Raku Keramikasi - Wikipedia
Raku keramikası (|楽焼|raku-yaki|) — yapon çay mərasimində ənənəvi istifadə olunan yapon keramika növü. İlk növbədə çay içmək olan qablar bu keramikadan hazırlanır. Raku keramikası üçün xarakterik xüsusiyyət dulusçuluq dairəsinin əvəzinə gilin əl qəliblənməsindən hazırlanmasıdır. Nəticədə bu keramikadan hazırlanan hər bir əşya öz unikallığı ilə seçilir. Bişirilmənin aşağı temperaturu kifayət qədər məsaməli səthin yaranmasına imkan verir, qabı sobada bərk qızdırıldıqdan sonra götürüb soyumaq üçün xüsusi kapsulaya qoyurlar. Örtük kimi qara və ya şəffaf qlazurdan istifadə olunur.
Tarixi
redaktəRaku termini (hərfi tərcümədə "həzz" və ya "sadəlik", "təbiilik" deməkdir) Toyotomi Xidzesi (1537–1598) tərəfindən Kiotoda tikilən Dzyurakuday adlı sarayın adından yaranmışdır. Sarayın tikintisində iştirak etmiş məşhur yapon çay mərasimi ustası Sen no Rikyu bir dəfə tikintidə çalışan bir çinli kirəmit ustasından vabi-sabi estetikasını özündə təcəssüm etdirən qab hazırlamasını xahiş edir. Usta Tanaka Tödziro dzen fəlsəfəsinə müvafiq olan sadə qablar hazırlayır. Usta Tödzironun ailəsinə Raku soyadı bəxş edilmişdir. Təqribən 450 ilə yaxındır ki, artıq bu ailənin 15 nəsli Raku üslubunda qab istehsalı ilə məşğul olur. Vabi-Sabi estetik prinsipinin təcəssümü olan Raku adı və üslubu yapon ədəbiyyatına, bütövlükdə yapon mədəniyyətinə mühüm təsir göstərmişdir.
Bədii xüsusiyyətləri
redaktəƏl qəliblənməsi kontura assimetriya verərək məmulatın divarlarının qalınlığını bərabərşəkildə olmasına imkan vermir. Bu cür assimetriya təbiilik və sadəliyin təcəssümüdür. Qalın divara malik olması əllərin yanmamasına, ağız ətrafının isə qlazurdan olması onun əsas üstünlüklərindən biridir. Əl qəlibindən başqa usta Tödziro maladan istifadə edərək məmulatın daxili və xarici səthindəki artıq gilləri kəsib atmışdır. Texnoloji və bədii nöqteyi nəzərdən bu məmulatların hazırlanması çox çətindir. Belə ki Raku keramikasının əsas təyinatı onun tya-no-yu adlanan çay fəaliyyəti zamanı avadanlıq kimi istifadə olunmasıdır. Ənənəvi olaraq, Raku keramikası ustaları qara (kuro-raku) və qırmızı (aka-raku) rəngli çay qabları (tyavan), təmiz soyuq su üçün qablar (midzusasi), ətirli maddələri yandırmaq üçün qablar (koro) və ətirli mücrülər, həmçinin yapon çay mərasimlərində istifadə olunan digər qabları hazırlayırlar.
Hal-hazırda da bu keramika üslubu üzrə məmulatların hazırlanması Kiotoda davam etdirilir. 1978-ci ildə Kiotoda XIV Kitidzaemon tərəfindın Raku muzeyi açılmışdır. Bu muzeydə təkcə Raku ailəsinə məxsus olan qablar yox, Omotesenke və Urasenke çay məktəblərinin də eksponatları nümayiş olunur. Hər iki məktəb çay ustası Sen no Rikyunun nəslinin davamçıları tərəfindən yaradılmışdır.[1] Hal-hazırda Raku nəslinə 1949-cu ildə anadan olmuş XV Kitidzaemon rəhbərlik edir. Avropanı bu keramika növü ilə məşhur ingilis keramika ustası Bernard Liç tanış etmişdir.[2]
İstinadlar
redaktə- ↑ "Arxivlənmiş surət". 2018-06-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-01-20.
- ↑ "Arxivlənmiş surət". 2012-12-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-01-20.