Ozan Mehellesi - Wikipedia
Ozan məhəlləsi — Gəncənin qədim məhəllələrindən biri. Gəncə şəhəri müxtəlif səbəblərdən dəfələrlə yenidən qurulub şəhər öz yerini dəyişib. Ozan məhəlləsi son olaraq yeni Gəncənin iç qala hissəsinin cənubunda yerləşib.[1]
Ozan məhəlləsi |
---|
Haqqında
redaktəOzan məhəlləsi böyüklüyünə və qədimliyinə görə Gəncənin digər məhəllələrindən fərqlənir. Məhəllə şərti iki hissədən ibarətdir. Birinci hissə adi Ozan, ikinci hissə isə Dal Ozan kimi tanınır. Birinci hissə şimaldan Qaramanlı, cənubdan Böyük malakan, İtti küçə, qərbdən Şahsevənlər, şərqdən isə Dal Ozan və Bala Bağban məhəllələri ilə əhatələnib. Məhəllənin ikinci hissəsi olan Dal Ozan isə şimaldan Sofulu, şərqdən Zərrabi, cənubdan Bala Bağban, qərbdən isə Ozan və Səbzavat məhəllələri ilə dövrələnib. Tarixi mənbələr XIII-XIV yüzillikdə xalq sənətkarlarının yaşadığı yerlərə “Ovzan” deməsi haqda məlumatlar var. XVI-XVII yüzillikdə şəhərin indiki yerə köçməsi zamanı köhnə Gəncədə yaşayan “Ovzanlar” çox gümanki, yeni yerdə də öz qonşuluq, qohumluq əlaqələrini saxlamaq məqsədilə bir yerdə məskunlaşmışlar.[1]
Ozan məhəlləsinin Ləmsə yolu üstə tikilmiş məscidin bəzi mənbələrdə tikilmə tarixi 1884-cü il kimi göstərilir. Lakin məscidin başmaqxanasının içində, giriş qapısının üstündə onun hicrətin 1201-ci ilində tikildiyi yazılıb. Yəni Ozan məscidi 1783-cü ildə xalqın pulu hesabına tikilib. Məhəllədə doğulmuş Hacı Abbas XIX yüzilliyin ortalarında anadan olmuş və yerli mülkədar olmuşdur. Ona məxsus olan iki mərtəbəli ev XIX əsrin sonu XX əsrin əvvəllərində tikilib. Məhəllədən keçən Ləmsə yolu isə 1820-ci illərdə salınıb. Gəncəlilər almanlara o vaxtlar Ləmsə deyirdilər. Bu yol başlanğıcını Bala bəy Verdiyevin evinin yanında götürüb, İtti küçə, Bala Bağban, Todanlı, Üç təpə məhəllələrindən Göygöl rayonuna kimi uzanırdı. Məhəllənin ortasında (indiki Təbriz küçəsində) Bəylik basalağı yerləşir. Burada Əsgər bəy, Şəmil bəy, Cavad bəy, Hüseyn bəy, İbrahim və Həsən bəy qardaşları, Süleyman bəy, Hacı Hüseyn bəy, Sünnülər-Məşədi Məmməd bəy və digər bəylər yaşayırdılar. Onlar əsasən heyvandarlıq və əkinçiliklə məşğul olurdular. Məhəllədə XIX əsrdə mövcud olmuş Qırx kilimçi, Xocalı basalaqlarının yerində sonradan Mahrasa bağı məhəlləsi salınıb.[1]
Məhəllədə yerləşən El yolu küçəsində xeyriyyəçi Bala Məşədinin 2 mərtəbəli evi, Difaiçi Molla Məhəmməd Pişnamazzadənin mülkü, Bağır bəy Rəfibəylinin 2 mərtəbəli evi yerləşir. Bağır bəy Rəfibəylinin evi bir zamanlar orta məktəb, rəssamlıq məktəbi olub. Hal-hazırda isə binada Gigiyena və Epidemiologiya mərkəzi fəaliyyət göstərir.
Ozan məhəlləsində Gəncə üsyanının fəal iştirakçısı, pedaqoq Əliqara bəy Məmmədov, inqilabçı Fərhad və Hidayət Eminbəylilər, rejissor Adil İsgəndərov, professor Kəbutər Səfərov, Niyaz Səfərov, Rəhim Mehtiyev, Zülfüqar Məmmədov yaşayıblar. Çar ordusunun polkovniki olmuş Şahverdi xan Ziyadxanovun mülkü də bu məhəllədə yerləşirdi. Ev bir mərtəbəli olub, kərpiclə tikilmişdir. Təxminən, 1960-cı illərdə ev uçurularaq, yerində 1 saylı orta məktəbin yeni korpusu inşa olunmuşdur.
1804-cü ilin may ayında aparılan siyahıyaalınmaya əsasən məhəllədə 60 evin olduğu, 205 (100 kişi, 105 qadın) nəfər əhalinin yaşadığı qeyd edilmişdir. 1916-ci ildə aparılan statistikaya əsasən isə məhəllədə 792 ailə yaşayıb. Məhəllə sakinləri bağçaçılıq, əkinçilik və qismən ticarətlə məşğul olurdular.[1][2]
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ 1 2 3 4 Hamlet Allahverdiyev. "Ozan məhəlləsi". ganca.org. 23 sentyabr 2011. 2020-12-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 dekabr 2019.
- ↑ Fərrux Əhmədov. Gəncənin tarix yaddaşı. Bakı: Şirvannəşr. 1998.