Rehile Cabbarova - Wikipedia
Rəhilə Muxtar qızı Cabbarova (24 noyabr 1922, Tiflis – 1 dekabr 2002, Bakı) — Azərbaycan müğənnisi (messo-soprano), vokalçı-aktrisa, pedaqoq, Azərbaycan SSR əməkdar artist (1958).
Rəhilə Cabbarova | |
---|---|
Ümumi məlumatlar | |
Doğum tarixi | 24 noyabr 1922 |
Doğum yeri |
|
Vəfat tarixi | 1 dekabr 2002 (80 yaşında) |
Vəfat yeri | |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | opera müğənnisi, vokalçı, aktrisa, pedaqoq, musiqi pedaqoqu |
Səs tembri | messo-soprano |
Mükafatları |
|
Həyatı
redaktəRəhilə Muxtar qızı Cabbarova 24 noyabr 1922-ci ildə Tiflisdə anadan olmuş və buradakı 1 saylı musiqi məktəbində oxumuşdur. Müharibə illərində — 1941–1945-ci illərdə Tiflis şəhərindəki hərbi hospitalda işləmişdir. 1945–1947-ci illərdə Tiflis Xalq Yaradıcılığı evində təlimatçı olmuş və az sonra Gürcüstan Dövlət Mahnı və Rəqs ansamblına solist götürülmüşdür. 1947-ci ildə ailəsi ilə Bakıya köçmüşdür.[1]
Rəhilə Cabbarova Üzeyir Hacıbəyovun tövsiyəsi ilə Azərbaycan Dövlət Konservatoriyasının hazırlıq şöbəsinə daxil olmuş[2] və 1949–1954-cü illərdə vokal şöbəsində oxumuşdur. Üçüncü kurs tələbəsi olarkən Şövkət Məmmədovanın təklifi ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrına solist götürülmüşdür.[1]
İlk dəfə səhnəyə Üzeyir Hacıbəyovun "Koroğlu" operasında xanəndə qız rolunda çıxan Rəhilə Cabbarova uzun müddət bu rolun ifaçısı kimi tanınmışdır. Onun ilk böyük rolu isə Fikrət Əmirovun "Sevil" operası səhnələşdirilərkən canlandırdığı Gülüş obrazı olmuşdur. Bunun ardınca aktisanın bir sıra əhəmiyyətli rolları olmuşdur.[2]
Rəhilə Cabbarova səhnə fəaliyyətindən əlavə, radio və televiziya verilişlərində də tez-tez iştirak etmişdir. Onun repertuarına Azərbaycan xalq mahnıları, rus və Qərbi Avropa bəstəkarlarının kamera əsərləri də daxil olmuşdur.[3]
Sonralar — 1971–1997-ci illərdə Rəhilə Cabbarova Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin vokal kafedrasının müdiri vəzifəsində çalışmışdır.[1]
Rəhilə Cabbarova 26 aprel 1958-ci ildə "Azərbaycan SSR əməkdar artisti" fəxri adına layiq görülmüş[1] və 11 iyun 2002-ci ildən Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü olmuşdur.[4]
Rəhilə Cabbarova 1 dekabr 2002-ci ildə Bakıda vəfat etmişdir.[1]
İfa etdiyi əsas partiyalar
redaktəRəhilə Cabbarovanın opera səhnəsində ifa etdiyi rollar:[5][1]
- "Koroğlu", Üzeyir Hacıbəyov — xanəndə qız
- "Arşın mal alan", Üzeyir Hacıbəyov — Asya
- "Nərgiz", Müslüm Maqomayev — Gülnaz
- "Sevil", Fikrət Əmirov — Gülüş
- "Aşıq Qərib", Zülfüqar Hacıbəyov — Ağcaqız
- "Ölülər", Vasif Adıgözəlov — Fatmanisə
- "Azad", Cahangir Cahangirov — Hürü xala
- "Boris Qodunov", Modest Musorqski — Marina Mnişek, Şinkarka
- "Qaratoxmaq qadın", Pyotr Çaykovski — Milovzor, Qrafinya
- "Yevgeni Onegin", Pyotr Çaykovski — Polina, Olqa
- "Daisi", Zaxari Paliaşvili — Nano
- "Riqoletto", Cüzeppe Verdi — Maqdalina və Qrafinya de Çeprano
- "Traviata", Cüzeppe Verdi — Flora Bervua
- "Aida", Cüzeppe Verdi — Amneris
- "Trubadur", Cüzeppe Verdi — Azuçena
- "Lakme", Leo Delib — Məlakə
- "Knyaz İqor", Aleksandr Borodin — Qonçarovna
- "Faust", Şarl Quno — Zibel
- "Demon", Anton Rubinşteyn — Xeyirxahlıq dahisi-Mələk
- "Çio-Çio-San", Cakomo Puççini — Suziki
- "Çar gəlini", Nikolay Rimski-Korsakov — Lyubaşa
Filmoqrafiya
redaktə- Kölgələr sürünür (film, 1958) — Cahan
- Sevil (film, 1970) — mahnı ifaçısı (Gülüş)
İstinadlar
redaktə- ↑ 1 2 3 4 5 6 İlham Rəhimli. Rəhilə Cabbarova // Azərbaycan Teatr Ensiklopediyası (3 cilddə). 3-cü cild. Bakı: Azərnəşr. 2017. səh. 123. ISBN 5-86874-179-X.
- ↑ 1 2 Е. Аббасова. Рәһилә Ҹаббарова // Коммунист. № 92 (11039). 19 апрел 1959-ҹу ил. С. 4.
- ↑ Cabbarova Rəhilə Muxtar qızı // Üzeyir Hacıbəyov ensiklopediyası. Bakı: Şərq-Qərb. 2007. səh. 53. ISBN 978-9952-34-075-4.
- ↑ "Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdlərinin verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". e-qanun.az. 11 iyun 2002. 15 dekabr 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 dekabr 2022.
- ↑ İlham Rəhimli. Azərbaycan teatr tarixi (dərslik). Bakı: Çaşıoğlu. 2005. səh. 305–306.