Qara Namazov - Wikipedia
Qara Namazov (azərb. Namazov Qara Mustafa oğlu; 8 may 1930, Əmirxeyir – 11 may 2016, Bakı) — tənqidçi-ədəbiyyatşünas, filologiya elmləri doktoru (1987), professor (1989), Bakı Dövlət Universitetinin "Dədə Qorqud" ETL-in rəhbəri, BDU-nun Mir Cəlal adına Klassik Azərbaycan ədəbiyyatı kafedrasının müdiri, Azərbaycan Respublikasının əməkdar müəllimi, qabaqcıl təhsil işçisi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Aşıqlar Birliyi İdarə Heyətinin üzvü, "Şöhrət" ordeni laureatı.[1]
Qara Namazov | |
---|---|
Qara Mustafa oğlu Namazov | |
Doğum tarixi | 8 may 1930 |
Doğum yeri | |
Vəfat tarixi | 11 may 2016 (86 yaşında) |
Vəfat yeri | |
Elmi dərəcəsi | |
Elmi adı | |
Təhsili | |
Tanınmış yetirməsi | 20 elmlər namizədi yetişdirib. |
Üzvlüyü | |
Mükafatları |
Həyatı
redaktəQara Namazov 8 may 1930-cu ildə Qazax qəzası Dilican rayonunun Əmirxeyir kəndində doğulub. 1939–1948-ci illərdə doğma kəndində və qonşu Gölkənd kəndində IX sinifə qədər təhsil almış, 1948-ci il deportasiyası ilə bağlı Ağstafaya köçərək Dağkəsəmən kəndində orta məktəbi bitirmişdir.[2]
Qara Namazov 1949–1950-ci illərdə ADPU-da təhsil alsa da, ordu sıralarına çağırılaraq (1951–1955) Abxaziyanın Suxumi şəhərində Aviatexnik məktəbdə oxumuş, sonra Türkmənistanın Nebit-Dağ şəhərində hərbi hissədə əvvəlcə təyyarə mühəndisi, sonra hərbi hissənin gizli şöbəsinin rəisi vəzifəsində işləmişdir.
1956–1961-ci illərdə Bakı Dövlət Universitetində təhsil alan Qara Namazov həmin illərdə yaradıcılığa şeirlə başlamışdır. İlk şeirləri "Sovet Ermənistanı" (1956), "Ədəbi Ermənistan", "Gənc qələmlər", "Aprel çiçəkləri", "Tər çiçəklər", "Gənclik nəğmələri", "Molodyoj Azerbaydjana" toplularında və qəzetlərində çap olunub. Onun Səməd Vurğunun ilk məhəbbətindən bəhs edən "Bir qərinədə" poeması da "Ədəbi Ermənistan" (1957) toplusunda işıq üzü görmüşdür. O, Yan Raynesin, Lesiya Ukrainkanın, Varvara Konstantinovnanın şeirlərindən nümunələri, 1902-ci ildə Şamaxıda baş verən zəlzələ haqqında Vladimir Şufun (Borey) "Şamaxının məhvi" ("Qibel Şamaxı" ("Salima") poemasını "Səlimə" adı ilə Azərbaycan dilinə çevirib geniş ön sözlə çap etdirmişdir.
Qara Namazov 1962–1967-ci illərdə Azərbaycan Elmlər Akademiyasının Tarix İnstitutu Kitabxana və arxivinin direktoru işləməklə yanaşı, elmi yaradıcılığa da meyl göstərmişdir. O, 1965-ci ildə Nizami adına Ədəbiyyat İnstitutunun şifahi xalq ədəbiyyatı şöbəsi üzrə qiyabi aspiranturasında təhsilini davam etdirmiş, 1968-ci ildə "Azərbaycan aşıq yaradıcılığı" (1920–1940-cı illər)" mövzusunda dissertasiya işi müdafiə edərək filologiya elmləri namizədi alimlik dərəcəsi almışdır.
Qara Namazov universitetə daxil olduğu 1956-cı ildən universitetin həyatında, mədəni-kütləvi tədbirlərində fəal iştirak etmiş (o, tələbə vaxtı universitet komsomol komitəsində mədəni-kütləvi işlər üzrə şöbə müdiri, fakültə komsomol təşkilatının katibi, müəllim işlədiyi illərdə universitet Həmkarlar Komitəsi bürosunun üzvü, fakültə həmkarlar təşkilatının sədri kimi vəzifələri aparmışdır), bir qayda olaraq respublikanın görkəmli yazıçıları, tanınmış elm adamları ilə görüşlər keçirilməsinin təşəbbüskarı və təşkilatçısı olmuşdur.
1971-ci ilin əvvəlindən Müasir Azərbaycan ədəbiyyatı (müstəqillik dövrünə qədər "Azərbaycan sovet ədəbiyyatı" kafedrası adlanırdı) kafedrasında dosent işləyən Qara Namazov elmi-pedaqoji fəaliyyətini müasir Azərbaycan ədəbiyyatının aktual problemlərinə yönəltmiş, bu yöndə həm elmi araşdırmaları davam etdirmiş, həm də ümumi və xüsusi kurslardan mühazirələr oxumuşdur. O, "Müasir Azərbaycan ədəbiyyatı" dərsliyinin yazılmasında onun müəlliflərindən biri kimi A. Şaiq, Ə. Cavad, Ə. Cəmil, N. Rəfibəyli, M. Dilbazi, M. Araz və Məstan Günərin (Əliyev) yaradıcılığı haqqında oçerklər yazıb.
Qara Namazov respublikamızda ilk dəfə olaraq ali məktəblər üçün uşaq ədəbiyyatı kursunu yaratmışdır. 1974-cü ildə geniş həcmli uşaq ədəbiyyatı proqramı çap etdirdikdən sonra bütün tarixi mərhələləri əhatə edən dörd kitabdan ibarət toplu çap etdirmişdir: "Oğluma nəsihət", "Balalara töhfə" və iki cilddə "Azərbaycan uşaq ədəbiyyatı antologiyası". Antologiyanın birinci cildinə 1920-ci ildən müasir dövrə qədərki poeziyadan seçmələr, ikinci cildinə isə həmin dövrün nəsr nümunələri toplanmışdır.
Qara Namazov "Gənclik" nəşriyyatının 50 cilddən ibarət nəşr etdiyi Dünya uşaq ədəbiyyatı seriyasında XIX–XX yüzillərdə yazılmış povestlər və hekayələri daxil etmiş, bu seriyaya Azərbaycan nəsrinin təkamülü haqqında geniş ön söz də yazmışdır.
1983-cü ildə ilk dəfə Qara Namazovun ali məktəb tələbələri üçün "Azərbaycan uşaq ədəbiyyatı" dərsliyi çap edilib.
Bakı Dövlət Universitetində 40 ilə yaxın uşaq ədəbiyyatını tədris edən Qara Namazov bu sahədə fəaliyyətini ardıcıl davam etdirərək uşaq ədəbiyyatı sahəsində daha çox yazıb-yaradan görkəmli şair və yazıçılar haqqında müntəzəm olaraq mətbuatda çıxış edib, onların əsərlərindən ibarət nümunələri ayrı-ayrı toplularda çap etdirmişdir.
Aşıq yaradıcılığının öyrənilməsi istiqamətində fəaliyyətini davam etdirən Qara Namazov orta yüzillərin aşıq və saz şairləri haqqında silsilə məqalələrinin mətbuatda işıq üzü görməsinə nail olub. O, ayrı-ayrı ustad sənətkarların öyrənilməsi ilə kifayətlənməmiş, 1980-ci ildə çap etdirdiyi "Aşığın sazı və sözü" monoqrafiyasında aşıq sənətinin kökünü tarixin dərin qatlarında axtarmağa başlamış, bu sənətin daha qədim dövrlərlə bağlılığına aydınlıq gətirmişdir.
1984-cü ildə Aşıqların IV qurultayı ərəfəsində Qara Namazovun "Azərbaycan aşıq sənəti" kitabı Azərbaycan və rus dillərində çap olunub qurultay nümayəndələrinə çatdırıldı. Dədə Qorqud öyüdləri, Sarı Aşıq, Qurbani, Abbas Tufarqanlı, Koroğlu, Qaracaoğlan, Xəstə Qasım, Aşıq Ələsgər, Hüseyn Bozalqanlı və Aşıq Şəmşirin şeirləri Qara Namazovun ön sözü ilə rus dilində çap olundu. Mədəniyyət Nazirliyinin tövsiyəsi ilə ilk dəfə Qara Namazov "Aşıq sənəti" adlı tədris proqramı da hazırlamış, proqram nazirliyin Metodiki Şurası tərəfindən çap olunmuşdur. Həmin proqram əsasında musiqi təmayüllü orta ixtisas məktəblərində aşıq sənəti tədris olunur.
Yeni latın əlifbasına keçidlə əlaqədar uşaqların mütaliəsi üçün Azərbaycan ensiklopediyası Qara Namazovun tərtibində "Yanıltmaclar", "Lətifələr", "Qara kəlim asta gedər…", "Tap tapmaca…", "Sınamalar" və "Loğman" kitabçalarını iri formatda rəsmli-rəngli şəkillərlə nəfis tərtibatda çap etmişdir.
Qara Namazov 1989-cu ildə prof. İ. Vəliyevlə birlikdə türk dünyasının məşhur saz-söz ustadı Qaracaoğlanın "Aramızda qarlı dağlar yaranıb" kitabını da çap etdirmişdir.
Qara Namazov 1987-ci ildə "Azərbaycan uşaq və gənclər ədəbiyyatının inkişaf mərhələləri (1920–1980-ci illər)" mövzusunda dissertasiya işi müdafiə edərək filologiya elmləri doktoru alimlik dərəcəsi almış, 1989-cu ildə kafedranın professoru vəzifəsinə seçilmişdir.
Qara Namazov ayrı-ayrı görkəmli yazıçıların yubileyi ilə bağlı keçirilən elmi konfranslarda H. Cavid, Ə. Cavad, C. Cabbarlı, A. Şaiq, S. Vurğun, M. Müşfiq, H. Araslı, Mir Cəlal, O. Sarıvəlli, İ. Hüseynov, M. Araz və b. yaradıcılığı haqqında məruzələr etmişdir.
Qara Namazov yalnız müasir ədəbiyyatla kifayətlənməmiş, ədəbiyyatşünaslığın bir sıra məsələlərinə dair tədqiqatları ilə də xüsusi maraq doğurmuşdur. "Naməlum bir roman", "Mirzə Səhəng Qarabağının əlyazması" (M. P. Vaqif şeirinin ilk əlyazması, 1829), "Bir mübahisə haqqında" (Y. İmrə və Molla Qasım haqqında), "Təbriz dastanı", "Şeyx Şamil" ("Aydınlıq", 1992, 31 yanvar), "Varlıq" (İran), 1993, № 3), "Nuhun gəmisi salamatdır" adlı məqalələri bu qəbildəndir. Qara Namazovun tədqiqat apardığı problemlərdən biri də "Kitabi-Dədə Qorqud" eposunun öyrənilməsi məsələsidir. Müəllif "Aşığın sazı və sözü", "Azərbaycan aşıq sənəti" və rus dillərində çıxan kitablarında, "Azərbaycan uşaq ədəbiyyatı" dərsliyinin birinci fəslində bir qayda olaraq araşdırmalarını Dədə Qorqud dastanlarından başlamış, aşıq sənətinin sələfi kimi ozan sənəti haqqında elmi qənaətlərini qeyd edib.
O, "Dədə Qorqud" eposunun öyrənilməsi ilə bağlı eposdan öncəki daha qədim qəhrəmanlıq dastanlarını izləməyi qərara aldığından, bu yöndə "Aratta-Şumer mədəniyyəti", "Oğuz-türk alpçılıq dastanları", "Şan qızı dastanı", "Qazanxan haqqında Qaraqoyunlu əfsanəsi", "Ağcaqala rəvayəti", "Buğacın nağılı" ("Buğac" boyunun el variantı), "Oğuz kağan və Dədə Qorqud", "Dədə Qorqudun şəxsiyyəti", "Dədə Qorqud və Dədə Kərəm" və b. məqalələri mətbuatda dərc etdirib. Qara Namazov "Kitabi-Dədə Qorqud"un 1300 illik yubileyi ilə əlaqədar respublikamızda keçirilən tədbirlərdə yaxından iştirak etmiş, Bakı Dövlət Universitetində keçirilən konfransda "Oğuz kağan və Dədə Qorqud" mövzusunda məruzə etmiş, həmçinin Bakının ayrı-ayrı rayonlarında – Tibb Universitetində, Şəhər kitabxanasında, Xətai rayon İcra aparatında məruzələr etmişdir. O, dəfələrlə televiziya kanallarında da bu epos haqqında silsilə çıxışlarında maraqlı mülahizələr söyləmişdir.
Qara Namazov elmi fəaliyyətini xarici ölkələrdə də davam etdirmiş, hələ 1978-ci ildə Bolqarıstan Respublikasına səfərində Azərbaycan-bolqar ədəbi əlaqələri mövzusunda məruzə etmiş, Səməd Vurğunun "Ölüm kürsüsü" poemasından söz açmışdır.
1991-ci ildə SSRİ-nin süqutu ərəfəsində bir qrup alimlə Türkiyənin 19 Mayıs Samsun Universitetinə dəvət olunan Qara Namazov universitetdə, Amasiyada, Sinopda və başqa şəhərlərdə Azərbaycan şifahi xalq ədəbiyyatının problemləri, onun Bakı Dövlət Universitetində tədrisi, gələcəkdə Türkiyə Universitetləri ilə qarşılıqlı elmi-tədris əlaqələri ətrafında aparılan geniş müzakirələrdə iştirak edib.
Qara Namazov 1996-cı ildə Türkiyənin Silifke şəhərində keçirilən Beynəlxalq toplantısında və festivalında nümayəndə heyətinin rəhbəri kimi iştirak etmiş, "Türk" sözünün açımı", "Azərbaycan-türkmən şifahi xalq ədəbiyyatı əlaqələri" mövzusunda məruzələrinə və Silifke və Uşşaq şəhərlərində keçirilən festivalda aşıq sənəti haqqında etdiyi məruzəyə görə ödülləndirilmişdir. Elə həmin illərdən də Qara Namazov hər il Türkiyəyə səfərlərini davam etdirib. O, M. Ə. Rəsulzadənin Türkiyə mətbuatında çap olunan 2000-ə yaxın məqaləsinin surətini oradakı qohumları vasitəsilə əldə etmiş, respublikanın Ədəbiyyat və İncəsənət arxivinə vermişdir. Qara Namazov Türkiyəyə səfərlərini davam etdirərək Ankara, Çorum (Qazi Universitetinin bölümü), Merzifon şəhərlərində keçirdiyi görüşlərdə Azərbaycan-türk qarşılıqlı folklor bağları məsələlərindən məruzə etmişdir. Bu görüşlər haqqında Çorumda (vilayətin mərkəzi) nəşr olunan "Hakimiyyət" qəzeti məlumatlar vermiş, Qara Namazovdan müsahibələr götürmüşdür. "Tarix ayırdı, amma özümüz bir" ("Hakimiyyət", 1997, 15 avqust), "Türkiyə özünə dönərsə, qurtular" ("Hakimiyyət", 2001, 13 avqust), "Türk xalq ədəbiyyatı çox zəngin" ("Hakimiyyət", 2001, 22 avqust) bu qəbildəndir.
Qara müəllimin dərsliyi haqqında da Türkiyə mətbuatında geniş məqalə verilmişdir ("Bilge" dərgisi, 1997, № 14).
Qara Namazovun rəhbərliyi və opponentliyi ilə ikisi xarici vətəndaş olmaqla 25 nəfər dissertasiya işi müdafiə edərək alimlik dərəcəsi almışdır. O, 100-ə yaxın kitabın redaktoru və rəyçisi olmuş, onların əksəriyyətinə ön söz yazmışdır.
Qara Namazov bir neçə il Ali Təhsil Nazirliyi yanında Ədəbiyyat üzrə Metodşuranın, eləcə də Mətbuat Komitəsində Nəşriyyatlar üzrə Rəyçilər Şurasının üzvü olmuş, nəşriyyatlarda çap olunan onlarla kitabın çapına rəy vermişdir. O, respublikada nəşr olunan "Ozan", "Elmi araşdırmalar", "Filoloji araşdırmalar", "Dədə Qorqud" toplularının, Bakı Dövlət Universitetinin Elmi Xəbərləri Jurnalının redaksiya heyətinin üzvü idi.
Qara Namazov bir neçə il filologiya fakültəsinin ixtisaslaşdırılmış Müdafiə Şurasının sədri, Şəki ərazi Müdafiə Şurasının həmsədri (1998–2000-ci illər), Bakı Dövlət Universitetində İxtisaslaşdırılmış Dissertasiya Şurasının sədr müavini olub.
Qara Namazovun son illərdə ardıcıl tədqiqat apardığı sahələrdən biri də Amerika qitəsində yaşayan qırmızıdərililərin türksoylu olması və onların bəzi boylarının məhz Azərbaycandan getməsi haqqında araşdırmalarıdır. Bu yöndə də müəllifin bir neçə məqaləsi ("Amerika qitəsində qədim türklər", "Oğuz yaddaşlarının sorağı", "Amerika qırmızıdərililəri türksoyludur") mətbuatda çap olunmuşdur.
O, 1956-cı ildən universitetdə 50-dən çox kitab, 400-dən çox elmi məqalə çap etdirmişdir. Onun çap olunan kitabları haqqında tanınmış ədəbiyyatşünas və folklorşünasların dəyərli rəyləri nəşr olunmuşdur.
Qara Namazov 2004-cü ildə İsveçdə Füzulinin yubiley mərasiminə dəvət olunmuş, "Füzuli irsinin Azərbaycanda tədqiqi" mövzusunda məruzə etmişdir. Məruzə Türkiyədə çıxan "Baykara" (2008, № 1) toplusunda işıq üzü görüb.
O, 2002–2006-cı illərdə filologiya fakültəsinin dekanı vəzifəsində çalışmış, həmin illərdə fakültə Elmi Şurasının sədri, universitet Böyük Elmi Şurasının üzvü olub, 2002–2008-ci illərdə BDU-nun Klassik Azərbaycan ədəbiyyatı kafedrasının müdiri işləyib.
Qara Namazovun son illərdə bir sıra kitabları nəşr olunub: Qaçaq Kərəmin həyatından bəhs edən "Xalq qəhrəmanının şöhrəti" (2005), "Azərbaycan uşaq ədəbiyyatı" (ali məktəb dərsliyi, 2007), "El çələngi" (2004), 3 cilddə "Uşaq ədəbiyyatı antologiyası" (2004–2005), "Qaracaoğlan" (İ. Vəliyevlə birlikdə), özünün şeirləri, hekayələri və tərcümələrindən ibarət "Gecilmiş nəğmələr" (2008). O, Seyid Əzim Şirvaninin 3 cildliyini (müştərək), S. Vurğunun 1 cildlik seçilmiş əsərlərini nəşr etdirmişdir.
Qara Namazovun 2010-cu ildə çap olunan "C. Corcodun tarixi kəşfləri" kitabı böyük maraqla qarşılandığından kitab 2011-ci ildə yenidən çap olunub.
Qara Namazov BDU-nun Elmi Xəbərləri: humanitar elmlər seriyası jurnalının baş redaktorunun müavini, Dil-ədəbiyyat seriyasının ədəbiyyat bölməsinin baş redaktoru, "Dədə Qorqud", "Elmi araşdırmalar" toplularının, Türkiyədə çap olunan "Baykara" toplusunun redaksiya heyətinin, Respublika Təhsil Nazirliyinin nəşr etdiyi 106 cilddə Azərbaycan və dünya ədəbiyyatı seriyası Redaksiya Şurasının üzvü, uzun illər Ədəbiyyatşünaslıq üzrə Problem Şurasının sədr müavini, Filologiya ixtisası üzrə doktorluq və namizədlik üzrə Müdafiə Şurasının sədr müavini, Folklor İnstitutunun Redaksiya Şurasının üzvü olub.
Qara Namazov Klassik Azərbaycan ədəbiyyatı kafedrasının nəzdində fəaliyyət göstərən Dədə Qorqud elmi-tədqiqat laboratoriyasının müdiri, Respublikanın əməkdar müəllimi, Qabaqcıl təhsil işçisi, Azərbaycan Yazıçılar Birliyinin üzvü və Azərbaycan Aşıqlar Birliyi İdarə Heyətinin üzvü idi. Qara Namazovun "Türkiyə ədəbiyyatçılar və kültür adamları ensiklopediyası"nda geniş tərcümeyi-halı çap olunmuşdur.
Qara Namazov 2009-cu ildə "Şöhrət" ordeni ilə təltif olunub.
O, 2016-cı ildə vəfat edib.
Əsərləri
redaktə- "Aşıq şeirinin inkişafı tarixindən", Bakı, 1968.
- "Azərbaycan aşıq sənəti", Bakı, 1984.
- "Aşıqlar" (I kitab) (biblioqrafik məlumat), Bakı, "Səda", 2004.
- "El çələngi" (xalq şeirindən seçmələr) Arxivləşdirilib 2017-05-17 at the Wayback Machine, Bakı, 2004.
- "Azərbaycan uşaq ədəbiyyatı antologiyası" (3 cilddə). 2004–2005.
- "S. Ə. Şirvani. Seçilmiş əsərləri" (3 cilddə). 2004–2005.
- "Xalq qəhrəmanının şöhrəti", 2005,
- "Azərbaycan uşaq ədəbiyyatı", (dərslik) 2007,
- "Müasir Azərbaycan ədəbiyyatı" 2007,
- "Gecikmiş nəğmələr" 2008,
- "C. Çörçvodun tarixi kəşfləri", 2010,
- Ozan-aşıq sənətinin tarixi. Bakı: "Elm və təhsil" NPM, 2013, 480 s.
Məqalələri
redaktə- "Qüdrətli söz ustadı", 2006.
- "Dədə Qorqud" boylarının izi ilə. Türkiyə, 2006,
- "Molla Nəsrəddin" və ədəbiyyat. Baykara, Türkiyə, 2006,
- "Dirsəxan oğlu Buğac" boyunun el variantı. Bakı, Böyük kimyaçı – qüdrətli şair. Bakı, 2007,
- Türk dünyasının xalq yaradıcılığı Şərqin İntibah ədəbiyyatıdır. Aşqabad, 2007,
- Mif, millət, ədəbiyyat. Bakı, 2008,
- Füzuli haqqında yapılan araşdırmalar. Baykara, Türkiyə, 2008,
- "Sözün sərrafı". Bizim söz qəzeti. № 2. 15 iyun 2009-cu il.
- Aşıq şeiri yazılı ədəbiyyatın şeir şəkillərini üstələdi //Xalq cəbhəsi.- 2015.- 13 may.- S.14.
- Ozanlar saysız-hesabsız oğuznamələr qoşublar: XVI əsrdən aşıq ozanı əvəz edib //Xalq cəbhəsi.- 2015.- 20 may.- S.14.
- Ustad aşıqlar… //Xalq cəbhəsi.- 2015.- 7 may.- S.14.
Mükafat və təltifləri
redaktə- "Şöhrət" ordeni — 30 oktyabr 2009-cu il[3]
Ailəsi
redaktəAiləli idi. 3 övladı var.
İstinadlar
redaktə- ↑ Əhmədov, T. Görkəmli elm xadimi, müəllim, yazıçı: [Namazov Qara Mustafa oğlu haqqında] //Respublika.- 2016.- 17 yanvar.- S.5.
- ↑ Eldar İsmayıl, "Oğuz yurdun övladları", I kitab, Bakı, "Təbib", 1999. səh.99-da.
- ↑ "Bakı Dövlət Universitetinin əməkdaşlarının "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI". http://e-qanun.az (azərb.). 30 oktyabr 2009. 27 fevral 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 fevral 2016.