Semed Suleymanov - Wikipedia
Səməd Salman oğlu Süleymanov (7 dekabr 1906, Potu, Göyçay qəzası – 11 avqust 1984, Bakı) — Azərbaycan iqtisadçısı, dövlət xadimi, Azərbaycan SSR Mərkəzi Statistika İdarəsinin rəisi (1942–1963), Azərbaycan SSR əməkdar iqtisadçısı (1964).
Səməd Süleymanov | |
---|---|
21 iyun 1942 – 30 mart 1963 | |
Əvvəlki | Əli Abdulov |
Sonrakı | Hüseyn Zeynalov |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 7 dekabr 1906 |
Doğum yeri | |
Vəfat tarixi | 11 avqust 1984 (77 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Partiya |
Həyatı
redaktəSəməd Salman oğlu Süleymanov 7 dekabr 1906-cı ildə Göyçay qəzasının Potu kəndində anadan olmuşdur. İbtidai təhsilini Potu kəndində, sonra isə Göyçay şəhər orta məktəbində almışdır. 1922-ci ildə, beşinci sinifdə oxuyarkən təhsilini davam etdirmək üçün Gəncə Kənd Təsərrüfatı Texnikumuna göndərilmiş və 1928-ci ildə həmin texnikumu başa vurmuşdur.[1]
Səməd Süleymanov 1928-ci ilin aprel ayından 1930-cu ilin sentyabr ayınadək Kürdəmir rayonunda əvvəlcə aqrotexnik, sonra isə həmin rayonun Mollakənd kəndində aqronom məntəqəsinin müdiri vəzifəsində çalışmışdır. 1930-cu ilin sonlarında Azərbaycan Kommunist Partiyası Göyçay Rayon Komitəsi tərəfindən təhsilini davam etdirmək üçün yenidən Gəncə şəhərinə ezam olunaraq Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda təhsil almış və buranı 1934-cü ildə iqtisadçı-aqronom ixtisası üzrə bitirmişdir.[1]
Səməd Süleymanov təhsilini başa vurduqdan sonra Göyçay MTS-də aqronom vəzifəsində işləməyə göndərilmiş, 1935-ci ildən etibarən Azərbaycan sovxozlar tresti sistemində işləmiş, Gəncədə təcrübə stansiyasının müdiri və Göyçay Torpaq Şöbəsinin aqronomu olmuşdur.[2] 1937-ci ildə SSRİ Mərkəzi Statistika İdarəsi sisteminə işə keçirilmiş, Azərbaycan SSR Mərkəzi Statistika İdarəsinin Göyçay rayonu üzrə müfəttişi, 1939-cu ildə isə Bakı Şəhər Statistika İdarəsinin rəisi vəzifəsinə irəli çəkilmiş və bu 1942-ci ilədək bu vəzifədə çalışmışdır. 1942-ci ilin iyun ayında Səməd Süleymanov Azərbaycan SSR Mərkəzi Statistika İdarəsinin rəisi təyin edilmiş və 1963-cü ilin mart ayınadək bu idarəyə başçılıq etmişdir. 1963-cü ildə təqaüdə çıxdıqdan sonra 1977-ci ilin mart ayınadək Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətində məsləhətçi vəzifəsində çalışmışdır.[1]
Səməd Süleymanov Bakı Şəhər Zəhmətkeş Deputatları Sovetinin, eləcə də 5-ci çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı seçilmişdir. "Lenin" ordeni (1960), iki "Şərəf nişanı" ordeni, "Qafqazın müdafiəsinə görə", "1941–1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə", "Əmək veteranı" kimi medallarla təltif edilmişdir. 1964-cü ildə ona "Azərbaycan SSR əməkdar iqtisadçısı" fəxri adı verilmişdir. 1958-ci ildə Ümumittifaq Kənd Təsərrüfatı Sərgisinin qızıl medalına, iki dəfə Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin fəxri fərmanına, 3 dəfə SSRİ Mərkəzi Statistika İdarəsinin "Sosialist uçotu əlaçısı" döş nişanına layiq görülmüşdür. 1963-cü ildən respublika əhəmiyyətli, 1972-ci ildən isə ittifaq əhəmiyyətli fərdi təqaüdçü olmuşdur.[1]
Səməd Süleymanov 11 avqust 1984-cü ildə Bakı şəhərində vəfat etmişdir.[1]
İstinadlar
redaktə- ↑ 1 2 3 4 5 Süleymanov Səməd Salman oğlu. Göyçay ensiklopediyası. 2023-03-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 sentyabr 2023.
- ↑ Сәмәд Салман оғлу Сүлејманов // Азәрбајҹан ССР Али Совети депутатларынын тәрҹүмеји-һаллары. Бешинҹи чағырыш: 15 март 1959-ҹу ил. Бакы. 1960. С. 338.