Samet Elizade - Wikipedia
Samət Qürbət oğlu Əlizadə (14 mart 1938, Xızı – 31 may 2002, Bakı) — dilçi alim, filologiya elmləri doktoru, əməkdar elm xadimi, pedaqoq.
Samət Əlizadə | |
---|---|
Samət Qürbət oğlu Əlizadə | |
Doğum tarixi | 14 mart 1938 |
Doğum yeri | |
Vəfat tarixi | 31 may 2002 (64 yaşında) |
Vəfat yeri | |
Vətəndaşlığı |
SSRİ Azərbaycan |
İş yeri | |
Təhsili |
Həyatı
redaktəSamət Qürbət oğlu Əlizadə 1938-ci il mart ayının 14-də Xızı-Bərmək mahalının baş kəndi olan Xızıda anadan olmuşdur. O, orta təhsilini Siyəzən rayonunda almış, 1960-cı ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirmişdir. Samət Əlizadə 1966-cı ildə elmlər namizədi, 1992-ci ildə isə “XVI əsr Azərbaycan ədəbi dili” mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. O, azəri-türk dilçiliyinin çox sahələri üzrə görkəmli nailiyyətlər əldə etmiş alimdir. Samət Əlizadə bir çox beynəlxalq elmi yığıncaqların fəal iştirakçısı olmuş, Azərbaycan türk dilinin təbliğində böyük əmək sərf etmiş dilçi alimdir. O, 1965-ci ildə öz taleyini müəllimlik kimi çətin və şərəfli vəzifəyə bağlamış, Azərbaycan Dövlət Universitetində dərs demişdir. Onun hazırladığı tələbələr arasında onlarla tanınmış dilçi-türkoloq vardır. Bir dilçi alim kimi, Samət Əlizadəni daha çox dilimizin tarixi maraqlandırmışdır. Tədqiqat obyekti kimi XVI yüzilliyi seçmişdir. “Şühədanamə”nin dilindən başlamış, bütün XVI əsrin dil səviyyəsini öyrənmişdir. Ümumən,dünya sivilizasiyasında olduğu kimi, Azərbaycan mədəniyyəti tarixində də XVI yüzillik əsrlər silsiləsində yüksək zirvədir. Bütövlükdə bu əsrin dili, ədəbiyyatı, tarixi, incəsənəti daha çox maraq doğurmuşdur. Onun XVI əsrin ədəbi dilinə həsr etdiyi üç hissə, 8 fəsil, giriş, nəticə və kitabiyyatdan ibarət olan “XVI əsr Azərbaycan ədəbi dili” əsəri maraqla oxunur. S.Əlizadənin tədqiqatçı kimi xoşbəxtliyi həm də onda idi ki, o, ərəb əlifbasına, bu əlifba ilə yazılmış əsərlərin imla qaydalarına gözəl bələd olmuşdur. Ədəbi yaradıcılığa XX əsrin 60-cı illərdən başlamışdır. Dövri mətbuatda vaxtaşırı elmi və ədəbi-tənqidi məqalələrlə çıxış etmiş, bədii dil və üslub məsələlərinə xüsusi diqqət yetirmişdir. Türkiyənin Kayseri şəhərində keçirilən I Millətlərarası Böyük Azərbaycan konqresinin iştirakçısı olmuşdur. O, 10 kitab, 200-ə qədər elmi məqalənin müəllifidir. Samət Qürbət oğlu Əlizadə 2002-ci il may ayının 31-də vəfat etmişdir.[1]
Türkoloq alimin şəxsiyyəti
redaktəS.Əlizadənin, demək olar ki, bütün elmi yazılarında müqayisəli analiz xüsusi yertutur. Lakin pedaqoq-alimin fərqli fərdiliyi bunda deyil, ondadır ki, müəllif bir yaradıcı şəxsiyyəti digərinə, bir ədəbi mühiti başqa bir ədəbi mühitə qarşı qoymur, zəiflik uğurlu cəhətin önə çəkilməsi fonunda gözdən salınmır, dilin evolyusiyası sosial-siyasi mühit, xalqın durumu, mədəni səviyyəsi və başqa vacib elementlərlə dəstəklənir və beləliklə də, bütövlükdə "Azərbaycan dili" adlı elm yeni nəzəri fikirlə zənginləşir. Bu baxımdan təsadüfi deyil ki, Samət müəllim bir çox məqalə və mühazirələrində yeri düşdükcə orta əsrlər Azərbaycan dövlət dilinin, Azərbaycan diplomatiya dilinin, dəftərxana dilinin yaranmasına və inkişafına böyük diqqət yetirmişdir. S.Əlizadənin sanballı tədqiqatçı-alim kimi elmi ictimaiyyət tərəfindən xoş qarşılanan xarakter xüsusiyyətlərindən biri də onun yazılarında akademik elmi üslubun deyil, elmi-publisistik təhkiyə ilə izah-isbat etmək formasının əsaslığıdır.[2] O, bu üslub formatı daxilində özünü çox sərbəst hiss edir, məhz bu səbəbdən də tələbələri onun mühazirələrindən yayınmır, həmsöhbətləri isə onunla elmi ünsiyyətdə olmaqdan zövq alırdılar. Çünki onun əsas tədqiqat obyekti nisbətən qədim və orta əsrlər dövrünün dil-ədəbiyyat materialları olsa da, köhnə dövr onun qələminin gücü ilə çox müasir və anlaşıqlı dildə danışır. S.Əlizadə bir il, bir ədib, bir kitab və s. "bir"lər üzərində tədqiqat aparan alim deyil. Onun tədqiqat obyekti yüzillik, qədim əlyazmalar, yaxud mətinlər keçmiş böyük dövrdür. O, asan, "hazır" mövzular üzərində elmi karyera quran alim-pedaqoq da olmamışdır. Professor S.Əlizadə geniş düşünməyi bacarırdı. Tipik bir misal: "...ədəbi dilimizin (yazılı şeir qolunun) inkişaf tarixindəki mövqeyinə və roluna görə Xətai Nəsimi ilə Füzuli arasında körpüdürsə, Qövsi Füzulini Vaqifə birləşdirir". Fikir verin, o, bircə cümlə daxilində ədəbi-mədəni tariximizin 452 illik (İ.Nəsimi-1369-cu il; M.P.Vaqif-1717-ci il) dövrünün necə də usta filoloji təhlilini verə bilmişdir. S.Əlizadə çox zəhmətkeş alim olmuşdur. XV-XVI əsrlərdə üzü köçürülən və ilk dəfə S.Əlizadənin sayəsində elmə məlum olan "Oğuznamə"nin, "Kitabi-Dədə Qorqud"un bir kitabda iki variantının-orijinala tam uyğun və müasirləşdirilmiş variantlarının (tərtib, transkripsiya, sadələşdirilmiş variant və müqəddimə F.Zeynalovla birgə, nüsxə fərqləri və şərhlərin müəllifi kimi tək) nəşri göstərir ki, adı çəkilən tədqiqatlardan hətta istənilən biri onun yaxşı alim olmasını sübut edərdi. Bir sözlə, nə qədər ki, türkologiya elmi var, filologiya elmləri doktoru, əməkdar elm xadimi Samət Qürbət oğlu Əlizadə elmi-pedaqoji yaradıcılığı var olacaqdır.[2]
İstinadlar
redaktəMənbə
redaktə- Xəyal S. Samət Əlizadə - 70/Sona Xəyal; red. A.Musayeva. Bakı: MBM-R, 2008, 80 s.
- Yeni Azərbaycan yazısı: dərs vəsaiti /S.Əlizadə. Bakı: Bakı Universiteti, 1993,158 s.
- Kitabi Dədə Qorqud: elmi-tənqidi mətn /S.Əlizadə. Bakı: Yazıçı, 1988, 265 s.
- Cabbarlı E. Görkəmli türkoloq alim. Respublika qəzeti, 2008-ci il, 24 dekabr, səh. 6