Oruc Ibadli - Wikipedia
İbadlı Oruc Vəli oğlu (5 noyabr 1938, Dövlətyarlı, Qaryagin rayonu – 23 fevral 2015, Bakı) — Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Nəbatat Bağının sabiq direktoru, biologiya elmləri doktoru, AMEA-nın müxbir üzvü (2007).[1]
Oruc İbadlı | |
---|---|
Oruc Vəli oğlu İbadlı | |
Doğum tarixi | |
Doğum yeri | |
Vəfat tarixi | (76 yaşında) |
Vəfat yeri | |
Milliyyəti | azərbaycanlı |
Elm sahəsi | biologiya |
Elmi dərəcəsi | biologiya elmləri doktoru |
Mükafatları |
Həyatı
redaktəOruc İbadlı 5 noyabr 1938-ci ildə Füzuli rayonunun Dövlətyarlı kəndində anadan olmuşdur. 1945-ci ildə Dövlətyarlı kənd orta məktəbinə getmiş, 1955-ci ildə B. Sərdarov adına orta məktəbi əla qiymətlərlə bitirmiş, 1960-cı ildə təhsilini Gəncə Bədən Tərbiyəsi Texnikumunda davam etdirmişdir. Texnikumu bitirdikdən sonra H. Zərdabi adına Gəncə Pedaqoji İnstitutunun biologiya fakültəsinə daxil olmuş, həmin institutu müvəffəqiyyətlə başa vurmuşdur. 1967-ci ildən Azərbaycan Elmlər Akademiyasının Botanika İnstitutunun Nəbatat bağı şöbəsində kiçik elmi işçi kimi işləmiş, 1969-cu ildə həmin institutun aspiranturasına daxil olmuş, 1973-cü ildə "Azərbaycan florasından olan bəzi yabanı dekorativ bitkilərin bioloji xüsusiyyətləri və kulturası" mövzusunda namizədlik dissertasiyası müdafiə edərək biologiya elmləri namizədi adına layiq görülmüşdür. 1977-ci ildən Azərbaycan EA Botanika İnstitutunda böyük elmi işçi, 1988-ci ildən aparıcı elmi işçi vəzifəsində çalışmış, AMEA Rəyasət Heyətinin 4 fevral 2000-ci il tarixli qərarına əsasən Biologiya Elmləri Bölməsinin nəzdində müstəqil fəaliyyət göstərən Mərkəzi Nəbatat bağının direktoru seçilmişdir. Direktor seçildiyi il "Nadir və nəsli kəsilməkdə olan bitkilər" laboatoriyasını təşkil etmiş və onun rəhbəri olmuşdur.
23 fevral 2015-ci ildə vəfat etmişdir
Fəaliyyəti
redaktə200-dən çox elmi əsərin müəllifi olmaqla yanaşı 3 monoqrafiyanın, 9 kitabın, 3 müəlliflik şəhadətnaməsinin müəlifidir. 45 ildən artıqdır ki, xalq təbabəti ilə məşğul olur, müalicə bitkiləri silsiləsindən "Zəfəran", "Əzvay", "Soğan", "Qulançar və ya mərəçüyüd", "Çiriş", "Gülçülük" və s. kitablarını oxuculara təqdim etmişdir. Abşeron şəraitində geofit bitkilərinin 500-ə qədər növünün kolleksiyasını toplamışdır. Onların 150-dən çox növü təsərrüfatlara tətbiq olunmaq üçün təklif olunmuşdur.
Əsas elmi nailiyyətləri geofitlərin taksonomik tərkibini, həyatı formalarını, Qafqazda yayılmasının öyrənməkdən və onların Abşeron şəraitində becərilmə aqrotexnikasını işləyib hazırlamaqdan ibarətdir. Tədqiqatlar nəticəsində Qafqaz geofitlərinin konspekti tərtib olunmuş, 28 fəsilə 92 cinsdən olan 526 növün, o cümlədən 125 nadir və nəsli kəsilməkdə olan növün taksonomik həyatı formalarına görə 4 qrupa ayrılmışdır: kökyumrulu (88), soğanaqlıyumrulu (40), kökümsovlu (163) və soğanaqlı (235). 323 növün 150-si Abşeronda yaxşı apartasiya olunmuşdur. Onlardan 80 növü toxumdan öz-özünə cücərmə qabiliyyətinə malikdir. 60 növün toxum bankı yaradılmış və reintroduksiya yolu ilə Qafqazın müxtəlif regionlarında 30 növ yenidən bərpa olunmuşdur. Qafqaz qeofitlərini müxtəlif növ çiçək kompozisiyalarında istifadə etmək və onların uzun müddət dekorativ və effektli olması üçün 3 ballı fenospektr cədvəli işlənib hazırlanmışdır.
Qafqaz florasında itməkdə olun nadir bitki növlərinin konservasiyası, qiymətli bitkilərin Abberonda kolleksiyasının yaradılması, onların introduksiya olunması, nəsli kəsilməkdə olan növlərin qorunub saxlanması və səmərəli istifadə yolları Oruc İbadlının 2002-ci ildə işıq üzü görmüş "Qafqazın geofitləri" əsərində öz əksini tapmışdır. Onun 2005-ci ildə çap edilmiş "Konspekt qeofitov Kafkaza" əsəri də bu qəbildəndir. Əsərdə Qafqaz geofitlərinin müasir taksonomik tərkibi hərtərəfli şəkildə vermilmişdir.
Elmi axtarışlarını davam etdirmiş, 2004-cü ildə "Qafqazın geofitləri və onların Abşeronda introduksiyası" mövzusunda doktorluq dissertasiyası müdafiə edərək biologiya elmləri doktoru alimlik dərəcəsi almışdır.
O, "Qırmızı kitab"ın, Azərbaycan Sovet Ensiklopediyasının VI, IX, X cildlərinin həmmüəlliflərindən biridir. Mərkəzi Nəbatat bağının Elmi Şurasının sədri, Bakı şəhərində Aqro-Bədii Şuranın, Dənizkənarı Milli parkın Elmi-Metodik Şurasının, Meşəçilik İnstitutunun Elmi Şurasının, AMEA Botanika İnstitutunun Müdafiə Şurasının, "Elm və həyat" jurnalının redaksiya heyətinin üzvü olan Oruc İbadlı 2007-ci ilin əvvəlində AMEA-nın müxbir üzvü seçilmişdir.
Azərbaycan Milli Elmlər Akademiyasının 60 illik yubleyi ilə əlaqədar "Tərəqqi" medalı və elmdə qazandığı uğurlara görə dəfələrlə Azərbaycan MEA-nın fəxri fərmanları ilə təltif edilmiş, müxtəlif elmi, ictimai və dövlət təşkilatları tərəfindən fərmanlara, təşəkkürlərə layiq görülmüşdür.
Qarabağın ağır seyidlərindən biri Seyid Fatimə haqqında yazdığı "Seyid Əbdülbaqi şəcərəsi və seyid Fatimə kəramətləri" adlı kitabı oxucular tərəfindən maraqla qarşılanmışdır.
İstinadlar
redaktə- ↑ "İbadlı Oruc Vəli oğlu" (az.). science.gov.az. 2017. 2017-06-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-03-20.