə ictimai və elmi-pedaqoji fəaliyyətini davam etdirmişdir. O bu dövrdə maarifləndirici məqalələrlə yanaşı, uşaq şeirləri də yazmışdır.
Mirzə Həsən Rüşdiyyə bəhs etdiyimiz "Vətən dili" kitabından başqa türk (Azərbaycan) və fars dillərində də bir çox əsərlərin müəllifidir. "Bədayətüt-təlim", "Kifayətüt-təlim", "Nehayətüt-təlim", "Təkmelətüs-sərf", "Ana dili", "Əlifbayi-Rüşdiyyə", "Üsuli-əqaid və ya ittihadi-bəşər" və digər əsərləri bütün İranda oxunur və bir çox məktəblərdə dərs vəsaiti kimi istifadə olunurdu.
Rüşdiyyənin ən böyük xidmətlərindən biri də qadın azadlığı və qadın təhsili uğrunda mübarizə aparıb qızlar məktəbi açması, korlar üçün yeni oxumaq üsulu ixtira edib, onlar üçün də məktəb təsis etməsi idi.
O, 1933-cü ildə təqaüdə çıxmışdır[13].
Cənubi Azərbaycanın maarifpərvəri, pedaqoqu, publisisti, Rüşdiyyə məktəblərinin banisi Həsən Rüşdiyyə 1944-cü il dekabrın 10-da, 93 yaşında Qum şəhərində vəfat etmişdir. Onun son vəsiyyəti belə olmuşdur: "Məni elə yerdə dəfn edin ki, məktəblilər hər gün qəbrimin üzərindən keçərkən ruhumu şad etsinlər"[13]. Seyid Cəfər Pişəvəri "Azərbaycanın böyük xalq və maarif xadimi" adlı məqaləsində onun haqqında vəfatından sonra belə yazmışdır: "Yüz ilə yaxın ömrünü maarif, azadlıq yolunda, nadanlıq və cəhalət əleyhinə mübarizə işinə sərf etmiş olan qocaman müəllim, mərhum Hacı Mirzə Həsən Rüşdiyyə Azərbaycan millətinin fəxr edəcəyi ən parlaq və tarixi simalardandır. Rüşdiyyə Azərbaycan xalqının ən böyük xalq və maarif xadimidir. O yaxşı bilirdi ki, hər xalqın tərəqqisi onun mədəni-maarif səviyyəsinin tərəqqisi üçün şərait və vəsaitin olmasından asılıdır. Məhz buna görə də o bu şəraiti yaratmaq və lazımı vəsaiti əldə etmək uğrunda var qüvvəsiylə çalışmışdır"[14]. Bəli, Seyid Cəfər Pişəvəri Həsən Rüşdiyyəni çox gözəl xarakterizə etmişdir.
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ "Azərbaycan klassik ədəbiyyatında işlədilən adların və terminlərin şərhi". Tərtib edəni: A. M. Babayev, Bakı, "Maarif", 1993, səh. 47
- ↑ Cavid Məmmədli, "İranda türkcə təhsil olmuşdu", "Ayna" qəzeti, Bakı, 7 noyabr 2009-cu il.
- ↑ "Həblül Mətin" qəzeti, 14 sentyabr 1903.
- ↑ Pərvanə Məmmədli. Cәnubi Azәrbaycan: әdәbi şәxsiyyәtlәr, portretlәr. Bakı: Sabah. 2015. səh. 11. (#accessdate_missing_url)
- ↑ Hüseyn Əhmədov. Azərbaycan məktəb və pedaqoji fikir tarixi. Bakı: Elm və təhsil, 2014. — səh. 219.
- ↑ Səməd Niknam, "Ana dilində ilk dərsliyimiz "Vətən dili"", "Mirzə Xəzərin Səsi" qəzeti, 20 sentyabr 2006.
- ↑ "Çehrenoma" qəzeti, № 28 (51), İran, 10 oktyabr 1906. (fars.)
- ↑ Hüseyni M. "Rüşdiyyə və "Vətən dili" (Mirzə Həsən Rüşdiyyə-150)", "Ədəbiyyat" qəzeti, Bakı, 17 avqust 2001.
- ↑ Seyid Cəfər Pişəvəri, "Vətən dili" (Azərbaycan dilində birinci dərs kitabına dair), "Azərbaycan" qəzeti, İran, 16 mehr 1324.
- ↑ Fikrət Seyidov, "Dədə Qorquddan Şəhriyara qədər" Güney Azərbaycanda pedaqoji fikr", Bakı, 2003, səhv. 187–188
- ↑ Cavid Məmmədli, "İranda türkcə təhsil olmuşdu", "Ayna" qəzeti, Bakı, 7 noyabr 2009-cu il.
- ↑ Fikrət Seyidov, "Dədə Qorquddan Şəhriyara qədər" Güney Azərbaycanda pedaqoji fikr", Bakı, 2003, səh. 188
- ↑ 1 2 "Azərbaycan klassik ədəbiyyatında işlədilən adların və terminlərin şərhi". Tərtib edəni: A. M. Babayev, Bakı, "Maarif", 1993, səh. 51
- ↑ Seyid Cəfər Pişəvəri, "Azərbaycanın böyük xalq və maarif xadimi", "Azərbaycan" qəzeti, İran, 2 mehr 1324
Mənbə
redaktə- Əlhəddin Cekli, Tərxan Paşazadə. Həsən Rüşdiyyə. "Dövlət və Din" İctimai fikir toplusu, (№ 6 (20), Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Bakı, noyabr-dekabr 2010, səh.197–204.