Qizil Ordanin Azerbaycana Yurusleri - Wikipedia
Bu məqalənin ensiklopedik tələblərə cavab vermədiyinə dair şübhələr var. |
Bu məqalədə heç bir məlumatın mənbəsi göstərilməmişdir. |
Qızıl Ordanın Azərbaycana yürüşləri — 1240-1502-ci illərdə mövcud olmuş Qızıl Ordanın Azərbaycana sahib olmaq üçün Şirvanşahlar, Hülakülər və Teymurilərlə etdiyi müharibələr.
Yürüşlərin səbəbləri
redaktəAzərbaycanda Hülakular dövləti yarandığı zamandan etibarən həmin dövlətlə Qızıl Orda xanları arasında tez-tez hərbi toqquşmalar baş vermişdir. Ərəb tarixçiləri bu mübarizənin səbəbini dini təfriqə ilə əlaqələndirirlər. Tarixi faktlardan görünür ki, iki dövlət arasındakı ziddiyyətlər Hülakularin İslam dinini qəbul etdikdən (XIII əsrin sonu) sonra da davam etmişdir. Bu da həmin dövlətlər arasındakı münaqişənin dinlə əlaqədar olmadığını göstərir.
Qızıl Orda xanları Azərbaycanı öz əraziləri hesab etmiş və bu ərazinin Elxanilər dövlətinə daxil edilməsini qeyri-qanuni saymışlar. Onlar öz iddialarını Çingiz xanın vəsiyyətinə görə Azərbaycanın Batı xanın payına düşməsi ilə əsaslandırmağa çalışmışlar.
Şərqlə Qərbi birləşdirən əsas karvan yollarından biri Azərbaycandan keçirdi və Qızıl Orda dövlətinin Misirlə ticarətinin əsas hissəsi bu yolla gedirdi. Azərbaycanda Elxanilər dövləti təşkil edildikdən sonra Qızıl Orda tacirlərinin Misirlə, digər Şərq və Qərb ölkələri ilə ticarət əlaqələrinə ciddi maneə yarandı. Azərbaycan ərazisindən çekən tacirlər böyük məbləğdə gömrük haqqı verməli oldular. Azərbaycanda xeyli təbii otlaq vardı və bu, köçəri tayfalar üçün əlverişli idi.
Qızıl Orda xanları da Azərbaycanın bu təbii üstünlüyünü nəzərə alaraq ölkəni ələ keçirməyə can atırdılar.
Elxanilər dövləti Azərbaycanda ticarətdən, sənətkarlıqdan çoxlu vəsait əldə edirdi. Qızıl Orda xanlan Azərbaycanı istismar etmək, onun təbii sərvətlərinə sahib olmaq istəyirdilər.
Azərbaycan tarix boyu əlverişli strateji mövqeyə malik olmuşdur. Elxanilər şimaldan təhlükəsizliyi təmin etmək üçün, ilk növbədə, Azərbaycanda möhkəmlənməli və ölkənin təbii üstünlüklərindən müdafiə məqsədilə istifadə etməli idilər. Qızıl Orda dövləti də bu cəhəti nəzərə alaraq Elxaniləri Azərbaycandan məhrum etməyə və onları daim təhlükə qarşısında saxlamağa cəhd göstərirdi.
Beləliklə, Elxanilər dövlətinin təşəkkül tapması və Azərbaycanın həmin siyasi qurumun mərkəzi vilayətinə çevrilməsi Qızıl Orda dövlətinin mənafeyinə zidd idi.[mənbə göstərin]
Yürüşlərin ümumi səciyyəvi cəhətləri
redaktəQızılordalıların hər bir yürüşü zamanı Azərbaycan ərazisi (xüsusilə Şirvan) işğalçılar tərəfindən tapdalanır, əhalisi qarət edilir, iqtisadiyyatına böyük ziyan vurulurdu. Qızıl Orda qoşunu çox halda Kür çayının sahillərinə kimi gəlir və belə vaxtlarda Kür çayı iki monqol qoşunu arasında sərhəd xətti rolunu oynayırdı. Qızıl Orda xanları Azərbaycanın yerli feodalları ilə əlaqə saxlayır, onlarla əlbir olub, ölkəni ələ keçirməyə cəhd göstərirdilər. Şirvanşahlarla qızılordalıların ittifaqı daha sıx idi. Bu hal Şirvanın həmin dövlətlə bilavasitə həmsərhəd olmasından irəli gəlirdi. Qızılordalıların Təbrizədək gedərək bütün Azərbaycanı zəbt etdikləri vaxtlar olmuşdur.[mənbə göstərin]
Qızıl Ordanın Hülakü xanın dövründə Azərbaycana yürüşü
redaktəQızılordalılarla Elxanilər arasında ilk toqquşma hələ Hülakü xanın (1256-1265) hakimiyyəti dövründə baş verdi. Qızıl Orda hökmdarı Bərkə xan (1256-1266) sərkərdə Noqayın başçılığı ilə 30 minlik qoşunu Şirvana göndərdi. Hülakü xan vilayətlərdən qoşun topladı və Şirvana yola saldı. Dərbənd Hülakü xan tərəfindən tutuldu. Elxanilərin qoşunu qızılordalıların izləyərək Terek çayına yetişdi. Bərkə xan Elxanilərin üzərinə yeni qüvvələr göndərdi. 1263-cı il yanvarın 13-də Terek çayı sahilində baş vermiş qanlı vuruşmada Hülakü qoşunu məğlubiyyətə uğradı və Şabrana doğru geri çəkildi. Dərbənd şəhəri yenidən qızılordalıların əlinə keçdi.
Qızıl Ordanın Abaqa xanın dövründə Azərbaycana yürüşü
redaktəQızılordalıların Azərbaycana ikinci yürüşü Abaqa xanın (1265-1282) dövründə verdi. Qızıl Orda əmiri Noqay müxtəlif bəhanələrlə Dərbəndi keçdi və Şirvana soxuldu. O, ilk növbədə, Şirvanı, Arranı və Muğanı, sonra isə Azərbaycanın cənub vilayətlərini ələ keçirməyə can atdı. 1265-ci il iyulun 25-də Hülakü sərkərdəsi Yuşmut Noqaya qarşı hərəkət etdi. Ağsu çayı sahilindəki vuruşmada Noqay yaralandı, onun qoşunu məğlub olaraq Kür çayının şimalına doğru geri çəkildi. Abaqa xan çayı keçdi, lakin Bərkənin böyük hərbi qüvvə ilə buraya gəldiyini öyrənib geri döndü. Düşmənin cənuba doğru irəliləməsinin qarşısını almaq üçün çayın üzərindəki bütün körpülər dağıdıldı. Bərkə 14 gün Kürün şimal sahilində qaldı və çayın cənub sahilinə keçə bilmədi. O, Kür çayını keçmək məqsədilə Tiflisə tərəf getdi, lakin yolda xəstələndi və öldü. Qızıl Orda qoşunu geri qayıtmağa məcbur oldu.
Qızıl Ordanın Arqun xanın dövründə Azərbaycana yürüşü
redaktəQızıl Orda qoşunlarının ölkəyə üçüncü yürüşü Arqunun zamanında (1282-1291) baş verdi. Dərbənddən Azərbaycana 50 minlik qoşun göndərildi. Lakin 1288-ci ilin mayında Arqun xanın Biləsuvardan Şamaxıya gəldiyini eşidən düşmən geri qayıtmağı lazım bildi.
Qızılordalılar Azərbaycana dördüncü dəfə 1290-cı ilin martında yürüş etdilər. Arqun xanın başçılığı ilə düşmənə qarşı çıxmış Elxani qoşunu aprelin 27-də Qarasu adlanan yerdə Dərbənddən şimalda onunla üz-üzə gəldi. Baş vermiş qanlı vuruşmada 10 minlik Qızıl Orda qoşunu məğlub edildi.
Qazan xanın dövründə Qızıl Orda dövləti ilə münasibətlər
redaktəQızıl Orda dövlətində siyasi vəziyyətin pisləşməsi ilə əlaqədar Azərbaycana olan yürüşlər bir müddət kəsildi. Lakin Sultan Mahmud Qazan xanın (1295-1304) hakimiyyəti dövründə şimaldan Azərbaycana basqınlar yenidən başlandı. Elxanilərin Misir məmlükləri ilə müharibələri qızılordalıları Azərbaycanı zəbt etməyə şirnikləndirdi. Qazan xan şimal sərhədlərinin daha da möhkəmləndirilməsini lazım bildi. O, Əmir Nurinin başçılığı ilə Şirvana əlavə qoşun hissələri göndərdi və qızılordalılar döyüşə girmədən geri çəkilməli oldular.
Qızıl Ordanın Əbu Səidin və Arpa xanın dövründə Azərbaycana yürüşü
redaktəQızıl Orda ilə Elxanilər dövlətinin münasibətləri 1315-ci ildə yenidən pisləşdi və getdikcə kəskinləşdi. Sultan Əbu Səid Bahadur xanin (1316-1335) hakimiyyəti dövründə Azərbaycanın daxili vəziyyətinin pisləşməsindən istifadə edən qızılordalılar buranı ələ keçirməyə səy göstərdilər. Qızıl Orda xanı Özbək (1312-1340) Misir məmlükləri ilə ittifaq bağladı və hər iki tərəfin qoşunları 1318-ci ildə Elxanilər dövləti ərazisinə basqın etdilər. Qızıl Orda qoşunu Kür çayının sahillərinə qədər gəldi. Həmin dövrdə Elxanilər dövlətinin şimal-şərqində (Xorasanda) mərkəzi hakimiyyətə qarşı üsyan baş verdi. Elxanilər dövləti üçtərəfli təhlükə qarşısında qaldı. Elxani sultanı Əbu Səid hərbi qüvvələri səfərbər etdi və hər üç istiqamətə qoşun hissələri göndərildi. Lakin Elxanilərin əsas qüvvələri şimala — Özbək xana qarşı yönəldildi və baş Əmir Çoban Sulduzun idarə etdiyi həmin hissələr qızılordalıları məğlubiyyətə uğratdılar. Bundan sonra Çoban özü iki dəfə (1319 və 1325-ci illərdə) Qızıl Orda dövlətinin ərazisinə basqın etdi. 1335-ci ildə Özbək iki dəfə Azərbaycana soxuldu. Onun ilk yürüşü zamanı Əbu Səid Bağdad və Diyarbəkir qoşununu Arrana göndərdi və sonra da özü buraya gəldi. Əbu Səidin gəlişi Özbək xanın geri çəkilməsinə səbəb oldu. Lakin bu zaman Əbu Səid daxili ziddiyyətlərin qurbanı oldu (öz arvadı Bağdad xatun tərəfindən Qarabağda zəhərləndi). Onun ölümü ilə ölkə daxilindəki vəziyyət son dərəcə gərginləşdi. Əbu Səid in ölüm xəbərini almış Özbək yenidən Azərbaycana soxuldu və Kür çayına qədə irəlilədi. Əbu Səidin varisi Arpa xan (1335-1336) 45 gün qızılordalılarla vaxtaşırı vuruşaraq düşməni ölkədən qovmağa nail oldu.
Çobanilər dövründə qızılordalıların Azərbaycan yürüşü
redaktə1352-ci ildə Məlik Əşrəf Sulduzun zülmünə qarşı Qarabağda Dəli Bayazidin başçılığı ilə qalxmış Qarabağ üsyanı (1343-1356) çətinliklə yatırıldı. Məlik Əşrəf bundan sonra tərkidünyalığa, ruh düşkünküyünə qapıldı və dövlət işləri ilə fəal məşğul olmadı. Azərbaycanda yaranmış vəziyyətdən istifadə edən Qızıl Orda xanı Canı bəy 1357-ci ildə buraya gələrək yerli feodalların müşayiəti ilə Təbrizə daxil oldu və Məlik Əşrəfi edam etdirdi. Bu dövrdə Şirvanşahlar Çobanilərə qarşı mübarizəni davam etdirirdilər və bu məqsədlə şimal qonşuları olan Qızıl Orda xanı ilə əlaqədə idilər. Qızıl Orda xanı Canı bəy 1357-ci ildə Şirvan ərazisini maneəsiz keçərək Təbrizə daxil olanda Şirvanşah Kavus ibn Keyqubad da Canı bəylə Təbrizə gəldi və Çobani əmiri Əşrəfin öldürülməsində yaxından iştirak etdi. Çobani feodalları 1338-1357-ci illərdəki fəaliyyətləri dövründə Azərbaycanda və onların nüfuz dairələrində olan ərazidə Hülakuların təsirindən azad, müstəqil dövlət təsis etmədilər. Onlar bütün fəaliyyətləri dövründə Hülakular dövlətinin müdafiəsi bayrağı altında mübarizə apardılar və dövləti Hülaku şahzadələrinin (Satıbəy xatunun, Süleyman xanın, Ənuşirəvani Adilin və Həsən xanın) adından idarə etdilər. Çobanilər dövründə orta əsrlərdə Şərq dövlətlərində səltənət rəmzi hesab olunan sikkə zərbi və xütbə oxunuşu mərasimi onların adından deyil, Hülaku şahzadələrinin adından həyata keçirilirdi, fərmanlar da Hülakularin adından verilirdi. Çobanilər əməli olaraq hakimiyyəti ələ aldılar, lakin onlar qonşu dövlətlər tərəfindən müstəqil, tamhüquqlu dövlətin hökmdarları kimi tanınmadılar. Məlik Əşrəfin öldürülməsi ilə Çobanlılar sülaləsinin Azərbaycanda Hülakular dövlətinin mühafizəsi uğrundakı mübarizəsi də başa çatdı və Hülakular dövləti 1357-ci ildə süqut etdi.Azərbaycanda hakimiyyəti ələ almış Canı bəy oğlu Bərdi bəyi Təbrizdə taxta oturtdu və geri döndü. Bərdi bəy cəmi iki ay hakimiyyətdə qaldı və atasının xəstələndiyini eşidib Qızıl Orda dövlətinə qayıtdı.