Sinqapur Milli Universiteti - Wikipedia
Sinqapur Milli Universiteti və ya qısaca: NUS (malay Universiti Kebangsaan Singapura; çin. 新加坡國立大學) — Sinqapurun ən məşhur universitetlərindən biri; ölkədə yaranmış ilk ali təhsil müəssisəsi. Sinqapurun Kent Ric rayonunda yerləşir. Dünyada biotibbi, ictimai, dəqiq elmlər və maşınqayırma sahəsi üzrə tanınıb.
Sinqapur Milli Universiteti | |
---|---|
1°17′44″ şm. e. 103°46′36″ ş. u.HGYO | |
Əsası qoyulub | 1905 |
Tip | Dövlət |
Tələbə sayı | 33741 |
Şəhər | Kent Ric |
Ölkə | |
Ünvan | Sinqapur Respublikası, Kent Ric rayonu |
Sayt | nus.edu.sg |
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
redaktə1904-cü ilin sentyabrında Tan Jiak Kim bir qrup Çin və digər icma nümayəndələrinə rəhbər təyin edilir. T.J.Kim Streyts Settlmentsin (Böyük Britaniyanın Cənub-Şərqi Asiyadakı müstəmləkəsi) qubernatoru Con Andersona müraciət edərək Sinqapurda tibb məktəbi yaratmaq istədiyini bildirir. 3 iyul 1905-ci ildə tibb məktəbi yaradılır və onun adı bütövlükdə Streyts və Malayziya Federativ Hökumətinin Tibb Məktəbi kimi qeyd olunur. Məktəbin binası ilə birgə tibb kitabxanasının binası da tikilir. 1912-ci ildə kral VII Edvard Tibb Məktəbinə 120000 dollar dəyərində yardım edir. 1913-cü ildə Tibb Məktəbi Kral VII Edvard adına Tibb Məktəbi, 1921-ci ildə isə təhsil müəssisəsinin akademik statusunu vurğulamaq üçün məktəb Kral VII Edvard adına Tibb Kolleci adlandırılır.
1929-cu ildə malayziyalı gənclərə incəsənət və ictimai elmlərin öyrədilməsi məqsədilə Raffles Kolleci yaradılır. 20 il sonra, 8 oktyabr 1949-cu ildə Raffles Kolleci və Kral VII Edvard adına Tibb Kolleci birləşdirilərək Malaya Universiteti açılır. Bu iki təhsil müəssisəsi Malayziya Federasiyası və Sinqapur sakinlərinə ali təhsil vermək məqsədi ilə birləşdirilir. Malaya Universiteti sürətlə inkişaf etməyə başlayır, lakin 1959-cu ildə Sinqapurda və Kuala-Lumpurda yerləşməklə iki hissəyə bölünür. 1960-cı ildə Malayziya Federasiyası və Sinqapur hökumətləri universitetin statusunu dəyişmək qərarına gəlir. 1962-ci ildə Sinqapurda yerləşən Malaya Universiteti Sinqapur Universiteti adlandırılır, Kuala-Lumpurda yerləşən ali təhsil müəssisəsinin adı isə Malaya Universiteti olaraq qalır.
1980-ci ildə Sinqapurda yerləşən Sinqapur və Nanyanq universitetləri birləşdirilir və həmin ali təhsil ocağına Sinqapur Milli Universiteti adı verilir. Bu hadisə Nanyanq Universitetinin məzunları və Çin icması tərəfindən etirazla qarşılanır. Çin icması Nanyanq Universitetini Çin elminin, mədəniyyəti və ictimai inkişafının istehkamı hesab edirdi. Nanyanq Universiteti Çin və Tayvanın hüdudlarından kənarda yerləşən və Çin təhsili verən yeganə ali təhsil müəssisəsi idi.
Sinqapur Milli Universiteti Britaniya təhsil sisteminə uyğun yaradılıb. 2005-ci ildə 1,9 km² ərazidə "Şəhər Universiteti" adlı plana əsasən universitetin yeni kampusu tikilib. Buraya səkkiz kollec yataqxanası daxildir. 2007-ci ildə universitetdə avtomobil və piyadalar üçün nəzərdə tutulmuş, iki kampusu birləşdirən körpü və keçid tikilib. Hazırda Universitet şəhərciyinin inşası davam etdirilir və 2013-cü ildə də yeni qurğuların tikintisi planlaşdırılır.
Müasir vəziyyəti
redaktəSinqapur Milli Universiteti Sinqapurun qərbində yerləşən Kent Ric rayonu ərazisindədir. Bu rayon dinc yaşayış mühitinə və bol bitki örtüyünə görə seçilir. Sinqapur Milli Universiteti Kent Ric rayonunda 1,5 km² ərazini əhatə edir.
Bu təhsil ocağı üç kampusdan ibarətdir: Kent Ric, hüquq fakültəsinin yerləşdiyi Bukit Timah və tibb məktəbinin yerləşdiyi Outram kampusları.
Sinqapur Milli Universitetinin şəhərciklərində tələbələr üçün yüksək səviyyəli şərait yaradılıb. Burada 3000 yerlik yataqxanalar, kampus daxilində həftə boyu pulsuz hərəkət edən avtobuslar mövcuddur. Yataqxanalarda tələbələrə bir və ya iki otaq təklif edilir, hər bir otaq telefon, kabel televiziyası, İnternet, istilik sistemi, paltaryuyan, qurudan maşınlar və s. ilə təmin olunub. Universitetin ən böyük yataqxanalarından Kouk Fond Evi, Şahzadə Corc Park, Ric Vyu, Eusoff, Kent Ric, Kral VII Edvard, Raffles, Sheares, Temaseki rezidensiyalarını qeyd etmək olar.
Sinqapur Milli Universiteti, konservatoriya daxil olmaqla, aşağıdakı məktəblərdən ibarətdir:
İncəsənət və İctimai Elmlər Məktəbinə Çin dili, Çin elmləri, media və kommunikasiya, iqtisadiyyat, ingilis dili, ingilis ədəbiyyatı, fəlsəfə, siyasi elmlər, ictimai fəaliyyət, psixologiya, sosiologiya, coğrafiya, tarix, Avropa, Yaponiya, Malayziya, Cənubi Asiya elmləri, teatr fakültələri daxildir.
Biznes Məktəbi biznes idarəetməsi, menecment (mühasibatlıq) fakültələrindən, mühasibat, işgüzar siyasət, qərar elmləri, maliyyə, idarəetmə və təşkilat, marketinq departamentlərindən ibarətdir. Bu məktəb 1965-ci ildə yaradılıb. Məktəbin proqramına MBA (biznes idarəetməsi masteri), beynəlxalq MBA və s. daxildir. Sinqapur Milli Universitetinin Biznes Məktəbi dünyanın bir çox universitetləri ilə (Pekin, Fudan, Koreya, Paris, Los-Anceles universitetləri və s.) birgə MBA proqramları həyata keçirir. Məktəb, həmçinin bütün bu sahələr üzrə PhD dərəcəsi verir.
Kompüter (İnformatika) Məktəbinə media və kommunikasiya, hesablama biologiyası, kompüter mühəndisliyi, kompüter elmləri, hesablama texnikası, elektron ticarət, informasiya sistemləri fakültələri daxildir. Məktəb 1998-ci ildə yaradılıb və altı bakalavr diplomu təklif edir.
Dizayn, Ətraf Mühit və Memarlıq Məktəbi inşaat, sənaye dizaynı, layihə və binaların istismarı, daşınmaz əmlak fakültələrindən ibarətdir. Məktəb 1969-cu ildə İnşaat və Daşınmaz Əmlakın İdarəolunması Departamenti adı altında yaradılıb, 2000-ci ildə isə məktəbə hazırkı adı verilib. Məktəb, əsasən, bakalavr dərəcəsi təklif edir.
Mühəndislik Məktəbinə mühəndislik, biomühəndislik, mülki tikinti, kimya, kompüter, elektrotexnika mühəndisliyi, layihələşdirmə və texnologiya idarəetməsi, texniki elmlər, ətraf mühit mühəndisliyi, sənaye və sistemlər mühəndisliyi, materiallar elmləri, maşınqayırma fakültələri daxildir. Mühəndislik Məktəbi universitetin ən böyük məktəbidir və 1968-ci ildə yaradılıb. Məktəb bakalavr, magistr və doktorluq dərəcələri təklif edir.
Dəqiq Elmlər Məktəbinə tətbiqi kimya, riyaziyyat, ümumi kimya, ümumi riyaziyyat, əczaçılıq, hesablama biologiyası, qida elmi və texnikası, həyat haqqında elmlər, fizika, miqdar maliyyəsi (quantitativ), statistika fakültələri daxildir.
Tibb Məktəbi tibb və tibb bacısı fakültələrindən ibarətdir. Universitetin təməlini qoymuş bu məktəb 1905-ci ildə açılıb. Tibb fakültəsi, öz növbəsində, anesteziya, anatomiya, biokimya, ailə təbabəti, diaqnostik radiologiya, mikrobiologiya, ginekologiya, oftalmologiya, ortopediya, otolarintologiya, pediatriya, patologiya, farmokologiya, fiziologiya, psixiatriya, səhiyyə, cərrahiyyə və digər bölmələrdən ibarətdir. Bütün bu sahələr üzrə magistr və doktorluq proqramları da təklif olunur, tibb üzrə alimlər hazırlanır. Tibb Məktəbi Britaniya tibb sisteminə əsaslanıb, tələbələr bütün gün ərzində iş başında olurlar. Məktəb tibb bacısı sahəsi üzrə bakalavr dərəcəsi verir.
Stomatologiya Məktəbi Uzaq Şərqdə bu sahə üzrə yaradılmış ilk təhsil ocağıdır. Sinqapur Milli Universitetində stomatologiya fakültəsi 1929-cu ildə açılıb. Tədris proqramı iki il klinikaya qədər və iki il klinikadan sonrakı dövrü əhatə edir, bakalavr, magistr və doktorluq dərəcələri verilir.
Hüquq Məktəbi 1956-cı ildə Malaya Universitetində yaradılıb. 2006-cı ildə təhsil müəssisəsi Bukit Timah kampusuna köçüb. Burada mövcud olan fakültələrdən hüquq, ictimai siyasət, qanun və həyat elmləri, politologiya və s. qeyd etmək mümkündür. Məktəb bir neçə xarici universitetlə əməkdaşlıq edir və tələbə mübadiləsi aparır.
Yonq Syu Toh Musiqi Konservatoriyası Sinqapur Milli Universiteti, Pibodi İnstitutu və Con-Hopkins Universitetinin əməkdaşlığı çərçivəsində fəaliyyət göstərir. 2001-ci ildə konservatoriya mərhum doktor Yonq Lu Linin qızının şərəfinə Yonq Syu Toh Musiqi Konservatoriyası adlandırılıb. Hazırda məktəb dördillik (bakalavr) musiqi təhsili verir. Konservatoriya musiqi performansı (orkestr musiqisi) və kompozisiya fakültələrindən ibarətdir.
Doktorantlar üçün nəzərdə tutulmuş məktəblərdən (graduate schools) Li Kuan Yu İctimai Siyasət Məktəbi ən müasir və savadlı siyasətçi və liderlər nəslinin hazırlanması məqsədi ilə fəaliyyət göstərir.
İnteqrativ Elmlər və Mühəndislik Məktəbi elmin bir sıra sahələri, xüsusilə texnologiya və bununla əlaqəli tibbin digər aspektləri üzrə dünya səviyyəli tədqiqatçılar, doktorant və alimlər hazırlayır.
Dyuk-Sinqapur Ali Tibb Məktəbi biotibbi elmlər üzrə yeni tədqiqatçı həkimlər nəsli yetişdirir. Bu məktəb Sinqapur Milli Universiteti ilə Dyuk Universitetinin sıx əməkdaşlığı altında fəaliyyət göstərir.
Sinqapurdan kənarda universitetin 5 kolleci fəaliyyət göstərir. Bunlar Silikon Vadisində, Bio Valleydə, Şanxayda, Stokholmda və Banqalorda yerləşən ali təhsil müəssisələridir.
Universitetin nəzdində fəaliyyət göstərən digər təhsil mərkəzlərindən Təhsil və Tədrisin İnkişafı, İngilis Dili Kommunikasiyası, Genişlənmə (NUS Extension) mərkəzlərini, Sistemlər Elmi İnstitutunu qeyd etmək olar. Təhsil və Tədrisin İnkişafı Mərkəzi pedaqogika sahəsinin inkişafı, universitetdə tədrisin səviyyəsinin qaldırılması məqsədlərinə xidmət edir. İngilis Dili Kommunikasiyası Mərkəzi universitetdə ingilis dilinin tədrisini, tələbələrin müvəffəqiyyətli kommunikasiya bacarıqlarını və effektiv tədqiqat bacarıqlarını inkişaf etdirir. Sistemlər Elmi İnstitutu informasiya texnologiyalarının tədrisini və onlayn təhsil təklif edir. İnstitut informasiya texnologiyaları üzrə peşəkar fasiləsiz təhsili ilə seçilir. Genişlənmə Mərkəzi fərdi və korporativ şəxslərə peşəkar, fasiləsiz təhsil təklif edir, təhsilin davam etdirilməsi məqsədlərinə xidmət edir.
Bütün sadalananlardan əlavə, Sinqapur Milli Universitetində 22 elmi-tədqiqat institutu mövcuddur.
Sinqapur Milli Universitetinin kitabxana sisteminə ümumilikdə 1,5 milyon cild kitab, 43000 elektron nəşr, 32000 informasiya proqramı, 26000 mikroforma və s. daxildir. Universitetin ayrılıqda 8 kitabxanası var: Mərkəzi, Çin, CJ Koh Hüquq, Suy Sen Memorial, Tibb, Musiqi, Elmi,Yuxarı Məktəb. Hər bir kitabxanada öz sahəsinə uyğun minlərlə kitab var. Kitabxananın İnternet portalı fəaliyyət göstərir və gün ərzində 24 saat xidmət təklif edir. Universitetin zəngin kitabxanası müxtəlif istiqamətlər üzrə tədqiqatlar aparmağa geniş imkanlar yaradır.
Sinqapur Milli Universitetinin kansleri Sinqapurun hazırkı Prezidenti Sellapan Ramanathan, prezidenti isə professor Tan Çorh Kuandır. 2009-2010-cu tədris ilində Sinqapur Milli Universitetində ümumilikdə 8444 nəfər işçi heyət qeydə alınıb. Onlardan 2207 nəfəri professor-müəllim, 2098 nəfəri tədqiqatçı, qalanları isə inzibati işçilərdir.
Hazırda Sinqapur Milli Universitetində dünyanın 100 ölkəsindən 33741-dən çox tələbə təhsil alır. Onların 25391 nəfəri bakalavr, 8350 nəfəri isə magistr və doktorantlardır. Dünyanın bir çox ölkəsində universitetin 20000-dən artıq məzunu müxtəlif sahələr üzrə fəaliyyət göstərir.
Sinqapur Milli Universitetinin dünya elminə verdiyi nailiyyətlərdən aşağıdakıları nümunə göstərmək olar: 2-D karbon nanostrukturlarının kəşfi, NASA üçün Delphipad portativ fərdi kompüterinin yaradılması, kariyesin alçaq enerjili lazerlə müalicəsi, üçölçülü (3-D) holoqrafik təsvirlərin modelləşdirilməsi, 3-D nanostrukturlar üçün proton şüasının mikroemalı, Kvant kriptoqrafiyası, gövdə hüceyrələrinin kəşfi və s. Burada uranın zənginləşməsi üzrə geniş iş aparılır, nanotexnologiyanın öyrənilməsinə xüsusi diqqət yetirilir. Elmi-tədqiqatların aparıldığı əsas məkanlar Biomühəndislik və nanobiomühəndislik koridoru, Antena şüa nümunələrini ölçmək üçün yığcam diapazon, Kiberart studiyası, Grid İnnovasiya Zonası, NUS (Sinqapur Milli Universiteti) Hollivud laboratoriyası, Bioloji variativlik tədqiqatı muzeyi, Parisdə yerləşən Sondra laboratoriyası, Struktur Biologiya Tədqiqatı koridoru, Sinxrotron İşıq Mənbəyi və digərləridir.
Sinqapur Milli Universiteti tələbələrə savad verməklə yanaşı, onlara həyat dərsi verir. Burada tələbə mübadiləsi, dünya ölkələrinin tanınmış universitetləri ilə sıx əməkdaşlıq, təcrübə toplamaq məqsədi ilə xarici səfərlər həyata keçirilir. Bu günədək topladığı zəngin təcrübəyə əsaslanan ali təhsil müəssisəsinin gələcək məqsədi geniş fənn spektri yaratmaq, qabaqcıl elmi nailiyyətlərə yiyələnmək, ali məktəbdən sonrakı təhsili, müdafiə tədqiqatlarını gücləndirmək, həyat haqqında elmlərə daha böyük diqqət ayırmaq və bəşəriyyətə yüksək zəkaya malik şəxsiyyətlər bəxş etməkdir.
Xarici əlaqələri
redaktəSinqapur Milli Universiteti mütəmadi olaraq beynəlxalq elmi-tədqiqat konfranslarında iştirak edir. Zəngin Asiya təcrübəsini özündə birləşdirən universitet Sakit Okean regionu Universitetləri Assosiasiyasına, Beynəlxalq Tədqiqat Universitetləri Alyansına[2] və "Universitas 21"-ə daxildir[3].
Universitetin Münhen Texniki Universiteti və Nanyanq Texnoloji Universiteti ilə əməkdaşlığı çərçivəsində 2002-ci ildə Sinqapurda Elm və Texnologiya üzrə Alman İnstitutu adı altında Münhen Texniki Universitetinin filialı fəaliyyətə başlamışdır.[4]
Büdcə və təhsil haqqı
redaktəSinqapur Milli Universiteti hazırda Sinqapur hökuməti tərəfindən yüksək maliyyə yardımı alır. Universitetin əməliyyat və infrastruktur xərcləri dövlət tərəfindən ödənilir, toplanan yardımlar isə tələbələrin təhsilinin yüksəldilməsinə sərf olunur.
Sinqapur Milli Universitetində 2009-2010-cu tədris ilində tələbələrin təhsil haqqı bakalavr pilləsində təhsil alan tələbələr üçün oxuduqları məktəb və fakültədən asılı olaraq Sinqapur sakinləri üçün 25620 Sinqapur dollarından (S$) başlayaraq 69600 dollara qədər dəyişib. Əcnəbi tələbələrin təhsil haqqı isə 28930-73700 Sinqapur dolları təşkil edib. Universitetdə ən bahalı fakültələr Stomatologiya və Tibb məktəblərindədir. Burada təhsil haqqı yerli tələbələr üçün 107160 Sinqapur dolları, əcnəbi tələbələr üçün isə 116640 Sinqapur dolları təşkil edib.
Universitetin tələbə yataqxanalarında ödənişlər, şəraitdən asılı olaraq, biraylıq 325-605 Sinqapur dollarına başa gəlir. Tələbənin biraylıq xərci, orta hesabla, belədir: kitab və dəftərxana ləvazimatları üçün 100-200 Sinqapur dolları, nəqliyyat üçün (kampus daxilində) 52 Sinqapur dolları, ictimai nəqliyyat üçün (kampusdan kənar) - 150-200 Sinqapur dolları, qidalanması üçün (kampus daxilində) 250-350 Sinqapur dolları, şəxsi xərcləri üçün (geyim, əyləncə və s.) 150-200 Sinqapur dolları.
Sinqapur Milli Universitetində təqaüd almaq istəyən tələbə universitetə yazılı ərizə ilə müraciət etməli, sonradan isə bu təhsil müəssisəsinin seçim meyarlarına cavab verməlidir. Tələbə bütün tələblərə cavab verərsə, tələbənin ailə vəziyyətinə, maliyyə durumuna uyğun olaraq ona təqaüd və kredit ayrılır. Bununla yanaşı, tələbəyə tədqiqat işlərində kömək göstərilir. Sinqapur Milli Universitetində tələbəyə ayrılan kreditin məbləği, təxminən, ildə 3600 Sinqapur dolları təşkil edir. Ümumiyyətlə, dünyanın başqa universitetlərində olduğu kimi, burada da tələbələrə müxtəlif məbləğdə bir çox təqaüd və kreditlər təklif olunur.
Reytinqi
redaktəUniversitet tələbələrin çoxluğuna və tədris proqramının zənginliyinə görə də ölkənin ali məktəbləri arasında birinci yeri tutur.
2015/16[5] | 2014/15[6] | 2013/14[7] | 2012/13[8] | 2011/12[9] | 2010/11[10] |
---|---|---|---|---|---|
12 | 22 | 24 | 25 | 28 | 31 |
2015/16[11] | 2014/15[12] | 2013/14[13] | 2012/13[14] | 2011/12[15] | 2010/11[16] |
---|---|---|---|---|---|
26 | 25 | 26 | 29 | 40 | 34 |
Məşhur məzunları
redaktəBuranın məzunu olan məşhurlardan misal olaraq aşağıdakıların adlarını çəkmək olar:
- Sellapan Ramanathan — Sinqapurun hazırkı Prezidenti, universitetin kansleri;
- Benjamin Henri Şeris — Sinqapurun 2-ci Prezidenti;
- Qo Çok Tonq — Sinqapurun Baş naziri;
- Volter Vun — Sinqapurun baş prokuroru;
- Li Kuan Yu — Sinqapurun sabiq Baş naziri;
- Goh Keng Svi — Sinqapurun sabiq Baş nazirinin müavini;
- Toh Çin Çye — Sinqapurun sabiq Baş nazirinin müavini;
- S. Cayakumar — Sinqapurun sabiq xarici işlər naziri;
- Enq Hen — Sinqapurun 2-ci müdafiə naziri;
- Abdul Razak — Malayziyanın 2-ci Baş naziri;
- Mahathir Məhəmməd — Malayziyanın 4-cü Baş naziri;
- Linq Vern Fuk — məşhur Sinqapur yazıçısı.
Həmçinin bax
redaktəMənbə
redaktə- Lamiyə Əliyeva, Dünya universitetləri: Sinqapur Milli Universiteti Arxivləşdirilib 2012-05-13 at the Wayback Machine, "Azərbaycan müəllimi" qəzeti, 02.04.2010, № 12. (az.)
İstinadlar
redaktə- ↑ 1 2 Directory of Open Access Journals. 2003.
- ↑ Members Arxivləşdirilib 2012-05-06 at the Wayback Machine. iaruni.org (ing.)
- ↑ "Universities 21 - Members". 2011-05-21 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-10-12.
- ↑ Lamiyə Əliyeva. Dünya universitetləri: Münhen Texniki Universiteti Arxivləşdirilib 2014-09-09 at the Wayback Machine. "Azərbaycan müəllimi" qəzeti. № 47, 3 dekabr 2010. (az.)
- ↑ "QS World University Rankings (2015)". 2016-02-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-09-16.
- ↑ "QS World University Rankings (2014)". 2016-02-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-04-11.
- ↑ "QS World University Rankings (2013)". 2016-10-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-04-11.
- ↑ "QS World University Rankings (2012)". 2019-05-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-04-11.
- ↑ "QS World University Rankings (2011)". 2012-01-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-04-11.
- ↑ "QS World University Rankings (2010)". 2011-04-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-04-11.
- ↑ "THE World University Rankings (2015-2016)". Times Higher Education. 2016-10-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 mart 2016. (#apostrophe_markup)
- ↑ "THE World University Rankings (2014-2015)". Times Higher Education. 2015-05-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 aprel 2015. (#apostrophe_markup)
- ↑ "THE World University Rankings (2013-2014)". Times Higher Education. 2013-10-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 aprel 2015. (#apostrophe_markup)
- ↑ "THE World University Rankings (2012-2013)". Times Higher Education. 2015-05-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 aprel 2015. (#apostrophe_markup)
- ↑ "THE World University Rankings (2011-2012)". Times Higher Education. 2015-04-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 aprel 2015. (#apostrophe_markup)
- ↑ "THE World University Rankings (2010-2011)". Times Higher Education. 2015-05-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 aprel 2015. (#apostrophe_markup)
Xarici keçidlər
redaktə- nus.edu.sg — Rəsmi saytı