Rza Efqanli - Wikipedia
Rza Rüstəm oğlu Əfqanlı (Cəfərzadə) (15 may 1899 və ya 1899[1], Sərab, Cənubi Azərbaycan – 9 noyabr 1973 və ya 1973[1], Bakı) — Azərbaycan teatr və kino aktyoru, Azərbaycan SSR xalq artisti (1943).
Rza Əfqanlı | |
---|---|
Doğum adı | Rza Rüstəm oğlu Cəfərzadə |
Doğum tarixi | 15 may 1899 və ya 1899[1] |
Doğum yeri | |
Vəfat tarixi | 9 noyabr 1973 və ya 1973[1] |
Vəfat yeri | |
Həyat yoldaşı | |
Uşaqları | |
Fəaliyyəti | teatr aktyoru, kino aktyoru, teatr rejissoru, aktyor |
Teatr |
|
Mükafatları |
|
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəRza Rüstəm oğlu Cəfərzadə (Rza Əfqanlı) 1899-cu il mayın 15-də İran Azərbaycanının Sərab şəhərində doğulub. İki yaşında olarkən atası Rüstəm kişi vəfat edib. Rza doqquz yaşından varlıların qapılarında nökərçilik etməyə, quzu otarmağa məcbur olub. Ailəsini dolandırmaq məqsədilə 1912-ci ilin yazında Bakıya gəlib. 1916-cı ildə Pyatiqorska gedib və orada Çəkməçi şagirdi işləyib, iki il sonra rus ordusunda könüllü xidmət edib.
1920-ci ildə Bakıya dönən Rza Əfqanlı əvvəl Sabunçu qəsəbəsindəki dram dərnəyində aktyorluq edib və tezliklə Akademik teatrın aktyoru Xəlil Hüseynovun təşəbbüsü ilə Mərkəzi Dövlət Səyyar Teatrında işləməyə başlayıb.1923-cü ildə Milli Dram Teatrının truppasına işə götürülüb və paralel olaraq 1926-cı ildə Bakı Teatr Məktəbini bitirib. 1929-cu ildə rejissor və aktyor İbrahim İsfahanlının dəvəti ilə Tiflis Azərbaycan Dövlət Teatrında işləməyə gedib. 1933–1934-cü il teatr mövsümündə Türkmənistan respublikasının paytaxtı Aşqabaddakı "Az Millətlər Teatrı"nda ("Natsmen" Teatrı) baş rejissor olub. 1935-ci ilin əvvəllərində yenə Milli Dram Teatrının kollektivinə qayıdıb.
Rza Əfqanlı müxtəlif illərdə Əbdürrəhim bəy Haqverdiyevin "Ağa Məhəmməd şah Qacar" (Tavad Orbeliani), "Köhnə dudman" (Bədəl), "Baba yurdunda" (İsgəndərzadə), "Pəri cadu" (Qurban), "Dağılan tifaq" (Nəcəf bəy), Cəfər Cabbarlının "Od gəlini" (Rəbi, Aqşin və Elxan), "Oqtay Eloğlu" (Oqtay), "Sevil" (Balaş və Əbdüləli bəy), "1905-ci ildə" (General-qubernator), "Aydın" (Dövlət bəy), Vilyam Şekspirin "Otello" (Yaqo), "Hamlet" (Horatsio), "Kral Lir" (Edmund), Hüseyn Cavidin "Knyaz" (Anton), "Şeyx Sənan" (Platon və Şeyx Sənan), Aleksandr Suxovo-Kobılinin "Kreçinskinin toyu" (Nelfin), Viktor Hüqonun "Gülən adam" (Lord Devid), Şəmsəddin Saminin "Dəmirçi Gavə" (Gavə), Konstantin Trenyovun "Düşmənlər" (Vixor Yarovay), Aleksandr Şirvanzadənin "Namus" (Seyran), Səməd Vurğunun "Vaqif" (Eldar), "Fərhad və Şirin" (Fərhad və Xosrov), Nazim Hikmətin "Türkiyədə" (Hüseyn), Mehdi Hüseynin "Nizami" (Nizami), Aleksandr Ostrovskinin "Cehizsiz qız" (Paratov), Abdulla Şaiqin "Nüşabə" (İsgəndər), Nəcəf bəy Vəzirovun "Müsibəti-Fəxrəddin" (Rüstəm bəy) əsərlərinin tamaşalarında ifa etdiyi rollar janr əlvanlığı, estetik zənginliyi ilə xarakterikdir.
Eyni dövrdə yaşadığı sənətkarlar kimi, Rza Əfqanlının da yaradıcılığında kino rolları ayrıca mərhələdir. O, 1963-cü ildə teatrdan haqsız olaraq uzaqlaşdırılıb. Uzun illər işsiz qalan (arada ancaq bir neçə filmə çəkilib) Rza Əfqanlı bir müddət Sumqayıt Dövlət Dram Teatrında aktyorluq edib.
Rza Əfqanlı 9 noyabr 1973-cü ildə Bakıda vəfat edib.
Ailəsi
redaktə- Həyat yoldaşı — Sona xanım
- Qızı — Xumar Zülfüqarova (1927–2017), rəqqasə, baletmeyster, Azərbaycan SSR xalq artisti (1979).
- Həyat yoldaşı — Bədurə Əfqanlı (1912–2002), geyim üzrə rəssam, Azərbaycan SSR xalq rəssamı (1974).
- Qızı — Ofeliya Aslan (1939–2010), teatr aktrisası. Səyavuş Aslanın həyat yoldaşı.
Təltif və mükafatları
redaktə- "Azərbaycan SSR xalq artisti" fəxri adı — 17 iyun 1943
- "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 4 noyabr 1938
- "Stalin" mükafatı (ikinci dərəcə) — 1948 (Azərbaycan Dövlət Dram Teatrında Ənvər Məmmədxanlının "Şərqin səhəri" dramının tamaşasında Fərhad rolunun ifasına görə)
- "Lenin" ordeni — 22 iyul 1949
- "Qırmızı əmək bayrağı" ordeni — 9 iyun 1959
- "Şərəf nişanı" ordeni — 1 fevral 1939
Filmoqrafiya
redaktə- Bakılılar (film, 1938) — Cəfər
- Kəndlilər (film, 1939) — Abbas
- Yeni horizont (film, 1940) — professor Əhmədov
- O olmasın, bu olsun (film, 1956) — Cəlil Məmmədquluzadə
- Aygün (film, 1960) — müəllim
- İyirmialtılar (film, 1966) — Süleyman
- Dağlarda döyüş (film, 1967) — Sərxan
- Qanun naminə (film, 1968) — Vahidov
- Mən ki gözəl deyildim (film, 1968) — Həmid
- Sevil (film, 1970) — Atakişi
İstinadlar
redaktə- ↑ 1 2 3 4 Əfqanlı, Rza // Çex Milli Hakimiyyət Məlumat bazası.