Seadet Cahangir - Wikipedia
Bu məqalənin sonunda mənbə siyahısı var, lakin mətndaxili mənbələr heç və ya kifayət qədər istifadə edilmədiyi üçün bəzi məlumatların mənbəsi bilinmir. |
Səadət Qabil qızı Cahangir (8 yanvar 1968, Diləli Müskənli, Qubadlı rayonu) — Azərbaycan Xalq Cəbhəsi Partiyası Rəyasət Heyətinin üzvü, "Azadlıq" qəzetinin köşə yazarı, şairə.
Səadət Cahangir | |
---|---|
Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin müavini | |
Vəzifədədir | |
2 sentyabr 2023-cü ildən | |
Sədr | Əli Kərimli |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 8 yanvar 1968 (56 yaş) |
Doğum yeri | |
Milliyyəti | azərbaycanlı |
Partiya | |
Təhsili | |
Fəaliyyəti | şairə, publisist |
Həyatı
redaktəSəadət Cahangir 8 yanvar 1968-ci ildə Qubadlı rayonunun Diləli Müskanlı kəndində anadan olub. Orta təhsilini doğulduğu kənddə və Hal kənd orta məktəblərində alıb. 1985-ci ildə orta məktəbi bitirdikdən sonra Bakı Dövlət Universitetinə daxil olub. 1990-cı ildə BDU-nu bitirərək doğulduğu kəndə qayıdıb. 1993-cü ildə Qubadlı rayonu işğal olunduqdan sonra Bakıya köçüb.
1996-cı ildən etibarən "Azadlıq" qəzetində çalışır[1]. 2001–2007-ci illər arasında BP neft şirkətində informasiya və redaktə işləri üzrə məsul işçi vəzifəsində çalışıb. 2007–2010-cu illərdə "Universe" tərcümə şirkətində redaktor kimi fəaliyyətini davam etdirib.
Ailəsi
redaktəSəadət Cahangirin atası Qabil Cahangirli, anası isə Ulduz xanımdır. Ulduz xanım Cavanşirlər nəslindəndir. Şair Məhəmməd bəy Aşiq və Əbdüssəməd bəy Aşiq Ulduz xanımın ulu babalarıdır. Ulduz xanımın Ağabəyim ağa, Gövhər ağa, Xurşidbanu Natəvan, Qasım bəy Zakir ilə də yaxın qohumluq əlaqələri var.
Səadət Cahangir 1991-ci ildə ailə qurub, bir oğlu var.
İctimai-siyasi fəaliyyəti
redaktəTələbəlik illərində universitetdə yaradılan "Yurd" birliyinin (1987) üzvlərindən, sonralar tələbə hərəkatının fəallarından olub. Azərbaycanda başlanan azadlıq hərəkatında yaxından iştirak edib. 1989-cu ildə Azərbaycan Xalq Cəbhəsi yarandığı gündən təşkilata üzv olub. Hazırda Azərbaycan Xalq Cəbhəsi Partiyası Rəyasət Heyətinin üzvüdür.
1990-cı illərdə Qubadlı rayonunda nəşr olunan "Bərgüşad" qəzetində çalışıb.
Bakıya köçdükdən sonra bir müddət "Demokratiyanın İnkişafı" Fondunda, sonra isə "Azadlıq" qəzetində işləyib. 2011-ci ildə yenidən köşə yazarı olaraq "Azadlıq" qəzetinə qayıdıb. Hazırda qəzetin köşə yazarıdır.
Yaradıcılığı
redaktəSəadət Cahangir ilk şeirlərini məktəb illərindən yazmağa başlayıb. Orta məktəb illərində rayon qəzetində şeirləri və məqalələri çıxıb. İlk şeir kitabı "Bu sevdamı, nağılmı?" 2004-cü ildə, ikinci şeir kitabı "Qırov" 2013-cü ildə, üçüncü şeir kitabı "İçimdə bulud səsi" isə 2021-ci ildə çıxıb. Şeirləri Türkiyə və Fransada nəşr olunub. O, şeir kitablarından başqa, 3 tərcümə kitabının müəllifidir. Sözlərinə çox sayda mahnılar bəstələnib. Müğənni Flora Kərimovanın ifasında səslənən "Daha o yerlərdə kimim var mənim" mahnısının, müğənni və bəstəkar Rəşidə Rəşidin bəstələdiyi "Ağlama" mahnısının, bəstəkar, müğənni Hatəm Nəbioğlunun "Kapitan", "Ölkəm qədər qırğınam", "Uzaqlardan əsən yel" mahnılarının sözlərinin müəllifidir.
Mükafatları
redaktə- Həsən bəy Zərdabi mükafatı, 2015-ci il[2]
- "Free Person" təşkilatı tərəfindən "İlin ən yaxşı mədəniyyət və incəsənət" yazarı, 2002-ci il
İstinadlar
redaktə- ↑ "Arxivlənmiş surət". 2022-09-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-12.
- ↑ "Arxivlənmiş surət". 2022-02-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-14.