Pire Mehemmed Xan Ustacli - Wikipedia
Pirə Məhəmməd xan Ustaclı (?-1581) — qızılbaş sərkərdəsi, Ərdəbil hakimi.
Pirə Məhəmməd xan Ustaclı | |
---|---|
1571 – 1578 | |
1578 – 1581 | |
Şəxsi məlumatlar | |
Vəfat tarixi | |
Fəaliyyəti | hərbi lider[d] |
Uşağı | Əlixan bəy |
Həyatı
redaktəPirə Məhəmməd bəy şahın oğlu İmamqulu mirzənin lələsi idi.
Xalxal vilayətinin Tarum mahalı Səfəvilər dövlətinin ilk illərində ustaclılar tərəfindən məskunlaşdırılmışdı. Sonralar bu mahalı Ustaclı elinin nümayəndələri tərəfindən idarə olunurdu. İskəndər bəy Münşi yazır: "Tarum, Xalxal və bəzi [digər] mahallar Pirə Məhəmməd xana tapşırıldı".
Pirə Məhəmməd bəy I Şah Təhmasibin fərmanı ilə 1571-ci ildə Gilan əyalətinin Biyəpiş vilayətinin hakimi təyin olunmuşdu. İskəndər bəy Münşi yazır:
"Əzəmətli əmirlər [isə belə özbaşına hərəkətə yol verdiklərinə görə] ittiham edildilər. Allahqulu sultan Gilan əyalətindən kənar olundu, o vilayətin var-yoxu cavan şahzadə İmamqulu mirzənin lələsi Pirə Məhəmməd xan Ustaclıya verildi".[1]
II Şah İsmayıl ilk növbədə yerinə keçə biləcək şahzadələri məhv etməyi qərara aldı. O, bu məqsədlə Mustafa mirzəni «himayə etməyi» adlı-sanlı ustaclı əmirlərindən olan Pirə Məhəmməd xana tapşırdı. Ustaclı həmtayfaları başa düşürdülər ki, şah onların «taxt-taca sədaqətini» sınaqdan keçirmək üçün dəhşətli üsul düşünmüşdür. İskəndər bəy Münşinin dediyi kimi, Pirə Məhəmməd öz əlini şah sülaləsi nümayəndəsinin qanına bulamaq istəməsə də qəzəbli şahın əmrindən boyun da qaçıra bilməzdi. Çünki o, öz tayfasının şah qarşısındakı günahını yumaq istəyirdi. Beləliklə, Mustafa mirzə Pirə Məhəmməd xanın evinə çatdırıldı və bir neçə gündən sonra boğulub öldürüldü. İskəndər bəy Münşi yazır:"[Sultan Mustafa] bütün işlərdə Sultan Heydərlə müttəfiq idi. Cənnətməkan şahın vəfatından sonra ustaclı əmirləri Sultan Heydər Mirzəni şah etmək üçün ona birləşib dövlətxanaya hücum etdikləri vaxt cənab [Sultan Mustafa mirzə] də onlarla birlikdə idi.
Sultan Heydər mirzənin öldürülməsindən sonra onun təbəələri arasında təfriqə düşdüyü zaman cənab mirzə Qəzvindən çıxaraq özünə mülazimlik edən bayat elinə doğru üz tutdu. Hacı Üveys Sultan Bayat onu tutub İsmayıl mirzənin yanına gətirdi və mirzəni Pirə Məhəmməd xan Ustaclıya tapşırdılar. Ustaclı əmirləri özlərinin xilasını o şahzadənin edam olunmasında görüb, o cavan şahzadəni Pirə Məhəmməd xanın evində həlak etdilər ki, bu barədə İsmayıl mirzənin padşahlığının təsviri zamanı danışılacaqdır".[2]
Pirə Məhəmməd xan Şah Sultan Məhəmməd Xudabəndənin hakimiyyəti illərinin ilk çağında, 1578-ci ildə xan ünvanı ilə Ərdəbil hakimi təyin edildi. Bir müddətdən sonra, 1580-ci ildə saraya çağrıldı.
Pirə Məhəmməd xan 1581-ci ildə vəfat etdi.
Pirə Məhəmməd xan II Şah İsmayılın qaynatası idi. Başqa qızı Əmir xan Mosullu-Türkmanın oğlu Murad xanın həyat yoldaşı idi.
Pirə Məhəmməd bəyin Əlixan bəy adlı oğlu vardı.
Mənbə
redaktə- Ənvər Çingizoğlu. Qarşı yatan Qaradağ. Bakı, "Ozan", 1998.– 192 səh.
- Ənvər Çingizoğlu,Qaradağlılar. Bakı, "Şuşa" nəşriyatı, 2008. – 160 səh.
- Ənvər Çingizoğlu, Qaradağ xanlığı, Bakı, "Mütərcim", 2011. – 212 səh.