Nadir Sah Efsarin Hindistani Ele Kecirmesi - Wikipedia
Nadir şah Əfşarın Hindistanı ələ keçirməsi — Səfəvi sülaləsinin devirərək öz sülaləsini hakimiyyətə gətirən Nadir şah Əfşar bir neçə il sonra müasir Hindistan ərazisində yerləşən Böyük Moğol imperiyası üzərinə yürüşə çıxdı. Müasir Hindistanın şimalını, Pakistanı ələ keçirən Nadir şah 1739-cu ilin martında Karnal döyüşündə qələbə qazanaraq Dehliyə daxil oldu. Beləliklə də, bütün döyüşlərdə qələbə qazanan Nadir moğolların paytaxtı olan şəhərə daxil olmuş oldu.[3]
Nadir şah Əfşarın Hindistanı ələ keçirməsi | |||
---|---|---|---|
Nadirin yürüşləri | |||
Tarix | 10 may 1738–1740 | ||
Yeri | Müasir Hindistanin şimalı və Pakistan | ||
Nəticəsi | Nadir şahın mütləq qələbəsi.[a][1][2] | ||
Ərazi dəyişikliyi | Moğolların paytaxtı Dehli ələ keçirildi və sonradan qalxan üsyana görə yağmalandı. Moğol imperiyasının Hind çayından şimaldakı əraziləri Nadir şahın imperiyasına birləşdirildi. | ||
Münaqişə tərəfləri | |||
|
|||
Komandan(lar) | |||
|
|||
|
|||
Vikianbarda əlaqəli mediafayllar |
Nadir şahın şərqdə bu parlaq qələbəsindən sonra geri dönüb, qərbdəki əsas rəqib olan Osmanlı imperiyası ilə müharibəyə başlamaq üçün şəraitin yarandığı demək idi. Həmçinin Nadir şahı qərbə yürüş zamanı Şimali Qafqaza və Mərkəzi Asiya yürüşlərinin həyata keçirilməsi də gözləməkdə idi.[4]
Başlanğıc
redaktəSəfəvi imperiyası şahının vəziri kimi fəaliyyət göstərən Nadir ölkədən əfqanları, rusları, osmanlıları qovmağı bacarmışdı. 1738-ci ildə Nadir şah bir zamanlar Səfəvi imperiyasının paytaxtı İsfahanı ələ keçirən Hotakilərin son istehkamı olan Qəndəharı da ələ keçirdi. Bu yürüş ardınca o, ordularını Hinduquş dağları vasitəsilə Şimali Hindistana saldı. Bu torpaqlar o zaman moğollların hakimiyyəti altında idi.[5]
Moğol imperiyası I Övrəngzibin ölümündən sonra imperiyadakı daxili çəkişmələr nəticəsində zəifləmişdi. İmperiyanın torpaqlarının bir qismi Maratxa dövləti tərəfindən ələ keçirilmiş, yerdə qalan hissələrdə isə bir çox moğol feodalı müstəqillik iddia etməkdə idi. Moğol hökmdarı Məhəmməd şah dövlətin bütövlüyünü qoruya bilməməkdə idi. İmperiyanın şimal torpaqlarındakı müdafiə sistemi xüsusilə pəştunların üsyanından sonra zəifləmiş vəziyyətdə idi. İmperial idarəetmə rüşvətxorluğa batmış vəziyyətdə olub yararsız hala düşmüşdü. Ölkənin sərvətlərini ələ keçirmək istəyən Nadir şah buranı ələ keçirmək istəməkdə idi.[6] Dehli bu zamanlar dünyanın ən zəngin paytaxt şəhərlərindən biri idi. Dövrün 3 ən böyük müsəlman imperiyası olan Səfəvi (Əfşar), Osmanlı və Moğol imperiyaları arasında moğolların torpaqları ən zəngini hesab edilirdi.[4]
Nadir şah Məhəmməd şahdan Kabil ətrafındakı sərhədləri bağlamağı tələb etmişdi, çünki bu sərhəd bölgəsindən üsyançı əfqanlar keçib getməkdə idi. Məhəmməd bu tələblə razılaşsa da, praktiki olaraq problemi həll etmək üçün heç nə etmədi. Moğol sarayı heç bir hərəkət etməməsini Dəkkəndə kafirlərin üsyanı ilə əlaqələndirdi və sözünün üstündə duracağına təminat verdi.[7] Nadir müharibəyə başlamaq üçün bundan bəhanə kimi istifadə etdi.[8] Nadir 10 may 1738-ci ildə moğol torpaqlarına daxil oldu.[9] Hindistana daxil olmamışdan əvvəl Nadir məqsədinin işğal yox, Moğol imperiyasını Maratxa dövlətindən qorumaq olduğunu elan etdi. Məktubunda o, yazırdı:[10]
Mənim Kabilə gəlişim və ona sahib olmağım sırf İslami qeyrətdən və sizə olan dostluğumdan qaynaqlanır... Mənim Attokk şəhərinin bu sahilində qalmağımın səbəbi odur ki, o kafirlər (maratxalılar nəzərdə tutulur) Hindistana tərəf hücum etdiyi zaman özümün müzəffər Qızılbaş ordumu göndərim və onları cəhənnəmin uçurumuna yuvarlayım. |
İşğallar
redaktəNadir şah Muxur bulağı yaxınlığında moğol sərhidini keçdi və Qəzninin cənubunda yerləşən Qarabağ bölgəsində dayandı. Buradan Nadirin oğlu Nəsrullah Mirzənin komandanlığında göndərilnə dəstəyə Ghorbənd və Bamian əfqanlarına hücum etmək tapşırıldı. Nadirin gəlişi xəbərini eşidən Qəzni canişini şəhərin varlıları, qazıları və alimləri ilə birlikdə ona bahalı hədiyyələr veərərk tabe olduqlarını bildirdilər və 31 mayda Nadir şəhərə daxil oldu. Bu zaman ordunun başqa bir dəstəsi əfqanları məğlub etdi, təslim olanları bağışlayaraq müqavimət göstərənlərə sərt cəzalar verdilər.[9]
Cinahların təhlükəsizliyinin təmin edilməsindən sonra Nadir Kabilə daxil olmaq üçün heç bir problem görməməkdə idi. Şəhərin əsas adamları müqavimət göstərmədən şəhəri Nadirə təslim etmək istəməkdə idilər, lakin Şərza xan müqavimət göstərmək qərarına gəldi. 10 iyun tarixində Nadirin ordusu şəhərə çatdı, şəhərdəki qarnizon təhlükəsiz məsafəyə çəkilərək şəhəri mühasirəyə almaq istəyən Əfşar ordusuna hücum edib geri çəkildi. Ayın 11-i şəhərə çatan Nadir şah Qara Qaya adlanan yerdən şəhərin müdafiə sistemini nəzərdən keçirdi. Hücum edən qarnizon bu dəfə də geri çəkilməyə məcbur edildi. Şəhər bir həftə müqavimət göstərdi və 19 iyunda Ağa-bin bürcləri dağıdıldıqdan sonra şəhər təslim oldu.[9]
Nadir vilayətin işlərini idarə etmək üçün Kabildə məskunlaşdı. Bu zaman ona məlumat verildi ki, moğol imperatoru nə onun məktubunu qəbul etməkdə, nə də onun elçisini sərbəst buraxmaqdadır. Başqa bir elçi göndərən Nadir şah Məhəmməd şaha öz istəyinin sadəcə həm də moğollara ziyan vuran əfqanları təmizləmək, moğol imperatoruna yaxşılıq etmək olduğunu bildirir, Kabildəki döyüşü isə şəhəərdəki qarnizonun özünün hücum etməsi ilə əsaslandırırdı. Məktubu çatdırmaq üçün göndərilən elçi Cəlilabada geri qaytarıldı və orada yerli tayfa başçılarından biri tərəfindən öldürüldü.[9]
Bu hadisələr baş verərkən Nadir maddi-texniki təminat vasitələrinin gətirilməsinin çətinliyinə görə Kabili tərk etdi və 25 avqustda Kandamaqa yola düşdü. 7 sntyabrda Cəlilabad şəhərinə çatan Əfşar ordusu elçini qisası üçün şəhəri ələ keçirdi və yağmaladı. Buradan Nadir oğullarından biri olan Rzaqulunu imperiyasının mərkəzinə yola saldı.[9]
Xeybər keçidi döyüşü və Pəncabın ələ keçirilməsi
redaktəL.Lokkartın hesablamalarına görə, Nadir şah qoşunu ilə Cəlalabaddan 1738-ci il noyabrın 18-də hərəkətə başladı. Gündə beş fərsəng yol qət edən sütunlar yol boyu ciddi bir hadisə ilə qarşılaşmadan Barikab adlanan məntəqəyə doğru üz tutdular. Bir neçə gündən sonra bütün qoşun hər hansı ciddi bir hadisə ilə rastlaşmadan Barikaba yetişdi. Hələ Dəkkəyə çatmazdan əvvəl Nadir şah Xeybər keçidi ətrafında düşmən qüvvələrin cəmləşməsi haqqında məlumat almışdı. Dekkədə düşərgə salandan sonra isə Xeybər keçidi və Xeybərə aparan yolların daha geniş kəşfiyyatının aparılması üçün Nadir şah müvafiq göstəriş verdi. .Bu keçid hündür dağ yüksəkliklərindən keçirdi. Onun dar olması qoşunların keçidini məhdudlaşdırmaqla yanaşı yüksəklikdə yerləşdirilmiş silahlı dəstə çoxsaylı qoşunun hərəkəti üçün təhlükə ola bilərdi. Döyüşün yaxşı təşkil ediləcəyi halda Xeybər keçidi Nadir şahın qoşunlarının hərəkətini dayandırmaq üçün çox əlverişli bir yer idi. Nadir şah qarşısında ilk məğlubiyyət acısını yaşamış olan Kabil-Pişavər hakimi Nasir xan da Xeybər keçidinin bu imkanlarından yararlanmaq qərarına gəldi. Nadir şahın kəşfiyyatının gətirdiyi məlumatdan aydın oldu ki, doğrudan da Nasir xan Xeybər keçidində və bu keçidə aparan yol boyunca çoxlu sayda qoşun yerləşdirmişdir. Nasir xan Nadir şahdan öz qisasını almaq üçün ətraf hakimlərə məktub göndərdi, onları qoşunları ilə birgə köməyə çağırdı. Nadir şahın yetişməsi ərəfəsində o, 20 minlik döyüşgən bir dəstə toplaya bildi və bu dəstəni Xeybər keçidi üzərində yerləşdirdi. Çoxları Nasir xana məsləhət bildi ki, müqavimət göstərmək fikrindən daşınsın. Xüsusən, heç Hindistan şahının da itaət altına gətirə bilmədiyi Katur tayfasının Nadir şah tərəfindən darmadağın edilməsi çoxlarında qorxu və vahimə yaratmışdı. Amma Nasir xan ona verilən məsləhətləri qəbul etmədi.[11][12]
Kəşfiyyatın verdiyi məlumatdan aydın oldu ki, Xeybər keçidindən adlamaq Nadir şah üçün elə də asan olmayacaqdır. Yol Xeybərə yaxınlaşdıqca həm daralır və həm də təhlükəliliyi artırdı.Belə olanda Nadir şah göstəriş verdi ki, ətraf yaşayış məntəqələrində yaşayan adamlardan bir neçəsini tutub onun yanına gətirsinlər. O, yerli adamların dindirilməsi vasitəsilə dağlardan keçən başqa yolların mövcudluğundan xəbər tutmaq istəyirdi.Nadir şahın əmri yerinə yetirildi və onun yanına gətirilən adamların dindirilməsi zamanı doğrudan da məlum oldu ki, Nasir xanın nəzarətindən kənarda olan belə bir yol mövcuddur. Sər Çubə adlanan həmin yol ilə irəliləmək Nadir şaha qismət olardısa, onda Nasir xan qüvvələrinin arxasına keçmək belə mümkün ola bilərdi. Həmin keçid şərq və cənub-şərqdə idi və oradan qoşun dəstəsinin keçməsi üçün ən adi bir şərait yox idi. Ona görə Nasir xan da həmin keçidə görə elə bir narahatlıq keçirmirdi. Buna baxmayaraq Nadir şah bu marşrutla hərəkət etməyi və Nasir xanı qəfil yaxalamağı qərara aldı.[13]
Hərəkətə başlamazdan əvvəl Nadir şah oğlu Nəsrulla Mirzəyə tapşırdı ki, hər gün Xeybər keçidinə doğru irəliləmək niyyətini nümayiş etdirsin, hətta Nasir xanın qoşun dəstələri ilə kiçik toqquşmalara girməkdən belə çəkinməsin. Bununla Nasir xan, Nadir şahın digər keçiddən istifadə etmək planından xəbər tutmasın və bütün diqqəti Xeybər istiqamətində cəmləşdirilsin. Nadir şahdan əlavə göstəriş alana kimi Nəsrulla Mirzə Nasir xanın diqqətini özünə cəlb etməklə məşğul olmalı idi. “Aləm Ara-ye Naderi”yə görə, Nadir şah 14 min nəfərlik süvari dəstəsi ilə bir gün-bir gecə ərzində Sər Çubə keçidini adlaya bildi.[14]
Nasir xan Xeybərdə dayanmaqla Nadir şah qoşunlarının bütünlükdə orada cəm olduğundan xatircəm idi. Ona görə də Nadir şah Sər Çubə keçidini adlayan gecəsi Nasir xan arxayınlıqla istirahət edirdi. Qarovullar xəbər verəndə ki, Nadir şah Xeybər keçidinin arxasından yaxınlaşmaqdadır, Nasir xan gözlərinə inana bilmədi. Dərhal dəstəsinə döyüşə hazır olmaq əmri verdi. Amma Hacıxan bəy Əfşarın dəstəsi o qədər yaxın idi ki, Nasir xan öz dəstəsi ilə müdafiə təşkil etməyə belə imkan tapmadı. Nadir şah qoşununu dörd dəstəyə böldü və özü də onların biri ilə döyüşə girdi. Nasir xanın qüvvələri gözlərini açmağa macal tapmayıb yalnız qaçmaq barəsində düşündülər.Nasir xanın ətrafında olan dəstənin qaçıb dağılması Xeybər keçidində mövqe tutmuş hind qüvvələrini çətin vəziyyətə saldı. Bu dəstə uzun müddət Nasir xanın dəstəsinin qaçıb dağılmasından xəbərsiz qaldı. Ona görə də onlar özlərini təhlükəsiz vəziyyətdə hiss edir və hər hansı müdafiə tədbirinə də əl atmırdılar. Amma onlar xəbər tutanda ki, Nadir şah qüvvələri Xeybər keçidinin arxasına keçib, onda keçidin şərqində olan yolu bağladılar. “Aləm Ara-ye Naderi”nın verdiyi məlumata görə, Nasir xanın məğlubiyyəti xəbərini eşidəndən sonra Xeybər keçidində yerləşdirilmiş 20 min nəfərlik hind qoşunu da qaçıb dağılmaq məcburiyyətində qaldı.Çünki göstərilən bütün cəhdlərə baxmayaraq Nadir şahın gözlənilməz manevri onların da vəziyyətini xeyli mürəkkəbləşdirmişdi. Belə olanda onlar da yalnız canlarını qurtarmaq barədə fikirləşdilər.[11]
Döyüşdən 3 gün sonra Nadir Pişəvər şəhərini müqavimətlə qarşılaşmadan ələ keçirdi. 12 dekabrda yürüşlərini davam etdirən Əfşar ordusu Hind çayını Attokk məntəqəsi yaxınlığında keçərək 8 yanvar 1739-cu ildə Vəzirabad yaxınlığındakı Çenaba gəldilər. Qarşıda Moğol ordusu ilə həlledici Karnal döyüşü olacaqdı.
Lahorun ələ keçirilməsi
redaktəSind çayından Pəncaba daxil olan Nadir buradan da Lahora irəlilədi. Lahor canişini Nadirə müqavimət göstərmək üçün istehkamları gücləndirdi. Lakin Nadir gözlənilməyən mövqedən hücum etdi və canişin təslim oldu. Canişindən 2 milyon rupi "hədiyyə" alan Nadir onun canını bağışladı və Lahorun hökmdarı təyin etdi. Ağır səfər yorğunluğundan və iki gərgin döyüşdən sonra Nadir şah bir müddət Lahorda qaldı və qoşunlara istirahət verdi. Lahorda qaldığı vaxt ərzində Nadir şah həm nəzarət altına aldığı ərazilərdə idarəetmə işlərinin tənzimlənməsi, həm qoşunların təchizatının təkmilləşdirilməsi, həm də hind qoşunları haqqında məlumatların toplanması ilə məşğul oldu.[15] Çünki Lahor ətrafındakı döyüşlərdən sonra Məhəmməd şah Nadir şahla müharibənin qaçılmaz olduğunu anladı. O, vilayət hakimlərinə məktub göndərib qoşun toplanmasını tələb etdi. 1739-cu il fevralın 6-da Nadir şah qoşunları Lahordan Şahcahanabad istiqamətində hərəkətə başladı.[16] Eyni zamanda irəli kəşfiyyatçılar göndərdi ki, moğol qoşunlarının hazırlığı barədə məlumat toplansın. "Aləm Ara-ye Naderi"yə görə, Nadir şah Lahordan hərəkətə başlayanda sərhəng Zadxanı kəşfiyyat işlərinə yolladı. Bu mənbədəki məlumata görə, Zadxan və başqa iki dərviş hind yoqları libasını geyinib tərkidünya dərvişlər sifətində Məhəmməd şahın düşərgəsinə getdilər. Moğol hərbçiləri qoşunlarında tanınmadıqları üçün onlar arxayınlıqla məlumatların toplanmasına başladılar. Zadxan çalışsa da qoşunların sayını müəyyənləşdirə bilmədi. Çünki Cahanabaddan Karnala kimi olan ərazilər moğol qoşunları tərəfindən tutulmuşdu. Zadxan bir neçə gün düşərgədə qaldıqdan sonra gecə ikən oradan çıxıb geri qayıtdı və Karnal ətrafında gördüklərini Nadir şaha çatdırdı.[17]
Karnal döyüşü və Dehlinin ələ keçirilməsi
redaktə- Moğol ordusunun komandanı
Səadət xan istirahət etməyə macal tapmamış ona Nadirin adamlarının hücum etməsi xəbəri verildi. Ordusunun hədsiz dərəcədə yorğun olmasına baxmayaraq, Səadət xan düşərgədən ayrıldı. Səhrada olarkən gözləmədiyi halda Səadət xan Əfşar ordusu ilə üz-üzə gəldi. Nadir şahın hiyləsi işə yaramışdı. Nadir planına əsasən əvvəlcədən bu ərazidə kəşfiyyat dəstələri yerləşdirərək oranı tam nəzarət altına almışdı. Beləcə, Səadət xan moğolların əsas ordusundan təcrid olundu. Səadət xan qərərgaha bu barədə məlumat verdi və kömək istədi. Vəzir Nizamülmülk və sərkərdə Dövran xan buna etiraz etdilər. Bundan qəzəblənən Məhəmməd şah Dövran xanın hərbçi xarakterini alçaldan ifadələr işlətdi və onu qorxaqlıqda ittiham etdi. Buna cavab olaraq Dövran xan öz döyüş filini hazır etdirərək qoşunla düşərgədən Səadət xana yardım etmək üçün ayrıldı. Onun dəstəsi 8–9 min nəfərdən ibarət idi.[18]
Nadirin ordusu irəliyə doğru hərəkətə başladı. Nadir ordunun önündə 1000 nəfərlik kürdlərdən, qacarlardan və bəxtiyarilərdən ibarət dəstələr yerləşdirmişdi. Onların əsas məqsədi Dövran xanı Kuncpura sıxışdırmaqdan ibarət idi. Digər qüvvələrin qarşısında isə manevrlər hesabına Səadət xanı Nadirin ordusunun mərkəzdəki qüvvələri ilə döyüşə cəlb etmək vəzifəsi qoyulmuşdu. Səadət xan Dövran xanın onun köməyinə gəlib çatması üçün yavaş-yavaş hərəkət etmək qərarına gəlmişdi. Bu isə Nadirin planına tam şəkildə uyğun gəlirdi. Aramla hərəkət edən moğol ordusu Nadirin güclü və cəld hücumlarına məruz qalırdı. Səadət xanın adamlarının əksəriyyəti yaralanaraq atlarından yıxıldı. Meydanda böyük əlbəyaxa döyüşü başladı. Əfşar ordusu Səadət xanın kiçik ordusunu mühasirəyə almağa başladı.
Dövran xan Kuncpura çatanda dəvələr üzərindəki zəmburəklər və artilleriya onları əhatəyə aldı. Odlu silahlardan açılan atəş moğolların fillərini qorxuya saldı və onlar hürkdülər. Məhəmməd şah öz düşrəgəsindən artilleriya atışlarını izləyirdi və onun Dövran xana köməyə getmək cəhdinin Nizamülmülk tərəfindən alınır. Dövran xanın oğulları döyüşdə öldürüldü, özü isə fildən yıxılaraq yaralandı. Səadət xan isə döyüşməyə davam edirdi. Lakin onun dəstəsi də darmadağın edildi. Xorasan adlı döyüşçü onun filini yerə yıxdı və özünü əsir aldı. Ağır yaralı olan Dövran xan düşərgəyə gətirildi və az sonra dünyasını dəyişdi. Səadət xanın əsir alınması, Dövran xanın öldürülməsi moğollar arasında ruh düşgünlüyünə səbəb oldu.[19]
Səadət xanın ələ keçirilməsi böyük uğur olsa da, Nadir şahı qarşıda hələ ciddi toqquşmalar gözləyirdi. Hər iki ordu silah təchizatı baxımından yaxşı vəziyyətdə idilər, lakin moğol ordusunda ciddi nizam-intizamsızlıq hiss olunurdu. Xüsusilə, ordunun vahid mərkəzdən idarə olunmasında ciddi problemlər yaşayırdılar. Moğol əsgərləri silah almaqla yanaşı, atlarını da samanla təmin etməli idilər. Bu da əlavə problemlər yaradırdı. Nadirin ordusunun təminatı isə mükəmməl səviyyədə idi.
Nadir şah Səadət xanın Əfşar ordusunun mərkəzinə olan hücumunu gördükdən sonra zəmburəklərin irəli çıxarılaraq maksimum səviyyədə atəş etmələrini əmr etdi. Əfşar boyundan olan min nəfərlik say-seçmə döyüşçüyə şəxsən rəhbərlik edən Nadir Kancpura kəndi yaxınlığında tüfənglə silahlanmış 3 süvari dəstəsi yerləşdirdi. Hər biri min nəfərdən ibarət olan bu bölmələr Nadirin zəmburəkləri tərəfindən dəstəklənirdi. Nadir öz elit zəmburəkçi dəstələrindən ikisini təpəyə göndərdi. Onların tapşırığı Əfşar ordusunun mərkəzinə hücum edən moğollara mane olmaq idi. Nadir sonra başqa bir dəstəni Dövran xan üzərinə fərqli yolla göndərdi və onlardan Kancpura ətrafında pusquda gözləyən ordunun sol cinahı üçün yem kimi istifadə etdi.[20]
Səadət xan bu zaman öz hücumunu müvəqqəti olaraq dayandırdı və Dövran xanın əlavə qüvvələrinin gəlib çatmasını gözlədi. Lakin Nadirin mükəmməl taktikası sayəsində Dövran xan Səadət xandan uzaqlaşmışdı. Bir müddət gözlədikdən sonra isə o, kömək qüvvələri gözləmədən hücumunu davam etdirməyə başladı. Nizamülmülk Əlimərdan çayının arxasında olan döyüşçülərini ordunun əsas elementlərinə dəstək olmaq üçün yenidən təşkil etməyə başladı.[21]
Əfşar ordusunun mərkəz bölməsi moğolların hücumunu gözləyirdi. Moğollar atəş xəttinə daxil olan kimi cəzayirçi xətləri tərəfindən ağır tüfəng atəşinə tutuldular. Səadət xanın döyüşçüləri hətta Əfşar ordusunun mərkəz xəttinə yaxınlaşmağı da bacarmışdılar. Nəticədə mərkəzə böyük təzyiq edən əlbəyaxa döyüş başladı.
Əfşar ordusunun cənub cinahı Kancpura kəndi ətraflarında mövqe tutmuşdu. Dövran xan Nadirin planladığı kimi hərəkət edərək qəflətən onun üçün hazırlanan pusquya doğru hərəkət etməyə başladı. Bu zaman Kancpura ətraflarından Əfşar ordusunun peydə olması moğollar arasında böyük təşvişin yaranmasına səbəb oldu. Bunun ardınca Nadirin əmri ilə moğol ordusu odlu silahlardan atəşə tutuldu.[22][23]
Nadir döyüşü ön xətdə olan cəzayirçilərin yanında dayanaraq izləyirdi. Cəzayirlərin ağır güllələri rahatlıqla döyüş fillərinin yüngül zirehlərini deşirdi. Bu əsnada döyüş filləri üzərində döyüşən bir çox moğol əsilzadəsi öldürüldü və ya əsir götürüldü. Dövran xan özü də vuruldu və vurulma zamanı öz döyüş filindən yerə yıxıldı. Ağır yaralanan Dövran xan xidmətçilərini dərhal ona kömək etməyə çağırdı.
Əfşar ordusunun sağ cinahının komandanı Təhmasib xan Cəlair hələ döyüşə qatılmamışdı. Digər mövqelərdə döyüşlər getdikcə Təhmasib xan öz qoşunlarını şimala — sol cinahdakı Səadət xanın bölmələrinə doğru yönəltdi. Mərkəzdə Səadət xanın qüvvələri ilə amansız döyüşlər iki saat davam etdi. Əfşar ordusunun döyüşçüləri Səadət xanın döyüş filinə dırmanaraq onu təslim olmağa məcbur etdilər. Moğol ordusunun elit bölmələrinin döyüşçülərinin xeylisi öldürüldü, qalanları isə Əlimərdan çayına doğru qaçmağa başladılar. Onlar çayın kənarında Nadirin pusquya yerləşdirdiyi əsgərlər tərəfindən təqib edildilər və böyük itki verdilər. Moğolları əlverili mövqeyə çəkmək istəyən Nadir şərqdəki döyüş xətlərini yenidən bərpa etdi. Nizamülmülk tərəfindən komandanlıq edilən və çayın ətrafında mövqe tutan moğol döyüşçüləri Nadirin ordusu ilə toqquşmada çoz az müqavimət göstərə bildilər və qaçmağa başladılar.[24]
Bu toqquşmalarda qalib gələn və moğol ordusunun böyükbir hissəsini pusquya salib məhv edən Nadirin sonrakı həmləsi moğolların əsas düşərgəsi olan və Məhəmməd şahın da içində olduğu bölgəni mühasirəyə almaq oldu. Bu düşərgənin təminat yolları qapadıldı. Səadət xanın əsir götürülməsi, Dövran xanın ölməsi və digər yüksək rütbəli moğol sərkərdələrinin nməhv edilməsi ilə bağlı gəzən şayiələr moğol ordusunun döyüş əhval-ruhiyyəsinin aşağı düşməsinə səbəb oldu. Qələbəyə olan ümidin itməsindən sonra bəzi moğol əsgərləri qiyam qaldırdılar və düşərgəni yağmalamağa başladılar.[25][26]
Moğolların təslim olması
redaktə24 fevralda Nadir Səadət xanı yanına çağıraraq ondan Məhəmməd şahla danışıqlar aparmağın ən asan yolunu soruşdu. Səadət xan isə ona Nizamülmülklə əlaqə saxlamağı tövsiyə etdi. Nizamülmülk danışıqlar üçün Nadirin düşərgəsinə gəlməyi qəbul etdi və sülh nümunəsi kimi Quranın bir nüsxəsini göndərdi. Nadir Nizamülmülklə söhbət etməyə başladı və özünün Hindistana yürüş etməyə vadar edildiyini bildirdi. Ona görə Hindistan hakimiyyətinin onun tələblərini yerinə yetirməməsi onu bu yürüşə vadar etmişdi. Nizamülmülk isə cavabında əfqan qaçaqları tuta biləcək güclərinin olmamasını bildirdi. Nadir moğolların ona çox şey borclu olduğunu bildirdi və Teymurun vaxtilə göndərdiyi tacı tələb etdi. Sonra isə bildirdi ki, vaxtilə moğollar onun ölkəsindən kömək almış və qarşılığında heç bir ödəniş etməmişdirlər. Həmçinin Nadir xatırlatdı ki, moğollarla onun ölkəsi arasında qarşılqılı yardım haqqında müqavilə olmuş, lakin onun apardığı müharibələrdə moğollar ona heç bir yardım göstərməmişdirlər. Nadir Nizamülmülkə dedi ki, moğol imperatorunu öz düşərgəsinə gətirmək üçün iki adam göndərəcəkdir.[27]
26 fevral günü Məhəmməd şah nəzərdə tutulduğu kimi düşərgəyə gəldi. Nadir onu öz çadırının önündə qarşıladı. Onlar qiymətli xalçanın üstündə əyləşdilər. Yemək süfrəsi açıldı. Nadir yeməklərin zəhərli olmamasından qonaqlarını əmin etmək üçün birinci özü yedi. Yemək bitdikdən sonra moğolların Nadirə ödəyəcəyi təzminatın miqdarı barədə razılığa gəldilər. Səadət xan Nadiri əmin etmək istəyirdi ki, əgər o, moğol düşərgəsinə getsə və ona Nizamülmülkün aradan götürülməsində kömək etsə, bu zaman razılaşdırılandan daha çox xəracın alınması mümkün olacaqdır. Zaman keçdikcə moğol əsgərləri arasında aclıq başladı.[28]
Martın əvvəllərində Nadir Nizamülmülklə yenidən görüşdü və əvvəlki danışıqların nəticələrini tək tərəfli olaraq ləğv etdiyini bildirdi. Nizamülmülk buna etiraz etsə də, Məhəmməd şaha məktub yazmağa məcbur edildi. Məktubda vəzir öz şahından Nadirin düşərgəsinə gəlməyi xahiş edirdi. Məhəmməd şah bunu qəbul etdi və Nadirin düşərgəsinə yollandı. Yanına gələn Məhəmməd şahı Nadir bir müddət çadırın önündə gözlətdi və bununla ona əsiri olduğunu uyğun dillə başa saldı. Məhəmməd şah Nadirə tabe oldu və bundan sonra onun düşərgəsində onun nəzarət altında qaldı.
Nadir mərhəmət nümunəsi olaraq moğol əsgərlərinə silahları və ərzaqları ilə birlikdə düşərgələrini tərk etmək icazəsi verdiyini elan etdi. Lakin ordu üzvlərini əksəriyyəti yollarda kəndlilər və quldurlar tərəfindən öldürüldü. Moğol ordusu dağıldı. Öz əsgərlərinə isə 3 aylıq maaş miqdarında əlavə ödəniş etdi. Özünün ən etibarlı generallarından olan Təhmasib xan Cəlairi isə Səadət xanla birlikdə Dehliyə daxil olmaq üçün göndərdi.[29]
Dehlinin fəthi
redaktə12 martda Nadir Məhəmməd şahla birgə Dehliyə istiqamət götürdüş Onlar martın 18-də Şalimar bağları adlanan əraziyə çatdılar. Təhmasib xan Cəlair və Səadət xan Dehlinin darvazalarını Nadirin üzünə açmaq üçün öndə gedirdilər. 19 martda Məhəmməd şah şəhəri Nadirin təntənəli girişi üçün hazırlamağa göndərildi.[30] Səadət xan Şalimar bağları ərazisində dayandı ki, Nadir şəhərə daxil olarkən müşayiət etsin. Nadir isə 20 mart 1739-cu il tarixində vassalı Məhəmməd şahla birgə Dehliyə daxil oldu.[31][32]
Şəhər daxil olarkən Nadir şahı 20.000 savaran-e səltənəti (imperator qvardiyası) üzvü hərbçi və 100 döyüş fili müşayiət edirdi. Döyüş filləri cəzayirçilərlə silahlandırılmışdı. Şəhərə yaxınlaşərkən şəhərin müdafiə silahlarından salamlama atəşi edildi. Nadiri və köməkçilərini qarşılamaq üçün Dehlinin şah sarayında gözəl mərasim təşkil edilmişdi. Səadət xan Nadir tərəfindən əhalidən vergiləri toplamaqla vəzifələndirildi. Bu vergiləri artıqlamasıyla toplamaqla Nadirin gözünə girməyə çalışan Səadət xan əhaliyə qarşı zorakılıqdan istifadə edirdi. SƏadət xan Nadirlə görüş təyin etmək istəyəndə Nadir tərəfindən vergilərin toplanmasını gecikdirməkdə ittiham edildi və ağır formada tənqid edildi. Karnalda alçaldıcı məğlubiyyəə uğramaq, məğlubiyyətdən sonra öz imperatoruna sədaqətsizlik göstərmək, öz xalqının var-dövlətini yadelli uçün toplamaq Səadət xana çox ağır gəldi və şəhərə gəldikdən bir neçə gün sonra vəfat etdi. Nadir şah Hindistanı yeni vassalı vasitəsiylə idarə etmək niyyətində idi və bunu açıq formada Məhəmməd şaha bildirdi. Güclü hərbi nizam-intizam yaradıldı və mülki şəxsləri incitməyin həmin şəxsin şikəst edilməsiylə cəzalandırılacağı bildirildi. Nadir moğol aristokratiyasının çox yumşaq və zəif olduğunu düşünürdü. Bir dəfə moğol naziri ilə söhbətdə Nadir ondan hərəmində nə qədər qadın olduğunu soruşmuşdu, nazir isə cavabında 850 demişdi. Nadir isə zarafatla 150 qadın da əlavə edərək minbaşı ola biləcəyini bildirmişdi. 21 martda Nadir Dehlidə imperiya təqviminin yeni ili olan Novruz bayramını qeyd etdi və öz əsgərlərinə, generallarına hədiyyələr verdi.[33]
Dehlidə şəhərində şayiələr yayılmağa başlamışdı. Yaxında yeni əlavə vergilərin toplanacağı, Məhəmməd şahın Nadiri həbs etdiyi və ya öldürdüyü barədə şəhər əhalisi arasında şaiyələr yayılmışdı. Həmçinin danışırdı ki, Nadir sui-qəsd nəticəsində qətlə yetirilmişdir. Sui-qəsd şayiəsi yayılan zaman Dehlidə taxın anbarının qarşısında Dehli əhalisinin nümayəndələri taxılın qiyməti ilə bağlı Əfşar ordusunun nümayəndələri ilə danışıqlar aparırdılar. Şəhər əhalisinin nümayəndələri hücum edərək 5 döyüşçünü öldürdülər. Bu hadisə şəhər əhalisinin Nadirin əsgərlərinə qarşı ayağa qalxmasını təşviq etdi.[34] Şəhərlilər şəhər boyunca Nadirin əsgərlərini hədəfə almağa başladı. Bu xəbər Nadirə çatdırıldığı zaman o, buna inanmadı və bunu şəhəri qarət etmək üçün bəhanə axtaran əsgərlərin işi olaraq qiymətləndirdi. Lakin bu tipli xəbərlərin ard-arda gəlməsindən sonra Nadir özünün yaxın çevrəsindəki adamları bunu araşdırmaq üçün göndərdi. Bu şəxslərdən ikisi qəzəbli kütlə tərəfindən öldürüldü. Nadir cavab olaraq 1000 nəfərlik cəza qüvvəsi göndərdi və bu qüvvəyə yalnız şiddət göstərən əhalini cəzalandırmağı tapşırdı.[35]
Dehli üsyanı
redaktəDehlidəki üsyan nadirin üsyanı yatırmaq üçün göndərdiyi dəstələrin oxlardan və digər silahlardan hücuma məruz qalması ilə daha da şiddətləndi. Gecə boyunca müxtəlif izolyasiya edilmiş bölgələrə Nadirin ordusunun dpyüşçüləri yerləşdirildi. 22mart səhəri Nadir gecələdiyi yerdən çıxdı və qüvvələr yerləşdirdiyi Rövşən üd-Dövlə məscidinə doğru yola çıxdı. Yolda olarkən binaların üstündən Nadirə doğru tüfəngdən atəş açıldı. Lakin güllə az fərqlə Nadirin yanından keçdi və generallarından birini öldürdü. Nadir Rövşən üd-Dövlə məscidinin damına çıxaraq Əfşar ordusunun əsgərlərinin öldüyü bütün məhəllərə girməyi və həmin məhəllələrdə yaşayan bir nəfəri belə sağ buraxmamağı əmr etdi. Bunu əmr edərkən isə qətliama işarə olaraq qılıncını çıxardı.
3 minlik dəstə şəhərə yönləndirildi və üsyanın yatırılmasına başlanıldı. Nadir şah "əlində qılıncı, ciddi sifət alaraq dərin düşüncələrə dalmışdı. Heç kim dərin sakitliyi pozmağa cəsarət etmirdi."[36] Bütün şəhərin üstünü tüstü bürümüşdü və öldürülənlərin səsləri hər tərəfdən eşidilirdi. Aşağı səviyyədə olsa da, şəhərdə müqavimət var idi. Əksəriyyətin isə heç döyüşməyə belə şansı olmadı. Bir çox kişi həbs edildi və Yamuna çayına aparıldı. Çayın yanına aparılanlar öldürüldü və çaya atıldı. Əsgərlər Nadirin ordusundan döyüşçülərin öldürüldüyü məhəllələrə daxil olur, hər kəsi öldürür, tamdıqları zənginlikləri yağmalayır və yerdə qalanları yandırırdı. Bəzi Dehli sakinləri Nadirin ordusunun əlinə keçməmək üçün özlərini öldürü və evlərini yandırırdılar.
Moğol zadəgan ailələrindən olan Seyid Niyaz xan və Şahnavaz xan üsyanı dəstəkləyən şəxslərdən idilər. Niyaz xan öz dəstəkçilərindən ibarət kiçik bir dəstə göndərərək bir qrup döyüşmünü öldürtdü. O, daha sonra Şahnavaz xanla birləşərək Nadirin Hindistan döyüş fillərini topladığı tövləyə hücum etdi. Tövlə ələ keçirildi və bu iki şəxs döyüş fillərindən istifadə edərək şəhərdən qaça bildilər. Qaçan şəxslər şəhərdən kənardakı qalaya sığındılar. Qala Nadirin ordusu tərəfindən dağıdıldı və qaladakılar əsir alındı. Əsirlər məscidin yanında gözləyən Nadirin hüzuruna çıxarıldı və onun əmri ilə bütün əsirlərin başı kəsildi. Nadir yalnız əsir qadınları buraxdı.[37]
Təxminən bir gün davam edən üsyanın yatırılması prosesi Nadirin öz nümayəndələrini göndərməsi və qətliamlarıdayandırmağı əmr etməsi ilə sona çatdırıldı. Əfşar ordusunun əmr gələn kimi qətliamları dayandırması bir çox müasir tarixçini belə heyrətə salmışdır. Bu Nadirin ordusunun nə dərəcədə nizam-intizamlı olmasının sübutudur.[38] Üsyanın yatırılması qısa müddət davam etsə də, öldürülənlərin sayı xeyli çox idi. Hadisələrin sonunda Dehli şəhərində təxminən 30.000 nəfər öldürüldü. Nadirin əmri ilə vergi toplanmasına başlanıldı və ətraf ərazilərə də vergi toplamaq üçün nümayəndələr göndərildi. Məhəmməd şahın nazirləri belə təhlükəsizlikdə deyildi. Hadisələr əsnasında nazirlərdən biri işğəncə görmüş və var-dövləti müsadirə edilmişdi.[39]
Nadir vergi toplanması işini zəmanət altına almaq üçün şəhərin hər bölgəsinə 1000 nəfərlik süvarilər göndərdi. Lakin o, ən böyük sərvəti moğol sülaləsinin paytaxtındakı xəzinələrdən topladı. Tovuzquşu taxtı Əfşar ordusu tərəfindən müsadirə edildi və sonradan imperial gücün simvoluna çevrildi. Bu qızıl taxtla yanaşı Nadir moğol xəzinəsindən Kuh-i-Nur (azərb. Nur dağı) və Dərya-i-Nur (azərb. Nur dənizi) almazlarını da ələ keçirdi.[40][41][42][43]
Nadirin Hindistandan əldə etdiyi sərvətin dəqiq miqdarını müəyyən etmək xeyli çətindir. Təxmin olunur ki, Nadir 700 milyon rupi dəyərində qızıl, gümüş, qiymətli daş-qaşlardan ibarət qənimət toplamışdı. Müqayisə üçün deyək ki, Yeddi İllik Müharibə (1756–1763) Fransa hökumətinə 1,8 milyard türk lirəsinə başa gəlib. Bura bütün hərbi xərclər — quruda və dənizdə baş verən hərbi əməliyyatlar, eləcə də Avstriya hökumətinin ödədiyi təzminatlar daxildir. Həmin məğləğ o dövrün pulu ilə təxminən 90 milyon funt sterlinqə bərabər idi. İndiki pulla isə 8.2 milyard funt sterlinq deməkdir.[44] Nadir o zaman Dehlidən təqribən 87,5 milyon funt sterlinq dəyərində qənimət toplamışdı. Qeyd etmək lazımdır ki, həmin dövrdə İngiltərədə adi işçinin illik məvacibi 20 funt sterlinq idi. Karnal qələbəəsi və Dehlinin fəthi Nadiri beynəlxalq miqyaslı gücə çevirdi.
Bütün bunlarla yanaşı Böyük Moğol imperatoru bir sıra müqavilələr imzalamağa da məcbur edildi. Nəticədə onun dövləti daha da zəiflədi. O, qərbdəki bütün torpaqları üzərindəki hüquqlarından Nadirin lehinə imtina etdi. Nadir həmçinin, iki sülalə arasında qohumluğun yaranması üçün də çalışırdı. O, oğlanları və generalları üçün bir sıra evliliklər təşkil etmişdi. Arzuladığının hamısını əldə etdikdən sonra Nadir geri qayıtmaq üçün hazırlaşmağa başladı.
Nəticə
redaktəDehlinin yağmalanmasından sonra Nadirin oğlu Mürtəza Mirzə moğol şahzadəsi ilə evlənmişdi. Nadir yürüşünü tamamlayıb imperiyasının mərkəzinə geri dönməyə hazırlaşarkən onun ordusunun bəzi hissələri Siqhlərin hücumuna məruz qaldı. Hücum edən Siqhlər orduya ziyan vurmaqla birlikdə, qənimətlərin bir hissəsini ələ keçirdilər, qulları azad etdilər. Mayın dəhşətli istiləri hakim olduğuna və ordu qənimətlə yükləndiyinə görə Əfşar ordusu onları təqib edə bilmədi.[45][46][47][48] Lakin bütün bunlara baxmayaraq, Hindistandan götərilən qənimətlər o qədər çox idi ki, Nadir Əfşar imperiyasından 3 illik vergi toplanmasını dayandırdı.[49][50] Şərqdə Moğol imperiyası üzərində qazanılmış parlaq qələbədən sonra artıq qərbdəki əsas rəqib Osmanlı imperiyası ilə döyüşə yollanmaq olardı. Osmanlı sultanı I Mahmud Əfşar imperiyası ilə yeni müharibə başlatdı və bu müharibə zamanı moğol imperatoru Məhəmməd şah da onunla əməkdaşlıq etdi. Onun əməkdaşlığı 1748-ci ildəki ölümünə qədər davam etdi.[51] Tarixçi Eksvorti bildirir ki, Nadirin Hindistan yürüşü və qələbəsi ingilislərin Şərqi Hindistan Şirkətinə oradakı real vəziyyəti, imperiyanın çox zəifliyini göstərdi və onları bu güc boşluğunu doldurmağa tələsdirdi. Bundan başqa, Eksvorti əlavə edir ki, Nadirin Hindistan yürüşü olmasaydı, ingilislərin oradakı hakimiyyəti bu qədər tez başlamaz və ya bu qədər güclü ola bilməzdi, hətta bu qədər qlobal effektə malik olmazdı.[48]
Qeydlər
redaktə- ↑ "Karnaldakı məğlubiyyətə və Nadirin Dehliyə zəfər yürüşüə ilə daxil olmasına baxmayaraq, əvvəllərdə şəhər sakinləri fatehlərdən qorxmurdular."Sitat səhvi:
</ref>
teqi üçün bağlanma<ref>
yoxdur
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ Mikaberidze, Alexander, redaktorConflict and Conquest in the Islamic World: A Historical Encyclopedia. ABC-CLIO. 2011. 271–272.
- ↑ R. Ernest Dupuy və Trevor N. Dupuy. The Harper Encyclopedia of Military History. Harpe Collins Publishers. 1993. səh. 711. ISBN 978-0062700568.
- ↑ Zeidan, 2022
- ↑ 1 2 Axworthy, 2006
- ↑ Lang, 1957. səh. 142
- ↑ Ank Haksar. "When the dead speak". www.hindustantimes.com. 8 mart 2012. 11 may 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 dekabr 2022.
- ↑ Chandra, 1959
- ↑ Lang, 142. səh. 1957
- ↑ 1 2 3 4 5 Sarkar, 1925
- ↑ Chandra, 1957
- ↑ 1 2 Mehman Süleymanov, 2010
- ↑ Lockhart, 1938. səh. 88
- ↑ Ghafouri, 2008. səh. 383
- ↑ Bellamy, 1990. səh. 214
- ↑ Mehman Süleymanov, 2010. səh. 351
- ↑ Samuel Burder. Oriental Literatur Applied To The Illustration Of The Sacred. I. London: Oriental Literature. 1822. səh. 471.
- ↑ Mehman Süleymanov, 2010. səh. 352
- ↑ Məhəmməd Hüseyn Qüdsi. Nadir şah. Bakı: Gənclik. 1999. səh. 187. ISBN 5802011785.
- ↑ Moghtader, 2008. səh. 206
- ↑ Lockhart, 2004. səh. 259
- ↑ Moghtader, 2008. səh. 207
- ↑ Moghtader, 2008. səh. 209
- ↑ Kaushik Roy. War, Culture and Society in Early Modern South Asia, 1740-1849. Routledge. 2011. səh. 33.
- ↑ Lockhart, 2004. səh. 260
- ↑ Moghtader, 2008. səh. 210
- ↑ Students' Britannica India: I to M (Iblis to Mira Bai). səh. 185.
- ↑ Lockhart, 2004. səh. 261
- ↑ William Irvine. Later Mugals. Yeni Dehli: Atlantic Publishers. 1991. səh. 357.
- ↑ Lockhart, 2004. səh. 262
- ↑ James Fraser. The History of Nadir Shah, Formerly Called Thamas Kuli Khan. səh. 129.
- ↑ An Advanced History of Modern India. Sailendra Nath Sen. India: Macmillan India. 2010. səh. 326. ISBN 9780230328853.
- ↑ Edward G. Browne. "AN OUTLINE OF THE HISTORY OF PERSIA DURING THE LAST TWO CENTURIES (A.D. 1722–1922). London: Packard Humanities Institute. 2010. səh. 33.
- ↑ Jaswant Lal Mehta. Advanced Study in the History of Modern India 1707-1813. New Dawn Press. 2005. səh. 231. ISBN 1 932705 54 6.
- ↑ Vedpal S. Malik və Don E. Mathre. Bunts and Smuts of Wheat: An International Symposium : Raleigh, North Carolina. North American Plant Protection Organization. 1997. səh. 327.
- ↑ Lockhart, 2004. səh. 265
- ↑ John Malcolm. The History of Persia, from the Most Early Period to the Present Time. II. London: John Murray. səh. 85.
- ↑ Lockhart, 2004. səh. 267
- ↑ Axworthy, 2009. səh. 260
- ↑ John Clark Marshman. . Serampore Press. 1863. səh. 199.
- ↑ Deccan Heritage, H. K. Gupta, A. Parasher and D. Balasubramanian, Indian National Science Academy, 2000, p. 144, Orient Blackswan, ISBN 81-7371-285-9
- ↑ Asher, Catherine B.; Talbot, Cynthia. India Before Europe (ingilis). Cambridge University Press. 2006. səh. 40. ISBN 978-0-52180-904-7. 27 December 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 February 2019.
- ↑ Leela Kohli. "Fascinating history of world's best diamonds". The Northern Star. Lismore, New South Wales: National Library of Australia. 30 May 1953. səh. 6. 24 July 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 August 2013.
- ↑ William Dalrymple və Anita Anand. Koh-i-Noor. Bloomsbury Publishing. 2017. səh. 52. ISBN 1408888858.
- ↑ Michael Axworthy. Iran: Empire of the Mind. Penguin Books. 2007. səh. 159.
- ↑ Hari Ram Gupta. History of the Sikhs: Evolution of Sikh confederacies, 1708-69. Munshiram Manoharlal. 1999. 54. ISBN 9788121502481. 2023-08-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-12-23.
- ↑ Vidya Dhar Mahajan. Modern Indian History. S. Chand Limited. 2020. 57. ISBN 9789352836192.
- ↑ Paul Joseph. The SAGE Encyclopedia of War: Social Science Perspectives. SAGE Publications. 2016. ISBN 9781483359908. 2023-08-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-12-23.
- ↑ 1 2 Axworthy, 2009
- ↑ "Nadir Shah". Britannica.com. 2021-02-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-12-23.
- ↑ This section: Axworthy pp.1–16, 175–210
- ↑ Naimur Rahman Farooqi. Mughal-Ottoman relations: a study of political & diplomatic relations between Mughal India and the Ottoman Empire, 1556–1748. Idarah-i Adabiyat-i Delli. 1989. 4 August 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 April 2012.
Mənbə
redaktə- Michael Axworthy. The Sword of Persia: Nader Shah, from Tribal Warrior to Conquering Tyrant. I.B.Tauris. 2006.
- Adam Zeidan. Nādir Shāh. www.britannica.com. 2022.
- Jadunath Sarkar. Nadir Shah in India. New Delhi: Central Archaeological Library. 1925.
- David Marshall Lang. Russia and the Armenians of Transcaucasia, 1797–1889: a documentary record. Columbia University Press. 1957.
- Satish Chandra. Parties And Politics At The Mughal Court. 1959.
- Christopher Bellamy. The Evolution of Modern Land Warfare: Theory and Practice. 1990.
- Mehman Süleymanov. Nadir şah. Tehran. 2010.
- Laurence Lockhart. Nadir Shah: A Critical Study Based Mainly Upon Contemporary Sources. London: Luzac & Co. 1938.
- Ali Ghafouri. History of Iran's wars: from the Medes to now. Etela'at Publishing. 2008.