Pulcuqluqanadlilar - Wikipedia
Pulcuqluqanadlılar (lat. Lepidoptera) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinə aid heyvan dəstəsi. Məlum növlərin sayına görə kəpənəklər böcəklərdən sonra ikinci yeri tutur. Kəpənəklər ölçüsünə, rənginə və həyat tərzinə görə həddən artıq müxtəlifdir[2].
Pulcuqluqanadlılar | ||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||||
Domen: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Aləm: Yarımaləm: Klad: Klad: Ranqsız: Tipüstü: Ranqsız: Ranqsız: Tip: Klad: Yarımtip: Sinif: Ranqsız: Yarımsinif: Budaq: İnfrasinif: Ranqsız: Dəstəüstü: Ranqsız: Dəstə: Pulcuqluqanadlılar |
||||||||||||
Beynəlxalq elmi adı | ||||||||||||
|
Xarici quruluşu
redaktəKəpənəklərin bədəni, bütün digər həşəratlar kimi, üç əsas hissədən ibarətdir: baş, döş və qarıncıq[3]. Bığcıqları (və ya antenaları) qılşəkilli, sapşəkilli, daraqşəkilli, iynəşəkilli, lələkşəkilli və s. formada olub, duyğu orqanları rolunu oynayır. Erkəklərin bığcıqları dişilərə nisbətən daha çox inkişaf etmişdir, çoxbuğumludur və başda, gözlərin üstündə yerləşmişdir. Kəpənəklərin gözləri iki tipdədir- başın yanlarında bir cüt iri faset göz və təpədə sadə gözcüklər. Faset gözlər çoxlu fasetlərdən- hər biri kiçik ayrıca gözə-ommatidiyə uyğun gələn və buynuz qişadan, büllur konusdan, bir dəstə görmə çubuğundan ibarət olan altıbucaqlı sahələrdən təşkil olunmuşdur. Hər bir faset ayrılıqda əşyanın, ancaq bir hissəsini görür. Ümumilikdə isə mürəkkəb mozaik təsvir alınır. Kəpənəklərin ağız aparatı- çiçəklərdən nektar, su, ağaclardan axan şirəni və b. mayeni sormağa uyğunlaşmış uzun xortumcuqdan ibarətdir. O, güclü şəkildə uzanaraq boruya çevrilmiş alt dodaqlardan əmələ gəlmişdir. Sakit vəziyyətdə spiralvari yığılır. Bəzi fəsilələrin nümayəndələrində (Lasiocampidae, Lymantriidae, Saturniidae və b.) xortumcuq reduksiyaya uğramışdır. İbtidai kəpənəklərin çox az növlü yalnız bir fəsiləsində (Micropterygidae-dişli ilkin güvələr) kəpənəklərin ağız aparatı-tırtıllarda olduğu kimi, gəmirici tipdədir. Ümumilikdə kəpənəklərin başı xırda olub, gövdədən xeyli kiçikdir[3]. Bədənin növbəti şöbəsi-üzərində 2 cüt qanad və 3 cüt ayaq olan döşdür. Qanadlar uçmağa, ayaqlar isə substrat üzərində hərəkətə xidmət edir. Bədənə nisbətən qanadları çox böyükdür, pərdəlidir, qanad lövhəsinə sərtlik verən damarları vardır. Hər bir fəsilənin öz damarlanma tipi vardır ki, bu da sistematikada böyük əhəmiyyət kəsb edir. Qanadların və bədənin bütün səthi, şəffaf xitindən müxtəlif formalı sıxlaşmış tükcüklərdən ibarət olan və içərisində rəngi müəyyənləşdirən müxtəlif rəngli piqment dənəcikləri olan pulcuqlarla örtülmüşdür. Elə növlər vardır ki, pulcuqlu örtük zəif ifadə olunmuşdur; bunun nəticəsində qanadlar şəffaf və ya yarımşəffaf olur. Qanadların forması da çox rəngarəngdir. Bir qayda olaraq, qabaq qanadlar arxa qanadlardan böyük olur və onların arasındakı müxtəlif konstruksiyalı qarmaqlar uçuş zamanı sol və sağ cütü vahid səth şəklinə salır[3]. Ayaqların hər 3 cütü bir sıra buğumlardan ibarətdir və yeriş tiplidir. Onlar 5 buğumlu çanaq, burma, bud, baldır və pəncədən ibarətdir. Bəzən ayaqların qabaq cütü tam inkişaf etmir, o zaman ayaqların müxtəlif cütlərində buğumların sayı eyni olmur. Bir qayda olaraq, baldırda bir-iki cüt mahmız və tikan olur. Döş üç seqmentə bölünür, hər seqmentin üzərində bir cüt ayaq olur[3]. Qanadlar isə ikinci və üçüncü seqmentlərə birləşir. Bel tərəfdən ikinci seqmentə tequllar da birləşir. Bunlar qabaq qanadların əsasını örtən, pulcuq və tükcüklərlə sıx örtülmüş cüt törəmələrdir.
Çoxalması və inkişafı
redaktəBütün kəpənəklər ayrıcinsli olub, cinsi yolla çoxalıllar[4]. Partenogenez çox nadir hallarda müşahidə edilir. Hermafrodit fərdlərə isə nadir halda rast gəlinir. Kəpənəklərin çoxalması yumurta vasitəsilə baş verir[4]. Cütləşmədən tezliklə sonra (bir neçə saat və ya bir neçə gün) və ya bir neçə ay keçdikdən sonra yumurtaqoyma baş verir; özü də bütün hallarda yumurta tırtılın yem substratına, ya da onun bilavasitə yaxınlığında torpağa qoyulur. Bəzi növləri bütün yumurtaları birdən, topa halında qoyur, başqaları bir neçə ədəd halında bitkiyə və ya torpağa səpələyir[4]. Yumurtalar formaca müxtəlifdir (dairəvi, oval, uzunsov, çəlləkvari, yarımkürəvi və s.) bərk qabıqla (xorionom) örtülmüşdür. Qabıq müxtəlif rənglərdə, səthi isə müxtəlif quruluşda olur. BU əlamətlərə görə ayrı-ayrı növləri fərqləndirmək olar. İldə bir neçə nəsil verən növlərdə yumurta fazası qısadır (bir neçə gün), başqalarında isə daha uzunmüddətlidir. İnkişafı tam çevrilmə ilə gedən böcəklər Holometabola qrupuna aiddirlər[5]. Holometamorfozun fazaları-yumurta, sürfə (və ya tırtıl), pup və yetkin fərddir. Kəpənəklər kimi, sürfələrin də bədən forması və rəngi çox müxtəlifdir[5]. Onların rəngi qoruyucu və ya qorxuducu olur. Bədənin səthi çılpaq, hamardır, ya da az və ya çox dərəcədə sıx, uzun və ya gödək tükcüklərlə, qıllarla, tikanlarla, bəzən isə iri, sərt, qılıncşəkilli şişginliklə örtülmüşdür. Tırtıllarda 3 cüt buğumlu döş ayaqları və 5 cüt yalançı qarın ayaqları vardır. Döş ayaqlarının sayı daimdir, ancaq qarın ayaqları 2 cütə qədər azala bilər; 5 cütdən çox isə heç vaxt olmur[5]. Ağız aparatı gəmirici tiplidir, bəzən o qədər güclü olur ki, möhkəm palıd, qoz və ya cökə oduncağını gəmirir (ağacyonanlar fəsiləsi). Əksər hallarda tırtıllar açıq yaşayır, ancaq gecə qidalanaraq, gündüz müxtəlif sığınacaqlarda gizlənən növlər də vardır (bir çox haflar, sovkalar, satirlər və ipəksarıyanlar). Bəziləri müxtəlif materiallardan-quru yarpaq, budaq gəmirtiləri, qum dənələri, xırda daşlar, tük lifləri və s.-dən istifadə edərək içəridən ipək liflərlə bərkidilmiş evciklər və ya örtüklər tikib, bunun içində yaşayırlar. Özu də evciyin materialı və "arxitekturası" hər bir növdə özunəməxsus olub, növün müəyyənləşdirilməsi üçün mühüm əlamətlərdən sayılır. Böyük əksəriyyətində 20–45 gündən 2–3 ilədək çəkən inkişafını bitirdikdən və 4–6 dəfə qabıq qoyduqdan sonra tırtıllar qısamüddətli (2–3 gündən artıq olmayaraq) pupqabağı mərhələyə düşürlər. Bu müddətdə onlar qidalanmır, ölçüləri kiçilir, bağırsaqları ekskrementlərdən tamamilə təmizlənir və tırtıl qabığını ataraq pupa çevrilir[5]. Pupların bədən forması da rəngarəngdir-çəlləkvarı, iyvarı, bucaqlı, silindrik və s. Bir qayda olaraq, onlar qəhvəyi və ya tünd qəhvəyi, bəzən boz və ya yaşıl, xallı olur. Bəzən onların bədəni tük dəstələri və ya parlaq metallik xallarla örtülü olur. Pupun arxa hissəsinin, yəni kəpənəyin qarıncığına uyğun olan hissənin ucunda itiləşmə-kremaster yerləşir. Onun forması və üzərindəki qarmaqlarla tikanların vəziyyəti sistematik əhəmiyyət daşıyır. Pup qidalanmır, hərəkətsiz uzanır, yalnız hərdənbir qarın hissəsini o tərəf-bu tərəfə əyə bilir[5]. İldə bir neçə nəsil verən növlərdə pup fazası qısa olub, 10–15 gün çəkir (çəmən pərvanəsi, pambıq sovkası), ancaq elə növlər də vardır ki, onların pup fazası bir neçə aydan bir ilə qədər və daha çox davam edir. Pupdan yenicə çıxmış kəpənəyin qanadları yumşaq, gövdəsi isə böyük olur. Qanad damarları boş borucuqlardan ibarətdir. Budağa, ot üzərinə və s. çıxan kəpənək qanadlarını çalmağa başlayır və onlar sanki göz önündə "böyüyür". Bu, onun hesabına baş verir ki, gövdədən damarlara hemolimfa (qan) vurulur, çətir milləri çətirin parçasını açdığı kimi, damarlar da qanadları dartıb açır. Bu proses bir saata yaxın (bəzən daha tez) davam edir. Qanadlar adi ölçüsünü alır, quruyur, bərkiyir, istifadə olunmamış maye bədəndən xaric edilir, gövdə kiçilir və kəpənək uçmağa hazır olur. Kəpənəyin pupdan uçması ilə bu həşərat dəstəsinin metamorfozu başa çatır[5].
Təsnifatı
redaktəMüasir təsnifata görə Kəpənəklər dəstəsi (Lepidoptera) üç yarımdəstəyə bölünür: Çənəlilər (Laciniata), Bərabərqanadlılar (Jugata), Müxtəlifqanadlılar (Frenata). Gün ərzində fəallıq zamanına görə gündüz və gecə kəpənəkləri ayırd edilir. Bundan başqa, əvvəllər onları iki qrupa-Macrolepidoptera və Microlepidoptera (iri və kiçik) da ayırırdılar, Ancaq bu bölgü süni olub sistematikada heç bir əhəmiyyət daşımır. Azərbaycanda, öyrənilmə dərəcəsi heç də eyni olmayan 82 pulcuqqanad fəsiləsinə rast gəlinir. Bu gün üçün haqqında daha tam məlumat olan fəsilələr-sancaqbığlılar (8 fəsilə, 220-dən artıq növ), sovkalar (1 fəsilə, 716 növ) və bir sıra gecə kəpənəkləridir.
Təbiətdə rolu
redaktəBilavasitə ziyan, ancaq tırtıllar tərəfindən vurulur, kəpənəklərin özləri zərər vermir. Əksinə, çiçəkləri, bitkiləri tozlandırmaqla, onlar fayda verirlər, Ancaq elələri də vardır ki, ümumiyyətlə qidalanmır və tozlanmada iştirak etmir, əvəzində onların tırtılları kütləvi şəkildə çoxalaraq bütöv meşə massivlərini və meyvə bağlarını çılpaq qoyur[6]. Kəpənəklər arasında şübhəsiz, faydalı növlər də vardır. Bunlardan, heç nə ilə əvəz edilməyən təbii ipək verən tut ipəkqurdudu, eləcə də tırtılları yazda tək ipəksarıyanın yumurtalarını yeyən, geniş yayılmış yalançı əlvanqanadı (Syntomis phegea L.) göstərmək olar[7].
Şəkillər
redaktəHəmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ Integrated Taxonomic Information System (ing.). 2005.
- ↑ "Arxivlənmiş surət". 2022-08-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-10-25.
- ↑ 1 2 3 4 "Arxivlənmiş surət" (PDF). 2021-05-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2018-10-25.
- ↑ 1 2 3 "Arxivlənmiş surət". 2022-05-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-10-25.
- ↑ 1 2 3 4 5 6 "Arxivlənmiş surət". 2018-11-03 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-10-25.
- ↑ "Arxivlənmiş surət". 2022-03-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-10-25.
- ↑ "Arxivlənmiş surət". 2022-07-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-10-25.
Ədəbiyyat
redaktə- Azərbaycanın heyvanlar aləmi. II cild. Bakı: "Elm",2004; səh. 199–261