Nevseherli Kureken Ibrahim Pasa - Wikipedia
Nevşəhərli Kürəkən İbrahim Paşa (1666, Nevşəhər – 16 oktyabr 1730[1], Konstantinopol[1]) — III Əhməd dönəmində 12 il 4 ay Osmanlı imperiyasının sədrəzəmi olmuş dövlət adamıdır.
Nevşəhərli Kürəkən İbrahim Paşa | |
---|---|
نيفسهيرلي دمات إبراهيم باشا | |
9 may 1718 – 1 oktyabr 1730 | |
Əvvəlki | Nişançı Mehmed Paşa |
Sonrakı | Silahdar Kürəkən Mehmed Paşa |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1666 |
Doğum yeri | |
Vəfat tarixi | 16 oktyabr 1730[1] |
Vəfat yeri | |
Fəaliyyəti | siyasətçi |
Atası | Əli ağa |
Anası | Fatma xanım |
Həyat yoldaşı | Fatma Sultan |
Uşaqları |
Gənc Mehmed Paşa Fatma xanım Hibətullah xanım |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəƏslən Nevşəhərli olan İbrahim Paşa 1662-ci ildə burada dünyaya gəlmişdir. Atası sipahi Əli ağa, anasının adı isə Fatma xanımdır (ö. 1702). Qohumlarını ziyarət etmək və iş tapmaq üçün 1689-cu ildə İstanbula gəldi. Həmin il Köhnə Sarayda qohumu olan Mustafa Əfəndinin yardımıyla əvvəlcə sarayın halvaçılar, daha sonra isə Baltaçılar ocağına daxil olur. Zamanla Köhnə Sarayın katibliyinə qədər gətirildi. Ardından Darüssəadə ağasının vəkili olaraq II Mustafanın da məskunlaşdığı Ədirnə sarayına çağırıldı. Bu əsnada Şahzadə Əhmədi yaxından tanıdı. Onun yaxın adamlarından biri oldu və gizli işləri ilə vəzifələndirildi. Ədirnə hadisələrindən sonra saray əhalisi ilə birlikdə İstanbula qayıtdı. Darüssəadə katibi olaraq 6 il fəaliyyət göstərən İbrahim Əfəndiyə bu illər ərzində vəzirlik təklif edilsə də, ölkənin müharibə şəraitində olması səbəbilə bu təklifləri qəbul etmədi. Padşaha olan yaxınlığından narazı olanların səyi ilə saraydan uzaqlaşdırıldı (22 aprel 1709). Daha sonra malları müsadirə edilərək Ədirnəyə sürgün edildi. Bir müddət sonra bağışlandı və əvvəlki vəzifəsinə gətirildi. Ancaq çox keçmədən Kürəkən Əli Paşanın Moreya səfərinə qatıldı (1715). Moreyanın geri alınmasından sonra buranın bərpası ilə vəzifələndirildi. Ertəsi il Niş dəftərdarlığına gətirilən İbrahim Əfəndi daha sonra Petervaradin səfərinə qatıldı. Sədrəzəm Kürəkən Əli Paşanın şəhid olmasının ardından aldığı tədbirlərlə ordunun dağılmasının qarşısını aldı. Ardından Ədirnəyə gələrək vəziyyəti padşaha çatdırmış, Kürəkən Əli Paşanın üzərində olan sədarət möhürünü təslim etmişdir.
Sultan Əhməd bundan sonra İbrahim Əfəndini yanından ayırmadı. Qısa zamanda vəzifələri yüksələn İbrahim Əfəndi vəzirliyə gətirildi (4 oktyabr 1716) və sabiq sədrəzəm Kürəkən Əli Paşanın dul xanımı və padşahın qızı olan Fatma Sultanla evləndirildi (19 fevral 1717). Beləliklə, saraya kürəkən olan İbrahim Paşa Avstriya səfərləri (1717-1718) əsnasında ikinci vəzir olaraq padşahın yanında qaldı. Bu əsnada sədarət namizədi seçilsə də, qəbul etmədi. Ancaq Avstriya və Venesiya ilə müharibəyə son qoyan sülh müzakirələri əsnasında şəxsən Sultan Əhmədin təklifi ilə sədarətə gətirildi (9 may 1718). Sultan Əhməd digər sədrəzəmlərdən fərqli olaraq kürəkəninə özünün istifadə etdiyi zümrüd qaşlı möhürü sədarət möhürü olaraq vermişdir.
İbrahim Paşa əvvəlcə Avstriya ilə gedən sülh müzakirələrini ələ aldı. Sülh müzakirələrinin mənfi nəticə verməsi ehtimalına qarşı ordu ilə birlikdə Ədirnədən ayrıldı və müzakirələr bitənədək Sofiyada qaldı. Nəticədə İngiltərə və Hollandiya elçilərinin də vasitəçiliyi ilə 21 iyul 1718 tarixində Pojarevatsk sülhü imzalandı.
Kürəkən İbrahim Paşa itirilən torpaqları geri almaqdan daha çox, ölkənin ictimai və maliyyə problemləri ilə məşğul oldu. Memarlıq fəaliyyətinə önəm verən İbrahim Paşa sülh imzalandıqdan sonra dərhal xəzinənin doldurulması üçün fəaliyyətə başladı. Dərhal Dəməşqdə olan yeniçərilərin bir qismini ocaqdan uzaqlaşdıraraq onların maaş xərclərindən azad oldu. Eyni vəziyyət Bosniya əyalətində də baş tutdu. Aparılan islahatlar nəticəsində 1721-ci ildə xəzinə artıq dolub daşmışdı. Əldə etdiyi bu gəlirlərlə Anadolunun müxtəlif yerlərində, xüsusilə də doğulduğu yer olan Nevşəhərdə və İstanbulda bir çox məscid, məktəb, mədrəsə, çeşmə, kitabxana, imarət, saray, qəsr və köşklər inşa etdirdi. Ancaq ölkənin sosial fəlakətinə səssiz qalan İbrahim Paşa, xüsusilə də Fransaya göndərdiyi elçinin dönməsi ilə İstanbulu Parisə bənzətmək üçün memarlıq işlərinə ağırlıq verdi. Sədabad qəsri adlanan və inşası iki ay davam edən şəxsi sarayının açılışı olduqca təntənəli oldu. Ardından digər dövlət damlarına da İstanbul boğazı sahillərində müxtəlif köşklər inşa edildi. Bu köşklərdə yay aylarında ziyafətlər, qış aylarında isə halva söhbətləri adlanan şənliklər keçirilirdi. Daha sonra Lalə dövrü adlanan bu illərdə Osmanlı reformu baş tutur. İlk türk mətbəəsi 1727-ci ildə məhz İbrahim Paşanın təşəbbüsü ilə açıldı.
Ölkəyə müxtəlif yeniliklər gətirən, sənətkar və şairləri qoruyan Nevşəhərli İbrahim Paşa bu xüsusiyyətləri ilə Osmanlı dövlət adamları arasında xüsusi yerə malikdir. Buna baxmayaraq müəyyən bir zümrədən başqa əhalinin faydalanmadığı bu yeniliklər İbrahim Paşaya olan nifrətə səbəb oldu. İmperiyanın itirdiyi torpaqlar, öz adamları və qohumlarını müxtəlif vəzifələrə gətirməsi də vəziyyəti gərginləşdirən məsələlərdən biri oldu. Səfəvilərin əleyhinə Rusiya imperiyası ilə ittifaq quran İbrahim Paşa 24 iyun 1724 tarixində İstanbul sülhünü imzaladı. Bu ittifaq ilə Qərbi İran torpaqları iki dövlət arasında bölüşdürüldü. Ancaq Səfəvilərdə də vəziyyət gərgin idi. Belə ki, 1726-cı ilin noyabrında əfqanlar üsyan başlatdı. Bu qarışıqlıq səbəbilə səfər başlasa da, bu səfərə sədrəzəm yox, Bağdad bəylərbəyi Əhməd Paşa göndərildi. Ancaq səfər məğlubiyyətlə nəticələndi. Sülh bağlansa da, mərkəzdəki düşmənləri İbrahim Paşaya qarşı müxalifət yaratdı.
Digər yandan siyasi, iqtisadi və ictimai vəziyyətin ağırlaşması Kürəkən İbrahim Paşanın gözdən düşməsinə səbəb oldu. Nəticədə İstanbulda Patron Xəlil üsyanı başladı. 1730-cu ildə baş verən, bir mənada xalq üsyanı adlanan hadisələri yatıra bilməyən İbrahim Paşa kürəkənləri ilə birlikdə saraydan gözlədiyi etimadı görmədi. Sultan Əhməd üləmadan olanların təkidi və üsyan rəhbərlərinin tələbi ilə sevimli sədrəzəmi İbrahim Paşanı və onun kürəkənləri olan sədarət kəndxudası Mehmed Paşa ilə kaptan-ı dərya Qaymaq Mustafa Paşanı üsyançılara təslim etdi. 1 oktyabr 1730 tarixində sarayda öldürülən İbrahim Paşanın cəsədi kürəkənlərinin cəsədləri ilə birlikdə üsyançılara təslim edildi. İstanbul küçələrində gəzdirilən və ardından parçalanan cəsəd sonda Sultanəhməd meydanındakı III Əhməd çeşməsi önünə buraxıldı.
İlk evliliyindən Mehmed Paşa adlı bir oğlunun olduğu və Sultan Əhmədin qızlarından Atikə Sultanla evləndirildiyi bilinir.[2] Yenə ilk evliliyindən doğulan qızı Fatma xanım (ö. 1765) kaptan-ı dərya Qaymaq Mustafa Paşayla, digər qızı Hibətullah xanım (ö. 1774) isə sədarət naibi Mehmed Paşayla evlənmişdir.
Həmçinin baxın
redaktəMənbə
redaktə- Silâhdar, Nusretnâme, II, 351-353, 360, 364, 381-382, 387-388, 391-392, 395;
- Râşid, Târih, III, 269-274, 275-278, 292, 330, 331, 348-350, 363, 364;
- Küçük Çelebizâde Âsım, Târih, İstanbul 1282, VI;
- Subhî, Târih, I, vr. 4b, 5ª-b, 6ª, 7b, 8b, 9ª, 10ª, 11ª-b, 13ª, 16ª, 17b;
- Şem‘dânîzâde, Müri’t-tevârîh (Aktepe), I, 1-16, tür.yer.;
- [Abdi], 1730 Patrona Halil İhtilâli Hakkında Bir Eser, Abdi Târihi (nşr. Faik Reşit Unat), Ankara 1943;
- Destârî Sâlih Târihi (Patrona Halil Ayaklanması Hakkında Bir Kaynak) (nşr. Bekir Sıdkı Baykal), Ankara 1962;
- De Crouzenac, Histoire de la dernière révolution arrivée dans l’Empire Ottoman, Paris 1740;
- M. de Bonnac, Mémoire historique sur l’ambassade du France à Constantinople (Publié avec un précis de ses négociations à la Porte Ottoman par M. Charles Schefer), Paris 1894;
- Ayvansarâyî, Hadîkatü’l-cevâmi‘, I, 4, 36, 41, 52, 156, 299;
- Müstakimzâde, Tuhfe, s. 30;
- Atâ Bey, Târih, II, 152-165;
- Cevdet, Târih, I, 61-68;
- Dilâverzâde Ömer Efendi, Hadîkatü’l-vüzerâ Zeyli, Freiburg 1969, s. 29-36;
- Lenoire, Nouvelle description de la ville de Constantinople avec la relation du voyage de l’ambassadeur de la Porte Ottoman et de son séjour à la cour de France, Paris 1721;
- Dürrî Efendi, Sefâretnâme-i Îrân, Paris 1820, tür.yer.;
- Mehmed Efendi (Yirmi Sekiz Çelebi), Sefâretnâme, Paris 1872, tür.yer.;
- Montagu Lady Mary Wortley, Şark Mektubları (nşr. Ahmed Refik), İstanbul 1933, tür.yer.;
- P. G. İnciciyan, XVIII. Asırda İstanbul (nşr. Hrand D. Andreasyan), İstanbul 1956, tür.yer.;
- Ahmet Refik [Altınay], Lâle Devri (1130-1143), İstanbul 1331;
- a.mlf., Hicrî Onikinci Asırda İstanbul Hayatı 1100-1200, İstanbul 1930, tür.yer.;
- a.mlf., “Dâmad İbrahim Paşa Zamanında Ürgüb ve Nevşehir”, TTEM, sene 14, nr. 3 (80), İstanbul 1340;
- Dânişmend, Kronoloji, IV, 10, 14, 16-21, 475;
- Uzunçarşılı, Osmanlı Târihi, IV/1, s. 104-323;
- K. Mikes, Türkiye Mektubları (1717-1758) (trc. Sadettin Karatay), Ankara 1944, tür.yer.;
- M. Münir Aktepe, Patrona İsyânı 1730, İstanbul 1958;
- a.mlf., 1720-1724 Osmanlı-İran Münâsebetleri, İstanbul 1970;
- a.mlf., “Nevşehirli İbrahim Paşa”, İA, IX, 234-239;
- Mehmet İpşirli, “Lâle Devrinde Teşkil Edilen Tercüme Heyetine Dâir Bazı Gözlemler”, Osmanlı İlmî ve Meslekî Cemiyetleri, İstanbul 1987, s. 33-42;
- Ali Cânib Yöntem, “Teceddüd-perver Vezirlerden İbrahim Paşa”, HM, I/5 (1923);
- M. Fuad Köprülü, “Nevşehirli İbrahim Paşa’ya Dâir Vesikalar”, a.e., sy. 1, 9, 16 (1926).
İstinadlar
redaktə- ↑ 1 2 3 4 Deutsche Nationalbibliothek Record #1018616411 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
- ↑ Necdet Sakaoğlu, Bu Mülkün Sultanları, 308.