Qan Ve Demir Nitq - Wikipedia
Qan və dəmir(alm Blut und Eisen) — Almaniya kansleri Otto fon Bismarkın 1862-ci il sentyabr ayının 30-da Almaniyanın birləşməsilə əlaqədar olan çıxışının başlığı. Nitqinin son hissələrində işlədilən bu sözlər Bismarkın ən məşhur sitatlarından birinə çevrilmişdir.
1862-ci ilin sentyabr ayında kral I Vilhelmin hərbi xərclərin artırılmasına dair tələbi Prusiya Əyalət Məclisində liberalların maneələrilə üzləşdi. Bununla əlaqədar olaraq Prusiya kralı I Vilhelm mühafizəkarların dəstəklədiyi Bismarkı baş nazir və xarici işlər naziri təyin etdi. Bir neçə gündən sonra Bismark Prusiya Əyalət Məclisinin Büdcə Komitəsinin qarşısında çıxış etdi və hərbi hazırlığın vacibliyini vurğuladı. Bismark öz çıxışını bu sözlərlə sonlandırdı:
Prusiyanın Almaniyadakı mövqeyi onun liberal olub-olmaması ilə deyil, hərbi gücü ilə müəyyən olunacaq. Prusiya hərbi cəhətdən güclənməyə çalışmalı və artıq biz bir neçə dəfə dəyərləndirə bilmədiyimiz şansları dəyərləndirməliyik. Vyana müqaviləsində ədalətsiz şəkildə çəkilən Prusiya sərhədləri daxilində çox yaşaya bilmərik. Artıq problemlər 1848–1849-cu illərdə bizim üçün böyük səhv olduğunu bildiyimiz danışıqlar və müzakirələr zəminində yox, "qan və dəmir"lə həll olunacaq.
Bismark çox uğurlu diplomat olmaqla yanaşı, işlətdiyi "qan və dəmir" ifadəsi onun xarici siyasətini təsvir edirdi. Çünki, Bismark Almaniyanın birləşməsi və Avropada nüfuzunun, təsirinin artırılması üçün silah gücündən istifadədə tərəddüd etməmişdir.