Modernizm - Wikipedia
Modernizm (it. modernismo — "müasir cərəyan"; lat. modernus — "müasir") — XIX yüzilliyin sonu — XX yüzilliyin birinci yarısında incəsənətdə, ədəbiyyatda və fəlsəfədə keçmiş tarixi ənənələrdən ayrılma ilə müşayiət edilən cərəyandır.
Məzmunu və yaranma səbəbləri
redaktəModernizm XX yüzillikdə texnogen sivilizasiyasının təsiri ilə inkişaf edən yeni düşüncəni, xasiyyətləri, praktikaları çevrələyən geniş anlamlı anlayışdır. Insanların ətrafında olanlara öyrəncəli baxışlardan aralanma və onları yeni anlamda ortalığa çıxarmaqdır, hər şeyə özəl metaforik baxışdır. Onu realizmə qarşı bir üsyan kimi dəyərləndirmək olar. İncəsənətdə modernizm kubizm, sürrealizm, abstraksionizm, avanqardizm, impressionizm, modern və başqa axınları içəriləyir. Insan artıq təbiətin verdiyini yansımaqdan yayınaraq, çeşidli şeylərə öz baxışlarını ortalığa qoymuşdur.[1]
Avropa fəlsəfəsində modernizm dəyişilmə ilə yenilənməyə yönəlmiş bir axındır. İdeoloji baxımdan modernizm, dinə ya milli adətlərə bağlanaraq yeniliyi qəbul etməkdən imtina edən toplumlara qarşı çıxış edir. Buna görə də modernizmdə fərdçilik (individualizm) adətlərə üstün gəlir. Modernist insan hər zaman yeniliyə yönəlir, onu mənimsəyir.
Modernizmi ortalığa çıxaran modern dönəmidir. Bu dönəm adətçi toplumun baxışları ilə ixtilafda olaraq, şəhərləşmə, sənayeləşmə, dünyaviləşmə ilə xarakterizə edilir. Modernləşmiş adamlar gələnəklərlə deyil, rasional düşüncə ilə davranırlar, əcdadlarların dünyagörüşünə şübhə ila baxırlar, dəyişən dünyaya uyğunlaşırlar, demokratiyaya gətirə bilən mədəniyyətə yiyələnirlər.
Modernizm öyrəncəli baxışların, gələnəklərin dağıdılması, ya da onlara yeni anlam verməsi ilə müşayiət edilir. Buna da “dekonstruksiya” deyilir.
Bundan başqa, modernizmin ortalığa çıxması pozitivizmin inkişafı ilə bağlıdır. Pozitivizm yalnız empirik yollarla əldə edilən biliyi doğru sayır, fəlsəfi və metafizik biliyin dəyərini tanımır.
Modernizmin ortalığa çıxması yeniləşən dünyada var olan düşüncələri, öyrəncəli yaşamları, anlamları dəyişir. Yüzilliklər boyu başqılar altında yaşayan insanlar azadlığa yönəlməyə başladılar. Bu proses özünü hər yerdə göstərməkdə idi. Musuqidə caz, incəsənətdə sürrealizm, elmlərdə təkamülçülük, fəlsəfədə pozitivizm, ölkə quruluşunda respublikaçılıq ortalığa çıxmışdır.
Modernizm fəlsəfəsinin inkişafında A. Şopenhauer, R. Vaqner, F. Nitsşe O. Vayld kimi düşünürlər böyük rol oynamışdırlar. Onlar Avropa rasionalizminə, hər şeyi qəliblərə salınmasına, anlaşılmasına qarşı çıxış etmişdirlər. Beləliklə modernizm Avropa maarifçiliyinə qarşı çıxış etmişdir.
O. Vayld da modernizm ideyaları ədəbiyyata gətirmiş, onları yaşamışdır. Onun fikrincə incəsənət incəsənət üçün olmalıdır, heç bir ideologiyaya qulluq etməməlidir. O irrasional olmalı, təkcə düşüncə ilə qavranılmamalıdır.
Şopenhauerin fikirləri
redaktəŞopenhauer qərblə şərq mədəniyyətlərinin sintezini yaratmaq istəmişdir. Onun fikrincə qərb düşüncəsi rasional, şərq düşüncəsi ilə irrasionaldır. Hər şey təkcə rasionallıqla qavranılmaz, düşüncənin qavramadıqları reallıqlar da vardır. Empirik (duyulan) təcrübədən başqa onu tamamlayan intuitiv təcrübə də vardır. Bunların sintezi dünyanın doğru anlaşılması üçün gərəklidir.[2]
Şopenhauerə görə dünyanı idarə edən güc iradədir. O “Dünya iradəsi” ilə “Dünya Düşüncəsi” anlayışlarını işlətmişdir. İradə heç bir qaydaya və əxlaqa uyuşmayan bir gücdür. O da hər şeyi yaradır, başlanqıcında durur. “Dünya iradəsi” özünü təbiətin güclərində, bitkilər, heyvanlar və insanlar aləmində göstərir. İnsanlarda “düşüncə aləmi” vardır. Başqalarından fərqli olan insan özünü tanıyır, öz faciəli sonluğunu, həyatın mənasızlığını anlayır. Bu sıxıntılardan çıxmaq üçün o, düşüncəyə əl atır, onun vasitəsilə dünyanı anlamaq, öz taleyini dəyişmək istəyir. Ancaq bu heç bir nəticə vermir. “Dünya iradəsi” onun düçüncəsini məhv edir. Buna görə düşüncəyə arxalanmaq yalnız bir xülyadır, illuziyadır. “Dünya iradəsinə” qarşı getmək olmur. Onu yalnız duymaq, ona qovuşmaq, onun axarı ilə getmək gərəkdir. Bu yol da dünyadan aralanmadan, incəsənətdən və fəlsəfədən keçir.
İncəsənətdə Şopenhauer musuquyə daha da çox önəm verirdi, onu “Dünya iradəsinə” qovuşmaq üçün ən yetərli vasitə sayırdı. Bunu da bəstəkar R. Vaqner gerçəkləşdirmiş oldu[3]. O irrasionallıq ideyaları öz musiqisində əks etmişdir. Vaqner əski opera və musuqi adətlərindən aralanaraq bu sənətə yeni baxışları gətirmişdir. Onun yaratdığı musiqi fəlsəfi və mistik məqamlarla dolu idi. Musiqi insanın özgür olmasına, Təbiətlə birliyə yönəlməlidir. Beləliklə “Dünya ruhuna” çatmaq üçün bir vasitə kimi musiqi seçilmişdir. Vaqner artıq çeşidli sahələrin sintezinə çatmışdır. O, musuqi ilə dramanı birləşdirə bilmişdir. Bu yolda keçmiş bəstəkarları tənqid etmiş, onları darıxdırıcı və geriçi adlandırmışdır.
Nitsşenin fikirləri
redaktəModernizm fəlsəfəsinin təməllirini qoyan düşünürlərdən biri də Nitsşedir. Dünya Apollon və Dionisin çarpışması ilə inkişaf edərək irəliləyir. Apollon düzən və ahəngi, Dionis isə qaranlığı, qarışıqlığı simvolizə edən yunan tanrıları olmuşdurlar. Bu substansiyalar bir deyildilər. İlkin olan Dionisdir, ondan Apolon yaranmışdır. Dionislə bağlı iradə hakimiyyətə olan istəkdir. Yalnız güclülərin yaşamağa haqqı vardır, gücsüzlər olmayanlar məhv olmalıdır.[4].
Düzən və düşüncə isə ikinci dərəcəlidirlər, hakimiyyətə çatmaq üçün bir vasitədirlər. İnsan meymundan başladığı kimi, sonra inkişaf edib "Ulu insana" çevrilməlidir. Bu kimi insan başqalarından güclü iradəsi ilə seçilir. O, əski dəyərləri devirib, yenilərini qoyur. Əski dəyərlər isə yalnız bunun qarşısını almaq üçün qurulmuşdurlar. Tanrı artıq ölmüşdür. Onun yerinə Dəccal gəlib, yeni yaşam gətirməlidir. Əxlaqi dayaqlar da kölələr üçün olmuşdur. Ulu insan yeni əxlaqi prinsiplər gətirməlidir. Bu əxlaq, toplum, din kimi kənar ideologiyalardan deyil, insanın öz ruhundan ortalığa çıxmalıdır.
Şpenqlerin fikirləri
redaktəİlk öncə modernizm ideyaları çox da yayılmamışdır. Toplumda daha çox Hegelin rasionalizmi yayılmışdır. Ancaq 1-ci Dünya savaşının başlaması rasionalizmin sonu, inkişaf etmiş ölkələrə böyük faciələr gətirmiş bir olay kimi dəyərləndirilmişdir. Sülhün və inkişafın uzun sürməsini, savaşların tarixdə qalmasını istəyən avropalılar bu savaşı sıxıntılarla keçirmişdirlər. Mədəniyyət və inkişafın yerinə dağıntılar, qırğınlar gəlmişdir. Aləm dağılırsa, deməli düşüncə heç də hər şeyi həll etmir. Bununla da düşüncəyə inam sarsılmışdır. Bu arada da modernizm öz yüksəlməsi çağlarını yaşamağa başlamışdır.
1-ci Dünya savaşı avropalıların mədəniyyətinin, inkişafının sonu kimi də dəyərləndirilmişdir. Bu məsələ üzrə öz fəlsəfi düşüncələrini [5]. O mədəniyyətinin “əski, orta və yeni çağlar”lar mərhələlərindən ibarət olan bölgüsünə qarşı çıxıb, dünyaya yeni baxış ortalığı gətirmişdir. Şpenqlerə görə bütün mədəniyyətlər bir-birindən müstəqildirlər, öz yaranma onkişaf, məhv olma çağlarını yaşayırlar. Çin, Babil, Misir, Hind, Qərb, Bizans-Ərəb, Rus-Sibir kimi böyük mədəniyyətlər olmuşdur. Onların hamısının özəllikləri vardır. Hər bir mədəniyyətin ölməsi onun sivilizasiyaya çevirilməsidir. Yunan mədəniyyəti Roma sivilizasiyasına keçməsi buna örnəkdir. Orta əsrlərdə yaranan Avropa mədəniyyəti də 19 yüzillikdə sivilizasiyaya çevrilib ölməyə doğru getməkdədir.
Ölümə doğru gedən sivilizasiya təcavüz, tanrısızlıq, materializm, inqilab ruhu, şəhərlərə axın xüsusiyyətləri ilə səciyyələnir. Bütün bunlar də Qərb sivilizasiyasında vardır. Buna görə də o ölümə döğru irəliləməkdərir.
Modernizmin çökməsi
redaktəBeləliklə 1-ci Dünya savaşı sonrası durum çöküş kimi dəyərləndirilərək irrasional axınların güclənməsinə gətirib çıxartmışdır. Bu isə modernizmin düşüncələrdə, baxışlarda, elmlərdə, yaşamda yer alması ilə nəticələnmişdir. Bununla belə, modernizmin əskiklikləri də ortalığa çıxmışdır. Sonda bütün bu proseslər nasizm, faşist ideyalarının yaranmasına, 2-ci Dünya savaşına gətirib çıxartmış. Bu isə Avropanı daha da böyük ucurum qarşısında qoymuşdur.
2-ci Dünya savaşından sonra isə modernizmin çöküşü başlamışdır. Bunun nədəni dünyanın dəyişməsi, yeni gerçəkliklərin yaranması, kommunikasiyaların açılması, informasiya texnologiyalarının inkişafı, bütün bunlarla bağlı olaraq düşüncələrin və yaşam tərzinin dəyişməsi olmuşdur.
Çöküş modernizmin post modernizmlə əvəz oluunması ilə nəticələnmişdir. Buna baxmayaraq, modernizm tarixdən silinməmişdir. Onun əlamətləri bə yeni təzahürləri bizim zamanımızda da özünü göstərməkdədir.
Avropa və Amerikada dini modernizm
redaktəDində modernizm özünü ikili göstərə bilər: ehkamların dəyişilməsi, ya da köhnə ehkamların yenidən yozumlanması ilə. Ehkamların dəyişdirilməsi yeni dini axınların yaranmasına gətirib çıxarır. Buna görə də çoxluq bundan çəkinir. Ənənə ilə bağlılığı kəsmək istəməyən çoxluq köhnə ehkamlara yeni yozumlar verməsi yolunu tuturlar.
Bu proseslər hələ antik çağlarda başlamışdır, orta çağlarda xristian və müsəlman toplumlarında gedib, bu günə kimi də sürməkdədir. Sokratın dinsizlikdə suçlanması, Ksenofanın yunan dininə şübhəçi baxışları, mütəzililərin çalışmaları, protestantizmin və bəhailiyin yaranması kimi olaylar dində yeniləşmənin göstəriciləridirlər.
Daha da irəliləmiş toplumlarda dini modernizm prosesləri güclənir, geriləyən toplumlarda isə adətçi inancların üstülüyü olur. Bu baxımdan yeni çağlarda Avropa ilə Amerikada gedən proseslər daha dərin olmuşdur. Protestant kilsələr bir mərkəzdən idarə edilmədiklərinə və dəyişiklikliklərə dəha açıq olduqlarına görə modernizmə uyuşmuş, ayrı-ayrı durumlarda isə toplumun gəlişməsinin önündə getmişdirlər. Ornək üçün kalvinizmdə mistikaya inam azalmış, dini ehkamlar minimuma endirilmiş; rasionalizmə, işgüzarlığa, ictimai fəaliyyətə önəm vermişdir. Bu kimi protestant axınlar yeni Avrora və Amerikanın quruculuq işlərinə fəal iştirak etmişdirlər.
Katolik kilsənin isə ən yeni çağlara qədər inkişaf edən dünya ilə uyuşması prosesi çətinliklə getmişdir. Renessans çağlarından başlayaraq, 19-cu yüzilliyin sonlarına - 20-ci yüzilliyin ilk illərinə qədər kilsədə yeniləşmə prosesləri çətinliklə özünə yol tapırdı.[6]
İlk katolik modernistləri, bu dini yeniləşən dünyaya uyğunlaşdırmaq istəyi ilə, kilsənin bir çox ehkamlarını və rituallarını tənqid etmişdirlər. Katolik modernistlərə görə dini insan yaradıb; Bibliyanı Tanrı endirməmişdir; mövhumatlardan çəkinilməlidir. Həm də, onlara görə, İsa tanrı deyil, Yəhudi məsihi olmuşdur. Xristian enkamlarının hərfi mənaları və əsil mahiyyəti vardır. Onları bir-birindən zamana uyğunlaşaraq ayırmaq gərəkdir.[7]
Öncə katolik kilsəsi modernistlərə qarşı olmuşdur, onlar kilsədən qovulmuşdurlar. Ancaq sonra, yeniləşən dünyada öz yerini saxlamaq üçün, bir çox modern düşüncələrlə barışmalı oldu. Bu proses 1962—65 illərdə 2-ci Vatikan kilsə məclisindən sonra dərinləşmişdir. A. Luazi, L. Düşen, Blondel, H. Şell, C. Tirell, R. Muarri kimi düşünürlər katolik modernistləri olmuşdurlar.
Müsəlman ölkələrində modernizm
redaktəMüsəlman ölkələrində də orta çağlarda dini modernizm prosesləri getmişdi. Mütəzililər dində yeni şərhlərlə çıxış etmiş, onu yeniləşən gerçəkliklərlə uyğunlaşdırmaq istəmişdirlər. Ancaq Avropada gedən proseslərdən fərqli olaraq, burada modern baxışlar adətçilərlə mübarizədə məğlubiyyətə uğradı. Buna baxmayaraq, mütəzililərin qoyduğu işlər müsəlman dünyagörüşünü duyulacaq qədər dəyişə bilmişdir.
Son yüzilliklər boyu yalnız Türkiyənin yüksəlməsi ilə müsəlman dünyasında müəyyən irəlləyişlər əldə olundu. Ancaq bu irəlləyiş siyasi və hərbi sahələrdə olmuşdur. O zaman elmlər, yeni düşüncələr, fəlsəfələr, modern ideyalar olsa da, Avropanın Renessansı baş verməmişdir. Onlar daha çox Avropadan alınan modelləri və texniki vasitələri istifadə edirdilər. Öz ixtiraları yox idi. Bu geriləmə getdikcə dərinləşirdi. Mütləq monarxiya və tayfa hakimiyytləri davam etmiş; respublikaçılıq, parlamentarizm, demokratiya ideyaları yaxına belə buraxılmırdı.
Müsəlman modernistləri və ya Quranilər Quranda elmin olduğunu iddia edirdilər[8]. İslam dünyasında elmin, modernizm, insan hüquqlarının leyhinə çıxış etmiş bir sıra cərəyanlardan biri də Quranilikdir. Bu cərəyanın aparacı rolları, İslam dünyasında Renessansın və Reformasiyanın baş verməsini və böyük bir dəyişim ilə müsəlman ölkələrində sülh və ədalətin bərqərar olmasını təbliğ etmişlər. Onlara görə müsəlmanların geridə qalması ilkin İslamdan aralanmasına görə baş vermişdir. Buna görə də məqsəd o çağların dininə qayıtmaq, ictihadın qapılarını açmaq olmuşdur. İslam modernistləri İslamda ruhaniliyə qarşı çıxış etmiş, siyasi sahədə parlamentarizmin və respublikaçılığın tərəfdarları olmuşdurlar. Onlara görə, zamana uyğunlaşmaq üçün yalnız Qurana, ona yeni şərhlərin lazım olduğu, Peyğəmbərin hədislərinə, müctəhidlərin fətvalarına, icma, qiyas metodlarına isə şübhə ilə yanaşırdılar. Onlardan bəziləri banklarda olan pul əməliyyatlarını faiz kimi dəyərləndirməmiş, zinakarları daşqalağ etmə kimi sərt cəzaların tətbiq edilməsinə qarşı çıxış etmişdirlər. Dini islahatçılara görə İslam liberalizmə qarşı deyil, onun təməlində azadlıq ideyaları durur.
Dini modernizmlə yanaşı başqa sahələrdə də yeniləşmə prosesləri gedirdi. Onlar daha çox müsəlman dünyasının başqa mədəniyyətlərlə (özəlliklə də Avropa və Rusiya) qarışdığı yerlərdə gedirdi. Çünki o bölgələr inkişafda olan ölkələrlə ayaqlaşmalı idilər. Hər şeydən öncə dünyəvi, dinin və adətlərin ictimai həyatda azalmasına yönələn maarifçilik işlərinə başlanılmışdır. Bu prosesi Avropa daha öncə keçmişdir. Bunu da müsəlman toplumlarında gedən dekonstruksiya kimi dəyərləndirmək olar. Dekonstruksiya bəzən zorakılıqla da keçirilirdi. Zorakılıq Türkiyə və İranda daha çox olmuşdur. Ancaq, bununla belə, bir çox müsəlman bölgələrində müsəlmanların bir çoxu dekonstruksiyaya dəstək verirdilər. Bu proseslər Türkiyə və Rusiya imperiyasında yaşayan müsəlmanların arasında daha da surətlə gedirdi. Ancaq Sovetlər İttifaqı yaranandan sonra, Orta Asiya və Qafqaz müsəlmanlarının arasında dekonstruksuya yeni kommunust ehkamçılığının qurulması üçün keçirilirdi. İranda modernizmin inkişafı İslam inqilabı ilə nəticələndi. Ərəb ölkələrində isə avtoritar və totalitar diktaturaların qurulduğuna görə modernizmin inkişafına yol verilməmişdir. Bu yolda ən irəliləyən ölkə Türkiyə olmuşdur.
Azərbaycanda modernizm
redaktəAzərbaycanda yeniləşmə prosesləri 19-cu yüzilliyin sonları - 20-ci yüzilliyin ilk onilliklərində başlamışdır. O çağlarda, azərbaycanlı maarifçilər çağdaş zamanın tələblərinə uyuşmayan adətçi həyatı bə öyrəncəli baxışları tənqid etməyə başlamışdırlar. Onların məqsədi keçmişin yükündən qurtulub yeni yaşama başlamaq idi. Qurtuluş yolunu da onlar Avropa dəyərlərinə yiyələnməkdə görürdülər. Bunun üçün maarifçilər keçmiş irsin dağıdılması (dekonstruksiyası) işini aparırdılar. Onlar o zamankı azərbaycanlıların baxışlarında, həyat tərzində, incəsənətdə, ədəbiyyatda inqilabçı dəyişikliklərin başlaması işini çox böyük uğurla apara bilmişdirlər. Öz işlərində onlar öncə olmayan metodları, texniki vasitələri işlətmişdirlər. O zamankı Azərbaycan düşünürləri Avropa fəlsəfələrini də yaxşı bilib onları yaşadıqları toplumlar üçün uyğunlaşdırırdılar.
Azərbaycan modernizminin əsaslarını Mirzə Şəfi Vazeh, Mirzə Fətəli Axundov və Həsən bəy Zərdabi qoymuşdurlar. Daha sonra onların yolunu Sabir, Cəlil Məmmədquluzadə, Üzeyir Hacıbəyov, Mikayıl Müşviq, Cəfər Cabbarlı və başqa incəsənət xadimləri, ədəbiyyatçılar, ictimai xadimlər davam etdirmişdirlər.
XIX-cu yüzilliyin sonu - XX yüzilliyin əvvəllərində "Əkinçi" qəzeti azərbaycanlıların dünyagörüşünün yenilənməsində böyük rol oynamışdır. Bu yolu ən ardıcıl yerinə yetirən "Molla Nəsrəddin" jurnalı olmuşdur. Bu jurnal Azərbaycanda din və adətlərdən doğan həyat tərzi və düşüncənin dekonstruksiyasının, onların modern düçüncə ilə əvəz olunmasının istehkamına çevirilmişdir. Sovet dövründə bu işi "Şərq qadını" jurnalı da yerinə yetirmişdir.
Siyasi sahədə M. Rəsulzadə, Ə. Hüseynzadə, Ə. Ağaoğlu kimi şəxslər yeni parlamentarizm, respublikaçılıq konsepsiyaları irəli sürərək Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının əsaslarını qoymuşdurlar.
Azərbaycanda modernizmin başlayıb dərinləşməsinin obyektiv səbəbləri də olmuşdur. Rusiyanın tərkibinə qatılmış müsəlman xalqları sıxıntılar içində yaşayırdılar, imperiyanın başqa xalqlarından çox geridə idilər. Bundan başqa modernizmə təkan verən amil erməni problemi olmuşdur. O zaman geriləmiş müsəlman azərbaycanlılar erməni təcavüşünün qarşısında durmağa çətinlik çəkirdilər. Ona görə də cəmiyyətin yenilənməsi ideyaları önə çəkilmişdir.
O dönəmin maarifçiləri bu durumdan çıxış yollarını axtarararaq maarifləndirmə, Avropa dəyərlərinə yiyələnmə ilə modern düşüncənin yürüdülməsi, köhnə adətlərin, həyat tərzinin, dünyagörüşünün dekonstruksiyası yolunda işlər aparmağa başlamışdırlar. Dekonstruksiya varlığın hər bir sahəsində aparılırdı. Ənənəvi dindən aralanma (laiklik), əlifbanın dəyişdirilməsi, Avropa geyimlərinin geyilməsi, memarlıqla ədəbiyyatda klassik şərq üslublarından aralanma və başqa bu kimi yönəlmələr Azərbaycanda dekonstruktivizmin gedişinin göstəriləri olmuşdurlar. Çox zaman öyrəncəli yaşamın və anlayışların nə ilə dəyişilməsi təsəvvürləri də olmamışdır. Azərbaycan maarifçilərinin hansısa konkret konsepsiyaları, ya da fəlsəfələri də olmamışdır. Daha çox Rusiyada yaşayan başqa milli toplumlarla ayaqlaşmaq məqsədi güdülürdü. Ancaq illər öttükcə milli-mədəni muxtariyyat almaq istəkləri də ortalığa çıxmışdır. Sonda isə, Rusiya imperiyasının dağılmasından sonra Azərbaycan Xalq Cümhuriyyətinin (ADR) yaranmasının özü də modern düşüncəsinin qələbəsi kimi dəyərləndirilə bilər. Çünki demokratik quruluş yüzilliklər boyu sürən öyrəncəli şah-xan-bəy hakimiyyətinin yerinə gəlmişdir.
Ancaq, müstəqilliyinin itirilməsi sonu, Azərbaycanda bolşevik-kommunist ideologiyası zəfər çalmışdır. Bundan sonra modernizmin inkişafı dayandırılmış, sosializm realizmi ilə əvəz edilmişdir. Bu ideologiya da yeni olmuşdur. Onun çərçivəsində insanların düşüncələrində köklü dəyişikliklər edilmiş, dekonstruktiv proseslər getmişdir. Ancaq, onlar təbii axarla getməmiş, ədəbiyyatda, incəsənətdə, məişətdə, fəlsəfəfə modern axınların yaranmasına gətirib çıxartmamışdır. Köhnə anlayışlar yalnız sosialist-kommunust ideyaları ilə dəyişdirilmişdir. Bu isə, son olaraq, qədim ehkamların yerinə yenilərinin gəlməsinə gətirib çıxartmışdır. Belə olduqda isə onların özləri də nə vaxtsa dekonstruksiyalara uğramamalı idilər.
Sovetlər Birliyi dağılanda onun dəyərlərinin dekonstruksiyası baş vermiş, gec də olsa, modernizmə və postmodernizmə keçmək üçün imkanlar yaranmışdır. Beləliklə, modernizm prosesləri Azərbaycanda 19-cu yüzilliyin axırlarından başlasa belə, 20 yüzilliyin sonlarına qədər davam edə bilməmişdir. Ancaq müstəqillik qazanandan sonra həyatın ayrı-ayrı sahələrində bu proseslər yenidən getməyə başlamışdır. Ədəbiyyatda yeni cərəyanlar, incəsənətdə yeni üslublar işlənməyə başlamışdır. Marqinal düşüncələr ortalığa çıxmışdır. Bu proseslərin dərinləşməsi üçün elektron informasiya vasitələri, İnternet, sosial şəbəkələr geniş imkanlar yaradır.
İstinadlar
redaktəBu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir. |
- ↑ "Модернизм / Большой Энциклопедический словарь". 2022-04-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-11-14.
- ↑ Arthur Schopenhauer Arxivləşdirilib 2021-05-23 at the Wayback Machine / Stanford Encyclopedia of Philosophy.
- ↑ Вагнер Рихард Arxivləşdirilib 2022-08-31 at the Wayback Machine / Энциклопедия Кольера.
- ↑ Friedrich Nietzsche Arxivləşdirilib 2018-09-04 at the Wayback Machine / Stanford Encyclopedia of Philosophy
- ↑ O. Şpenqler irəli sürmüşdür Keith Stimely. Oswald Spengler: An Introduction to his Life and Ideas Arxivləşdirilib 2022-09-24 at the Wayback Machine / The Journal for Historical Review, 1998, Volume 17, number 2, Page 2.
- ↑ Pontifical documents concerning Modernism Arxivləşdirilib 2021-12-20 at the Wayback Machine / New Advent. Catholic EncyclopediaThe Catholic Encyclopedia.
- ↑ Modernist propositions explained by its essential error Arxivləşdirilib 2021-12-20 at the Wayback Machine / New Advent. Catholic Encyclopedia.
- ↑ Mücahid H. T. Farabiden Abduha siyasi düşünce. İstanbul, “İz yayıncılık”, 1995, s. 133.
Mənbə
redaktə- Aydın Əlizadə. Modernizm, postmodernizm və müasir Azərbaycan // "Dövlət və din" jurnalı N 5 (25) 2011.
Ədəbiyyat
redaktə- John Barth (1979) The Literature of Replenishment, later republished in The Friday Book (1984).
- Eco, Umberto (1990) Interpreting Serials in The limits of interpretation , pp. 83–100, excerpt
- Gerald Graff (1973) The Myth of the Postmodernist Breakthrough, TriQuarterly, 26 (Winter, 1973) 383–417; rept in The Novel Today: Contemporary Writers on Modern Fiction Malcolm Bradbury, ed. (London: Fontana, 1977); reprinted in Proza Nowa Amerykanska, ed., Szice *Krytyczne (Warsaw, Poland, 1984); reprinted in Postmodernism in American Literature: A *Critical Anthology, Manfred Putz and Peter Freese, eds. (Darmstadt: Thesen Verlag, 1984), 58–81.
- Gerald Graff (1975) Babbitt at the Abyss: The Social Context of Postmodern. American Fiction, *TriQuarterly, No. 33 (Spring 1975), pp. 307–37; reprinted in Putz and Freese, eds., *Postmodernism and American Literature.
- Orton, Fred and Pollock, Griselda (1996) Avant-Gardes and Partisans Reviewed , Manchester University.
- Steiner, George (1998) After Babel, ch.6 Topologies of culture, 3rd revised edition
- Art Berman (1994) Preface to Modernism, University of Illinois Press.
Xarici keçidlər
redaktə- Modernizm, postmodernizm və çağdaş Azərbaycan // Fəlsəfə elmləri doktoru Aydın Əlizadənin səhifələri.
- МОДЕРНИЗМ: архитектура и архитекторы модернизма
- Лифшиц М. А. Модернизм
- Романтики как предтечи модернизма