Ruslarin Tatar Soyqirimi 1552 Ci Il - Wikipedia
Rusların tatar soyqırımı — Rusiya çarı IV İvan Qroznı tərəfindən Qazan xanlığının işğalı. Qazan tatarlarına qarşı ruslar tərəfindən törədilən soyqırım.[1]
Qazan xanlığının Rusiya ilə münasibətləri
redaktəXVI əsrdə Qazan xanlığını Girey xanları sülaləsinin nümayəndələri idarə etməyə başlayanadan sonra xanlıq daha da möhkəmləndi. 1521-ci ildə saray çevrilişi nəticəsində hakimiyyətə Krım xanlığının nümayəndəsi Sahib Girey keçdi və yerli hakim Şah Əli kənar edildi.[2] Şah Əli Moskvaya sığındığına görə[3] 1521-ci ildə Qazan xanı Sahib Girey Krım xanı Məhəmməd Gireylə birgə Moskva üzərinə yürüşə çıxdılar. Onlar Nijeqorodu, Muromu, Klini, Meşeri, Kolomnanı və Vladimiri ələ keçirdilər. Lakin Moskvanı tuta bilmədilər.[4] Bundan sonra 1545-ci ilə kimi Qazan xanları Moskva üzərinə çoxsaylı yürüşlər etdi. Amma onu da deyək ki, 1445-ci ildən başlayaraq, Qazan xanlığı da ruslardan müdafiə olunmuşdu.[5][6][7] Qazan xanlığının mövcud olduğu 114 il ərzində Moskva ilə 12 irimiqyaslı müharibə baş vermişdi. Bunun 7-ni ruslar, 4-nü Qazan xanları, birini isə Qızıl Orda başlamışdı. Qazan xanları da onda Qızıl Orda xanına hərbi yardım etmişdilər. Lakin Moskva knyazlığında IV İvan Qroznının hakimiyyətə gəlməsindən sonra vəziyyət dəyişdi. İvan Qroznı Moskva knyazlığının möhkəmləndirilməsi üçün Qazan xanlığını məhv etməyi və onun əsasında yeni imperiyanı formalaşdırmağı qərara aldı. İvan Qroznı üç dəfə — 1547, 1550, 1552-ci illərdə Qazan üzərinə hücum etdi. Ancaq onlardan ikisi uğursuz nəticələndi və o, biabırçı şəkildə məğlub olaraq geri çəkilmək məcburiyyətində qaldı.[8]
1552-ci ildə rusların tatar soyqırımı
redaktə1552-ci ilin avqust ayında İvan Qroznı yenidən bütün qüvvələrini toplayaraq 150 min nəfərlik ordu ilə Qazan üzərinə hücuma hazırlıq gördü. Bu rəqəm Qazan xanlığının müdafiəçilərinin sayı ilə müqayisədə 5 dəfə çox idi. Şəhəri müdafiə edən qüvvələrin sayı 30 min nəfəri qazanlı, 3 min nəfəri isə noqay olmaqla cəmi 33 min nəfər idi.[9] Həmin dövrdə Qazan özünün ən çiçəklənən dövrünü yaşayırdı. Qazanda yüzlərlə məscid, arxitektura baxımından o dövr Avropasının həsəd apara biləcəyi minlərlə ictimai, mədəni binalar, mədrəsələr, yaşayış kompleksləri vardı. Elm, təhsil səviyyəsinə görə Qazan adıçəkilən məkanın ana şəhərinə çevrilmişdi. Tədqiqatlara görə, XVI əsrdə Qazanda 25 min nəfər əhali yaşayırdı.[10] İvan Qroznının ordusuna qarşı Qazan xanı Yedigar, 33 min nəfər çıxara bilmişdi. İlkin mərhələdə tatarlar düşmənə güclü zərbələr vurub onu geri çəkilməyə məcbur etdilər. Amma qüvvələr qeyri-bərabər idi. İvan Qroznıya arxadan yardım gəldiyi halda, Qazan xanlığı belə bir yardımdan məhrum idi. Bu da tədricən öz sözünü deməyə başladı. 1552-ci il, oktyabr ayının 2-də düşmən ağır döyüşlərlə Qazana daxil ola bildi. İvan Qroznı Qazanda bir nəfərə də aman verməməyi, hamını qılıncdan keçirməyi əmr etmişdi. Rusların Qazanda törətdikləri vəhşiliklər o dövrdəki tarixi salnamələrdə öz əksini tapmışdı:
"Şəhərə daxil olan rus əsgərləri tərəfindən qadınlar, qızlar, qocalar, uşaqlar, əlsiz-ayaqsızlar vəhşicəsinə öldürülürdülər. Yaralı halda ələ keçirilən Qazan xanı Yedigar istisna olmaqla, şəhərin bütün kişi əhalisi son nəfərinədək məhv edildi… Öldürülənlərin arasında çoxlu sayda qadın və uşaqlar da vardı… Şəhər yanan böyük bir tonqalı xatırladırdı. Hər yer od içində idi. Küçələrdə meyitlər dağ kimi yığılmışdı və nəticədə, birindən digərinə keçmək olmurdu. Qan sel kimi axırdı".[1]
Qazanın işğalından sonra İvan Qroznı şəhərə daxil olmaq istəmişdi, ancaq bu asan olmamışdı. Əsgərlər çox çətinliklə kiçik bir küçəni meyitlərdən təmizləyə bilmişdilər. "Qazan alınan zaman oradakı əhalinin dəhşətli şəkildə qətlə yetirilməsi rus tarixinin ən qanlı səhifələrindən biridir. Belə böyük həcmdə qekatomboyun (əvvəlcədən planlaşdırılmış şəkildə saysız-hesabsız insanların öldürülməsi) — insan tələfatının tarix heç vaxt şahidi olmamışdı. Qazanın işğalı yeni xaç yürüşü idi. Xristianları sevən və onlara hörmətlə yanaşan cəsur Qazan xanlığının varlığına dəhşətli qırğınlarla son qoyan ruslar bununla da özgə torpaqlarının işğal siyasətinə başladılar". Ruslar Qazanda nəinki insanlara rəhm etmədilər, həm də hətta tarixi baxımdan əvəzsiz əhəmiyyətə malik olan və dünya memarlıq sənətinin inciləri hesab edilən arxitektura abidələrini, minarələri, minlərlə metr uzaqlardan günəş altında bərq vuran və gözəlliyi ilə isanı valeh edən məscidləri, əvəzsiz sənət incisi — Qazan Kremlini, xan saraylarını, ictimai binaları tamamilə məhv etdilər. Hətta şəhərə daxil olan ruslar o dövrdə dünya sivilizasiyasının ən zəngin kitabxanalarından olan və arxitektura baxımından inci hesab edilən Qazan kitabxanasını belə yandırdılar. Nəticədə, min illərin tarixi mənbələri, ədəbiyyatı, incəsənəti, elm və mədəniyyəti özündə cəmləşdirən bu kitabxanadakı bütün qədim və o dövrə aid olan kitablar, qiymətli sənədlər məhv oldu. Bununla da nəinki tatar xalqının, həm də dünya mədəniyyətinin əvəzsiz əhəmiyyətə malik kitabları bəşəri sivilizasiya üçün həmişəlik itirilmiş oldu.[1]
Qazan xanlığı işğaldan sonrakı vəziyyəti
redaktəQazan xanlığı işğal edilən kimi İvan Qroznı müsəlman əhalinin xristianlaşdırılması üçün orada yeni kilsə mərkəzi — Yeparxiya yaratdı. 1555-ci ildə yaradılan bu Yeparxiyanın rəhbəri Quriya ordunun və xristian missionerlərin yardımı ilə tatarları və başqırdları xristianlaşdırmağa başladı. Qazanda dağıdılan məscidlərin yerində kilsələr inşa edilir və eyni zamanda islamı xatırladan nə varsa məhv edilirdi. Bu yolla Qazan xanlığındakı müsəlmanlara zorla xristianlığı qəbuletdirməyə çalışırdılar. Tatarlar düşmənə müqavimət göstərməkdə davam edirdilər.[11]
1553-cü ildə Qazandan 70 verst (1 verst 1060 metrdir) aralıda olan Meşə çayı ətrafında Canseyid və Sarı Batırın başçılığı altında işğalçılara qarşı ilk üsyan baş verdi. Üsyançılar çay ətrafında Meşə-Tamak qalasını tikərək buradan işğalçılara zərbələr endirməyə başladılar. Sviyajask qalasından onlara qarşı cəza dəstələri göndərildi. Lakin üsyançılar B. Saltıkovun rəhbərlik etdiyi cəza dəstəsinin 200 nəfərini məhv etdilər, komandan da daxil olmaqla 200 nəfəri də əsir aldılar. Bunun ardınca Volqa çayının sağ sahilindəkı Çalım qalasında üsyan baş verdi. Üsyana Mamış-Berdi başçılıq edirdi. Üsyançılar Qazan xanlığının bərpa edildiyini bəyan edərək, hakimiyyətə keçmiş Qazan çariçası Suyumbəyin qardaşı Murza Əli Əkrəmi gətirdilər. Üsyandan qorxuya düşən İvan Qroznı onlara qarşı D. Adaşevin komandanlığı altında 30 min nəfərlik əsgər göndərdi. Sonra knyaz S. Mikulinkinin, İ. Şeremetyevin, P. Morozovun və A. Kurbskinin komandanlığı altında əlavə 40 min nəfərlik ordu da üsyançıların üzərinə göndərildi. Onlara bütün üsyançıları və yardımçı əhalini son nəfərinədək məhv etmək tapşırığı verilmişdi. "Rusların cəza dəstələri yol üstündə qarşılarına çıxan hər şeyi məhv edirdilər. Onlar kənddən kəndə keçir, qarşılarına çıxan əhalinin hamısını ya yerindəcə öldürür, ya da əsir götürürdülər. Evləri yandırır, heyvanları müsadirə edir, özlərindən sonra canlı yaşaya bilməyəcək odlara qalanan kəndlər qoyurdular. 1553–1554-cü illərin qışında rus cəza dəstələri qızğın döyüşlərdən sonra üsyançıların Meşə çayı ətrafındakı qalasını ələ keçirərək yandırdılar. 6 min nəfər kişi, 15 min nəfər də qadın və uşaq əsir alındı".[12] 1554–1556-cı illərdə Mamış-Berdi üzərinə edilən hücumlar nəticəsində Çalım qalası alındı, döyüşlərdə Qazan xanı Əli Əkrəm öldürüldü. Savaşın həlledici anında üsyançılar sırasında ruslara qarşı döyüşən çuvaşlar Mamış-Berdiyə xəyanət edərək onu aldatdılar və ruslara təhvil verdilər. Üsyan rəhbəri Moskvada edam edildi. Mamış-Berdidən sonra azadlıq mübarizəsinə Əhməd Batır rəhbərlik etmək istədi. O məğlub olan üsyançıları bir araya yığmaq və yenidən Qazan xanlığını bərpa etmək arzusunda idi. Lakin onun cəhdləri uğursuzluqla nəticələndi. Belə ki, qüvvələr bərabər deyildi və ruslarla ilk döyüşdəcə Əhməd Batır məğlub oldu və ələ keçirilərək edam edildi.[13]
Artıq Qazan xanlığının torpaqları ruslara paylanırdı. Bu məqsədlə bölgəyə Rusiyanın içərilərindən assimilyasiyaya uğradılan ruslaşmış müxtəlif xalqlar, o cümlədən fin-uqorlar köçürülməyə başlandı. Buna etiraz edən əhali 1572–1573-cü illərdə yenidən üsyan qaldırdı.[14] Üsyançıların əsas qüvvəsini Qazan xanlığının işğalı zamanı İvan Qroznının tərəfində vuruşan və sonralar bu yerdə məskunlaşan dağlı xalqları təşkil edirdilər. Minlərlə tatar və başqırd da üsyançılara qoşulmuşdular. Üsyançılar rus dəstələrinə ağır zərbələr vurdular. Bunu görən İvan Qroznı bölgəyə əlavə hərbi qüvvələr göndərməyə məcbur oldu. Ordu çətinliklə azadlıqları uğrunda ayağa qalxan dağlıların üsyanını yatırda bildi. On mindən artıq üsyançı edam edildi. Onların ailələri və uşaqları, təxminən 25 min nəfər qadın və uşaq xristianlığı qəbul etmək şərtilə ruslara qul kimi verildi. Lakin üsyanlar davam etməkdə idi.1582-ci ildə Povoljyedə üsyanlar yenidən baş qaldırdı.[15] Üsyançılara qarşı Moskvadan xüsusi cəza dəstələri göndərildi. Lakin onlar üsyanı yatırda bilmədilər. Üsyançılar yalnız 1584-cü ildə İvan Qroznı öləndən sonra müqaviməti dayandırdılar. Onlar ümid edirdilər ki, çarın ölümü ilə vəziyyətləri yaxşılaşacaq. Lakin bu ümidlər özünü doğrultmadı. Buna görə də 1592-ci ildə Qazan xanlığında üsyanlar yenidən başladı. Amma çar hökuməti üsyanları amansızlıqla yatırdı.[16]
Həmçinin bax
redaktəXarici keçidlər
redaktə- Покорение Казанского ханства: историческая правда и современные измышления Arxivləşdirilib 2016-12-16 at the Wayback Machine
- Взятие Казани войсками Ивана Грозного, в результате чего Казанское ханство было присоединено к России
- Казань – Москва: год 1552. Хроника событий
- Казанские походы и взятие Казани 2 октября 1552 года
- День Памяти геноцида Татар 1552
- Татары назвали Ивана Грозного организатором геноцида
- 12 октября в Казани – День памяти татарского народа!
- 2 октября 1552 года войска Ивана Грозного взяли Казань
- Əziz Mustafa. Rusların tatar soyqırımı dəhşətləri. Zaman, 2010, 14–15 oktyabr, s. 12.
- Əziz Mustafa. Rusların tatar soyqırımı dəhşətləri. Zaman.- 2010.- 16–18 oktyabr.-S.10.
Ədəbiyyat
redaktə- Худяков М. Г. Очерки по истории Казанского ханства, издание 3-е, дополненное. Воспроизведено по тексту 1-го издания (Казань. Комбинат изд-ва и печати, 1923), М.: ИНСАН, Совет по сохранению и развитию культур малых народов, СФК, 1991. — 320 с.: карт. ISBN 5-85840-253-4.
- Мухамедьяров Ш. Ф. Социально-экономический и государственный строй Казанского ханства (XV – первая половина XVI вв.) / Репринтное воспроизведение кандидатской диссертации (Институт истории АН СССР, г. Москва, 1951 г.). Сост. и отв. ред. Р. Г. Галлям; авторы предисл. Р. Г. Галлям, С. М. Исхаков, А. А. Бурханов. – Казань: Изд-во "Ихлас"; Институт истории им. Ш. Марджани АН РТ, 2012. – 276 с. + 4 с. вкл.
- Булат Хамидуллин. Народы Казанского ханства: этносоциологическое исследование. Казань: Татарское книжное издательство, 2002, 335 с.
- Казанское ханство: актуальные проблемы исследования/Ильдус Загидуллин, Булат Хамидуллин, Дамир Исхаков и др. Казань, "Фэн", 2002, 320 с.
İstinadlar
redaktə- ↑ 1 2 3 М. Г. Худяков. Очерки по истории Казанского Ханства. Москва "ИНСАН", 1991, с. 154 −155
- ↑ Muxtarova Ə. Türk xalqları tarixi (qədim dövr və orta əsrlər). Ali məktəblər üçün dərslik. Bakı: Adiloğlu, 2005, s.355–356
- ↑ М. Г. Худяков. Очерки по истории Казанского Ханства. Москва "ИНСАН", 1991, с. 106
- ↑ "Пенской В. В. Численность и развёртывание московского и татарского войска в кампанию 1521 года // Война и оружие: Новые исследования и материалы. 2-я Международная научно-практическая конференция, 18-20 мая 2011 года. — СПб.: ВИМАИВиВС, 2011. — Т. 2., c/ 194-209" (PDF). 2018-12-22 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-09-26.
- ↑ М. Г. Худяков. Очерки по истории Казанского Ханства. Москва "ИНСАН", 1991, с. 42, 48, 102–103
- ↑ Ю. Г. Алексеев Под знамёнами Москвы. М. Мысль, 1992, c. 93
- ↑ Алишев С. X. Казань и Москва: межгосударственные отношения в XV–XVI вв. — Казань: Татарское кн. изд-во, 1995. — 160 с.
- ↑ Волков В. А. Войны и войска Московского государства (конец XV — первая половина XVII вв.). — М.: Эксмо, 2004, с. 115–121
- ↑ М. Г. Худяков. Очерки по истории Казанского Ханства. Москва "ИНСАН", 1991, с. 151
- ↑ Султанов Р. И. Историческая география Казани (город и его предместья в XVI–XVII веках). — Казань: Магариф, 2004. — С. 89.
- ↑ М. Г. Худяков. Очерки по истории Казанского Ханства. Москва "ИНСАН", 1991, с. 160–161
- ↑ Соловьев С. М. История России с древнейших времен. Т.2. М.: Изд. соц-экон. лит., 1959, с. 88
- ↑ М. Г. Худяков. Очерки по истории Казанского Ханства. Москва "ИНСАН", 1991, с. 156–159
- ↑ Булат Файзрахманович Султанбеков, Ф. Ш Хузин. История Татарстана. Казань: Тарих, 2001, c. 108
- ↑ Борис Николаевич Флоря. Иван Грозный. М. : Молодая гвардия, 2009, с. 414
- ↑ Вахит Имамов. Запрятанная история татар. Набережные Челны: Газетно-книжное изд-во "Камаз", 1994, с. 14