Qizilburun Yasayis Yeri - Wikipedia
Qızılburun – Naxçıvan şəhərindən 18 km cənubda, Təzəkənd yaxınlığında e.ə. II – I miniliklərə aid yaşayış yeri.
Qızılburun | |
---|---|
Ölkə | Azərbaycan |
Yerləşir | Təzəkənd |
Tikilmə tarixi | e.ə. II – I miniliklər |
Üslubu | arxeoloji abidə |
İstinad nöm. | 49 |
Kateqoriya | Yaşayış yeri, Məbəd |
Əhəmiyyəti | Dünya əhəmiyyətli |
|
Tədqiqi
redaktəCoğrafi cəhətdən əlverişli mövqedə, Araz çayının sol sahilində, Zəngəzur silsiləsinin Araz vadisinə enən burnunda salınmış abidə 1926 – cı ildə qeydə alınmışdır. 1969-cu ildə Qızılburun yaşayış yerində 100 m² sahədə arxeoloji tədqiqatlar aparılmışdır. Mədəni təbəqənin qalınlığı 2 m olub, kül qarışıq torpaq laylarından ibarətdir. Burada tikinti qalıqları, keramika, davar sümükləri, həmçinin gildən hazırlanmış ocaq yeri, daş məmulatı (çaxmaqdaşıdan oraq dişləri, obsidiandan ox ucluqları, sürtgəclər və s.) aşkar edilmişdir.
Əldə olunmuş çəhrayı, bəzən isə boz və qara rəngli keramika məmulatı (küpə, çaydan, vaza və sair), ornamentlərinin rəngarəng süjetli olmaları ilə diqqəti cəlb edən bir sıra polixrom boyalı qablar öz bədii tərtibatına görə nəinki Azərbaycanın, eləcə də qədim dünyanın ən nadir incəsənət nümunələrindən sayılır.[1]
Abidədən əldə edilmiş maraqlı tapıntılardan biri də gildən hazırlanmış kişi fiqurudur. Fiqurun başında şiş papaq, əynində arxalıq vardır. Üzəri qırmızı və qara rənglərlə naxışlanmışdır.
Qızılburun nekropolu
redaktəQızılburun yaşayış yerinin yaxınlığında yerləşən Qızılburun nekropolu Tunc və İlk Dəmir dövrlərinə aid arxeoloji abidədir. Abidənin bir hissəsi Naxçıvan – Culfa dəmir yolu xəttinin çəkilişi zamanı dağıdılmışdır. Şərqdə dağ silsiləsi, şimalda dərin xəndək, qərbdə yaşayış məskəni və Araz çayı ilə hüdudlanan nekropol 1895 – ci ildə aşkar olunmuşdur. Açılmış qəbirlərdə qızıl əşyaların olduğunu görən Güney Azərbaycandan gəlmiş erməni keşişləri məzarlıqdakı bütün qəbirləri qarət etmişlər. Lakin sərhəd gözətçi məntəqəsinin qarətin qarşısını qismən ala bilmiş və əldə olunmuş materialların bir hissəsi toplanılaraq Moskvaya, İmperator Arxeoloji Komissiyasına göndərilmişdir.[2]
1896 – cı ildə arxeoloji komissiyanın göstərişi ilə qəbiristanlıqda qazıntı işləri aparılmış, tapıntılar isə Moskva Dövlət Tarix Muzeyinə göndərilmişdir. Muzeyə göndərilmiş maddi mədəniyyət nümunələri 1909 – cu ildə tədqiq edilərək nəşr olunmuşdur.
Qızılburun nekropolunda aparılmış arxeoloji qazıntılar nəticəsində daş qutu qəbirlərində meyitlərin bükülü, bəzən isə oturdulmuş halda basdırıldığı aşkar edilmişdir. Qəbirlərdən küpə, çölmək, kasa, vaza, çaydan tipli qablar, tunc xəncərlər, ox ucluqları, toppuzlar, dəmir alət və silahlar, gözəl bədii tərtibatda hazırlanmış qızıl bəzək əşyaları (bilərziklər, asmalar, sancaqlar), əqiq və pastadan hazırlanmış muncuqlar və digər mədəniyyət nümunələri tapılmışdır.
Tunc dövrünün qırmızı rəngli qabları qara və qəhvəyi, yaxud, qara və qırmızı boyalarla çəkilmiş həndəsi naxışlarla, bəzən də insan və heyvan təsvirləri ilə bəzədilmişdir. İlk Dəmir dövrünə aid qablar qırmızı boya ilə, nisbətən enli xəttlərlə naxışlanmışdır. Qızılvəng boyalı qabları Boyalı Qablar mədəniyyətinə aiddir. Q[3] Bu mədəniyyətin sahibləri patriarxal – icma quruluşunda yaşamış, əkinçilik və maldarlıqla məşğul olmuşlar.
Qızılvəng boyalı qabları ilə oxşar keramika nümunələri Türkiyədə (Boğazköy, Əlişarhöyük), Güney Azərbaycanda (Təpə Sialk, Göytəpə, Təpəhissar), Ermənistanda (Təzəkənd) aşkar edilmişdir. Nekropol ərazisində həmçinin sonrakı tarixi dövrdə inşa edilmiş Qızılvəng monastırı da vardır.
Qızılvəng monastırı
redaktəQızılburun nekropolu ərazisində yerləşən Qızılvəng monastırı orta əsrlərə aid xristian məbədidir. Məbəd yaxşı yonulmuş qırmızı tuf daşı və bişmiş kərpicdən inşa edilmişdir. Salamat qalmış əsas kilsə binasının daxilində on səkkiz freskla vardır. Bunlardan səkkizi böyük dördkünc sütunlar üzərində, onu isə günbəzdə çəkilmişdir.