Qurban Sultanov - Wikipedia
Qurban Camal oğlu Sultanov (Soltanov) (22 mart 1919, Gəncə – 30 sentyabr 1999, Bakı) — Azərbaycan-sovet dövlət xadimi, Azərbaycan SSR sənaye tikintisi naziri (1969–1972).
Qurban Sultanov | |
---|---|
13 noyabr 1969 – 12 may 1972 | |
Əvvəlki | Məmmədəli Abbasov |
Sonrakı | Vasili Pyatibrat |
4 iyun 1966 – 12 dekabr 1969 | |
Əvvəlki | idarə yaradılıb |
Sonrakı | Nəriman İsayev |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 22 mart 1919 |
Doğum yeri | |
Vəfat tarixi | 30 sentyabr 1999 (80 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Partiya |
|
|
|
Təltifləri |
|
Həyatı
redaktəQurban Camal oğlu Sultanov 22 mart 1919-cu ildə Gəncə şəhərində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra Tbilisi şəhərindəki Zaqafqaziya Dəmiryol Nəqliyyatı Mühəndisləri İnstitutunda təhsil almış, buranı 1941-ci ildə bitirmişdir. 1941–1945-ci illər Böyük Vətən müharibəsi zamanı Rostov, Taqanroq, Nikolayev, Brno, Bratislava, Praqa və başqa şəhərlərin azad edilməsində iştirak etmiş, 1945-ci ilin oktyabr ayında kapitan rütbəsində ordudan tərxis edilmişdir.[1]
Müharibədən qayıtdıqdan sonra Qurban Sultanov 1946–1948-ci illərdə Azərbaycan Dəmiryolu Həmkarlar İttifaqı komitəsində şöbə müdiri, Azərbaycan Kommunist Partiyasının Bakı Komitəsində və Mərkəzi Komitədə təlimatçı vəzifəsində işləmişdir.[2] Daha sonra yenidən istehsalata qayıtmış, "Azərdəniznefttikinti" sistemində məsul vəzifələrdə çalışmışdır.[1]
1961-ci ilədək Azərbaycanın tikinti təşkilatlarında rəhbər işlərdə işləyən Qurban Sultanov 1962-ci ildən Azərbaycan tikinti nazirinin müavini, həmin nazirliyin 3 nömrəli trestinin müdiri olmuşdur. 1969-cu ilədək Azərbaycan SSR Nazirlər Sovetinin Quraşdırma və Xüsusi Tikinti İşləri İdarəsinin rəisi, 1969–1972-ci illərdə Azərbaycan SSR sənaye tikintisi naziri vəzifələrində işləmişdir. 1972-ci ilin may ayından Azərbaycan energetika müəssisələri tikintisi trestinin mühəndisi olmuşdur.[3] 1974-cü ildən uzun müddət Azərbaycan SSR Tikinti Materialları Sənayesi Nazirliyinin tabeliyindəki Bakı şifer kombinatının müdiri vəzifəsində çalışmışdır.[1]
Qurban Sultanov Böyük Vətən müharibəsi illərində "Qırmızı ulduz", 1-ci və 2-ci dərəcəli "Vətən müharibəsi" ordenləri və medallarla, 1966-cı ildə isə "Qırmızı əmək bayrağı" ordeni ilə təltif edilmişdir. 1964-cü ildə ona "Azərbaycan SSR əməkdar inşaatçısı" fəxri adı verilmişdir.[1] Azərbaycan KP Mərkəzi Komitəsinin üzvü olmuş və Azərbaycan SSR Ali Sovetinin deputatı (7–8-ci çağırış) seçilmişdir.[3]
Qurban Sultanov 30 sentyabr 1999-cu ildə vəfat etmişdir.[1] II Fəxri Xiyabanda dəfn olunmuşdur.
Ailəsi
redaktəQurban Sultanov III dərəcəli dövlət ədliyyə müşaviri Ələddin Sultanovun qardaşı, 1-ci dərəcəli baş dövlət vergi xidməti müşaviri Hidayət Sultanovun atası, ictimai-siyasi xadim Yaşar Əliyevin qayınatası, Ombudsman Səbinə Əliyevanın babasıdır.
İstinadlar
redaktə- ↑ 1 2 3 4 5 Bəhram İbrahimov; Zərbalı Mirzə. Sultanov Qurban Camal oğlu // Azərbaycan Tikinti Kompleksinin Ensiklopediyası (ATKE). I cild. Bakı: Yeni Poliqrafist. 2011. səh. 310–311.
- ↑ Султанов Гурбан Ҹамалович // Азәрбајҹан ССР Али Советинин депутатлары. Једдинҹи чағырыш. Бакы: Азәрбајҹан ССР Али Советинин нәшри. 1968. С. 318.
- ↑ 1 2 Султанов Гурбан Ҹамалович // Азәрбајҹан ССР Али Советинин депутатлары. Сәккизинҹи чағырыш. Бакы: Азәрбајҹан Дөвләт Нәшријјаты. 1973. С. 325.
Xarici keçidlər
redaktə- "O, əsl xalq adamı, ziyalı və nurlu bir şəxsiyyət idi…". "Xural" qəzeti. 5 may 2015. 9 mart 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 mart 2022.
- "Həyat və şücaətin örnək şəxsiyyəti". "Səs" qəzeti. 28 oktyabr 2020. 9 mart 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 mart 2022.