Qanligol Bendi - Wikipedia
Qanlıgöl bəndi — Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Kükü kəndindən şimalda Keçəldağın ətəyində yerləşən tarixi-memarlıq abidəsi.
Qanlıgöl bəndi | |
---|---|
Ölkə | Azərbaycan |
Şəhər | Naxçıvan |
Yerləşir | Şahbuz rayonunun Kükü kəndi |
Üslubu | Naxçıvan memarlıq məktəbi |
Vəziyyəti | fəaliyyət göstərir |
Əhəmiyyəti | Yerli əhəmiyyətli |
|
Küküçayın hövzə sində Dərələyəz silsiləsinin ətəyində, 2420 metr yüksəklikdə yerləşən və el arasında "Qanlıgöl" adlanan su anbarının qarşısında inşa edilmişdir. XVI əsrdən başlayaraq burada bir neçə dəfə bənd tikilmiş, ancaq möhkəm olmadığı üçün yazda qar-yağış sularından yaranan sellərə davam gətirməyərək dağılmışdır. XIX yüzilliyin ortalarında Naxçıvan da qəza rəisi işləyən A.P.Şahingirey burada bənd tikdirmişdir. Bu haqda məlumat gölün cənub tərəfində olan qaramtıl rəngli iri qaya parçası üzərində ərəb-fars və rus dilində həkk edilən kitabədə öz əksini tapmışdır. Ərəb əlifbası ilə yazılan kitabə çox narın hərflərlə yazıldığı üçün zaman keçdikcə aşınmış və oxunuşu çətinləşmişdir. Kitabədən görünür ki, Qanlı gölün qarşısındakı bənd 1865-ci ildə Naxçıvan mülkədarı 2-ci Kalbalı xanın himayəsi ilə qəza rəisi Şahingirey tərəfindən inşa etdirilmişdir. İri həcmli dağ daşlarından inşa edilmiş bəndin uzunluğu 45 metrdir. Bənddən suyun çıxan hissəsi yonulmuş daşlarla işlənmişdir, çıxış kanalının döşəməsinə daş döşənmişdir. Bəndin divarları iki yarımdairəvi kontrforsla möhkəmləndirilmişdir. Bənd vasitəsilə yaradılan gölün sahəsi 10,2 ha, uzunluğu 460 metr, maksimal eni 222 metr, sahil xəttinin uzunluğu 1430 metr, həcmi 1,2 milyon kub metrdir. Gölün suyundan Şahbuz rayonunun kəndlərinin əkin sahələrini və yaylaqlarda otarılan mal-qaranın suvarılması üçün istifadə edilir.
Ədəbiyyat
redaktə- Səfərov F.Y. Qanlıgöl su anbarı bəndinin tikdirilməsi haqqında kitabə. Respublika Arxeoloq və Etnoqraflarının 1-ci elmi konfransının materialları. Bakı: 1992.
Mənbə
redaktə- Naxçıvan abidələri ensiklopediyası. Naxçıvan: 2008, səh. 244-245 (az.)