Nardaran Sabuncu - Wikipedia
Nardaran — Bakının Sabunçu rayonu ərazisində qəsəbə. Bakıətrafı tarixi 32 kənddən biri. Bakıdan 25 kilometr şimalda yerləşir.
Nardaran | |
---|---|
40°33′22″ şm. e. 50°00′20″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Əsası qoyulub | 1884 |
Mərkəzin hündürlüyü | 28 m |
Saat qurşağı | |
Vikianbarda əlaqəli mediafayllar |
Kəndin dəniz kənarındakı qayalıq ərazisində qədim mayakın alt hissəsində Ocaqqulu adlı mağara yerləşir. Kənddə təxminən 10 min nəfər yaşayır. Bir çox qədim adət ənənələr burada qorunub saxlanılır.
Tarixi
redaktəKəndin adının mənası barədə müxtəlif versiyalar söylənilir. Amma ən çox ehtimal olunan mənalar bunlardan ibarətdir:
- Tədqiqatçılara görə bu yaşayış məntəqəsinin adı fars dilindəki nər (ikihürgüclü erkək dəvə) və daran (yer məkan) komponentlərindən düzəldilib, "dəvə saxlanan, yetişdirilən yer" mənasındadır. Etnoqrafik materiallar da yaşayış məntəqəsində əhalinin keçmişdə dəvəçiliklə məşğul olduğunu sübut edir. Xalq etimologiyasına əsaslanan tədqiqatçılar isə oykonimi "nar bitkisinin çox olduğu yer" və ya atəşpərəstlik əlaqədar ""od olan yer" kimi izah edirlər.[1]
- Nardaran – Nar və daran (Farscada: داران -olan) kəlmələrindən ibarətdir. Fars dilində narı olan anlamındadır.
- Nardaran – yəni mərd insanların məskunlaşdığı məkan;
- Nardaran – yəni nur olan yer. Çünki bu müqəddəs torpaqda 7-ci İmam Museyi Kazimin qızı Rəhimə xanım (az yaşlı övladı) və Xanımın həyat yoldaşı Mir Əbdullah ağa dəfn olunub. Hazırda onların qəbirlərinin üzərində ziyarətgah tikilib. Bununla yanaşı qədim tikili də qorunub saxlanılır.
- Nardaran yəni – Qəlblər nuru. Çünki bu kəndin adı bəzi mənbələrdə Nurdelan (qəlblər nuru) kimi qeyd olunub.
Nardaran qəsəbəsinin əhalisi islamın şiə məzhəbinə sadiq olmaları ilə fərqlənirlər. Kəndin mərkəzi meydanı İmam Hüseyn meydanı adlanır. 1991-ci ildə kənddə Azərbaycan İslam Partiyasının əsası qoyulub. Partiyanın fəaliyyətinə qadağa qoyulsa da, kənddə bu partiya fəaliyyət göstərir və əhali arasında güclü dəstəyə malikdir. Kənddə 2000, 2002 və 2006, 2015-ci illərdə kütləvi iğtişaşlar baş vermişdir.
Mədəniyyəti
redaktəKənddə II Şah Abbasın dövründə inşa edilən qədim Həci Bəxşi məscidi (Bu məscidə bitişik halda Azərbaycanda yeganə olan üstü açıq məscid yerləşir), onunla üzbəüz yerləşən Şah Abbas karvansarası, Qədim Qala, Məscid-mədrəsə kompleksi (bu kiçik qədim məscid "Qərib cinlər diyarında" filmində ev kimi göstərilib), həmçinin Cümə məscidi, Hacı Qulaməli məscidi, Dırbay məscidi, Ağa məscidi, bir neçə su ovdanları (bu su ovdanlarında biri "Sehirli xalat" filmində xanın piləkanları çıxaraq qaçdığı səhnədə göstərilir), bundan əlavə qədim hamamlar və qədim qəbiristanlıqlar, qədim qəbirüstü yazılı daşlar da mövcuddur. Kənddə Şirvanşahların dövründə tikilmiş gözəl memarlıq üslubunda olan Xan Bağı mövcuddur. Bu Xan sarayından dənizə, kənd qalasına, Ziyarətgaha və sonu bilinməyən istiqamətə gedən yeraltı yollar var. Bu kənddə Qalagah, Qədəmgah, Paçan, Küladüz, Əlməgə, Ümüd qayası və s. adda qədim yer adları var.
Coğrafiyası və iqlimi
redaktəNardaran kəndi Bakının dəniz kənarı kəndlərindən biridir. Şirə torpaqla zəngin olan bu məkanda bir çox meyvə və tərəvəzlər yetişir. Bağlarda ağ tut, xar tut, əncir, üzüm (xüsusən ağ şanı), iydə və s. meyvə ağacları bitir. Bir zamanlar bir fransız mesenatı ölüm ayağında olan və son günlərini Xəzər dənizi sahilində keçirmək istəyən qızı üçün burada uca bir ev tikdirir. Nardaranın dəniz havası qıza tam şəfa verir. Onun üçün inşa edilən uca tikili isə sonralar mayak kimi istifadə olunur. Bağların dəniz kənarı hissəsində Ümüd qaya adlı ərazisində qədim Qobustandakı daşlarda olduğu kimi qayalar üzərində müxtəlif işarələr və yazılar mövcuddur. Sara Aşurbəyli yazır ki, bu sahə Abşeronda ən qədim tapıntıdır. Kənd iki tərəfdən qayalıqlarla əhatələnib. Gün çıxan tərəf Bilgəh kəndi, gün batan tərəf isə Kürdəxanı və Pirşağı kəndləri ilə qonşudur.
Nardaranın tarixi abidələri
redaktə- Rəhimə xanım ziyarətgahı
- Xan bağı köşkü
- Nardaran qalası
- Hacı Baxşı məscidi
- Nardaran mayakı
- Xan hamamı
- 3 Ovdan abidəsi
- Hacı Abbas hamamı
- Hacı Qulaməli məscidi
- Cümə məscidi
- Ağa məscidi
- Şah Abbas Karvansarası
- Şah Süleyman məscidi
- Dırbay məscidi
Bakının Nardaran kəndinin tarixinin eramızdan əvvəl tunc dövrünə aid edən dəlillər onun "Qalagah" adlanan ərazisində mağaralar içərisində ilk insan məskənlərinin aşkar olunması ilə sübut olunmuşdur. Nardaran və Bilgəh kəndləri arasındakı qayalıqlar üzərindəki astroloji işarələrin tapılması burada əhalinin İslam dininə qədərki dövrdə Zərdüşt dini təriqəsində olması ideyasını irəli sürməyə imkan verir. E.ə. 3-cü minilliyə aid olan bu "Ümüdqaya" abidəsi Abşeron yarımadasının ən əhəmiyyətli arxeoloji tapıntısı hesab olunur. Hazırda Nardaran ərazisindəki tarixi memarlıq irsinin yalnız orta əsrlərə mənsub olması, kəndin dəfələrlə qum laylarının altında qalmasından irəli gəlir. Bunu ərazidə aparılan qazıntılar nəticəsində tapılmış yaşayış binaları, keramika, dulusçuluq, metal əşyalar, heyvan və insan sümükləri sübut edir.
Əhalisi
redaktə1893-cü il statistik məlumatlarına görə Nardaran kəndində yaşayan əhalinin 1016 nəfəri kişi, 814 nəfəri qadın olmaqla ümumilikdə 1830 (325 ev) sakin yaşayırdı.[2] AzStat-ın 1 yanvar 2018-ci il tarixinə olan rəsmi məlumatına əsasən qəsəbədə təxminən 10.100 nəfər əhali yaşayır.[3]
Məşhur şəxsləri
redaktə- Leyla Məmmədbəyova — Azərbaycanda, Qafqazda, həmçinin bütün Cənubi Avropada və Ön Asiyada ilk qadın təyyarəçi.
- Məmməd Mövsümzadə — kimya elmləri doktoru (1946), professor (1947), Əməkdar elm xadimi, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü (1967).
- Adil Rüstəmov — rəssam, professor, Azərbaycan Respublikasının əməkdar rəssamı (2002).
- Həsən Seyidbəyli — nasir, kinodramaturq, kinorejissor, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1946), Azərbaycan SSR xalq artisti (1976).
- Məmmədbağır Bağırzadə — müğənni, bəstəkar, Azərbaycanın xalq artisti (2002).
- Hacı Mail — şair, qəzəlxan, füzulişünas alim, filologiya elmləri namizədi.
- Hacı Əlamdar Mahir — qəzəlxan-şair, Füzulişünas-alim, tədqiqatçı.
- Hacı Qəzənfər Talib — şair.
- Hacı Əlikram — Azərbaycan İslam Partiyasının ilk sədri.
- Ağasəlim Abdullayev — tar ifaçısı, Azərbaycanın Respublikasının xalq artisti (2007).
- Böyükağa Məmmədov — rəqqas, xalq artisti.
- Dilarə Cəbrayılova — Azərbaycan Respublikası Milli Məclisinin V çağırış deputatı.
- Çingiz Əhmədov — komediya aktyoru, Azərbaycan Respublikasının Əməkdar artisti, Azərbaycan Dövlət Musiqili Teatrının aparıcı aktyoru.
- Şeyx Əhməd Nardarani — din xadimi.
- Şeyx Rəsul ağa Nardarani — din alimi.
- Axund Cavad Nardarani — din alimi.
- Xuraman Əlizadə — aktrisa[mənbə göstərin]
Şəhidləri
- Xaliq Hüseynov
- Hüseyn Xəlilov
- Fərid Ələkbərov
İstinadlar
redaktə- ↑ Azərbaycan toponimlərinin ensklopedik lüğəti. 2 cilddə. Bakı-2007. II cild, səh. 129. (az.)
- ↑ "Свод статистических данных о населении Закавказского края. Тифлись. 1893". 2019-12-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-09-29.
- ↑ "Arxivlənmiş surət". 2021-08-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-03.