Qafqaz Esiri - Wikipedia
Bu məqaləni vikiləşdirmək lazımdır. |
"Qafqaz əsiri" (rus. Кавказский пленник; 1820–1821) — Aleksandr Puşkinin bayronsayağı cənub poemaları silsiləsindən olan ilk poeması. Puşkin poemanı yazmağa Qurzufda başlamış, 20 fevral 1821-ci ildə Kamenkada (Vasili Davıdov adına) tamamlamışdır.
Puşkin Cənuba sürgün ediləndən sonra məşhur "Cənub poemaları"nı yazmışdır. Bu silsilədən olan poemaların birincisi "Qafqaz əsiri"dir. "Qafqaz əsiri"nin yaranması Puşkinin "Çaadayevə" və "Qara şal" kimi üsyankar şeirlərini yazdığı illərə təsadüf edir. Sürgün illərinin məhsulu olan bu əsər şairin öz yaşadıqlarının təsviridir.
Puşkinin bütün poemalarında real həyat, məişət səhnələrinin təsviri əsas yer tutur. Bu cəhət Puşkin poeziyasına məxsus başlıca xüsusiyyətdir. Bu xüsusiyyəti "Qafqaz əsiri"ndə görürük. Poemanın ikinci hissəsində Qafqaz gözəlinin dili ilə qadın əsarəti, qızların öz valideynləri tərəfidən bir qul kimi alınıb-satılması aydın və düzgün təsvir olunub. Əsir rusun qıza dediyi sözlərdə şairin şəxsi taleyini də duymaq çətin deyil. Poemada Qafqaz təbiətinin təsviri, şairin Qafqaza olan məhəbbəti də aydın ifadə olunur.
Puşkinin lisey şeirlərindən olan "Yudinə məktub" və "Qəsəbə" şeirlərində olan əfvali-ruhiyyəyə çoşqun azadlıq həsrəti, kübar cəmiyyətdən narazılıq "Qafqaz əsiri" poeması üçün də səciyyəvidir. Poemanın qəhrəmanı əsir Rusiyanın kübar aləmindən, dvoryan həyatından narazı və küsülüdür.[1]
"Qafqaz əsiri" birinci dəfə nəşr olunduğu zaman oxucuların diqqətini bu əsərdə Qafqaz təbiətinin yüksək bir şeiriyyətlə təsvir edilməsi də cəlb etmişdi. "Qafqaz əsiri" poemasında Puşkin öz psixologiyası etibarilə mənsub olduğu sinifdən, dvoryanlıqdan yenicə ayrılmağa başlayan, mövcud cəmiyyət quruluşundan, "yüksək" dvoryan cəmiyyəti həyatından narazılığı, küsgün olan liberal dvoryan ziyalılarının tipik surətini yaratmışdır. Bu əsir hələ kamala çatmamış, onun xəyalları pərişan, arzuları qeyri-müəyyəndir. Onun təbiətində zəif cəhətlər çoxdur. Ancaq həlledici bir üstün cəhət var: Azadlıq həsrəti.
- ↑ "Puşkinin "Qafqaz əsiri"ni yazdığı şəhər - Kamenka haqda maraqlı məlumatlar". Puşkinin "Qafqaz əsiri"ni yazdığı şəhər - Kamenka haqda maraqlı məlumatlar (az.). İstifadə tarixi: 2024-11-21.