Naxcivan Florasi - Wikipedia
Naxçıvan florası — Naxçıvan Muxtar Respublikasının bitki örtüyü.
Haqqında
redaktəNaxçıvan MR florasını öyrənmiş alimlərdən L. İ. Prilipko, V. C. Hacıyev, M. H. Abutalıbov, İ. S. Səfərov, Ə. Ş. İbrahimov, F. Q. Mövsümova, T. H. Talıbov və b. tədqiqatlarını qeyd etmək olar. Naxçıvan MR-in kəskin kontnental iqlimə malik olması, burada yağıntıların azlığı, havanın quraq, yayın qismən də payız aylarının yağışsız və isti keçməsi, qışın soyuqluğu, sutka və fəsillər arasında temperaturun amplituda fərqinin yüksək olması, bitki örtüyünün formalaşmasına təsir göstərmiş və orada zəif birtipli, yəni kserofit tipli bitkilərin inkişaf etməsinə səbəb olmuşdur. Arazboyu düzənliyin əsas bitkiləri yovşan, üzərlik, efemerlər, taxılkimilər, gəvən, qrunt suyunun səthə yaxın olan yerlərində çayır, cil, müxtəlif qamışlar, çöl sarmaşığı, iyli yovşan, hələb kalışı, tülküquyruq, acı biyan, tüksüz biyan, yatağan dəmirtikan, sürünən kəkrə, adi pıtraq, pərpərən, əmənkömənci, kəngizlər, sirkan, öldürgən, şoran otları, dəvətikanı, kəvər, soğan, süddüyən, ləkəli şoran, pişiknanəsi, şüalı gündəfnə, çılpaqdil gəvən və s.dir. Birinci yarusda çoxilliklər, ikinci yarusda efemerlər, üçüncü yarusda isə sporlu şibyələr yerləşir. Arazboyu düzənlik qədimdən əkinçilik zonası olduğundan burada müxtəlif mədəni bitkilər becərilir. Bunlardan taxıl bitkiləri, şəkər çuğunduru, tərəvəz bitkiləri və s. mühüm yer tutur.[1]
Bitki zonaları
redaktəNaxçıvan MR-də dörd bitki zonası var [2]:
- yarımsəhra
- dağlıq kserofit
- yüksək dağ bozqırları
- subalp və alp çəmənlikləri
Yarımsəhralar zonası
redaktəMuxtar respublikanın Arazboyu düzənlik hissəsini və 1200 metr yüksəkliyə qədər dağətəyi sahəni əhatə edərək, şimal-qərbdən cənub-şərqə doğru uzanır. Yarımsəhralar zonası Sədərək, Şərur, Böyükdüz, xüsusilə Naxçıvan düzlərində daha geniş, cənub-şərq qurtaracaqda isə dar bir sahəni əhatə edir. Yarımsəhra senozlarının isti yay və soyuq qışı olan quru iqlim şəraiti vardır. Torpağın üst qatının şiddətli qızması nəticəsində hava quru, yağıntının miqdarı isə son dərəcə az (210–300 mm) olur. Buranın yayı demək olar ki, yağıntısız keçir. Atmosfer yağıntıları başlıca olaraq yazda və payızda düşür. Yaz aylarında yağıntıların düşməsi ilə əlaqədar olaraq yarımsəhralarda çox olan efemer bitkilər sürətlə inkişaf edir. Yazın axırlarınadək toxumlayıb qurtaran bu bitkilər iyulun əvvəllərində demək olar ki, tamamilə quruyur. İsti yay aylarında seyrək halda qalan çoxillik quraqlığa davamlı bitkilər vegetasiya dövrünü davam etdirir. Payızda yağıntı artdığından çoxillik bitkilərin vegetasiya dövrü sürətlənir, onlar çiçəkləyir və toxum verir. Yarımsəhra senozlarının bitkiləri payızda 2-3 yarus əmələ gətirir. Birinci yarusda çoxilliklər, ikinci yarusda efemerlər, üçüncü yarusda isə sporlu şibyələr yerləşir. Yazda efemerlər çoxilliklərlə eyni yarus təşkil etdiyindən çoxmərtəbəlilik hiss olunmur. Yarımsəhra senozlarının tərkibi son dərəcə yoxsuldur. Çoxillik komponentlər əsasən bir neçə növ yarımkollardan ibarət olub, yeknəsəq və eyni görkəmli fitosenozlar təşkil edir. Öz növ tərkibinə görə efemer senozlar daha müxtəlifdir.
Dağlıq kserofit bitkilər zonası
redaktəNaxçıvan MR-də dəniz səviyyəsindən 1200-1600 metr yüksəklikdə olan sahələri əhatə edir. Geniş sahələri tutan dağlıq kserofit senozları müxtəlif çoxillik kserofit otlarından ibarətdir ki, bunların da əksəriyyəti öz mənşəyi etibarilə İran florasına aiddir. Naxçıvan MR-də dağlıq kserofit zonası yovşanlı yarımsəhralarda qarışıq keçid tipi yaradaraq yuxarılara doğru getdikcə müstəqil dağlıq kserofit bitkilər qurşağını təşkil edir. Bu qurşaq Naxçıvançay və Cəhriçay hövzəsində, həmçinin Naxçıvançayla Əlincəçay arasındakı ərazidə daha geniş sahələri əhatə edərək, Muxtar respublikanın mərkəzi hissəsində dağlara doğru yüksəklərə qalxır. Dağlıq kserofit zonası öz fitosenozlarının zənginliyi, mənzərəsinin müxtəlifliyi və gözəlliyi ilə yovşanlı yarımsəhralardan tamamilə fərqlənir. Burada bitki örtüyünün paylanması torpağın quruluşundan, relyefin maillik dərəcəsindən, ekspozisiyasından və formasından çox asılıdır. Lakin bir qayda olaraq kserofit bitkilər bir-birindən aralı bitməklə, bütün vegetasiya müddətində açıq senoz təşkil edir. Bu zonanın xarakterik xüsusiyyətlərindən biri də ondan ibarətdir ki, burada çoxillik otlar hakim mövqe tutur, müəyyən sahələrdə bir, çox zaman isə bir neçə örtük əmələ gətirir. Baharın əvvəllərindən başlayaraq bitki növlərinin biri digərini əvəz edir. Yazda əsasən birillik kökümsü gövdəli, soğanaqlı bitkilər və bir sıra çoxillik otlar sürətlə inkişaf edir, çiçəkləyir və toxumlayır. Kserofit senozlarının son dərəcə quraq şəraitdə inkişaf etməsinə baxmayaraq, onlar öz inkişafını çox sürətlə başa çatdırır. Yayın əvvəlində çoxillik otların kütləvi surətdə çiçək açdığı dövrdə bu zona xüsusilə gözəl olur. Bir sıra xaççiçəklilərin, çətirlilərin və başqa bitkilərin boyu 1-1,5 metrə çatır. Yayın ikinci yarısında kserofitlərin əksəriyyəti toxumlayır, yalnız bəzi paxlalılar və mürəkkəbçiçəklilər çiçəkləməkdə davam edir. Zonanın çox az bir sahəsindən əkinçilikdə, qalan hissəsindən isa ancaq otlaqlar kimi istifadə edilir.
Yüksək dağ bozqırları
redaktəDəniz səviyyəsindən 2400-3000 metr yüksəklikdə yerləşən qurşağın dağ yamaclarında yayılmışdır. Bu qurşaqda başlıca fitosenoz olan topallıq bozqır əksər hallarda gəvənlə və kəklikotu ilə qarışaraq geniş sahələri tutur. Topallıq bozqırlar daşlı və qayalı yerlərdə açıq qruplaşmalarla, rütubətli sahələrdə isə çəmən-bozqırlarla yanaşı, talalar şəklində topallıq-gəvənli-kəklikotulu bozqırlar da mövcuddur. Ümumiyyətlə, narın torpaqlı dağ yamaclarında yerləşən yüksək dağ bozqırları aşağıdakılardır: topallıq bozqır, kəklikotlu-gəvənli-topallıq bozqır.
Meşələr Naxçıvan MR-də zonal xarakter daşımır. 1700-1800 metrdən başlayaraq 2000-2200 metr arasında tərəddüd edir. İqlimin kəskin kontinental olması, havanın quruluğu, yağıntının azlığı, oroqrafik şəraitin əlverişsiz olması meşələrin Naxçıvan MR-də inkişaf etməsinə imkan vermir. Naxçıvan MR-də meşələr çay və qar sularının çox olduğu rütubətli torpaqlarda yaranır. Bu cəhətdən Naxçıvançayının yuxarı hövzəsi meşə bitkiləri üçün daha əlverişlidir. Bundan başqa, şərqdən Xəzər hövzəsindən gələn rütubətli hava axını Zəngəzur silsiləsinin qismən alçaq olan hissəsindən - Biçənək aşırımından buraya daxil ola bildiyindən havanın quruluğu nisbətən azalır. Buna görədir ki, Muxtar respublikada olan 3016 hektar meşə sahəsinin 2550 hektarı Biçənək kəndi ətrafındadır. Bundan başqa, Əlincə və Gilan çaylarının yuxarı axınlarında, Ərəfsə kəndi ətrafında 66 hektar, Xurs, Nəsirvaz kəndləri yaxınlığında 400 hektara qədər talalar şəklində meşələr (Tillək, Xəlil, Cəlil meşələri) vardır. Ümumiyyətlə, meşələr Naxçıvan MR ərazisinin yalnız 0.5 faizini əhatə edir. Naxçıvan Muxtar Respublikası meşə idarəsinin məlumatına görə indi Naxçıvanda meşələrin sahəsi 4126 hektara çatdırılmışdır (“Fəryad” qəzeti 16-30 aprel 1998-ci il).
Bitki örtüyünün öyrənilməsi göstərir ki, vaxtı ilə meşə sahələri indikindən daha geniş olmuş, 1900-2400 metr yüksəklikdə Küküçay-Naxçıvançay və Əlincəçay arasındakı suayrıcılarını, çay dərələrini əhatə etmişdir. İndi bu sahələrdə qınlmış meşələrin yerlərində kolluqlar mövcuddur. Biçənək meşəsi də yaxın keçmişdə qismən daha geniş sahələri əhatə edərək suayrıcılarının yamaclarına doğru uzanmışdı. Bu meşələr xüsusilə, 1918-1920-ci illərdə daha çox tələf edilmiş, bəzi sahələr isə tamamilə qırılıb ağac və kollardan təmizlənmişdir. 1926-cı ildə Naxçıvan MR-də meşə təsərrüfatı idarəsinin yaradılması nəticəsində meşələrin qorunması, onlara xidmət edilməsi qaydaya salınmışdır. Muxtar respublikada əsas meşə bitkiləri Şərq palıdı, adi vən, göyrüş, kserofit İberiya ağcaqayını, alma, alça və müxtəlif yemişan növləridir. Kserofit cənub yamacları üçün nazik yarpaqlı armud növləri, yemişanlar, ardıc, badam, zirinc, murdarça, itburnu və başqaları daha səciyyəvidir. Meşəli sahənin hər yerində kserofit şəraitin təsiri aydın hiss olunur. Şimal yamacların narın torpaqlı sahələrində meşə sıxlaşdığı halda, daşlı cənub yamaclarında bunlar meşə-park formasını alır, tez-tez friqanə və qariqa fitosenozlarına, həmçinin qayalıqlara rast gəlinir. Naxçıvançayın sağ sahilində şimal-şərq istiqamətində uzanan kiçik yamacların cənub ekspozisiyaları tamamilə meşəsiz olduğu halda, həmin yamacların şimal ekspozisiyaları ağac və kollarla örtülmüşdür.
Bir sıra ağac və kollar meşələrin yuxarı sahələrindən daha yüksəklərə qədər qalxır. İtburnu, ardıc, pallas ağtikanı və başqa kollara yüksək dağlıq sahələrdə (Qapıcıq, Keçəldağ) rast gəlmək mümkündür. 2350-2400 metr yüksəkliyədək dağ yamaclarında, suayrıclarında yayılmış kolluqlar MR-də 5000 hektardan artıq olub, sıx örtük təşkil etmir və subalp çəmənliklərilə əhatə olunur. Naxçıvançay, Küküçay, Cəhriçay, Gilançay və Əlincəçayın yuxarı hövzələri, həmçinin suayrıcı silsilələri, onların arasında olan dağlar çəmənkolluqlarla örtülmüş və qismən meşə senozları saxlanmışdır. Meşələrin yayıldığı sahələrdə havanın orta illik temperaturu 2-8 dərəcə, orta aylıq temperatur yanvarda mənfi 6-10 dərəcə, iyulda 16-20 dərəcə olur. Orta mütləq maksimum 31-26 dərəcəyə, orta mütləq minimum isə mənfi 22-25 dərəcəyə çatır. Həmin sahələrdə orta illik yağıntının miqdarı 500–700 mm-ə bərabərdir. MR-ə ən çox yağıntı isə 2500–3000 m yüksəkliklər arasındakı sahələrə düşür.
Çəmənliklər
redaktəMuxtar respublikanın çəmənliklərini 3 növə ayırmaq olar:
- düzənlik və alçaq dağlıq zolağın çəmənləri
- meşə çəmənləri
- yüksək dağlıq (subalp və alp) çəmənləri
Muxtar respublikanın mərkəz hissəində meşə çəmənlikləri birbaşa subalp çəmənliklərinə keçir. Meşələr olmayan sahələrdə isə kserofit dağ bozqır fitosenozları tədricən, heç bir qurşaq əmələ gətirmədən subalp çəmənlikləri ilə əvəz olunur. Subalp çəmənlikləri 2350-2600 metr yüksəklikdə ensiz bir zolaq şəklində uzanır. Bu zolaq Küküçay hövzəsindən başlayaraq Əlincəçay hövzəsinə qədər suayrıclarında kəsilib çay dərələrində və vadilərində yenidən meydana çıxır. Əslinə qalsa, muxtar respublikada tipik subalp çəmənləri deyil, subalp elementlərinin qarışığı olan mezofil meşə çəmənləri mövcuddur. Yalnız Kükü kəndi rayonunda və Biçənək meşələrinin şimal qurtaracağında kiçik fraqmentlər şəklində Baş Qafqaz dağlarında olduğu kimi ucaboylu, sıx, yaxşı inkişaf etmiş subalp bitkiliyinə rast gəlmək mümkündür. Bu fraqmentlrə 2300-2600 metr yüksəklikdə rütubətli yamaclarda, dayaz dərələrdə, çuxur sahələrdə yayılmışdır. Tipik subalp çəmənliklərdən fərqli olaraq bu hündürotlu çəmənlərdə otların boyu 1-SP-180 santimetrə, bəzən isə 2 metrə qədər çatır və bir neçə yarusdan ibarət olur. Birinci yarus ucalığı 2 metrə qədər çatan hündür müxtəlif ot elementlərindən, ikinci yarus isə əsasən taxılkimilərdən təşkil olunur. Bitki örtüyünün əsasını təşkil edən atların boyu 60-80 santimetrə çatır. Alp çəmənlikləri kifayət qədər rütubətli, 2900 metrdən yüksək sahələrdə narın torpaqlı, yamacların şimal, şimal-qərb və şimal şərq ekspozisiyalarında yayılmışdır. Alp çəmənlikləri talalar şəklində respublikanın nisbətən rütubətli mərkəz hissəsində inkişaf etdiyi halda, onun cənub va şimal hissələrində belə çəmənliklərə təsadüf edilmir.
Alp çəmənlikləri
redaktəSalvartı, Ağdaban, Küküdağ, Keçəldağ, Ağdağ və Qapıcıq dağlarının yüksəkliklərində daha yaxşı inkişaf etmişdir. Lakin buralarda da alp çəmənlikləri kiçik talalar şəklində olub, heç yerdə Baş Qafqazda olduğu kimi kilometrlərlə uzanmır. Yüksək dağlıq sahənin kəskin iqlim şəraiti, sutka daxilində temperaturun böyük amplituda fərqi, soyuq küləklər, vegetasiya dövrünün qısalığı lap bitkilərinə öz güclü təsirini göstərmiş və onlar bu şəraitdə davam gətirmək üçün bir qədər uyğunlaşmışlar. Bu [bitkilərin boyu çox qısa olub yerə yayılmış və kökləri vasitəsilə yerə bərk yapışmışdır. Yuxarı alp zonasının daşlı yamaclarında yayılmış kirpikyarpaq yastıqotu, saqqallı dəlikçiçək, üçdişli zəngçiçəyi və başqaları mühitə uyğunlaşaraq çoxlu kiçik gövdələrdən, yarpaq və çətirlərdən möhkəm yastıq forması əmələ gətirmişdir. Çox vaxt alp otluğu (xüsusilə alp xalılarında) 2-3 santimetrdən uca olmur. [Bitkilərin kiçik gövdələri üzərində gözəl çiçəklər açır. Bu bitkilərdən kökbaşcıqlı qanqal, gövdəsiz yastıqbaş, Pont acıçiçəyi, üçdişli zəngçiçəyi və başqaları daha səciyyvəidir. Alp çəmənlikləri demək olar ki, ancaq çoxillik bitkilərdən əmələ gəlmişdir. Bu bitkilər dağ-çəmən torpaqları üzərində müəyyən dərəcədə bozqır senozlarının təsirinə məruz qalır və nəticədə çəmən-bozqır keçid senozları əmələ gəlir. Naxçıvan MR-də mövcud olan alp çəmənliklərinin tərkibi öz ekoloji xüsusiyyətlərinə görə bir neçə yerə ayırmaq olar: alp xalıları, alp çimli çəmənləri, mezofil çəmənləri (taxıllı və taxıllı-müxtəlifotlu), alp çəmən-bozqırları və s. Naxçıvan MR-in çox böyük təsərrüfat və məişət əhəmiyyəti oian faydalı bitkiləri onun mühüm təbii sərvətlərindən biridir. Naxçıvan florasında bir çox qiymətli və nadir tapılan növlər mövcuddur. Onun bitki sərvətləri içərisində dərman əhəmiyyətli, alkoloidli, vitaminli, qatranlı, kauçuklu, efirli, kitrəli, sodalı, pötaşlı, qidalı, nektarlı, boya və aşı maddələri ilə zəngin, həmçinin dekorativ və yem bitkiləri vardır.
Hələ çox qədimdən Muxtar respublikada olan bir sıra bitkilərin müalicəvi xüsusiyyəti insanlara məlum olmaqla, həmin bitkilərdən dərman kimi istifadə olunmuşdur. Naxçıvan MR-in florasında 100-dən artıq dərman bitkisinin olduğu müəyyən edilmişdir. Bu bitkilərin bir qismi öyrənilmiş və təbabətdə geniş istifadə olunur. Naxçıvan MR-də olan dərman bitkilərinin ətraflı öyrənilməsi, yerlərinin aşkara çıxarılması, həmçinin böyük ehtiyata malik olan dərman bitkilərinin tədarük edilməsi sahəsində ciddi tədqiqat və təsərrüfat tədbirləri görülməlidir. Etiraf etmək lazımdır ki, bu sahədə son dərəcə az iş görülmüşdür.
Naxçıvan MR-də aşı maddəsi ilə, yəni tannidlə, həmçinin boyaq maddəsi ilə zəngin olan bitkilər də çoxdur. Qədim şərq gəbələrinin əlvan və solmayan rəngi ancaq bu bitkilərdən alınan maddələr nəticəsində mümkün olmuşdur. Muxtar respublikanın bitkiləri arasında qiymətli texniki bitki növləri də geniş yayılmışdır. Kauçuklu bitkilərdən orta dağlıq qurşaqda qanatma saqqız, şingilə, keçi məməsi və mürəkkəb çiçəklilər fəsiləsinin başqa növlərini göstərmək olar. Naxçıvan MR-də toxuculuq sənayesində istifadə edilə bilən çoxlu bitki növləri vardır. Arazboyu düzənliyin sucuq yerlərində bitən kəndirin lifi davamlı və 20-30 santimetr uzunluğunda olur. Bu həm də kauçuklu bitkidir. Həmin sahəiərdə bitən yabanı kənaf, bataqlıqlarda yayılmış qovotu, biyan, yabanı zəyərək, gicitkan, adi tut, qarağac və başqalarının da toxuculuq sənayesində əhəmiyyəti vardır. Naxçıvan MR ərazisində sənaye üçün qiymətli xammal verən qatranlı, sodalı, potaşlı bitkilərdə geniş yayılmışdır. Muxtar respublikanın daşlı yamaclarında alçaq dağlıq hissədə bitən Marşall süddüyanı qatranından aviasiya və avtomobil sənayesi üçün qiymətli lak, orta dağlıq hissədə geniş yayılmış ilan kölgəsinin 5 növündən isə təbabətdə və ətriyyat istehsalında istifadə edilə bilən qatran almaq mümkündür. Əldə edilən şirə (kitrə) təbabətdə həb hazırlamaqda, toxuculuqda və sənayenin başqa sahələrində qiymətli yapışqan kimi işlədilir. Muxtar respublikada çoxlu bəzək bitkiləri də mövcuddur. Bunlardan aran yerlərində bitən qəşəng, müxtəlif rəngli və ətirli endemik süsən növləri, dağlarda yayılmış Şərq laləsi, ətirli yabanı qərənfil növləri, rəngbərəng və yaraşıqlı Naxçıvan dağ lalələrini göstərmək olar. Naxçıvan MR-də bal və çiçək tozu verən 359 bitki növü məlumdur ki, bunların da 106-sı təmiz nektar verir. Əsas bal verən bitkilər dodaqçiçəklilər, gülçiçəklilər, paxlalılar, sümürgənçiçəklilər, keçiqulağı, süsən, xaşxaş, zəngçiçəklilər, əmənkömənci, mürəkkəb çiçəkliiər fəsiləsinin bir sıra növləridir. Aparılmış tədqiqatlar nəticəsində müəyyən edilmişdir ki, Muxtar respublikadakı dağ-bozqır bitki qruplaşmalarının hər hektarı 21,81 kq bal ehtiyatına malikdir. Quraq rayonlarda, o cümlədən Naxçıvan MR-də kənd təsərrüfatı bitkilərinin məhsuldarlığını artırmaq, onun sabitliyini təmin etmək, həmçinin torpaq eroziyasının qarşısını almaq üçün meşələrin və meşə zolaqları salınmasının çox böyük əhəmiyyəti vandır. Buna görə də Muxtar respublikada meşələrin, həmçinin kolluqların qorunması, onların sahəsinin genişləndirilməsi üçün tədbirlər görülməsi mühüm dövlət və təsərrüfat əhəmiyyəti kəsb dir. Odur ki, meşələrin hər cür istismarı, o cümlədən onun talalarının, kənarlarının biçilməsi və otarılması qadağan edilməlidir. Naxçıvan MR-də qırılmış meşələrin yrində əmələ gələn kolluq sahələri, o cümlədən Küküçay, Naxçıvançay və Əlincəçayın yuxarı axınlarını, Keçili, Ərəfsə, Nəsirvaz, Xurs, Nürküt və başqa kəndlərin, həmçinin süni göllərin ətrafını meşəliklərə çevirmək üçün tədbirlər görülməlidir. Mövcud meşələrin talalarında, seyrək sahələrində, həmçinin meşə kənarlarında əlavə ağaclar əkilməlidir. Bu məqsəd üçün birinci növbədə yerli ağac və kol növlərindən istifadə edilməlidir. Naxçıvan MR-də 1800-2000 metr yüksəklikdə bir sıra meyvə növləri, o cümlədən ərik, alça, armud, albalı və alma yaxşı inkişaf edir və yüksək məhsul verir. Buna görə də həmin sahələrdə meşə-bağlar salınması məqsədəuyğun və əhəmiyyətlidir. Naxçıvan MR-in dağlıq hissəsindəki kolluqlarda çoxlu cır badam, alma, armud, alça və sair yetişir. Calaq vasitəsilə onlardan yeni, quraqlığa davamlı və məhsuldar meyvə növləri almaq mümkündür. Bundan başqa, hər il meşə və kolluqlarda yetişən yüz tonlarla yabanı meyvələr (yemişan, alça, armud, alma, əzgil, itburnu, zirinc, acı badam və sair) istifadə edilmədən tökülüb hədər yerə gedir. Muxtar respublikanın əlaqədar təşkilatları bu təbii sərvətlərdən istifadə edilməsi üçün müvafiq tədbirlər görə bilərlər. Naxçıvan MR zəngin bitki sərvətlərinə malikdir. Bu sərvətlərin daha ətraflı öyrənilib, aşkara çıxarılması və xalqın istifadəsinə verilməsi üçün geniş tədqiqat işləri aparılmalıdır.[2]
Nadir bitkilər
redaktə- Qarabağ dağ laləsi (Tulipa karabachensis)- Ordubad, Şahbuz və Culfa rayonlarındakı dağ ətəyi kolluqlarda bitir.
- Şrenk dağ laləsi (Tulipa şrenkhensis)-Şahbuz rayonundakı Batabat çəmənliklərində bitir.
- Yuliya dağ laləsi (Tulipa Julia)-Əsasən Şahbuz rayonundakı Salvartı və Batabat yaylalarında daha çox yayılmışdır. Külək vasitəsilə toxumları tökülərək Əlincə çayının sahillərində də bitmişdir.
- Felipeya dağ laləsi (Tulipa felipeis)-Əsasən Şahbuz rayonundakı Biçənək və Kükü kəndi ətrafındakı Keçəl dağda yayılmışdır.
- Qaraquş zəng çiçəyi (Campanulaceae) -Zəngçiçəklilər fəsiləsindən olan mürəkkəb rəngli dağ çiçəyidir. Ordubad, Culfa, Şahbuz, Şərur rayonlarındakı çəmənliklərdə yayılmışdır.
- Güləbətin (Pulsatilla violacea)-Qaymaqçiçəklilər fəsiləsindən olan çoxillik ot bitkisidir. Şahbuz rayonundakı Salvartı yaylağında (gölün ətrafında) və Ordubadın “Göygöl” ərazilərində yayılmışdır.
- Tıs-tıs (Echinopsilon)-Ən çox Ordubad, Şahbuz, Kəngərli, Babək və Sədərək rayonlarındakı uca dağlarda bitir.
- Komarov şaqqıldağı (Matthiola)- Elmdə ilk dəfə rus botaniki Komarov tərəfindən öyrənilmiş kol bitkisinin boz yaşıl çiçəkləri vardır. Ordubad, Culfa, ahbuz rayonlarındakı dağ yamaclarında daha çox yayılmışdır.
- Çox rəngli dağ laləsi (Tulipa)-Zanbaqçiçəklilər fəsiləsindən olan çoxillik ot bitkisidir. Ləçəkləri ağ-narıncı rəngdə olub otlaqlarda yayılmışdır. Muxtar Respublikanın bütün rayonlarında dağ və təpəlik çəmənliklərində rast gəlinir.
- Kirpiyə bənzər tıs-tıs (Echinopsilon E.)- Sıx xırda çiçəklərlə əhatə olunmuş bitki, sanki kirpiyə oxşayaraq tikanlıdır. Muxtar Respublikanın əksər rayonlarında dağ yamaclarında yayılmışdır.
- Gəvən (Astagalaus)-Paxlalılar fəsiləsindən olan çoxillik tikanlı bitkidir. Muxtar Respublikanın Ordubad, Culfa, Şahbuz, rayonlarındakı yüksək dağ yamaclarında (quzeylərdə) yayılmışdır.
- Gəngiz otu (Sambucus ebulus)- Muxtar Respublikanın dağ- çəmən zonalarında bitir, yerli əhali tərəfindən dağ yamaclarında digər çəmən otları ilə bərabər biçildiyindən, vegetasiya dövrünü başa çatdırıb toxumlaya bilmir.
- Pişikquyruq otu (Phıleum pratense)-Taxılkimilər fəsiləsindən olan alaq otu, dağ ətəyi otlaq
- Süddüyən otu (Euphorbia)- Südlübian çoxillik ot bitkisi Muxtar Respublikanın bütün rayonlarında xüsusilə düzənlik-çəmən sahələrdə yayılmışdır.
- Dağ zanbağı (Liliaceae)-Zanbaqkimilər fəsiləsindəndir. Muxtar Respublikanın Şahbuz, Kəngərli, Sədərək, Şərur rayonlarında dağ ətəklərində yayılmışdır.
- Çaytikanı (Hippophae rhamnoides L.)- İydə fəsiləsindən olan kol bitkisi. Çaytikanı kol bitkisinə əsasən Muxtar Respublikasının Ordubad və Culfa rayonlarındakı çay kənarlarında rast gəlinir. Azərbaycan MEA-ın Naxçıvan Şöbəsi Təbii Resurslar İnstitutunun Şıxmahmud kəndindəki “Nəbatət bağı”nda bir neçə növü əkilib becərilir.
- Boymadərən (Achillea)-Mürəkkəbçiçəklilər fəsiləsindən olan çoxillik ot bitkisidir. Naxçıvan MR-da bütün rayonlarında çəmən və çay sahillərində yayılmışdır.
- Gülxətmi (Althae officinalis)- Muxtar Respublikanın bütün rayonlarında dağ-çəmən və düzənliklərdə xüsusən çay kənarı kolluqlarda yayılmışdır.
- Kəklikotu (Thymus vulgaris)- Dodaqçiçəklilər fəsiləsindən olan ədviyyat bitkisinin vətəni Qafqaz dağlarıdır. Naxçıvan MR-da kəklikotu bitkisi əsasən Şahbuz rayonundakı Batabatla Salvartı yaylasında və Ordubad rayonundakı “Göygöl” ətrafındakı güneylərdə ətirli növü yayılmışdır.
- Dağ nanəsi (Zizip hora)- Dodaqçiçəklilər fəsiləsindən olan ədviyyat bitkisidir. Azərbaycanda nanənin beş növü o cümlədən Naxçıvan MR-da dağ ətəyi çay sahilllərində iki növü yayılmışdır.
- Zirinc (Berberis vulgaris)- Zirinckimilər fəsiləsindən olan kol bitkisi. Yer üzündə 175 növü vardır ki, Azərbaycanda 6 növündən 4-ü Naxçıvanda yayılmışdır. Naxçıvan MR-da Ordubad, Şahbuz, Culfa və Kəngərli rayonlarındakı dağ ətəyi kolluqlarda daha çox yayılmışdır.
- Dovşan alması (Cotoneaster Medic)- Muxtar Respublikanın Ordubad və Şahbuz rayonlarındakı kolluqlarda yayılmışdır.
- Yemişan (Crataegus)- Gülçiçəklilər fəsiləsindən olan kol bitkisinin vətəni Amerikadır. Muxtar Respublikanın Ordubad, Şahbuz, Babək, Culfa və Şərur rayonlarındakı dağ ətəyi kolluqlarda yayılmışdır.
- Dağdağan (Celtis)- El arasında bəzən bu kol-ağaca “müqəddəs daş ağacı” da deyərlər. Qaraağackimilər fəsiləsindən olan bitkinin yarpaqları payızda tökülür, gövdəsinin hündürlüyü 3 metrdən artıq olur. Kol-ağac bitkisi Orta Asiyada, Qara dəniz və Aralıq dənizi sahilləri ölkələrində, o cümlədən də Qafqazda yayılmışdır. Naxçıvan MR-da yalnız Şərur, Ordubad və Culfa rayonlarındakı dağ yamaclarında seyrək bitmişdir. Babək rayonundakı Əshabi-Kəhf (Culus) dağındakı “cənnət bağı” deyilən sahədə yalnız bir növünə (Celtis caucasica) rast gəlmək mümkündür. Dağdağanın meyvələri “müqəddəs” sayıldığından inanclarla bağlı olduğu üçün insanlar tərəfindən “göz muncuğu” adı ilə kütləvi surətdə qırılıb məhv edilməkdədir.
- İnnab (Ziziphus) - Murdarçakimilər fəsiləsindən kol-ağac bitkisidir. İnnabın dünyada 400-dən artıq növü vardır ki, Qafqazda (Naxçıvanda) yayılan Ziphus jujuba növüdür. İnnab uzun ömürlü kol-ağac bitkisidir. 200-300 ildən artıq yabanı halda Kiçik Qafqazın Laçın rayonundakı Qarıqışlaq kəndi ərazisində yayılmışdır.
- Sumaq (Rhus coriaria)- Hündür kol-ağac bitkisi olmaqla vətəni Kiçik Qafqaz (Ordubad) və Abşeron yarımadasındakı Qobustanda yayılmışdır. Naxçıvan MR-da Ordubad rayonu ərazilərindəki dağ ətəyi kolluqlarda sumaq bitkisi təbii halda yayılmışdır. Sumağın şirəsini gün altında saxlayıb qatılaşdıqdan sonra gözə çəkməklə mirvari suyunu aradan götürmək olar. Kütləvi surətdə qırılıb yandırıldığından nadir bitkinin nəsli kəsilmək üzrədir.
- Nərbənd (Ulmus densa)- Qaraağackimilər fəsiləsindən enliyarpaq çoxillik bəzək ağacının vətəni Kiçik Qafqaz-Naxçıvandır. Əvvəllər Naxçıvandakı kolxoz təsərrüfatı ərazilərindəki əkinlərin içərisində tək-tək nərbənd ağaclarına rast gəlinirdi. Naxçıvan MR-ın Kəngərli rayonundakı Xok kəndində, Şərur rayonundakı Mahmudkənd ərazilərində və Babək rayonundakı Qahab kəndi ərazilərində yayılmışdır. Xalq təbabətində nərbəndin meyvələrindən təpitmə kimi müxtəlif xroniki yaraların sağalmasında istifadə edilir.
- Pişpişə (Salicaceae)- Söyüdkimilər fəsiləsindən olan kol-ağac bitkisinin Azərbaycanda 14 növündən ikisi Muxtar Respublika ərazilərində yayılmışdır. Muxtar Respublikanın ərazilərindəki çay kənarlarında yayılsada mal-qara tərəfindən yeyilərək nəsli kəsilmək üzrədir. Pişpişənin salxım söyüd və civir növləri Şahbuz rayonundakı Kükü kəndində daha çox yayılmışdır. Rəngkarlıqda pişpişə oduncağının kömüründən “cizgi qələmi” kimi istifadə edirlər. Nadir ağac-kol bitkisinin kölgəsində yatmaqla revmatik xəstəliklər üçün təhlükəlidir.
- Yulğun (Tamarix)- Yulğunkimilər fəsiləsindən (tamaricacea) olan kol ağac bitkisinin vətəni Aralıq dənizi ölkələri olaraq sonradan Cənubi Avropa ilə Afrikaya da yayılmışdır. Azərbaycanda yulğun bitkisinin 7 növündən ikisi Naxçıvan MR-da yayılmışdır. Haliyyədə Muxtar Respublika ərazilərində yulğun bitkisinin nəsli kəsilmək üzrədir. Kənd əhalisi yulğun bitkisini kökündən çıxarıb yanacaq kimi istifadə edirlər.
- Ardıc -sərvkimilər fəsiləsindən olan həmişəyaşıl ağac-koldur. Naxçıvan Muxtar Respublikası ərazilərində iki növü (düzduran və yerə yatan) yayılmışdır. Toxumlu ağacın “qozları” adətən yerə əkiləndən iki il sonra yetişir. Azərbaycanda ardıcın 6 növü vardır ki, onlardan ikisi Muxtar Respublikanın Şahbuz, Ordubad, Sədərək və Şərur rayonlarındakı dağ ətəyi kolluqlarda bitmişdir. Şahbuz rayonundakı Biçənək qoruğunda ardıcın 3 növünə rast gəlinir. Onlar Adi ardıc (Juniperus communis), Mərkəzi Asiya ardıcı (Juniperus sabina) və Virciniya ardıcı (Juniperus virginiana)-dır.
- Bənövşə (Violaceae)- İkiləpəlilər sinfindən olan çoxillik ot bitkisi dünyanın isti və mülayim qurşaqlarındakı uca dağ ətəyi çəmənlik və kolluqlarda yayılmışdır.
- Baldırğan (Heracleum)- Çətirçiçəklilər fəsiləsindən olan çoxillik ot bitkisidir. Baldırğanın Azərbaycanda 8 növü, Naxçıvan MR-da isə 2 növü yayılmışdır. Muxtar Respublikanın Ordubad, Culfa, Şahbuz və Şərur rayonlarındakı dağçəmənliklərində bitir. Muxtar Respublikanın Şahbuz rayonundakı Salvartı yaylasında bitən baldırğan növü bəzək bitkisi kimi, Kükü kəndi (Keçəldağ yamaclarında) ətrafındakı yayılmış növü isə sənaye əhəmiyyətlidir.
- Şiyav (Ağot və ya Stipa)- Taxıllar fəsiləsindən olan çoxillik ot bitkisi cinsindəndir. Dünyada 300, Azərbaycanda 24 növü yayılmışdır. Şiyav bitkisinin bir növü Naxçıvan Muxtar Respublikası ərazilərində - Babək rayonundakı Payız kəndində (Lizbirt dərəsində) və Şahbuz rayonundakı Batabat yaylasındakı otlaqlarda yayılmışdır. Muxtar Respublikada olan nadir bitki növünü (Stipa nachiczevanica) endemik olaraq keçən əsrin axırlarında Akademik Y.Məmmədəliyev adına Naxçıvan Dövlət Universitetinin müəllimi dosent İ.Sadiqov tərəfindən elmi şəkildə öyrənilmişdir.
- Qafqaz xurması (xirnik)- (Diospyeros lotus)- Ebena fəsiləsindən olan subtropik çoxillik bitki növü. Bitki -25 Cº şaxtaya dözdüyü ümün Naxçıvan Muxtar Respublikasının iqliminə dözümlüdür. Son illərdə Astaradan gətirilmiş tinglərlə həvəskar bağbanlar tərəfindən Ordubad, Şahbuz və Babək rayonlarındakı meyvə bağlarında əkib-becərilir.
- Çinar (Platanus)-Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin əməkdaşlarının səyi ilə Naxçıvan şəhərindəki park və meydançalarda çinar ağacları əkilib-becərilir. Naxçıvan Muxtar Respublikasında meşə sahəsi 0,01 % olaraq yalnız Şahbuz rayonu ərazisindədir.
Dərman bitkiləri
redaktə- İsitməotu (Centaurium)-Açıqçiçək fəsiləsindən olan çoxillik ot bitkisi, dünyanın hər yerində dağ ətəyi çəmənliklərdə yayılmışdır. Azərbaycanda (Naxçıvan MR-də) dərman bitkisinin Centarium pulchellum və Centarium umbellatum növləri yabanı halda yayılmışdır.
- Quşəppəyi (Capsella)- Xaççiçəklilər fəsiləsindən olan ikillik ot bitkisi dünyanın mülayim qurşaqlarında yayılmışdır. Azərbaycanda (Naxçıvan MR-da) bitkinin yalnız bir növü olan adi quşəppəyi (Capsella bursa pastoris) vardır.
- Jenşen (Panax Cinseng)- Daşsarmaşığı fəsiləsindən olan çoxillik ot bitkisi. Jenşen bitkisini 1953-cü ildə Xabarovski (Rusiya) vilayətində Azərbaycanın Zaqatala ərazilərinə gətirmişlər. Azərbaycanda Böyük Qafqaz və Muxtar Respublikadakı Salvartı yaylasında bu qiymətli bitkinin oxşar növü yayılmışdır. Təəssüf ki, bitki ot biçini zamanı laqeydliklə məhv olunub vegetasiya dövrünü başa çatdıra bilmir.
- At pıtrağı (Afctium)- Mürəkkəbçiçəklilər fəsiləsindən olan çoxillik ot bitkisidir.Azərbaycanda bitkinin 4 növü (Naxçıvan MR-da 2 növü) yayılmışdır.Azərbaycanda 800-ə qədər dərman bitkiləri aşkar edilmişdir.
Müalicələri
redaktəMilli Elmlər Akademiyasının Naxçıvan bölməsinin Bioresurslar İnstitutu tərfindən Muxtar Respublikadakı dərman bitkiləri mütəxəssislər tərəfindən tədarük edilir, çeşidlənir və “yaşıl aptek” vasitəsilə təbabətdə istifadəyə verilir. Azərbaycanda 52 növ dərman bitkisi sənaye əhəmiyyətlidir. Muxtar Respublika ərazilərində yayılmış dərman bitkiləri aşağıdakı xəstəliklərin müalicəsində tətbiq olunur;
- Mərkəzi sinir sistemi xəstəlikləri müalicəsində pişikotu (Valeriana officinalis l.), jenşen (Panax Cinseng) və s.
- Ürək-damar sistemi xəstəlikləri müalicəsində xoruzgülü (Adonis vernalis l.), yemişan (Crataegus) və s.
- Spazmolitik və ağrıkəsən xəstəliklərin müalicəsində xanımotu (Atropa belladona l.), bat-bat (Hyoscyamus niger l.), kəklikotu (Thymus vulgaris), nanə (Mentha piperita), şüyüd (Anethum graviolens) və s.
- Tənəffüs orqanları xəstəlikləri müalicəsində gülxətmi (Althae officinalis), ardıc (Juniperus), biyan (Gtycyrrhiza gtabra l.),andız (Znula) və s.
- Mədə-bağırsaq xəstəlikləri müalicəsində zəncirotu (Taraxacum), bağyarpağı (Plantago), çaytikanı (Hippophae rhamnoides l.), günəbaxan (Helianthus annuus), kələm (Brassica oleracea) və s.
- Qaraciyər, öd kisəsi, böyrək və sidik yolları xəstəlikləri müalicəsində dağtərxunu (Fanacetum), zirinc (Berberis vulgaris), qarğıdalı (Zea maus), itburnu (Rosa caninal) və s.
- Qankəsən və daxili qanaxmaların müalicəsində gicitkan (Urtica l.), zirinc (Berberis vulgaris), quşəppəyi (Capsella), çaytikanı (Hippophae rhamnoides l.) və s.
- Dəri xəstəlikləri müalicəsində dazı (Hypericum l.) ardıc (Juniperus), soğan (Allium cepa), sarımsaq (Allium sativum) və s.
- Bağırsaq qurtlarına qarşı balqabaq tumu (Cucurbita maxima), kəklikotu (Thymus vulgaris), dağtərxunu (Fanacetum) və s.
- Antiseptik və soyuqdəyməyə qarşı kəklikotu (Thymus vulgaris), sumaq (Rhus coriaria), badam (Amygdalis comamunis), quşüzümü (Solanum) və s.
- Göz xəstliklərinin müalicəsində sumaq (Rhus coriaria), nar (Punica granatum) qara ağacın meyvələri (Ulmus) və s.
Zəhərli bitkilər
redaktəAzərbaycanda (o cümlədən də Muxtar Respublikada) otlaq sahələrdə 300-dən artıq zəhərli bitki növləri yayılmışdır ki, onlardan güclü təsirli, zəhərli bitkilər aşağıdakılardır;
- İtboğan (Colchicum antumnale)
- Xaş-xaş (Papaver somniferum)
- Qaymaqçiçəyi (Ranunculusacer)
- Çöl qərənfili (Agrostemma Githago)
- Canavar gözü (Daphne mezereum)
- Küstüşam (Bryonia dioica)
- Bat-bat (Hgoscyamus niger)
- Qaraçöhrə (Taxus baccata)
- Dəlibəng (Datura stramonium)
- Kəpənək çiçək (Aconitum napellus) Muxtar Respublika ərazilərində zəif təsirli zəhərli bitkilər də, vardır ki, onlar öldürgən, acılıq, qatırquyruğu, kəkrə, çobanyastığı, cil, acı yonca, qızıl sarmaşıq (küc), yapışqan otu, mahmız çiçək, ayı döşəyi, [süddüyən, acı biyan, süsən, lalə, üzərlik, birə otu, qaytarma, asırqal, həlməd, dəmirtikan, xaçgülü, ardıc, sarı kol, kərməşov, şümşad və.s göstərmək olar.