Mozalan Kinojurnal - Wikipedia
Mozalan — 1971-ci ildə təsis edilmiş Azərbaycan satirik kinojurnalı.[1]
İndiyə qədər təxminən 200 nömrə istehsal edilmişdir. Hər nömrədə isə 3-4 süjet var. Bunlar bədii, sənədli və hətta cizgi süjetlərdir. Kinojurnal "Azərbaycanfilm" kinostudiyasının nəzdində yaradılmışdır. Məqsəd Azərbaycandakı neqativ hallara qarşı mübarizə aparmaq, satira diliylə xalqa çatdırmaq və dərs verməkdir. Anidən müxtəlif istehsalat obyektlərində peyda olmaq, oradakı çatışmazlıq və problemləri lentə almaq, bütün respublikanı xəbərdar etmək "mozalançı"ların əsas iş üsullarından idi.[2]
Tarixi
redaktə“Mozalan” satirik kinojurnalı “Azərbaycanfilm” kinostudiyasının nəzdində 1971-ci ildə təsis edilib.[1]
Satirik kinojurnalın ilk yaradıcı heyətinə Arif Babayev, İsi Məlikzadə, Seyfulla Bədəlov, Rasim Ocaqov, Rafiq Tağızadə və b. daxil idilər. Kinojurnalın ilk nömrəsində üc sujet olub: “Hörmətli alim yoldaşlar” sujetində yeni yaranan “Mozalan” satirik kinojurnalının mənşəyi və məramı bəyan olunurdu. “Yüz vəd bir borcu ödəməz” adlı 2-ci sujetdə isə Salyan rayon Nəvahi kəndinin məktəb binasındakı tikinti işlərinin ləngiməsindən danışılırdı. 3-cü süjetdə – “Çay daşının göz yaşı”nda isə yeni tikintilər zamanı şəhərimizin qədim memarlıq və incəsənət abidələrinin ümumi ansamblının nəzərə alınmaması tənqid olunub.[1]
Eyvaz Borçalı jurnala baş redaktor (1971-1984) təyin edildikdən sonra böyük dəyışikliklər edilib. Belə ki, Oqtay Mirqasımov sonra isə Ziyafət Abbasov bədii rəhbər kimi, Mirzə İbrahimov, Abbas Abdulla, Fərman Kərimli, Anar, Vaqif Mustafayev, Ceyhun Mirzəyev isə müəlliflər kimi işə cəlb olunurlar. “Mozalan”a şöhrət gətirən sujetlərdə tanınmış aktyorların – İsmayıl Osmanlı, Ağasadıq Gəraybəyli, Səməndər Rzayev, Hacıməmməd Qafqazlının iştirakı mühüm hesab edilir. Həmçinin Anar, Elçin, Məmməd Araz, Sabir Rüstəmxanlı, Ramiz Rövşən, Fikrət Qoca – kimi tanınmış Azərbaycan yazıçıları kinojurnala cəlb olunub. Bununla “Mozalan”ın ildə 4 nömrəsi hazırlanmağa başlayır.[1]
1978-ci ildə jurnalda göstərilmiş tənqidi materialların yoxlanması nəticəsində bəzi vəzifəli şəxslər məsuliyyətə cəlb olunub.[3]
1979-cu ildə jurnalın 50-ci nömrəsində “Düzələr”, “İpək də parçadır” və “Mozalan”ın qonağı” adlı üç sujet çəkilir. Sonuncu sujetdə bəzi idarələrdə kadrların düzgün yerləşdirilməməsi tənqid edilir. Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi jurnalın işini yüksək qiymətləndirir.[1]
1971-79-cu illərdə “Mozalan” satirik kinojurnalının redaksiyası C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının tərkibində rüblük və ya ayaşırı (ildə 4-6 dəfə), 1980-ci ildən isə Azərbaycan SSR Dövlət Kinematoqrafiya Komitəsinin orqanına – “Mozalan” respublika satirik kinojurnalının təsərrüfat hesablı müstəqil baş redaksiyasına çevrilməsilə ildə 8-9 nömrəsi buraxılmışdır.[4] Respublika Teleradio Verilişləri Komitəsinə (indiki ATRV QSC) təklif edilir ki, “Mozalan” televiziya ilə müntəzəm olaraq göstərilsin. Eyni zamanda respublika qəzetlərinin redaksiyalarına tapşırılır ki, vaxtaşırı jurnalın aktual məsələlərə dair ayrı-ayrı sujetlərinin və tematik çıxışlarının xülasəsini dərc etsinlər.[1]
1981-ci ildə görülən işlər, alınan qərarlar, tənqid hədəflərinin qorxusu sayəsində aradan qaldırılan nöqsanlar və s. hamısı diqqətə alınır. Məhz həmin ildə “Mozalan” satirik kinojurnalı zəhmətkeşlərin kommunist tərbiyəsi sahəsində səmərəli işinə və birinci nömrəsinin ekrana buraxılmasınin 10-cu ildönümü ilə əlaqədar Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanı ilə təltif edilir.[1][3]
Eyvaz Borçalıdan sonra (1984) jurnala rəhbərlik edən Ziyafət Abbasovun redaktorluğu dövründə 34 bədii və sənədli süjet çəkilib.[1]
1985-ci ildə bədii sujetlərdən ibarət bir hissəli satirik komediya ilə “Mozalan”ın 100-cü nömrəsi ekranlara çıxır.[1]
2007-2014-cü illərdə kinojurnalın baş redaktoru yazıçı-ssenarist Orxan Fikrətoğlu olub.[5] 2007-ci ildə O. Fikrətoğlunun redaktorluğu ilə “Mozalan” uzun fasilədən sonra bir nömrə ilə yenidən ekranlara qayıdır.[6] Nömrədə 3 sujet var idi -“Məna” və “Vətənpərvər” adlı iki qısametrajlı bədii sujetlər. Üçüncü sujet isə “Əjdaha” cizgi filmi idi. Eyni zamanda jurnalın televiziya versiyası hazırlanır və o günə qədər çəkilən bütün nömrələr bura daxil edilir.[1]
2008-ci ildə "Mozalan" studiyası İspaniyanın "Aktualidad" jurnalının təsis etdiyi "Keyfiyyət və nüfuz lideri" beynəlxalq mükafatına layiq görülüb.[7]
2011-ci ildə “Azərbaycanfilm” kinostudiyasına direktor təyinatı alan Müşfiq Hətəmov eyni zamanda “Mozalan” studiyasına da rəhbərlik edib. Qısa müddətdə “Mozalan” studiyasında bir sıra islahatlar aparılıb, iki yeni film çəkilib, bu sahədə maddi-texniki baza gücləndirilib.[1]
2014-ün sonunda “Mozalan” kino jurnalı ən yaxşı bədii süjet ssenariləri müsabiqəsi elan edir. C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasından bildiriblər ki, müsabiqə kinojurnal üçün yeni müəllif qüvvələrini aşkara çıxartmaq və onlarla əməkdaşlıq məqsədi daşıyır. Müsabiqənin noyabrın 15-dən dekabrın 31-dək keçiriləcəyi, ən yaxşı ssenarilər ekranlaşdırılacağı və qaliblərin mükafatlandırılacağı açıqlanır.[8][9]
2015-ci ildə Mədəniyyət naziri Əbülfəs Qarayevin əmri ilə Əlisəttar Quliyev studiyaya yeni rəhbər təyin edilib. Həmin ildə 2 nömrə çəkilib, hər nömrədə üç süjet. 2016-cı ildə isə 3 nömrə, yəni, 9 süjet ərsəyə gətirilib. 2019-cu ildə Ə. Quliyevin quruluşunda etnik almanların Azərbaycana köçürülməsinin 200 illiyinə həsr olunan “Əlvida, Şmidt” tammetrajlı tragikomediya janrında film çəkilib.[1]
2021-ci ilin yanvar ayında Azərbaycan Televiziyası və Mədəniyyət Nazirliyinin birgə təşəbbüsü ilə “Mozalan”ı yenidən dirçəltmək barədə qərar qəbul olunmuşdur. Beləliklə “Mozalan” satirik kinojurnalı uzun bir fasilədən sonra, 50 illik yubileyi ərəfəsində aprel ayından başlayaraq yenidən yayımlanmağa başlamışdır. Videoçarxın ssenari müəllifi və redaktoru İlqar Fəhmi, ”Mozalan” studiyası tərəfindən yaradıcı heyətin rəhbəri isə Əlisəttar Quliyevdir. İlk buraxılışı 12 aprel 2021-ci ildə AzTV-də yayımlanmışdır.[10][11]
Süjetləri
redaktəHəmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ 1 2 3 4 5 6 7 8 9 10 11 12 ""Mozalan" kinojurnalının yaranma tarixinə qısa baxış". Azərbaycan Kinematoqrafçılar İttifaqı (az.). 2020-04-12. İstifadə tarixi: 2024-12-06.
- ↑ ""Mozalan" efirə qayıtdı". medeniyyet.az (ingilis). İstifadə tarixi: 2024-12-06.
- ↑ 1 2 Azərbaycan KP MK-da Azərbaycan KP MK "Mozalan" satirik kinojurnalının tənqidi çıxışlarına respublikanın bəzi nazirliklərinin və baş idarələrinin yanlış münasibəti haqqında qərar qəbul etmişdir. Arxivləşdirilib 2020-01-16 at the Wayback Machine — anl.az saytı
- ↑ Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). "Azərbaycan" cildi (50 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. Məsul katib: akademik T. M. Nağıyev. 2007. səh. 816. ISBN 978-9952-441-01-7.
- ↑ ""Mozalan": Yeni rəhbər, yeni era". 2023-04-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-24.
- ↑ Səid, Könül. ""Mozalan" indi daha çox əxlaqsızlığı sancır – Baş redaktor". modern.az (az.). İstifadə tarixi: 2024-12-06.
- ↑ ""Mozalan"ın böyük planları". 2023-07-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-24.
- ↑ ""Mozalan" studiyası ssenari müsabiqəsi elan edir". Azərtac.
- ↑ İsmayıl, Cavid. ""Mozalan" kinojurnalının ən yaxşı bədii süjet ssenariləri müsabiqəsi başa çatıb". APA (az.). 2015-01-17. İstifadə tarixi: 2024-12-06.
- ↑ ""Mozalan" efirə qayıdır". 2021-12-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-09-12.
- ↑ ""Mozalan" efirə qayıdır". modern.az (az.). İstifadə tarixi: 2024-12-06.
Mənbə
redaktə- Азербайджанской ССР кинематография. Кино: Энциклопедический словарь / Гл. ред. Sergey Yutkeviç|С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 13.
- Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 263-266; 321-325.
- Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 815.
Xarici keçidlər
redaktə- Bizim Kino: “Mozalan” satirik kinojurnalı
- Nizamiqızı, Gülər. "Kiçik ekran əsərində böyük fikri çatdırmaq çətin məsələdir". anl.az / “Mədəniyyət” qəzeti. 2011-12-14. İstifadə tarixi: 2024-12-06.
- Ötən günlər - Mozalan - 11.06.2022
- Nihat Pir. ""Mozalan"ın məşhur siması: Mənə elə gəlir, baş rola çəkiləcək aktyor deyiləm - MÜSAHİBƏ". Apa.az (az.). İstifadə tarixi: 2024-12-06.
- Mozalan 1971-2020
- Mozalan tezliklə
- ""Mozalan"ın vızıltısının sirri açıldı - Səs rejissoru ilə MÜSAHİBƏ". Kulis.az (az.). 2017-12-27. İstifadə tarixi: 2024-12-06.