Ordovik Dovru - Wikipedia
Ordovik dövrü (ordovik) — paleozoy erasının ikinci dövrü. Kembri dövründən sonra başlamış və Silur dövrü onu əvəz etmiş. 485,4 ± 1,9 milyon il əvvəl başlamış və 443,8 ± 1,5 milyon il əvvələ qədər davam etmişdir ( hardasa 42 milyon il)[1]. Bu dövrdə toplanmış müxtəlif süxurların kompleksi ordovik sistemi adlanır.
Ordovik sisteminin bölgüləri
redaktəOrdovik sistemi Silurun ordovik şöbəsinin əsasında müstəqil sistem kimi ayrılıb. Hal-hazırda ordovik sistemini üç şöbəyə və bu şöbələrin hər birini iki mərtəbəyə ayırırlar: alt ordovik şöbəsi (Oı) tremodok (Oıt) və areniq (Oıar) mərtəbələrinə; orta ordovik (O2) llanvirn (O2İn) və llandeyl (O2l) mərtəbələrinə; üst ordovik (O3) isə karadok (O3c) və aşgil (O3a) mərtəbələrinə ayrılır.[2]
Tektonika və paleocoğrafiya.
redaktəOrdovik dövründə, kembri dövrünün sonunda mövcud olan platformalar və geosinklinal qurşaqlar saxlanılmışdı. Geosinklinal qurşaqlar intensiv dağılmaya məruz qalmışdılar; geosinklinal çökəklərdə əyilmə sürətlə gedirdi. Buna görə də bu çökəklərdə, böyük qalınlığa malik (bir çox km-lər) terrigen dəniz çöküntüləri və effuzivlər toplanırdı. Hersin tektogenezinin bəzi geosinklinal çökəkləri yaranmağa başlamışdı. Ordovik dövrünün sonuna yaxın bəzi geosinklinal çökəklərdə məxsusi geosinklinal prosesi səngiməyə başladı və orogen mərhələsi ilə əvəz olundu. Bu zaman ərzində Şimali Tyan-Şanda və Ural-Monqol geosinklinal qurşağının digər strukturlarında, Atlantik geosinklinal qurşağının Appalaç və Qrampian geosinklinal əyalətlərində (birinci qurşağın cənub-qərbində, ikinci isə şimal hissəsində yerləşirlər) və digər sahələrdə bir sıra dağlıq-qırışıqlıq sistemlərinin qalxması baş verir. Ordovik dövründə platformalarda sinklizlər dərinləşməkdə davam edirdilər, yeni çökəklər yaranırdı. Şərqi Avropa platformasının cənub-qərb kənarında və Baltikyanı ərazilərdə qarılmalar daha geniş baş verirdi. Kembrinin sonunda başlayan dəniz reqressiyası, ordovik dövründə ümumi transqressiya ilə əvəz olundu.[3]
Ordovikdə epikontinental dənizlərin sahəsi o qədər genişləndi ki, bütün paleozoy erası ərzində platformalarda baş verən transqressiyaların ən böyüyü oldu. Lakin qədim platformaların hamısında ordovik transqressiyası eyni səviyyədə baş vermədi. Əgər, Şimali Amerika platformasında ordovik transqressiyası kembri transqressiyasından dəfələrlə artıq olmuş və bu platformanın demək olar ki, bütün ərazisini örtmüşdüsə, əksinə Sibir və Şərqi Avropa platformaları ərazisində ordovik transqressiyası kembri transqressiyasından xeyli zəif olmuşdu. Epikontinental dənizlərin genişlənməsi Qondvanada da müşahidə olunurdu. Ordovikin sonuna yaxın, dağəmələgəlmə prosesi ilə əlaqədar olaraq, bəzi geosinklinal sistemlərdə, xüsusən də platformaların sərhədində yerləşən sahələrdə, həm geosinklinal, həm də epikontinental dənizlər, daralıb dayazlaşmaya məruz qaldılar. Süxurların paleomaqnetizm tədqiqatlarının nəticələrinə əsasən, ordovik dövründə qütblərin yerləşməsi və iqlim zonaları, kembri dövründəki vəziyyətini saxlayırlar. Güman olunur ki, Şimal yarımkürəsində dəniz rejiminin geniş olması (müasir sərhədləri boyu), burada iqlim şəraitinin mülayim olmasını təmin etmişdir. Mütəhərrik geosinklinal zonalarda maqmatik fəaliyyət çox aktiv qeyd olunurdu: ultraəsasi süxurlar və qranitoid intruzivləri yayılmışdılar.
Çöküntütoplamanın əsas xüsusiyyətləri
redaktəOrdovik dövründə, geosinklinal kompleksin çökmə-vulkanogen formasiyaları müxtəlif tərkibli olmuşdur. Spilit-keratofir və onlara yaxın formasiyalarla yanaşı, fliş tipli terrigen formasiyalar da geniş yayılmışdılar. Vulkanogen süxurlar əsası və turş tərkibli lavalar və tuflar, tuflu brekçiyalar, tuflu qumdaşları, tuflu konqlomeratlar və s.-dən ibarət olmuşlar. Sualtı vulkanizmin məhsulları olan silisiumlu süxurlar (yəşəmlər, silisiumlu şistlər) yayıldılar. Geosinklinal formasiyalarda karbonat çöküntüləri də qeyd olunur. Transqressiyaların baş verdiyi platformalarda, karbonat formasiyası çöküntüləri - orqanogen əhəngdaşları, həmçinin gillər, şistlər, qumdaşları geniş yayılmışlar. Adətən bunlar dayaz su hövzələrinin çöküntüləridir.
Geosinklinal qurşaqlarla sərhəddə, platformalar daha intensiv qarılmaya məruz qaldıqları üçün, bu sahələrdə dərinlik çöküntülər də qeyd olunur. Platformaların dəniz çöküntülərində kukersit adlanan yanar şistlər də toplanmışlar (Estoniyada). Bəzi regionlarda ordovik çöküntülərində neftlilik qeyd olunur (Şimali Amerika platformasında sənaye əhəmiyyətli neft və qaz yataqları mövcuddur). Sibir platformasının cənub-qərbində də ordovik çöküntülərində neft və qaz əlamətləri aşkar olunmuşdur. Ordovik çöküntülərinin xırda dənəli və karbonatlı süxurlarından təşkil olunduğunu əsas götürərək, bəzi tədqiqatçılar hesab edirlər ki, ordovik dövründə platformalarda və geosinklinal sahələrdə mövcud olan quru sahələri çox az yüksəkliyə malik olublar. Ordovik çöküntülərinin çıxışları kembri çöküntüləri ilə yanaşı qeyd olunurlar; Şərqi Avropa platformasında Baltikyanı ərazidə və Timanda, Sibir platformasında, Uralda, Qazaxıstan qırışıqlıq zonasında, Altayda, Sayanda, Tyan-Şanda və bəzi digər qırışıqlıq strukturlarında ordovik çöküntüləri yayılmışlar.
Üzvi aləmi
redaktəOrdoviki xarakterizə edən üzvi qalıqlar kembriyə nisbətən xeyli zəngindir. Bitki aləmi daha çox yosunlardan ibarətdir. Quruda olan bitkilərdən psilofıtlərə yaxın olan primitiv formalar yayılmışdılar ki, bunlar da əsasən suda-quruda yaşayırdılar.[4] Kembri üçün xarakter olan dəniz canlılarından trilobitlər və çiyinayaqlılar ordovikdə xeyli sürətlə inkişaf etmişlər. Ordovikdə trilobitlər yeni cinslərlə zənginləşmişlər. Trilobitlərin təkamülü sürətlə gedirdi və bunlar həm özündən əvvəlki kembri trilobitlərindən, həm də sonrakı silur trilobitlərindən fərqlənirdilər. Ordovik çöküntülərində tapılan trilobitlərin 90 cinsi və 1200-dən çox növü məlumdur. Ordovik trilobitlərinin əsas cinsləri Asaphus, Megalaspis, İllaenus və s.- dir.
Ordovikdə buğumayaqlıların yeni, özünəməxsus dəniz heyvanları - qiqant xərçənglər qrupları yarandı. Ordovikin çiyinayaqlıları əsasən əhəng qabıqları olan kilidli formalardan ibarətdir. Onların çoxu rəhbər fauna kimi qəbul olunub: Orthis, Parambolites və s. Kilidsiz çiyinayaqlılardan isə rəhbər forma kimi Obolus qeyd olunur. Ordovik dövründə bağırsaqboşluqlu tabulatalar və dördşüalı mərcanlar inkişaf etmişlər. Bu dövrdə həmçinin dərisitikanlılar, xüsusən də onların ən qədimləri yaşamışlar. Ordovik faunasında mühüm yeri başayaqlılar tuturlar. Bunlar da hələ qabıqları hamar ən qədim formalardır. Bunların ən xarakter nümunəsi Endoceras cinsidir. Bu dövrdə qraptolitlər özlərinin yüksək inkişaf mərhələsini keçirdilər. Bu faunanın çox yayıldığı sahələrdə ordovik çöküntülərini horizontlara belə ayırmaq mümkün olmuşdur. Bu cinsin nümayəndələrindən Didymograptus, Tetragraptus, Diplograptus və digərlərini göstərmək olar. Onuğalılardan ordovik çöküntülərində nadir olan primitiv çənəsizlər tapılmışdır.[5]
Həmçinin bax
redaktə- Yerin tarixi
- Paleozoy erası
Mənbə
redaktə- Melikov Behruz. Тarixi Geologiya
İstinadlar
redaktə- ↑ "International Chronostratigraphic Chart" (PDF) (ingilis). International Commission on Stratigraphy. 2016-12. 2016-12-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-10-28.
- ↑ "Ordovician stratigraphy". 2020-08-06 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-10-28.
- ↑ Ordovician and Silurian sea–water chemistry, sea level, and climate: A synopsis Volume 296, Issues 3–4, 15 October 2010, Pages 389-413
- ↑ "Humble moss helped to cool Earth and spurred on life". 2022-07-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-10-28.
- ↑ Cooper, John D.; Miller, Richard H.; Patterson, Jacqueline (1986). A Trip Through Time: Principles of Historical Geology. Columbus: Merrill Publishing Company. pp. 247, 255–259. ISBN 0-675-20140-3.