Nazli Tahirova - Wikipedia
Nazlı Məmmədağa qızı Nəcəfova (ilk soyadı Tahirova; 1890, Naxçıvan, Rusiya imperiyası – 1977, Naxçıvan) — Naxçıvanda ilk qızlar məktəbinin yaradıcısı, Azərbaycan SSR əməkdar müəllimi.[1]
Nazlı Nəcəfova | |
---|---|
Doğum tarixi | 1890 |
Doğum yeri | |
Vəfat tarixi | 1977 |
Vəfat yeri | |
Həyat yoldaşı | |
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
Soy kökü
redaktəAta xətti ilə babası və ulu babası – Mirzə Məhəmməd Tahir və Ağası bəy Naxçıvan xanlığının vəziri olmuşlar.[2] Ana xətti ilə məşhur Kəngərlilər nəslindəndir. Kəngərlilərin "bilici" adlanan, nəsildə daha çox nüfuzu olan və o vaxtkı Naxçıvanın ən varlı mülkədarları olan qoluna aiddir.[3]
Həyatı
redaktəNazlı xanım 1890-cı ildə Naxçıvanda anadan olub.
Nazlı Tahirova qardaşı, çar Rusiyasının polkovniki olan Yusif bəy Tahirovun[2] dəstəyi ilə Tağıyevin qızlar məktəbinin ilk şagirdlərindən olmuşdur. Həmin dövrün Mirzə Ələkbər Sabir, Nəcəf bəy Vəzirov, Həsən bəy Zərdabi, Əbdürrəhim bəy Haqverdiyev kimi aparıcı maarifçilərindən səkkiz il dərs almışdır. Müəllimlik şəhadətnaməsi aldıqdan sonra ailəsinin yaşadığı İrəvana qayıtmışdır. Qayıtmazdan bir qədər əvvəl gənc Nazlı xanım sonrakı illərdə onun üçün bir növ şüar olan "qadınların gözlərinin dünyaya açılması" sözlərinin müəllifi, məşhur Azərbaycan yazıçısı və ictimai xadim Cəlil Məmmədquluzadə ilə görüşmüşdür.
İrəvanda azərbaycanlı oğlanlar üçün yerli məktəbdə müsəlman qızlar üçün də ayrıca sinfin açılması Nazlı xanımın cəmiyyətdəki müsəlman qızlarını maarifləndirmək istiqamətində ilk cəhdi olmuşdur. Məktəbin müdiri Həşim bəy Nərimanоvun dəstəyinə baxmayaraq Nazlı xanım yenə də bu sinfi tikiş dərsləri adı altında gizlətməli olub, lakin hətta bu da cəmiyyətin ən çılğın üzvlərinin çox sərt münasibətinə səbəb olub. İlk qızlar sinfi Nazlı xanımın burada işlədiyi dörd il ərzində bir sıra zorakı hücumlara məruz qalıb.
1912-ci ildə Tahirovlar ailəsi Nazlı xanımın qızlar üçün yeni açılmış kiçik məktəbdə müəllimə işlədiyi Naxçıvana qayıtmışdır. O, Naxçıvanda əvvəlcə qızlar məktəbində müəllim, sonra pedaqoji məktəbin müdiri olur.[4] İlk vaxtlardan məktəb radikal ruhanilərin təsiri altında olan bəzi yerli sakinləri narahat edirdi. Tez-tez Nazlı xanımın dərsləri baş tutmurdu. Hətta bəzi şagirdlərin qaçırılmasına da cəhdlər edilirdi.
Gənc müəlliməyə qarşı ciddi hədələr, Nazlı xanımı, məvacibinin təxminən yarısını mühafizəçilərə ödəməyə vadar etmişdi. Digər bir məşhur maarifçi qadın və Nazlı xanımın Tağıyev məktəbindən tanıdığı rəfiqəsi Ayna Sultanovanın köməyi ilə Naxçıvanda bir sıra qadın klubları, bunun ardınca isə yerli müəllimlər üçün hazırlıq məktəbində qızlar üçün xüsusi bölmə və Ordubadda qızlar məktəbi təsis olundu.
1917-ci ilin oktyabr ayında Rəşid bəy Əfəndiyev Naxçıvanda yaradılmış "qız məktəbi"nin müdiri olur. Həmin məktəbin dərs müdiri Nazlıxanım və teatrın gənc rejissoru Rza Təhmasibin köməyi ilə məktəbdə şagirdlərdən ibarət dram dərnəyi yaradılır[5].
1921-ci ildə onu qətlə yetirmək məqsədilə bir qrup quldur Nazlı xanımın evinə basqın etdi. Xoşbəxtlikdən о, Sovet orqanlarının himayəsi altında keçirilən Azərbaycanın Birinci Müəllimlər Qurultayında iştirak etmək üçün gecə ikən Bakıya yola düşmüşdü. Sovetlər tərəfindən güclü təbliğ olunan gender bərabərliyi və azadlıq ideyaları bütün ölkədə qadınların maarifləndirilməsi üçün möhkəm zəmin yaratmışdı, lakin təlim keçmiş azərbaycanlı müəllimələrin kəskin çatışmazlığı ölkənin uzaq ərazilərində özünü xüsusilə qabarıq şəkildə büruzə verirdi.
"Şərq Qadını" jurnalı hamı üçün icbari təhsillə bağlı yeni siyasət kursunun həyata keçirilməsində həqiqətən carçı rolunu oynadı. Məhz bu halda Tağıyev məktəbinin məzunlarına ən böyük tələbat yarandı. Sovet orqanları tərəfindən qadınların maarifləndirilməsinə dəstək Nazlı Tahirovaya Bakıda Tağıyev qızlar məktəbinin ən yaxşı ideyalarını və təcrübəsini yaymağa kömək etdi.
1921-ci ildə о, bütün kişi rollarını da qızların özlərinin oynadıqları, Azərbaycanın məşhur dram əsərlərinin əksəriyyətinin tamaşaya qoyulduğu Naxçıvanda ilk özfəaliyyət qızlar teatrının təsis olunmasına müvəffəq oldu.
Layiqli yüksəliş isə 1923-cü ildə Nazlı Tahirovanın on səkkiz ildən çox bir müddətdə bu vəzifəni tutduğu Pedaqoji (müəllimlərin hazırlığı) məktəbin müdirəsi vəzifəsinə təyin olunduğu vaxt baş verdi,
lakin dərin kök salmış mövhumat heç də tezliklə aradan qalxmadı. Bu dövrdə Nazlı xanımın həyat yoldaşı Nəcəfqulu Nəcəfоv[6] onun maarifçilik ideyalarının həyata keçirilməsinə və hətta onun şəxsi mühafizəsinə dəstək göstərirdi. Gənc maarifçi cütlüyün prinsipiallığı öz müsbət nəticələrini verməyə başladı. Təhsil alan qızların sayı artmaqda idi. Məhz belə bir vaxtda Nazlı xanımın üzərinə digər bir ağır yük düşür.
Repressiya illəri
redaktə1937–1938-ci illərdə vəzifədə olan qeyri-millət nümayəndələrinin "ciddi" səyi nəticəsində Azərbaycan Zaqafqaziyada ən çox dərin zəkaların, düşünən beyinlərin məhvinə yönələn repressiya və deportasiya qurbanlarının ön sırasında oldu. Bunların içərisində Azərbaycan qadınları Ayna Sultanova, Nazlı Tahirova-Nəcəfova, Bakıda ilk "Şərq Konservatoriyası"nın yaradıcısı Xədicə Qayıbova, Tibb İnstitutunun müəllimi Mədinə Qiyasbəyli və başqaları da var idi.[7]
1937-ci ildə Nazlı Nəcəfovanın həyat yoldaşı həbs edilir. Təxminən iyirmi ildən sonra gecikmiş bəraətə baxmayaraq Nazlı xanım bir daha öz həyat yoldaşını görə bilmədi. Sоvet İttifaqının İkinci dünya müharibəsinə qoşulmasından bir qədər sonra, 1942-ci ildə Nazlı Nəcəfova da "xalq düşməninin həyat yoldaşı" kimi Qazaxıstana sürgün edildi. Onun iki azyaşlı uşağı olan böyük oğlu orduya aparıldı.
Qazaxıstanda olarkən Nazlı Nəcəfova ailəni saxlamaq üçün fəhlə briqadasında işləməklə yanaşı özünün pedaqoji fəaliyyətini yenidən bərpa etdi. 1946-cı ildə ona Azərbaycana qayıtmağa icazə verilsə də, 1949-cu ildən 1954-cü ilədək ona doğma Naxçıvanda qalmağa icazə verilmədi. О, vaxt itirmədi və Göyçay rayonunun iki böyük kənd məktəbində azərbaycan və rus dilləri üzrə ən tanınmış müəllimələrdən biri oldu.
1959-cu ildə Naxçıvana qayıtdıqdan sonra Nazlı Nəcəfova yenidən müəlliməlik etməyə başladı. Nəcəfova öz həyatında Hacı Zeynalabdin Tağıyev tərəfindən əsası qoyulan doğma tədris ocağını – ilk Müsəlman Qızlar Məktəbini heç vaxt unutmamışdır. Onun 1963-cü ildə, hələ Tağıyevin adına yasaq qoyulduğu bir vaxtda yazdığı xatirələr məktəb haqqında aydın təsəvvür yaratmağa imkan vermişdir.
Nazlı xanım 1977-ci ildə Naxçıvanda dünyasını dəyişmişdir.
Ailəsi
redaktəNazlı xanım Məmmədağa bəy qızı Tahirova şair Əliqulu Qəmküsarın əmisi oğlu, məşhur səttarxançı və bacarıqlı diplomat Nəcəfqulu Nəcəfovun həyat yoldaşı olub.[2]. Onların Şulan, Cəmilə və Şəfiqə, Namiq (əkiz bacı-qardaş) adlı övladları 1954-cü ilədək anasız yaşamışlar. Çünki Nazlı xanım Tahirovanı da həbs edib sürgünə göndərmişdilər. Uzun illər Qazaxıstanda sürgündə qalandan sonra, Azərbaycanda yalnız Göyçayda yaşamasına icazə vermişdilər. Nəql edirlər ki, o vaxt Namiqlə Şəfiqənin bir yaşları varmış. Onları bacıları Cəmilə saxladığından ona "ana" deyirmişlər.
Nazlı xanımın qardaşı Yusif bəy Tahirov Naxçıvan Araz-Türk Cümhuriyyətinin üzvlərindən biri olub. Məşhur hərbçi, polkovnik Yusif bəy Tahirov da erməni terrorçularının qurbanıdır.
Nazlı xanımın xalası oğlu Əmanulla xan Naxçıvanski Xurşudbanu Natəvanın qızı Xanbikə xanım Cavanşir ilə ailə qurmuşdu.
Nəcəfqulu Nəcəfov da ictimai xadim idi. Ömürlərini siyasi mübarizəyə, maarifə, elmə, mədəniyyətə və ədəbiyyata həsr etmişdilər. O, Azərbaycanın tanınmış maarifçi ziyalı soylarından biri olan Nəcəfovlardandır.
Nazlı xanım qazandığı pulu yetimlərə xərcləyirmiş və bundan böyük mənəvi rahatlıq tapırmış.[8]
Yad edilməsi
redaktəAzərbaycanın bir sıra görkəmli alimləri və ictimai xadimləri özlərinin ilk və ən yaxşı müəllimələri kimi Nazlı Nəcəfovanın xatirəsini hələ də yad edirlər. О, müəllimlik fəaliyyətinin 25, 30 və 50 illiyi münasibətilə geniş şəkildə qeyd edilən xeyli sayda Sovet mükafatlarına və ordenlərə layiq görülmüşdur.
2000-ci ildə Nazlı xanım Nəcəfovanın (Tahirovanın) Naxçıvanda qeyd olunan 110 illik yubileyi onun şagirdlərinin bir neçə nəslinin öz müəllimələrinin əziz xatirəsini yad etdikləri böyük bir təntənəli mərasimə çevrilmişdi.
İstinadlar
redaktə- ↑ "Rusarchives.ru – Наджафова Назлы Магомед кызы (1890—1971), основательница первой женской школы в Нахичевани, засл. учительница АзССР. ГМНО АзССР, № 873, 11 ед. хр., 1925— 1958". 2011-11-29 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-11-23.
- ↑ 1 2 3 525.az – Bir Azərbaycan sevdalısı – polkovnik Yusif bəy Tahirov [ölü keçid]
- ↑ Ханы Нахичеванские в Российской Империи / Ф. Нагдалиев, səh. 118, 120, 356
- ↑ Medeniyyet.az – Mədəni-maarifçilik tariximizdə Azərbaycan qadını [ölü keçid]
- ↑ "Feyruz Bağırov, "Tarixin yaddaşı", Bakı, 2009. Mənbə: Ə.Xəlilov, "Naxçıvan teatrının tarixi", Bakı, 1964". 2012-06-13 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-12-01.
- ↑ 525.az – Naxçıvanlı məşhur Nəcəfovlardan biri – Nəcəfqulu Nəcəfov haqqında öyrəndiklərimiz [ölü keçid]
- ↑ "Gender-az.org – Azərbaycanda qadın liderliyinin tarixindən". 2016-08-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-11-29.
- ↑ 525.az – Naxçıvanlı məşhur Nəcəfovlardan biri –Nəcəfqulu Nəcəfov haqqında öyrəndiklərimiz [ölü keçid]