Qedim Roma Medeniyyeti - Wikipedia
Qədim Roma mədəniyyəti
redaktəMemarlıq
redaktəRomalılar yunan memarlığından geniş istifadə edirdilər. Yunan şəhərlərinin, Karfagenin tutulması, ellin həyatı ilə tanışlıq Romada incəsənətə böyük maraq yaranmasına səbəb olmuşdur. Bu şəhərlərin və yunan əyanlarının həyatı Roma əyanları üçün nümunəyə çevrilmişdi. Roma tikintiləri dövlətin əzəmət və qüdrətini nümayiş etdirməli idi. Onlar memarlığa bir sıra yeniliklər gətirdilər. Betonu ixtira etdilər. Bu ixtira qədim romalılara tağlar, günbəzlər və qübbələr tikməyə imkan verirdi. Tağ (Arka) qövs şəklində örtüyə deyilir. Tağdan zəfər tağlarında, körpü, bina, su kəməri tikintisində geniş istifadə olunurdu. Qübbə qövs şəklində tavana deyilir. Günbəz tərsinə çevrilmiş cam şəklində tavana deyilir. Allahların məbədi sayılan və indiyə qədər qalan Panteon günbəzin ən gözəl nümunəsidir. Memarlığın əsas müvəffəqiyyəti imperiyanın yüksəlişi dövrünə, yəni e.ə. I əsrin 20-ci illəri və eramızın II əsrinə təsadüf edir. Memarlıqdan imperatoru şöhrətləndirmək və imperiyanın qüdrətini təbliğ məqsədilə daha geniş istifadə etmişlər. I əsrin ortalarında möhtəşəm memarlıq kompozisiyaları yaradılmışdır. Roma şəhərində “Qızıl ev” adlandırılan Neron sarayı, Flavilər sarayı, Flavilər dövründə Kolizey, Adrianın zamanında Panteon abidələri gözəl memarlıq nümunələridir. Son dövr Roma incəsənətində yaradılmış bədii formalar orta əsr Avropa bədii mədəniyyətinin təməli sayılır.
Heykəltəraşlıq
redaktəRomada heykəltəraşlığın özünəməxsus xüsusiyyəti var idi. Onlar yunanların və şərqdən gətirdikləri heykəllərin surətini çıxarır və yenilərini yaradırdılar. Yunanlardan fərqli olaraq Roma heykəlləri bütöv heykəllər idi və adamlar paltarlı təsvir edilirdi. E.ə. III-I əsrlərdə təsviri sənətdə portret-heykəllər və büstlər əsas yer tutmuşdur.
Musiqi
redaktəRoma musiqisi ellinizm mədəniyyətinin təsiri altında inkişaf edərək, məişətə əsaslanan musiqili poetik janrlar (toy, yas, ziyafət və s.) yaranırdı. İmperiya dövründə musiqi mədəniyyəti xüsusilə rəngarəng olmuşdur. Roma musiqi aləmində yunan kifaraçıları, İsgəndəriyyə müğənniləri, Əndəlis rəqqasələri fəaliyyət göstərmişlər. Eramızın I əsrinin sonunda imperator Domisian “Kapitoli yarışları”nın əsasını qoymuşdur. Burada həm şairlər, həm də musiqi xadimləri təmsil olunmuşlar. Bu dövrdə müğənni Tigelli, aktyor-müğənni Apelli, kifaraçı Kritli Mesomed və s. şöhrət qazanmışdır.
Din
redaktə12 Olimp allahı: Yupiter (yunanlarda Zevs), Yunona (Hera), Neptun (Poseydon), Minevra (Afina), Mars (Ares), Venera (Afrodita), Diana (Artemida), Vulkan (Hefest), Vesta (Hestiya), Merkuri (Hermes), Serera (Demetra) və Apollon (yunanlarda eyni adda) romalılar tərəfindən qəbul olunmuşdur. E.ə. III əsrin sonlarında Kiçik Asiyadan Romaya allahların böyük anası "İlahi ana"ya həsr olunmuş ibadət ayini keçmişdir. "İlahi ana"ya həsr olunmuş məbəd Kiçik Asiyanın Pessinunt şəhərində yerləşirdi. Bu məbəddəki Böyük ananın ruhunu özündə saxlayan meteorit də Romaya gətirilib Palatin təpəsində yerləşmiş Viktoriya məbədinə qoyulmuşdu.
Roma poeziyası və elm
redaktəƏdəbiyyat
redaktəE.ə.IV-III əsrlərdə Roma yazılı ədəbiyyatının əsasını Anni Klavdi qoymuşdur. Romanın ilk yazarları azad edilmiş qullar olmuşdur. Qul Livi Andronik “Odisseya” ilə bərabər digər yunan faciə və komediyalarını da latın dilinə çevirmişdir. Milli eposun banilərindən sayılan Kvint Enni yunan ədiblərinin əsərlərini latın dilinə çevirir və bu əsərlər əsasında latın dilində əsərlər yaradırdı. O, “İlliada” və “Odisseya”nı təqlid edərək “Salnamə” adlı böyük həcmli bir mənzumə yazmışdı. Bu mənzumədə əfsanəvi dövrlərdən eradan əvvəl II əsrə qədər olan Roma tarixindən bəhs olunur. Onu da qeyd etmək lazımdır ki, Romada böyük şöhrət qazanan komediya janrında da mövzu və ideya cəhətdən yunan komediyaları təqlid edilirdi.
Romada ilk faciə müəllifləri Pakuvi və Aktsi, ilk komedislər isə Plavt və Terensi idilər. Plavt yunan komediyalarını Roma şəraitinə uyğun dəyişdirir, öz zəmanəsinin adət və əxlaqında müşayiət olunan gerilik və eybəcərlikləri gülüş obyektinə çevirirdi. O, öz əsərlərini canlı xalq dilində yazmışdı. Klassik dövr Roma ədəbiyyatının ən görkəmli nümayəndələri M.P.Vergili, Horatsi və Ovidi olmuşdur. Bu dövrdə Roma ədəbiyyatının şöhrəti yalnız Roma imperiyasında deyil, bütün İtaliyada geniş yayılmışdı.
Roma ədəbiyyatı yunan ədəbiyyatı ilə bağlı idi. E.ə. I əsr və eramızın birinci əsri Roma poeziyasının «qızıl dövrü» adlanırdı. İmperator Avqust şairləri himayə edirdi. Onun dostu, varlı Mesenat şairlərə qayğı göstərir, onun evi şairlərin üzünə açıq idi. Onlardan səxavətini əsirgəmirdi. Sonralar «mesenat» varlı incəsənət himayəçisi mənasında işlənməyə başladı.
Roma şairlərindən biri Vergili (e.ə. 70-19) idi. O, imperator Avqustun sifarişi ilə 12 cilddən ibarət «Eneida» poemasını yazmışdır. Aktsi vuruşması (e.ə. 31) bu poemada təsvir edilmişdi. Vergili bu əsərində Troyanın müdafiəçisi, ilahə oğlu, romalıların atası sayılan Eneyin başına gələn hadisələrdən bəhs edir. Eney Troya şəhərindən qoca atasını çıxarır, bir müddətdən sonra İtaliyaya — Romaya gəlir və burada məskən salır. Eney atasının ruhu ilə görüşmək üçün yeraltı səltənətə gedir. Atasının ruhu ona xəbər verir ki, onun nəsli Romanın əsasını qoyacaq. Eney özünün gələcək nəslini və onların arasında Avqustun təntənəsini görür. Avqust Romaya dinclik gətirəcək. Vergili poemasında Avqustun və onun dövrünü təsvir etmiş, bu zaman qədim əfsanələrdən məharətlə yararlanmışdır.
Elm
redaktəE.ə. 88-ci ildə diktator Sulla Apellikonun kitabxanasının Afinadan Romaya köçürülməsi nəticəsində Aristotelin əsərləri aşkar olundu və getdikcə onun fəlsəfı baxışları sönməz bir maraq obyektinə çevrildi. Bir çox elm sahələri tədqiqata cəlb olundu. Göy cismlərini planlı şəkildə müşahidə edən isgəndəriyyəli Menelay həm də sferik həndəsə və triqonometriyaya aid əsərlər yazdı. Onun həmyerlisi Heron isə (e.ə.I əsr) tətbiqi mexanikaya, həndəsi optikaya aid əsərlər yaratdı. Heronun elmi-nəzəri fikirləri Ptolemeyin yaradıcılığında daha da inkişaf etdirildi. Ptolemey özünün məşhur “Almagest” əsərində dünyanın geosentrik sisteminə dair geniş izahat verdi.
E.ə. I əsrdə yaşamış Tit Lukretsi Kar «Cisimlərin təbiəti haqqında» fəlsəfi poemasını şeirlə yazmışdır. Görkəmli şair və alim olan Lukretsi bu əsərində insanın və təbiətin tarixi haqqında o dövrün qabaqcıl ideyalarını əks etdirmişdir. Onun fikrincə, təbiət atomlardan ibarətdir. Onlar bir-biri ilə birləşərək yeri, səma cisimlərini, canlı varlıqları və insanların ruhlarını yaradır. Onun dediyinə görə, əkinçilik, od, incəsənət, yazı allahın insanlara mərhəməti nəticəsində verilməmişdir, insan bütün bunları zəhməti bahasına əldə etmişdir.
Romada elmin müxtəlif sahələri inkişaf etmişdi. Varron (e.ə. II-I əsrlər) «Kənd təsərrüfatı haqqında», «Latın dili haqqında» kitablar, Vitruli (e.ə. I əsr) «Memarlıq» haqqında dərslik yazmışdı.
Böyük Plininin yazdığı «Təbiət tarixi» əsəri 37 kitabdan ibarətdir və dövrümüzə qədər gəlib çatmışdır. Bu kitablarda Roma, Şərq, Yunanıstan alimlərinin astronomiyaya, təbabətə, kənd təsərrüfatına və başqa sahələrə aid yazılmış əsərlərinin məzmunu verilmişdir. Kitabda I əsrdə Aralıq dənizi sahillərindəki ölkələrin elmi bilikləri toplanmışdı. Plini Vezuvi vulkanını öyrənmək üçün ona çox yaxınlaşmış və bu zaman həlak olmuşdur.
Roma mədəniyyəti böyük tarixi əhəmiyyətə malikdir. Bu mədəniyyət Roma imperiyasının hər yerində yayılmışdı. İmperiyanın əyalət əyanları özlərini romalılara oxşadırdılar, onların dilini öyrənirdilər. Roma nümunəsində şəhərlər salınır, yollar çəkilir, körpülər tikilirdi. Latın dili və yunan əlifbası əsasında tərtib edilmiş latın əlifbası geniş yayılmışdı. Latın dili uzun müddət elmi dil olaraq qalmış, orta əsrlərdə Avropanın bütün əhalisi bu dildə oxuyub yazmışdı. Tibbdə indi də bu dil işlənir. Latın dili italyan, fransız, rumın və digər xalqların dilləri üçün əsas olmuşdur.
Yuli Sezarın tapşırığı ilə İsgəndəriyyədə təqvim tərtib edilmişdi. Bu təqvim indi də bəzi dəyişikliklərlə işlənir. İndiki ayların adında latın adları qalmaqdadır. İyul ayı Yuli Sezarın şərəfinə, Avqust imperator Avqustun şərəfinə adlandırılmışdır. Romada il mart ayında başlandığına görə sentyabr yeddinci, dekabr onuncu ay hesab edilirdi. Romalılar yunan mədəniyyətini inkişaf etdirmiş, ona bir sıra yeniliklər gətirmişdilər. Yunan və Roma mədəniyyətini antik mədəniyyət, yəni qədim mədəniyyət adlandırırlar. Bu mədəniyyət dünyanın bir sıra ölkələrinə yayılmış, Avropanın və bütün dünyanın gələcək mədəniyyətinin inkişafı üçün zəmin olmuşdur.
Mənbə
redaktə- Y.Həsənov. Qədim Roma tarixi. Bakı, 1975.
- Кузищин В.И.и др. История древнего Рима, М.,1994
- Васильев А.А. История Византийской империи, СПб., 1998
- Петряков А. Великие Цезари. Творцы Римской Империи. — М., СПб.: Яуза, Эксмо, 2011.
- Шифман И. Ш. Цезарь Август. — Ленинград: «Наука». 1990.
- История Древнего мира в 3-ех т., Издание третье/Ред. И. М. Дьяконова, В. Д. Нероновой, И. С. Свенцицкой — М.:Издательство «Наука», 1989
Xarici keçid
redaktə- Галерея античного искусства: Греция, Рим — поиск по БД на сайте История Древнего Рима (rus.)
- Древнеримское искусство на портале art-dom.ru
- Искусство древнеримской цивилизации
- Интернет-источники по истории Древнего Рима (ing.)
- Roma Antiqua Arxivləşdirilib 2009-08-21 at the Wayback Machine — галерея фотографий римской скульптуры и архитектуры (ing.)