Necmeddin Qezvini - Wikipedia
Nəcməddin Qəzvini (1203, Qəzvin – 1277) — Nəsirəddin Tusinin fəlsəfi məktəbinin nümayəndələrindən, astronom, təbiətşünas filosof, məntiqçi alimdir.[1]
Nəcməddin Qəzvini | |
---|---|
Doğum tarixi | |
Doğum yeri | Qəzvin |
Vəfat tarixi | |
Elm sahələri | Fəlsəfə, məntiq, astronomiya, riyaziyyat |
Elmi rəhbərləri | Əsirəddin Əbhəri, Nəsirəddin Tusi |
Tanınmış yetirmələri | Qütbəddin Şirazi, Cəmaləddin Həsən Hilli |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəNəcməddin Qəzvini 1203-cü ildə anadan olmuşdur.
Filosofun ləqəbi Nəcməddin, adı Əli, atasının adı Ömər, babasının adı Əlidir. Qəzvin şəhərindən olduğu üçün Qəzvini nisbəsini daşımışdır. Mütəfəkkir elmi əsərlərin üzünü köçürən mirzə sözünü ifadə edən Dəbirani və ya Katibi kimi də tanınmışdır. Mənbələrdə o, "Ən böyük alim" ("Əllamə") adı ilə yad edilmişdir.[1]
Professor Həbibulla Məmmədbəyli "Marağa rəsədxanasının banisi Nəsirəddin Tusi" kitabında Marağa rəsədxanasının iyirmi bir nəfər elmi əməkdaşının adlarının siyahısını vermişdir. O, burada Nəcməddin Qəzvininin adını beşinci sayda "Nəcməddin Qəzvini Dəbirani" kimi göstərdikdən sonra on üçüncü sayda yenidən onu "Nəcməddin Katibi" yazaraq ayrı şəxs hesab etmişdir. Lakin tədqiqatçı sonra filosof haqqında məlumat verərkən onu "Nəcməddin Omam ben Əli ben Məhəmməd Katibi Dəbirani Qəzvini" təqdim etmişdir. Burada Nəcməddin Katibi Dəbirani Qəzvini bir şəxs kimi düzgün göstərilmiş, amma onun, atasının və babasının adları yanlış verilmişdir.[2]
Nəsirəddin Tusinin dəvəti ilə Marağaya gələn Nəcməddin Qəzvini rəsədxanada çalışan ilk dörd astronomdan biri olmuşdur. O, mənbələrdə Nəsirəddin Tusinin şagirdi kimi təqdim edilməsinə baxmayaraq, Marağaya gəlməmişdən əvvəl də alim kimi tanınmışdır. Nəsirəddin Tusinin "Elxani astronomik cədvəl" ("Zic əl-elxani") traktatından da məlum olur ki, alim 1259-cu ildə adlı-sanlı mütəxəssis imiş.[3]
Nəcməddin Qəzvini elmlə məşğul olmaqla bərabər, müəllim kimi də fəaliyyət göstərmişdir. Ensiklopedik alim Qütbəddin Şirazi və Ayətullah Əllamə Cəmaləddin Həsən Hilli Nəsirəddin Tusi ilə yanaşı, onun da məşhur şagirdlərindəndir.
Nəcməddin Qəzvini 1277-ci ildə vəfat etmişdir.
Elmi yaradıcılığı
redaktəNəcməddin Qəzvini fəlsəfə, məntiq və təbiətşünaslığa dair qiymətli əsərlərin müəllifidir. Filosofun "Həqiqətlərin kəşfində incəlikləri ehtiva edən" ("Cami əd-dəqaiq fi kəşf əl-həqaiq") əsəri məntiq, metafizika və fizikaya dair orijinal bir traktatdır.
Alimin "Məntiq və hikmətə dair mahiyyətin qaydaları" ("Ayn əl-qəvaid fi-l-məntiq və-l-hikmə") əsəri də peripatetik fənləri əhatə edir.
Nəcməddin Qəzvininin "Mahiyyət hikməti" ("Hikmət əl-ayn") kitabı isə "Məntiq və hikmətə dair mahiyyətin qaydaları" traktatının ikinci hissəsi olub, fəlsəfə, təbiiyyat və riyaziyyat məsələlərinə həsr edilmişdir
AMEA-nın müxbir üzvü Zakir Məmmədov böyük Azərbaycan alimi Yusif Qarabağinin (…-1645) Nəcməddin Qəzvininin "Mahiyyət hikməti" kitabına haşiyə yazdığını qeyd etmişdir.[4]
"Mahiyyət hikməti" kitabına sonrakı şərh Nəcməddin Qəzvininin şagirdi Cəmaləddin Həsən Hillinin "Əsasların Mahiyyətinin hikmətindən məqsədlərin izahı" ("İzah əl-məqasid min hikmət əl-ayn əl-qəvaid") əsəridir.[1]
"Məntiqin qaydalarına dair Şəmsəddin traktatı" ("ər-Risalə əş-Şəmsiyyə fi-l-qəvaid əl-məntiqiyyə") kitabı da mütəfəkkirin məntiq haqqında yazılmış orijinal və çox qiymətli bir əsəridir. Əsər elxanilərdən Hülakü xan, Abaqa xan və Əhməd xanın hakimiyyətləri dövründə vəzir işləmiş "divan sahibi" ("sahib əd-divan") Xacə Şəmsəddin Məhəmməd ibn Bəhaəddin Məhəmməd Cüveyninin (…-1284) xahişi ilə onun şərəfinə qələmə alınmış və "Şəmsəddinə ithaf edilmiş" ("əş-Şəmsiyyə") adı ilə daha çox məşhurdur. Müəllifinə böyük şöhrət qazandırmış bu əsər bütün dövrlərdə alimlərin marağını doğurmuşdu. "Məntiqin qaydalarına dair Şəmsəddin traktatı"na onlarla şərh və haşiyə yazılmış, mədrəsələrdə tədris edilmişdir.[3]
Nəcməddin Qəzvininin "Məntiqin qaydalarına dair Şəmsəddin traktatı"nı şagirdi Cəmaləddin Hilli və Əllamə Sədəddin Məsud ibn Ömər Təftəzani (1322–1389) də şərh etmişlər.
Nəcməddin Qəzvini orijinal əsərlər yazmaqla bərabər, şərhçilik fəaliyyəti ilə də məşğul olmuşdur. Bu şərhlər fəqih-mütəkəllim Fəxrəddin Razinin (1148–1210) və böyük Azərbaycan filosofu, təbib və hüquqşünas Əfzələddin Xunəcinin (1194–1248) əsərləri əsasında qələmə alınmışdır.
Zakir Məmmədov Nəcməddin Qəzvininin bir məntiqçi alim kimi öz müasiri Misirin və onun əyalətlərinin baş qazisi vəzifəsində çalışmış Əfzələddin Xunəcinin məntiqə dair "Fikirlərin qaranlıq yerlərindən sirlərin açılması" ("Kəşf əl-əsrar ən qəvamid əl-əfkar") kitabına şərh yazdığını qeyd etmişdir.[4][5]
Nəcməddin Qəzvininin fəlsəfi görüşlərində məntiq məsələləri mühüm yer tutur. Filosof özünün "Məntiqin qaydalarına dair Şəmsəddin traktatı"nda yazır: "Bu məntiq qanunlarına dair Şəmsəddin traktatı adlandırdığım bir kitabdır. Mən onu müqəddimə, üç məqalə və nəticədən ibarət tərtib etdim. Müqəddimə iki bəhsdir. Birinci bəhsə gəldikdə o, məntiqin mahiyyəti və ona ehtiyacı barədədir".
Nəzəri fəlsəfənin tərkib hissəsi olan məntiq Şərq peripatetizminin sistemində birinci yerdə dururdu. Nəcməddin Qəzvini fəlsəfi görüşlərində öz sələfləri kimi məntiqə xüsusi diqqət yetirmişdir. O, məntiqin tərifini və onun mövzusunu, faydasını peripatetik mövqedən izah etmişdir.[6]
Mütəfəkkir fəlsəfi görüşlərində öz sələflərinin ideyalarından bəhrələnmiş, fəlsəfi məsələlərə peripatetik mövqedən yanaşmış, orijinal fəlsəfi təlim yaratmış və dünyəvi elmlərin inkişafında misilsiz xidmət göstərmişdir.
Nəcməddin Qəzvini dünya fəlsəfəsi tarixində Nəsirəddin Tusi məktəbinin məntiqçi alimi kimi məşhurdur.[6]
İstinadlar
redaktə- ↑ 1 2 3 Aytək Zakirqızı (Məmmədova). Nəsirəddin Tusinin dünyagörüşü. Bakı, 2000
- ↑ Г.Д.Мамедбейли Основатель Марагинской обсерватории Насирэддин Туси. Баку, 1961
- ↑ 1 2 Aytək Zakirqızı (Məmmədova). Nəsirəddin Tusi məktəbinin məntiqçi alimi. "Dirçəliş XXI əsr" jurnalı, Oktyabr 2002. səh. 162–167
- ↑ 1 2 Zakir Məmmədov. Azərbaycanda XI–XIII əsrlərdə fəlsəfi fikir. Bakı, 1978
- ↑ Zakir Məmmədov. Azərbaycan fəlsəfəsi tarixi. Bakı, 1994
- ↑ 1 2 Aytək Zakirqızı (Məmmədova). Nəsirəddin Tusinin fəlsəfi məktəbi. Bakı, Elm, 2011