Necefqulu Necefov - Wikipedia
Nəcəfov Nəcəfqulu Məmmədhüseyn oğlu (1881, Naxçıvan – 29 noyabr 1937, Bakı) — maliyyəçi, diplomat, Naxçıvan Vilayət Komitəsinin İşlər müdiri, RSFSR-in Ankarada mətbuat bürosunun tərcüməçi-müxbiri. 1918–1920-ci illərdə daşnak hücumlarından müdafiə olunması zamanı Naxçıvan yerlilər cəmiyyətinə sədrlik etmişdir.[1]
Nəcəfqulu Nəcəfov | |
---|---|
Nəcəfov Nəcəfqulu Məmmədhüseyn oğlu | |
| |
Doğum tarixi | |
Doğum yeri | Naxçıvan, Naxçıvan qəzası, İrəvan quberniyası, Rusiya imperiyası |
Vəfat tarixi | |
Vəfat yeri | Naxçıvan, Naxçıvan MSSR, Azərbaycan SSR, USSR |
Vəfat səbəbi | güllələnmə |
Vətəndaşlığı |
Rusiya imperiyası→ AXC→ SSRİ |
Həyat yoldaşı | Nazlı Nəcəfova |
Uşaqları | Şulan, Cəmilə, Namiq, Şəfiqə |
Atası | Məmmədhüseyn |
Milliyyəti | azərbaycanlı |
Fəaliyyəti | mühasib |
Həyatı
redaktəNəcəfovların adı çəkiləndə öncə xatırlanan görkəmli Mollanəsrəddinçi və şair Nəcəfqulunun əmisi oğlu Əliqulu Nəcəfov-Qəmküsar yada düşür. Onun tədqiqatçılarının yazdıqlarından məlum olur ki, Nəcəfovlar Naxçıvan Culfasına Ərdəbildən köçüb gəliblər. Əliqulu Qəmküsarın atası Məşədi Ələkbər Hacı Nəcəf oğlu az bir zamanda Culfanın məşhur tacirlərindən biri olur. Ələkbər Nəcəfovun həyat yoldaşı Bilqeyis xanım naxçıvanlı Şeyxovların qızı idi. Şair Əliqulu Qəmküsar və ictimai xadim Rzaqulu Nəcəfov haqqında xeyli məlumatlar olsa da, onların əmisi, yəni Nəcəfqulunun atası Məmmədhüseynin fəaliyyəti barədə geniş məlumat yosdur. Təkcə onun "Fani" təxəllüsü ilə farsca bir sıra qəzəl, qəsidə yazmağı haqqında məlumat vardır. Araşdırmalar zamanı məlum oldu ki, Məmmədhüseyn tacirliklə yanaşı, həm də maarifçi adam olmuşdur. Nəcəfovların yaxın ailəvi dostları Məhəmməd Tağı Səfərov-Sidqi, Mirzə Məhəmməd Zamanbəyov və qohumları Nəsrulla və Fərəculla Şeyxov qardaşları idi. Bunlar isə həmin dövrün ən mükəmməl təhsil alan ziyalıları sayılırdılar. Məmmədhüseynin bir neçə övladı olmuşdur. Onlardan biri Nəcəfqulu Nəcəfovdur.
Nəcəfqulu Nəcəfovun 1929-cu ildə özünün yazdığı bioqrafiyadan məlum olur ki, o, 1881-ci ildə, may ayında Naxçıvan şəhərində doğulub. 1893-cü ildə Naxçıvan şəhər məktəbinə daxil olmuş və 1900-cü ildə oranı bitirmişdir. 1900-cü ildə məktəbi qurtaran Nəcəfqulu Culfa Gömrükxanasında işə girmiş və 8 ay orada mirzə kimi fəaliyyət göstərmişdir. 1901-ci ildə isə o, Tiflisdə mühasibat kurslarında təhsilini davam etdirir. Kursu başa vuran Nəcəfqulu yenidən Culfaya qayıdır və əmisinin yanında ticarət mühasibi kimi çalışır. Bu şirkət həm də tikinti ilə məşğul olurdu. 1906-cı ilə kimi tikintinin aparıldığı Culfa, Təbriz və Mərənd yollarında əsasən işləyir.
Ailəsi
redaktəNəcəfqulu Nəcəfov Azərbaycanın tanınmış maarifçi ziyalı soylarından biri olan Nəcəfovlardandır. O, Naxçıvanın ziyalı qızlarından olan Nazlı xanım Məmmədağa qızı Tahirova ilə ailə qurmuşdu. Onların Şulan, Cəmilə və Şəfiqə, Namiq (əkiz bacı-qardaş) adlı övladları 1954-cü ilədək anasız yaşamışlar. Çünki Nazlı xanım Tahirovanı da həbs edib sürgünə göndərmişdilər. Uzun illər Qazaxıstanda sürgündə qalandan sonra, Azərbaycanda yalnız Göyçayda yaşamasına icazə vermişdilər. Nəql edirlər ki, o vaxt Namiqlə Şəfiqənin bir yaşları varmış. Onları bacıları Cəmilə saxladığından ona "ana" deyirmişlər.
Vəfatı
redaktəNəcəfqulu Nəcəfov və Nazlı xanım Tahirova – hər ikisi ictimai xadim idi. Ömürlərini siyasi mübarizəyə, maarifə, elmə, mədəniyyətə və ədəbiyyata həsr etmişdilər. Nazlı xanım qazandığı pulu yetimlərə xərcləyirmiş və bundan böyük mənəvi rahatlıq tapırmış. O, 1977-ci ildə Naxçıvan şəhərində vəfat etmişdir.
Nazlı xanımın qardaşı Yusif bəy Tahirov, Naxçıvan Araz-Türk Respublikasının üzvlərindən biri olub. Məşhur hərbçi, polkovnik Yusif bəy Tahirov erməni terrorçularının qurbanı olub.
Fəaliyyəti
redaktəİctimai fəaliyyəti
redaktəCulfada yaşadığı vaxt inqilabçılarla tanış olur və gizli olaraq onlara köməklik göstərir. Bunlar əsasən gizli fəaliyyət göstərən "Hümmət" təşkilatının üzvləri idilər. Gürcüstan Milli Arxivindəki sənəddən məlum olur ki, Naxçıvanda və Culfadakı "Hümmət" qrupunun əsas simaları Mirzəlibəy Bəktaşev (Bəktaşi), Nəcəfqulu Nəcəfov, Hüseynağa Novruzov, Mir Heydərzadə, Nəsrulla Şeyxov və başqaları idilər.
1907-ci ilin yanvarında Nəcəfqulu Nəcəfov jandarm idarəsi tərəfindən həbs edilir. Üç aylıq həbsdən sonra onu İrəvan Quberniyasından Vladiqafqaza sürgün edirlər. O, burada da çar hökuməti əleyhinə təbliğat apardığından iki dəfə həbs edilir və axırda Tersk Vilayətindən də sürgün olunur.
Nəcəfqulu Tiflisə qayıdıb noyabradək gizli şəraitdə yaşayır. 1907-ci ilin payızında ona icazə verirlər ki, Naxçıvana qayıtsın. Naxçıvana qayıdandan sonra yenidən İranın Ələmdar və Xoy şəhərlərində işləyir. 1908-ci ildə ona bildirirlər ki, Naxçıvana qayıtsın həbs etməyəcəklər. Amma Heydər Əmioğlunun ən etibarlı silahdaşlarından olan Nəcəfqulu yaşamaq üçün Tiflisi seçir. Bilir ki, Naxçıvana qayıtsa, yenə təqib olunacaq.
Tiflisdə yaşadığı illərdə buranın ədəbi mühiti ilə yaxından əlaqə saxlayır. Bu vaxtlar əmisi Əliqulu Qəmküsar, əmisi oğlu Rzaqulu Nəcəfov da Tiflisdə fəaliyyət göstərirdilər. 1911-ci il 31 iyulda Nəcəfqulu dostu Qurbanəli Şərifzadəyə yazırdı: … Zavallı Sabirin vəfatının doğru olduğunu bilib, ziyadə mütəəssir oldum və Namiq Kamalın bu beytini söyləməkdən çəkinmədim: "Tüllabi-cəhlə qaldı gəzdiğin narində səhralər". Şair dostu Mirzə Ələkbər Sabirin vəfatı mollanəsrəddinçi Nəcəfquluya çox təsir etdiyindən daha sonra yazırdı: "…Minlərlə boş işlərə xərc edib, böylə məqamlara gələndə, əlləri ciblərinə yetişməyir. Allah bu millətə çeşmi-bəsirət versin ki, böylə vücudi-möhtərəmin qədrini bilib ikram etsinlər". Nəcəfqulu Nəcəfov böyük şairimizə xəstə vaxtı kömək etməyənləri məzəmmətləyirdi. Yeri gəlmişkən deyək ki, Naxçıvan ziyalıları M. Ə. Sabir xəstə yatarkən xeyli miqdarda ianə toplayıb Şamaxıya göndəriblər. O siyahılar S. Mümtaz adına Azərbaycan Dövlət Ədəbiyyat və İncəsənət Arxivində saxlanılır. Orada Nəcəfqulu Nəcəfovun da adı vardır.
Tədqiqatçı alim Ə. Qədimov Nəcəfqulu Nəcəfovun məktublarını yazdığı monoqrafiyada ("Qurbanəli Şərifzadənin həyatı və yaradıcılıq yolu") dərc etdirmiş və onu "Tanınmış mollanəsrəddinçi" adlandırmışdır. Nəcəfovlar "Molla Nəsrəddin" jurnalının nəşrində Cəlil Məmmədquluzadənin ən yaxın və sədaqətli dostları olmuşdur.
Mühasib fəaliyyəti
redaktəBir müddətdən sonra Naxçıvana dönən Nəcəfqulu özəl idarələrdə mühasib işləmişdir. Bu, təxminən 1910–1912-ci illərə təsadüf edir. 1912-ci ildən Nobel qardaşlarının dəvətilə onun İsfahan şəhərindəki şirkətində 1915-ci ilədək kontor müdiri və anbardar vəzifəsində çalışır. Burada o öz keçmiş dostlarının yolunda riskə getdiyindən 8 ay həbs cəzası alır. Həbsdən azad olandan sonra naxçıvanlı milyonçu Hacı Hüseynəli Qurbanovun dəri zavodunda mühasib işləməklə Naxçıvanın ədəbi və maarif mühitində fəal iştirak edir. 1916-cı ilin dekabrından 1920-ci ilədək Naxçıvanda müxtəlif kooperativlərdə mühasib işləyən Nəcəfqulu Nəcəfov Naxçıvanın çətin günlərində həmyerliləri ilə çiyin-çiyinə verərək düşmənlə döyüşür.
Siyasi fəaliyyəti
redaktə1917-ci ildən Naxçıvandakı "Hümmət" təşkilatının katibi vəzifəsində olan Nəcəfov, 1920-ci ildən sonra bir sıra yüksək, məsul vəzifələrdə çalışmışdır. Hətta bir müddət İnqilab Komitəsinin Hərbi Tribunalında da işləyir. 1922-ci il martın 8-dən 1923-cü ilin iyuluna kimi RSFSR-in Türkiyədəki səfirliyində tərcüməçi diplomat kimi fəaliyyətini davam etdirmişdir. Burada maraqlı bir nüans var. O özü 1929-cu ildəki bioqrafiyasında yazmasa da, Türkiyədə işlədiyi illərdə artıq bolşevik partiyasının sıralarından xaric edilmişdi. Azərbaycan Mərkəzi Dövlət Arxivindən verilən arayışda bildirilir ki, Nəcəfqulu Nəcəfov 8 noyabr 1921-ci ildə Naxçıvan Partiya təşkilatını təmizləyən komissiyanın qərarı ilə partiya sıralarından uzaqlaşdırılıb. Onu da deyək ki, naxçıvanlı bolşevik donosçunun hamisi olan Tiflis ermənilərindən Əşrəf Yüzbaşov onu Behbud ağa Şahtaxtinskinin sadiq tərəfdaşlarından biri kimi partiya sıralarına layiq görməmişdir.
Amma Nəcəfqulu Nəcəfov partiya sıralarından çıxarılsa da diplomat kimi Türkiyədə (türk, fars və rus dilləri üzrə) siyasi fəaliyyətini davam etdirib. Yəqin ki, əmisi oğlu Rzaqulu Nəcəfovun Zaqafqaziyada çox yüksək məsul işdə olması əsas səbəblərdən biridir. 1924–1925-ci illərdə Nəcəfqulu Nəcəfovun müxtəlif yerlərdə işləməsi haqda məlumatlar olsa da, qalan illərdə, 1937-ci ilə qədər, haralarda işləməsi barədə məlumatlar onun sənədlərində qeyd edilməyib.
Daşnaqlarla mübarizədə rolu
redaktəAzərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan diyarının 1918–1920-ci illərdə daşnak hücumlarından müdafiə olunmasında Azərbaycanlılar ayağa qalxmışdı. 1920-ci ilin yanvarında Tiflis şəhərində Cənubi-Qərbi Qafqaz müsəlmanlarının iclası keçirilirdi. Qarsdan gələn naxçıvanlılardan Əli Səbri Qasımov məruzə edəndən sonra nümayəndə heyəti adından Azərbaycan Cümhuriyyəti Xarici İşlər Nazirliyinə teleqram göndərildi. Həmin teleqramda deyilirdi: "… Biz belə hesab edirik ki, sonrakı və dəhşətli niyyətlərini həyata keçirmək üçün erməni hökuməti heç nə qarşısında dayanmayacaq və süni razılıq hökumətimizin nəzərini öz çirkli əməllərindən yayındırmaqdır. Daşnak quldur dəstələrinin olduqları hər yerdə qan və tüstü, ümumi plana uyğun xarakterli zorakılıq… İclasın sədri Əli Səbri, yerlilər cəmiyyətinin sədri Nəcəfov, katib Hüseynzadə". Həmin illərdə Naxçıvan yerlilər cəmiyyətinə sədrliyi Nəcəfqulu Nəcəfov edirdi.
Bəraət alması
redaktəNəcəfqulu Nəcəfovun oğlu Namiqin Azərbaycan Ali Məhkəməsinə müraciətindən sonra 25 dekabr 1991-ci ildə ona bildirmişlər ki, 1937-ci il 21 oktyabrda Azərbaycan XDİK (NKVD) tərəfindən, üçlüyün qərarı ilə güllələnmişdir. 18 avqust 1956-cı ildə isə ona bəraət verilmişdir. 13 mart 1992-ci ildə 11/13, H-176 nömrəli məktubla Azərbaycan Dövlət Təhlükəsizliyi Komitəsindən Nəcəfqulu Nəcəfovun oğluna bildirmişlər: "Qəminizə şərik olub, ərizəmizin cavabında bildiririk ki, atanız Nəcəfov Nəcəfqulu Məşədi Məhəmmədhüseyn oğlu 1881-ci ildə anadan olmuşdur və 12 oktyabr 1937-ci ildə həbs edilmişdir. Azərbaycan SSR-in "NKVD" üçlüyünün 21 oktyabr 1937-ci il tarixli qərarına əsasən güllələnməyə məhkum edilmişdir və hökm həmin il noyabr ayının 29-da, Bakı şəhərində yerinə yetirilmişdir. Atanızın dəfn yeri haqqında heç bir sənəd yoxdur. Azərbaycan SSR Ali Məhkəməsi cinayət işləri üzrə məhkəmə kollegiyasının 18 avqust 1956-cı il tarixli qərarına əsasən atanıza bəraət verilmişdir. Əlavə edib Sizə bildiririk ki, 25 noyabr 1955-ci ildə bacınız Şəfiqə xanıma Naxçıvan DTK-i işçilərinin tərəfindən yalandan şifahi olaraq bildirilib ki, guya atanız 1941-ci ildə həbsxanada qan təzyiqindən vəfat etmişdir. Şöbə rəisi: imza".