Oguzun Bolunmesi - Wikipedia
Oğuzun bölünməsi — müxtəlif dövrlərdə oğuz tayfalarının, dillərinin və mədəni komponentlərinin tarixi proseslər nəticəsində parçalanması.
Mədəni bölünmə
redaktəAnadolu və Azərbaycan mühitləri və dillərinin bölünməsi
redaktəAzərbaycan və Türkiyə türkləri arasındakı əlaqənin tarixi Səlcuq dövrünə qədər gedib çıxsa da, sabit siyasi və dini xətlərə görə, zaman keçdikcə bu iki qrup bir-birindən mədəni olaraq ayrılmışdır.[1] Monqol işğalı Azərbaycan və Türkiyə türklərinin ayrılmasına səbəb olmuş, bu dövrdə gələn yeni türk-oğuzlar (köhnələr Səlcuq dövründə gələnlərdir) türk mühitinə yeni linqvistik elementlər əlavə edərək, Azərbaycan və Türkiyə türkləri arasında olan etnik, linqvistik və ədəbi uçurumu gücləndirmişdir.[2]
Osmanlı və Azərbaycan dillərinin bir-birindən fərqlənməyə başlaması Oğuz bölünməsi sayılır. Osmanlı və Azərbaycan dillərində fərqliliyin yaranması Osmanlı imperiyası ilə İran arasında siyasi bölünməyə görə idi. İmadəddin Nəsimi (1369-1404) dili özündən əvvəl gələnlərlə müqayisədə daha aydın bir azərbaycancada olan ilk Azərbaycan şairi idi. Oxşar xüsusiyyətlər Məhəmməd Füzulidə (1494-1556) də tapılır.[3]
Osmanlı imperiyasının yaranmasına görə, Azərbaycan və Anadolu türklərinin yaşayış sərhədləri arasında, linqvistik baxımdan demarkasiya prosesi başlamışdır.[4] Dil nöqteyi-nəzərindən baxıldığı zaman Osmanlı hökmdarı İldırım Bəyazid ilə Anadolu bəyi Qazi Bürhanəddin, Osmanlı hökmdarı Fateh Sultan Mehmet ilə Ağqoyunlu Uzun Həsən, Osmanlı hökmdarı Yavuz Sultan Səlimlə Səfəvi Şah İsmayıl Xətai arasındakı münaqişə sadəcə hərbi-siyasi deyildi. Bu tarixi hadisələrin gedişində Yaxın Şərqin türk etnomədəni ərazisinin iki əsas komponentinin, eləcə də iki türk ədəbi dilinin — Osmanlı və Azərbaycan dillərinin yayılma və təsir sahələrinin sərhədləri müəyyən edilmişdir.[5]
Əsrlər boyunca davam edən dini və siyasi ziddiyyətlərə görə, azərbaycanlılar Türkiyə türklərindən etnik baxımdan ayrılmışdır.[6] Osmanlı türkləri və Azərbaycan türkləri arasında etnik sərhəd XVI əsrdə mövcud idi, ancaq tam müəyyən edilməmişdi.[7] Digər bir mənbəyə görə, Səfəvi İranı və Osmanlı imperiyasının müəyyən edilmiş sərhədləri demək olar ki, azərbaycanlılarla Osmanlı türklərinin etnik sərhədini əks etdirir.[8] Azərbaycan dilinin digər oğuz dillərindən fərqli bir dil olaraq ayrılması prosesi XVIII əsrdə tamamlanmışdır.[9]
Şaman-dərviş və ozan-aşıq keçidləri
redaktəAzərbaycan mədəniyyətində aşıq ənənəsi XV-XVI əsrlərdə inkişaf etməyə başlamışdır. Ancaq incəsənətin özü daha qədimdir, daha əvvəlki ozan (İslamdan əvvəlki türk aşıqları) yaradıcılığı X-XI əsrlərdə mövcud idi.[10] Ozanlar oğuzlar arasında hekayə söyləyiciləri və müğənnilər idi və sənətlərini icra etmək üçün qopuzdan istifadə edirdilər. Onların oğuzlar arasında mənəvi təsiri böyük idi.[11]
Aşıq Qurbaninin dövründə (XVI əsr) qopuz çalan ozanlar saz çalan aşıqlarla əvəz edildi.[10] Digər bir mənbəyə görə, XVII əsrdə ozanlar tarix səhifəsindən silindilər. Buna səbəb türk-oğuz cəmiyyətində İslamın və onun ideologiyasının güclənməsi idi. Ərəb dilinə və ədəbiyyatına, islam ideyalarına əsaslanan ümumi mədəniyyət ozan sənətinin sütunlarına zidd idi.[11]
Necə ki, aşıq sənəti mənşəyini ozan-bəxşidən götürür, elə də dərvişliyin mənşəyi qam-şamana gedib çıxır. Sənətlərarası oxşar xüsusiyyətlər mənşə birliyinə görədir. Qam-şaman və ozan-bəxşidən dərviş sənətinə, dərviş sənətindən aşıq sənətinə çevrilmələr ənənənin yenilənməsinə səbəb olmuşdur. Əvvəllər qam, şaman, ozan, bəxşi adlandırılanların bir qismi İslamın təsiri ilə ata, baba, dədə, xoca, pir, ərən, övliya, şeyx, mürşid, abdal, iskin, kəmtər, əmrə, dərviş kimi adlandırılmağa başlanmışdır. Dərviş sənətinin təmsilçiləri arasında aşıq adlandırılanlar da var. İslam dinini qəbul edən türk boylarında ənənəni yaşadan şəxslər təkkə-təsəvvüf mövzularına yönəlmişdir. Bu istiqamət dərviş tipli türk ədəbiyyatının başlanğıcı olmuşdur. Daha çox dünyəvi mövzuları işləyən sənətçilər isə ozan ənənəsini davam etdirmişdir. Beləliklə, Azərbaycan, Anadolu və Rumeli mühitlərində dərviş və ozan istiqamətlərində sənət icra edən ənənə daşıyıcıları öz kütlələrinin sosial-mədəni ehtiyaclarını qarşılamağa çalışmışdır.[12]
Dərvişdən ozana keçid sufi zikr mərasimi vasitəsilə olmuşdur. Zikr mərasimi dərviş-aşiqə musiqi, poeziya və bəzən vəcdə gələrək edilən rəqs vasitəsilə sevginin ilahi obyekti ilə mənəvi birlik üçün lazım idi. Azərbaycan aşıq sənətində "haqq aşığı" ifadəsinin istifadəsi də dərviş mistiklərinin təsirini göstərir. Çünki haqq aşığı "müqəddəs aşıq", "həqiqətin aşığı" deməkdir. Haqq aşıqlarının sevgililərini axtarması da həqiqət və ilahi sevgi axtarışı üçün alleqoriya sayıla bilər.[13]
-
Oğuz elinin ozanı Dədə Qorqud
-
XVI əsr Azərbaycan aşığı Qurbani
-
Türkiyə ozanı Dadaloğlu
-
Şaman
-
Dərviş. Mirzə Qədim İrəvani rəsmi
Mədəniyyətdə yeri
redaktə"Kitabi-Dədə Qorqud" dastanında Salur Qazan evinin İç Oğuz bəyləri tərəfindən yağma (mülkün sahibinin icazəsi ilə qarət edilməsi mərasimi) edilməsinə icazə verir. Daş Oğuz bəyləri qarətdə iştirak etmədikləri üçün Qazana düşmən olurlar. Bu dövrdə qəhrəman Beyrək Daş Oğuzdan evlənsə də, Qazan xanın məclisində vəzifədə idi. Daş Oğuz başçısı Aruz Qoca Beyrəyin Salur Qazana qarşı çıxmaq istəmədiyini gördüyü üçün onu öldürür. İç Oğuzla Daş Oğuz arasında müharibə olur və Aruz Qoca öldürülür. Salur Qazan sağ qalan Daş Oğuz bəylərini bağışlayır.[14]
Yazıçı Anar "Dədə Qorqud" povestində İç Oğuzla Daş Oğuzun mübarizəsini təsvir edir. Daş Oğuzun başçısı Alp Aruz öz qohumlarını bir yerə yığıb İç Oğuz başçısı Salur Qazana düşmənçilik edir. Qəhrəman Beyrəyi Salur Qazana qarşı mübarizəyə dəvət edir. Beyrək razılaşmadığı üçün Alp Aruz axırda onu ölümcül yaralayır. Oğuz elində qardaş qırğını baş verir. Müharibədə ölən igidlər daşa çevrilir. Daş və İç Oğuzun bütün igidləri həlak olur.[15]
İstinadlar
redaktə- ↑ Johanson, 2021. səh. 145
- ↑ Mustafayev, 2013. səh. 344
- ↑ Johanson, 2021. səh. 164
- ↑ Сумбатзаде А. С., 1990, с. 260—261.
- ↑ Mustafayev, 2013. səh. 342
- ↑ L. Johanson. Azerbaijanian // Concise Encyclopedia of Language of the World (англ.). — Elsevier, 2009. — P. 110−113. — ISBN 978-0-08-087774-7.
- ↑ "История Востока. В 6 т. Т. 2. Восток в средние века". 2013-03-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-12-14. Orijinal mətn (rus.)
Говоря о возникновении азербайджанской культуры именно в XIV-XV вв., следует иметь в виду прежде всего литературу и другие части культуры, органически связанные с языком. Что касается материальной культуры, то она оставалась традиционной и после тюркизации местного населения. Впрочем, наличие мощного пласта иранцев, принявших участие в формировании азербайджанского этноса, наложило свой отпечаток прежде всего на лексику азербайджанского языка, в котором огромное число иранских и арабских слов. Последние вошли и в азербайджанский, и в турецкий язык главным образом через иранское посредство. Став самостоятельной, азербайджанская культура сохранила тесные связи с иранской и арабской. Они скреплялись и общей религией, и общими культурно-историческими традициями
- ↑ А.П. Новосельцев, В.Т. Пашуто, Л.В. Черепнин. Пути развития феодализма. — Наука, 1972. — С. 56—57.
- ↑ Сумбатзаде А. С., 1990, с. 266: «Таким образом, мы имеем все основания утверждать, что в XVIII в. у азербайджанцев в полной мере сформировался отличный от других языков огузской группы свой, собственный, полнокровный язык — один из определяющих признаков народа.».
- ↑ 1 2 "Ашуг в БСЭ". 2021-08-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-03-31.
- ↑ 1 2 Санубар Багирова. Anthology of ashiq. — Maison des Cultures du Monde / Министерство культуры и туризма Азербайджанской Республики, 2008. — С. 61. — 88 с.
- ↑ Durbilmez, Bayram. "Derviş sanatı ve âşık sanatı ilişkileri bağlamında Âşık Ruhsatî'nin Sıdkı Baba üzerine etkileri" (türk). 2022. İstifadə tarixi: 2024-07-24. (page 769)
- ↑ Baghirova, 2015. səh. 122-123
- ↑ Alizade, 2021. səh. 50
- ↑ Y.N.İSMAYILOVA. "KİNODASTAN - «KİTABİ-DƏDƏ QORQUD» POVESTİ ANAR YARADICILIĞININ ZİRVƏSİDİR" (az.). BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ. Humanitar elmlər seriyası. 2010. (#accessdate_missing_url) (səh. 39)
Ədəbiyyat
redaktə- Alizade, Rusen. “İç Oğuza Taş Oğuz Asi Olup Beyrek Öldüğü Boyu’nda Kozmolojik Yapı ve Ritüel.” Türkiyat MecmuasıJournal of Turkology 31, 1 (2021): 47-61. https://doi.org/10.26650/iuturkiyat.838620
- Johanson, Lars. Turkic. of Cambridge Language Surveys. Cambridge: Cambridge University Press, 2021.
- Sanubar Baghirova. (2015). "The One Who Knows the Value of Words": The Aşiq of Azerbaijan. Yearbook for Traditional Music, 47, 116–140. https://doi.org/10.5921/yeartradmusi.47.2015.0116
- Shahin Mustafayev. Ethnolinguistic Processes in the Turkic Milieu of Anatolia and Azerbaijan (14th–15th Centuries) // Contemporary Research in Turkology and Eurasian Studies (A Festschrift in Honor of Professor Tasin Gemil on the Occasion of his 70th Birthday). — Presa Universitară Clujeană, 2013.
- Сумбатзаде А. С. Азербайджанцы, этногенез и формирование народа. — "Элм", 1990. — 304 с. — ISBN 5-8066-0177-3.