Sabir Nuri Turkel - Wikipedia
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Nuriyev Sabir Ayyət oğlu (Sabir Nuri Türkel) (1938-2009) — azərbaycanlı şair, ədəbiyyat tədqiqatçısı, Azərbaycan Yazıçılar Birliyinin üzvü.
Sabir Nuri Türkel | |
---|---|
Sabir Ayyət oglu Nuriyev | |
Doğum adı | Sabir Nuriyev |
Təxəllüsü | Nuri Türkel |
Doğum tarixi | |
Doğum yeri | Qəzli, Sabirabad rayonu, Azərbaycan SSR |
Vəfat tarixi | (70 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan |
Fəaliyyəti | şair |
Həyatı
redaktəSabir Nuri Türkel 1938-ci il iyulun 16-da Sabirabad rayonunun Qəzli kəndində, el xanəndəsi Ayyət Nuri oğlunun və dini təhsilli şamaxılı qızı Məşədi Ceyranxanımın ailəsində dünyaya gəlmişdir. Kiçik yaşlarında valideynlərini itirdiyindən qardaş himayəsində tərbiyə və təhsil almışdır. Orta məktəbi bitirdikdən sonra, 1954-cü ildə Bakı şəhərindəki 10 saylı texniki peşə məktəbinə qəbul olunmuşdur. Bu məktəbi bitirdikdən sonra, 1956-cı ildə Bakı Pedaqoji Sənaye Texnikumuna göndərilmiş, 1960-cı ildə isə bu texnikumu bitirərək inşaatçı-texnik ixtisasına yiyələnmişdir. 1961-1962-ci illərdə Bakının Sabunçu qəsəbəsindəki 6 saylı texniki peşə məktəbində tərbiyəçi-müəllim, 1970-1972-ci illərdə Sumqayıtda və Bakıda inşaat ustası və iş icraçısı, daha sonra Kolxozlararası Layihə İnstitutunda smetaçı-mühəndis vəzifələrində çalışmışdır. Lakin yazıb-yaratmağa, o cümlədən, mətbuata olan böyük həvəs onu müvafiq ali təhsil almaq məqsədilə Azərbaycan Dövlət Universitetinə gətirmiş və 1972-ci ildə bu universitetin filologiya fakültəsini bitirmişdir. Bununla yanaşı, o, Azərbaycan Jurnalistlər İttifaqı Jurnalist Sənətkarlığı İnstitutunu (1977) və Azərbaycan KP MK-nın Marksizm-Leninizm Universitetini (1991) də bitirməyə müvəffəq olmuşdur.
Ümumiyyətlə, Sabir Nuri Türkel ədəbiyyat aləminə ötən əsrin 50-ci illərində ilk qələm təcrübələri – şeirləri ilə qədəm qoymuşdur. İlk məqaləsi 1953-cü ilin fevralında "Azərbaycan gəncləri" qəzetində dərc olunmuşdur. Öncə "İnşaatçı" və "Azərbaycan müəllimi" qəzetlərinin müxbiri kimi çalışmış, eləcə də müxtəlif mətbuat səhifələrində - "Bakı", "Azərbaycan gəncləri" qəzetlərində, "Kirpi", "Azərbaycan qadını", "Mədəni maarif işi" jurnallarında, Azərbaycan Televiziyasında ("İnşaatçı" verilişində) müntəzəm olaraq çıxış etmişdir. 1972-ci ilin sentyabrından Maarif Nazirliyinin mətbəəsində baş korrektor, 1975-ci ilin sentyabrından isə "Abşeron" qəzetində ədəbi işçi kimi çalışmışdır. Sabir Nuri Türkelin gənc nəslin ədəbi zövqünün formalaşmasında, ədəbi qabiliyyətinin püxtələşməsində də xidmətləri olmuşdur. "Abşeron" qəzetində işləyərkən gənc rayon yazarlarını rəhbəri olduğu "Üfüq" ədəbi birliyinin ocağına toplamışdır. 1983-cü ildə "Təşviqatçı" ("Dialoq") jurnalında əvvəlcə şöbə müdiri, sonra məsul katib, daha sonra isə baş redaktor müavini vəzifəsində çalışmışdır. Daha sonralar təsis etdiyi "Milli təfəkkür" qəzetinin (1997-2002) baş redaktoru olmuşdur.
1996-cı ildə onun "Sözlü dünyam" adlı kitabı İstanbulda işıq üzü görmüşdür. Şeir, qəzəl, mənsur şeir, hekayə və miniatürlərdən ibarət nəşrdə ədibin 12 yaşında qələmə aldığı "Gəl, ey bahar" adlı ilk şeiri də yer almışdır. 1998-ci ildə şairin "Ömürdən yarpaqlar" adlı ikinci kitabı Bakıda çap olunmuşdur. Bura daxil edilmiş şeirlər, qəzəllər, bayatı və rübailərdə müəllif lirik duyğularla yanaşı, vətənpərvərlik, milli qürur məsələlərini də ön plana çıxarır. "Üz tuturam dərgahına" ümumi başlığı altında isə poema-minacat, poema-nət, digər dini şeirlər yer almışdır.
Sabir Nuri Türkelin üçüncü kitabı ölümündən sonra, 2009-cu ildə Bakıda nəşr edilmişdir. "Təfəkkür inciləri" adlı həmin kitaba şairin 1997-2001-ci illərdə qələmə aldığı 300 rübaisi toplanmışdır. Burada dinə-imana bağlılıq, vətənpərvərlik, xeyirxahlıq, taledən və ya zəmanədən şikayət, öyüd-nəsihət, sənət və sənətkara ehtiram və s. məsələlər öz bədii və fəlsəfi ifadəsini tapmışdır.
Sabir Nuri Türkel ədəbi tədqiqatlarla da məşğul olmuşdur. O, Məhəmməd Hüseyn Şəhriyar və Gülhüseyn Hüseynoğlu yaradıcılığı ilə bağlı monoqrafiyaların müəllifidir. Sonuncu – "Mənsur şeirlər ustası" adlı monoqrafiya vəfatından sonra, 2010-cu ildə Bakıda çap edilmişdir. Kitabda xalq yazıçısı, mənsur şeirlər ustası Gülhüseyn Hüseynoğlunun həyat və yaradıcılığı, o cümlədən, həm ədəbi, həm elmi, həm də pedaqoji fəaliyyəti haqqında danışılır. Yazıçı "Həyatımdan dəqiqələr" başlığı altında silsilə yazılarda isə dünyadan köçmüş, bir qədər unudulmuş yaradıcı ziyalıların həyatına işıq salır, onları müasirlərinə xatırladır, tanıdır.
Ümumiyyətlə, Sabir Nuri Türkelin 500-dən çox ədəbi-tənqidi məqaləsi dövri mətbuatda dərc olunmuşdur. Bundan əlavə, 10-a yaxın kitabın müəlliflərindən biridir.
Sabir Nuri Türkel Azərbaycan Jurnalistlər Birliyinin və Azərbaycan Yazıçılar Birliyinin fəal üzvlərindən olmuşdur. Həmçinin müxtəlif vaxtlarda ilk partiya və ilk jurnalist təşkilatlarının katibi vəzifələrini daşımış, Azərbaycan jurnalistlərinin V və VII qurultaylarının nümayəndəsi olmuş, Təftiş Komissiyasına üzv seçilmişdir.
Onun adı "XX əsr Azərbaycan yazıçıları" ensiklopedik məlumat kitabında da özünə yer almışdır. Xidmətləri müxtəlif təşkilatların fərmanlarına, eləcə də "Qızıl qələm" mükafatına layiq görülmüşdür.
Sabir Nuri Türkel 2009-cu il aprelin 19-da Bakı şəhərində vəfat etmişdir.
Kitabları
redaktə- Sözlü dünyam.
- Ömürdən yarpaqlar.
- Təfəkkür inciləri.
- Mənsur şeirlər ustası.