Qabdulla Tukay - Wikipedia
Məhəmmədarif oğlu Abdulla Tuqay ili (tatar Габдулла Тукай, Ğabdulla Tuqay, عبدالله توقاي; 14 (26) aprel 1886, Quşlauç[d], Kazan qəzası[d], Kazan quberniyası, Rusiya imperiyası[1] – 2 (15) aprel 1913, Klyaçinsk ambulatoriyası[d], Kazan, Kazan qəzası[d], Kazan quberniyası, Rusiya imperiyası[2]) – Tatarıstan Xalq şairi, publisist, ədəbi tənqidçi, ictimai xadim və tərcüməçi. Tatar ədəbiyyatında tənqidi realizmin banisi.[3]
Abdulla Tuqay (tatar Габдулла Тукай, Ğabdulla Tuqay, عبدالله توقاي) | |
---|---|
Məhəmmədarif oğlu Abdulla Tuqay ili | |
Doğum tarixi | 14 (26) aprel 1886 |
Doğum yeri |
|
Vəfat tarixi | 2 (15) aprel 1913 (26 yaşında) |
Vəfat yeri |
|
Vəfat səbəbi | vərəm |
Dəfn yeri |
|
Milliyyəti | tatar |
Fəaliyyəti | şair, yazıçı, ədəbiyyat tənqidçisi, tərcüməçi, publisist, ictimai xadim |
Əsərlərinin dili | Tatar dili, rus dili |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəAbdulla Tuqay 26 aprel 1886-cı ildə Kazan quberniyasının Quşlauç kəndində doğulmuşdur. Kiçik yaşlarından yetim qalmışdır. İbtidai təhsilini Kırlay kənd mədrəsəsində almışdır. 1895-ci ildən sonra Uralsk şəhərində bibisinin yanında yaşamışdır. Burada Mutiullah mədrəsəsində oxumuşdur. Eyni zamanda mədrəsənin yanındakı rus sinfində də oxumuşdur. Orada tatar xalq ədəbiyyatı ilə yanaşı, ərəb, fars, türk, rus və digər xalqların ədəbiyyatları, Şərq və Qərb mədəniyyətləri ilə tanış olmuşdur.[3]
Yaradıcılığı
redaktəAbdulla Tuqay mədrəsədə oxuyarkən şeirlər yazmağa başlamışdır. O, mürəttip işləmiş, "Fikir", "Əl-islax" qəzetində, "Yalt-Yult" ("Şəfəq"), "Əl-əsr əl-cədid" ("Yeni əsr") jurnallarında çalışmışdır. 1908–1909-cu illərdə Kamal Əliəsgər ilə birlikdə "Yaşen" ("İldırım") adlı jurnalı buraxmışdı. Abdulla Tuqay həftəlik nəşr olunan "Əl-islax" qəzetində işləyərkən tatar yazıçısı, publisist Fatih Əmirxanla dostlaşır. Avropada təhsil alan Fatih Əmirxanın şairin dünyagörüşünün, düşüncələrinin, poetik istedadının formalaşmasında böyük rolu olmuşdur. Həmçinin şairin 1910-cu ildən çap olunan "Yalt-yult" jurnalında da zəhməti əvəzsizdir.[3]
O, 1905-ci ildə Kazana gəlmiş, şəhərdə baş verən qiyam hərəkətlərində iştirak etmişdir. Onun formalaşmasında o dövrdəki ədəbi-mədəni mühitin də rolu olmuşdur. Abdulla Tuqayın yaradıcılığında "Molla Nəsrəddin" jurnalının və Mirzə Ələkbər Sabirin təsiri hiss olunur. O, həmçinin N. Nərimanovla da dost olmuşdur. Belə ki, onların dostluq münasibətləri N. Nərimanovun Həştərxanda sürgündə olarkən 1911-ci ildə Abdulla Tukayın ora getməsi ilə başlamışdır. Abdulla Tuqay gənc ikən vərəm xəstəliyinə tutulmuş və N. Nərimoanov da onun ilk həkimi olmuşdur.[3]
Abdulla Tuqayın şifahi xalq ədəbiyyatının və uşaq ədəbiyyatının inkişafında əvəzsiz xidmətləri olmuşdur. O, məktəbyaşlılar üçün 30-dan çox kitab, xalq ədəbiyyatının tədqiqatı ilə bağlı 4 kitab nəşr etdirmişdir. Habelə Abdulla Tuqay üçün vacib məsələlərdən biri də Tatar Milli Teatrının formalaşması, inkişafı idi. Teatrın yaranmasında şairin gənclik dostu tatar aktyoru və rejissoru Abdulla Kariyevin böyük rolu olmuşdur. Abdulla Tuqay Kazana gələndən sonra yazdığı ilk şeirlərdən biri məhz teatrla bağlı olub. O, teatrın xalqın həyatında əhəmiyyətini dərk edərək "Teatr" adlı şeir yazmışdı.
1911-ci ilin sonu 1912-ci ilin ilk aylarını Uçildə keçirən şair burada tatar xalqının çəkdiyi əzabları qələmə almışdır, lakin şairin xəstəliyi günü-gündən artır, vəziyyəti ağırlaşırdı. O, 1912-ci ilin yayında dostu Fatih Əmirxanla yeni ədəbi-bədii jurnal çap etmək istəyirlər. Jurnalın naşiri Ahmədqaraya Həsəniylə birlikdə qərara gəlirlər ki, jurnalın adı "Anq" ("Şüur") olsun. Jurnalın ilk nömrəsində Tukay yazır:[3]
Dostlar, hər necə olsa da zülmət dağıldı
Haydı iş başına! Bizə aydınlıq lazımdı – Gözlərin aydını, zehnin aydını... |
1913-cü ildə Abdulla Tuqayın səhhəti qəflətən pisləşir, lakin buna baxmayaraq, şair yaradıcılığına davam edir. Belə ki o, şeirlərində dəfələrlə L. N. Tolstoya müraciət edir, alim və mütəfəkkir Şəhabəttin Mərcanidən yazır. Ədibin həmin dövrdə "Oyanış haqqında ilk iş", "Yubileylə əlaqədar", "İki xatırlatma" adlı publisistik məqalələri və "Böyük yubileylə bağlı xalqın ümidləri", "Şaxta" şeirləri işıq üzü görmüşdür.
Əsərləri dəfələrlə nəşr olunmuş şairin şeirləri dünyanın bir çox dillərinə, o cümlədən Azərbayca dilinə tərcümə edilmişdir. Hətta Böyük Vətən müharibəsinin ağır illərində (1943) nəşriyyatlardan biri onun kitabını nəşr etmişdir. Şairin 2011-ci ildə "Millətim" adlı kitabı Bakıda işıq üzü görmüşdür. Habelə Bakıda, Qazaxıstanda, Özbəkistanda adına küçələr var.[3]
Ədibin poema-nağılı əsasında bəstəkar Fərid Yarulli "Şurale" baletini yazmışdır. Abdulla Tuqayın əsərləri əsasında R. Qubaydullinin "Kisekbaş", A. Bəkirovun "Su adamı" baletləri, N. Jiqanovun "Kırlay" simfoniyası, B. Urmanç, İ. Kazakov, B. Almenonov və F. Aminovun heykəltəraşlıq və rəsm əsərləri ərsəyə gəlmişdir.[3]
Tatarıstanda ən yaxşı ədəbiyyat və incəsənət əsərlərinə görə Abdulla Tuqay mükafatı təsis edilmişdir. Həmçinin TÜRKSOY-un Nazirlər Şurasını mayın 19–22-də Moldovanın Qaqauz Yeri Muxtar Vilayətində keçirilmiş 27-ci toplantısında 2011-ci il tatar şairi "Abdulla Tuqay ili" elan edilib. Mərkəzi meydan, Kazanın ən qədim küçələrindən biri, habelə Tatarıstanın keçmiş Çelninski rayonu şairin adını daşıyır. Eyni zamanda şəhərdə Abdulla Tuqay adına Ədəbiyyat Muzeyi fəaliyyət göstərir.[3][4]
Vəfatı
redaktəAbdulla Tuqay 15 aprel 1913-cü ildə 26 yaşında vərəm xəstəliyindən vəfat etmişdir.[3]
Qalereya
redaktə-
Abdulla Tuqay (sağ tərəfdə). 1905-ci il
-
Abdulla Tuqay xəstəxanada (1913-cü il)
İstinadlar
redaktə- ↑ 1 2 National Library of the Republic of Tatarstan. 1865.
- ↑ 1 2 Тукай Габдулла // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохорова 3-е изд. Москва: Советская энциклопедия, 1969.
- ↑ 1 2 3 4 5 6 7 8 9 "Əbədi iz qoyan sənətkar – Abdulla Tuqay" (Azərbaycan). kaspi.az. 18-4-2018 tarixində arxivləşdirilib.
- ↑ Mehparə Sultanova. "Xalqlarımız arasında daimi mədəniyyət mübadiləsi olmalıdır" (Azərbaycan). anl.az. 26-1-2022 tarixində arxivləşdirilib.