Sofulu Qarakilse - Wikipedia
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Sofulu — Qərbi Azərbaycanın (indiki Ermənistan Respublikası) Qarakilsə (Sisyan) rayonu ərazisində kənd.
Sofulu | |
---|---|
39°22′31″ şm. e. 45°59′46″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Sahəsi |
|
Mərkəzin hündürlüyü | 1.900 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəsmi dili | |
Tarixi
redaktəYelizavetpol quberniyasının Zəngəzur qəzasında, indiki Qarakilsə (Sisyan-Sisakan) rayonunda kənd.
Alışar, Pisak (danışıqda Pisək və ya Püsək şəklinə təhrif olunmuşdur) və Qıvraq kəndlərinin 1940-cı illərdə birləşdirilməsi əsasında yaradılıb. Pisak kəndi Alban knyazının yaylaq məskəni anlamındadır, qədim yerləşmə sahəsi olduğuna dair çoxlu işarələr (daş abidələr, xarabalıqlar) vardır. Alışar və Qıvraq toponimlərinə Naxçıvanda və Anadoluda rast gəlinir.[2]
Pisak – Sak nəslindən hakim adıdır (Favst Buzand, III kitab, 20-ci fəsil). Türkcə pi – "başçı", "knyaz", "şahzadə" (166, II, 97) və sak, çar sözlərindəndir. Sisyan rayonunun adında qalan Sisakan toponimi "Si" və "Sakan" hissələrindən ibarətdir və "Si sakları" mənasını verir. "Sakan" komponenti Sak etnoniminə və — an şəkilçisinə ayrılır.[3]
Rusiyanın aqressiv antitürk siyasəti yeritdiyi zamanda Alışar, Pisak (Püsək) və Qıvraq toponimləri yerinə Sofulu toponimini seçməsi düşündürücü haldır (?!). Sofulu toponiminin bu kəndlərlə əlaqəsi olmasa da bu toponim türk tayfasının adı (329, s.ll) əsasında əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca sadə toponimdir. Sofulu sözünün yunan, ərəb mənşəli olması, "sufi" sözü ilə bağlılığına dair fikirlər tamamilə yanlışdır.[4]
Sofulular Kəngərli tayfasının tərkibində həm Naxçıvan bğlgəsində, həm də Albaniyanın qərbində məskunlaşmışdılar. Mənbələrdə Kəngərlilərin adı V əsrdən çəkilir. Səfəvilər dövründə ustaclı tayfasının tərkibində ölkənin siyasi həyatında rol oynadıqları barədə məlumatlar vardır.[5][6][7][8]
Türklərin etnogenezində iştirak etmiş kəngərlilərin bir qolu olan sofulularla bağlı toponimə Cənubi Qafqazda, Anadoluda, Trakyada rast gəlinir. Qafanda Sofulu-Ğığı, Ağdamda, Cəbrayılda, Tovuzda, Gürcüstanda (Qaraçöpdə), Çuxursəddə, Adanada, Yunanıstanda Sofulu adlı yaşayış məntəqələri vardır. Şabran rayonunda isə sofulular yaşayırlar.[9]
Kəndin ətrafında (şimal-qərbində) üst-üstə üç qat məzarların və məzar daşlarının, qoç heykəllərinin tapılması buna sübutdur. Bu məzar daşları və qoç heykəlləri 1950–1960-cı illərdə Ermənistanın hakimiyyət orqanları tərəfindən yük maşınaları ilə daşınıb yoxa çıxarılmış, izləri itirilmişdir.
Sofulu kəndi Sisyan-Sisakan (Qarakilsə) şəhərindən 20 km cənub-qərbdə, Dastagert (Dəstəyurd) kəndi ilə Murxuz kəndi arasında Əyriçayın sol sahilində, Naxçıvan Muxtar Respublikasının Culfa rayonu ilə sərhəddə yerləşir.
Orta əsrlərdə Sofulu kəndinə gedən tək yol Şıxlar kəndinin üst tərəfindən keçməklə Daşqaladan Hərəmlərə, oradan Güney yolu ilə kəndə aparan yol olub.
Pisak kəndinin şimal-şərqində Bəylik ərazisində Bəybalı kəndi, Alışarla Murxuz arasında Əyriçayın sağ sahilində (indiki teleqüllənin yerində) Almalı kəndi mövcud olmuşdur. Pisak kəndinə sonradan Cəbrayıldan və qonşu Hortuyüz kəndindən (bu kənd 1918-ci ildə Andronikin quldur dəstəsi tərəfindən dağıdılmışdır) gələnlər yerləşmişlər. Çar Rusiyası dövründə Pisak, Alışar və Qıvraq kəndlərinin yüzbaşısı Səməd bəy (Həsənov) olubdur (Qaçaq Nəbi dəstəsi ilə rus qoşunlarının təqibindən uzaqlaşmaq məqsədilə İrana keçdikdə həyat yoldaşı Həcər xanım uzun müddət Səməd bəyin evində gizlədilib).
Qıvraq kəndi Dəstəyurddan 1,5 km şimal-qərbdə Əyriçayın sağ sahilində yerləşirdi.
Alışar kəndi Dəstəyurddan 2 km şimal-qərbdə Əyriçayın sol sahilində Pisakla Qıvraq arasında yerləşirdi.
Pisak kəndi Əyriçayın sol sahilində Alışardan 2 km şimal-qərbində yerləşirdi.
1897–1914-cü illər arasında hər üç kənddə əhalinin təbii artımı ilə yanaşı Birinci dünya müharibəsi ərəfəsində buraya böyük axın baş vermişdir. 1918-ci ildə 15 mart tarixində bu kəndlər də erməni quldurlarının hücumu nəticəsində dağıdılmışdır. Sakinlər Naxçıvana qacmış, çox sərt keçən qış dövründə Dəmirli dağı aşarkən onlarla adam — qoca, uşaq, qadın qar uçqununa düşmüş, şaxta vurmuş, həlak olmuşlar. Ermənilər bütün evləri dağıdıb, yandırmışlar. Sovetləşmədən sonra yalnız bir neçə ailə dədə-baba yurduna qayıda bilmişdir. 1931-ci ildə güclü zəlzələ nəticəsində hər üç kəndin bir çox evləri uçmuş, ölən və yaralananlar olmuşdur. Sonrakı illərdə Alışar və Qıvraq kəndləri Pisak kəndinin yaxınlığına köçürülmüş və Sofulu kəndi yaradılmışdır.
Min illər boyu türk yurdu olmuş Qərbi Azərbaycanda Rusiya tərəfindən 1921-ci ildə yaradılmış indiki Ermənistan dövləti ərazisində azərbaycan türklərinə qarşı məqsədyönlü və ardıcıl təzyiqlər, qətliamlar, deportasiyalar (1948–52) aparılmış və nəticədə türk əhalisinin sayı sürətlə azalmış, yaşayış yerləri xarabalığa çevrilmiş ya da erməniləşdirilmişdir. Zaman keçdikcə Sofulu və onunla qonşu bir neçə Azərbaycan kəndləri də ermənilərin əhatəsində qalmışdır. Buna baxmayaraq sofulular digər türk kəndləri kimi öz adət-ənənələri, dədə-baba qaydalarını qoruyub saxlamışlar. Bayramlar, toy mərasimləri, yas mərasimləri türk adətiylə keçirilirdi. Xüsusilə axır çərşənbə böyük sevinc və təntənə ilə qeyd olunurdu. Toy və bayram şənlikləri açıq havada qara zurnanın sədaları altında bütün kənd camaatı tərəfindən (kişi-qadın birlikdə) keçirilirdi.
Zəngəzura ermənilər köçürülənə qədər Sofulu kəndinin yaylaqları, otlaq yerləri, zəngin təbii bitki ehtiyatları əsrlər boyu həm də Qarabağ elatlarının, xüsusilə Cəbrayıl, Beyləqan, Füzuli rayonlarından olan ailələrin yaylaq yerləri idi. 1970-ci illərdən başlayaraq Sisyan rayonun erməni rəhbərliyi bu köçə qadağa qoymuşdu.
1987-ci ildən başlayaraq ermənilərin türk əhalisinə qarşı təzyiqləri daha da artdı. Rayon mərkəzinə gedənlər təhqir olunur, döyülürdülər. Xüsusilə ermənilərin özləri tərəfindən təşkil olunmuş "Sumqayıt hədisələri"ndən sonra (1988) ermənilərin daha da azğınlaşması, günbəgün artan təzqyiqlərin, hədə-qorxuların təsiri ilə ilk dövrdə qadınların, qocaların, uşaqların, daha sonra bütün sakinlərin kənddən çıxarılmasına başlandı. Əhalinin bir hissəsi Naxçıvana, əksıriyyəti isə Bakı və Azərbaycanın digər bölgələrinə köç etdilər. Dövlət orqanlarına ümidini itirməyən kənd sakinləri ev əşyalarını "bəlkə qayıtdıq" ümidi ilə qoyub getdilər. Kəndi sonuncu tərk edənlərin dediklərinə görə 26 noyabr 1988-ci ildə səhər silahlı erməni quldurları kəndə basqın etmiş, atəş açaçraq sahibsiz it və pişikləri öldürmüş, evləri qarət etmişlər.
Didərgin sofulular əsasən Bakı, Sumqayıt və Minğəçevir şəhərlərində, Saray, Hövsan, Masazır qəsəbələrində və s. yerlərdə məskunlaşmışlar.
Sofulu kəndi və onun ətraf ərazilərində yer adları
redaktəKotan yalı, Xırda düz, Yumru til, Böyük til, Eyvan daşı, Arxaşan, Ulu Güney, Plovlu təpə, Hərəmlər, Daşqala, Bəylik, Xıdır samanlıqlı, Qaratorpaq dərəsi, Sapdərə, Məşədi Qoca çəmənliyi, Cayca yurd, Mollu yurdu, Qaşqaçeşmə, Əbdilli yurdu, Xıdır yurdu, Qəcil qayası, Bayraməliyə toy olan, Ərinməz, Xələfli yurdu, Çiçəkli yaylağı, Qazmayurd, Uz qəbri (Uzoba kəndinin məzarlığı), Aralıq, Qoca qoruğu, Hacı Mollalı yurdu, Yeddi bulaq, Kopaz, Yemişənli dərə, Səhnə qaçan, Ləpəxeyrənli, Taxyurd, Qarabağlı düşən, Nalbənd, Obrux (qədim dövrə aid məzarlar yerləşirdi), Lalalıyurd, Havuslu yurdu, Yarməmməd yurdu, Cacıxlı yurd, Göy çuxur, Yal yurd, Qalax yurd, Qız-gəlin çuxuru, Keşiş arxı boyunca: Həvva qarı ölən, Boğaz yurd (qədim insan məskənləri olan mağaralar yerləşirdi), Çəyirtgəlik, Dəmirli dərə, Qanqallı yurd, Motal qaya, At ahılı.
Bulaqlar
redaktəTurşsu, Sapdərə və Bəylik bulağı, Gilənar dərə bulağı, Xırda düz bulağı, Qurdlu bulaq, Cayca yurd bulağı, Albagələn bulağı, Qoşa bulaq, Tarovlu bulağı, Əbdilli yurdu bulağı, Telli bulağı, Xıdır yurdu bulağı, Turşsu, Nəcəfalı bulağı, Zınqırovlu bulaq.
Sitayiş yerləri, pirlər
redaktəQırxlar, Hərəmlər, Təkcəpir, Mollaqayıb piri, Hacı Mollalı və Hacı Seyid piri, Armud piri, Hacı Sofunun məzarı, Xeyri piri, Seyid Əhməd piri.
Mədəniyyəti
redaktəKənddə bir sıra mədəni maarif və sosial obyektlər var idi: kitabxana, klub, kənd sovetinin (icra) binası, tibb məntəqəsi, yeməkxana, mağaza, teleradio ötürücüsü. Kənd klubunda tez-tez kinofilmlər nümayiş etdirilir, Bakıdan, Naxçıvandan və İrəvandan gələn bədii kollektivlər teatr, konsert, sirk tamaşalar nümayiş etdirirdilər. Həmçının kənd ziyalıları bəzi əsərləri səhnələşdirir, konsert və tamaşalar təşkil edirdilər.
Kənddə ilk klub və kitabxana 1945-ci ildə fəaliyyətə başlamışdır. Onun ilk müdiri Mikayıl Nəriman oğlu Hüseynov olmuşdur.
1944-cü ildə Sofuluda ilk tibb məntəqəsi açılmış, qonşu Ərəfsə kəndindən Əlif həkim məntəqənin ilk müdiri olmuşdur. 1960-cı ildən kənd zorla boşaldılanadək (1988-ci ilin dekabrınadək) Sirac Əhmədov kənd tibb məntəqəsinin müdiri olmuşdur.
Çar Rusiyası dövründə Pisak, Alışar və Qıvraq kəndlərində məscid və mollaxanalar fəaliyyət göstərmişdir. Məscidin nəzdindəki mollaxananın sonuncu müəllimi Hacı Ismayıl idi. Onun oğlu Mola Lətif 1937-ci il repressiyasının qurbanı olmuşdur. Sonra məscidlər bağlanmış və anbar kimi istifadə olunmuşdur. Pisak məscidinin daşdan yonulmuş dirəyi 1980-ci illərə kimi qalmaqda idi. Yaşlı adamlar bayram günləri qorxa-qorxa həmin daş sütunun üstündə gecələr şam yandırardılar. Mola Qayıbın (Qeyibin), Hacı Mollalının və Hacı Seyidin məzarları qorunub saxlanmışdı.
1920-ci illərdə Pisaklı Səməd bəyin oğlu Kərim öz vəsaiti hesabına ibtidai məktəb açmış, Alışar və Pisakın uşaqlarına pulsuz təhsil vermişdir. 1931-ci ildə bu məktəb 4 sinifli ibtidai, 1939-cu ildə 7 illik, 1952-ci ildə 8 illik, 1970-ci ildən orta məktəb olmuşdur. 1982-ci ildə istifadəyə verilən yeni üç korpuslu, iki mərtəbəli məktəb ən müasir tədris laboratoriyaları, cihaz və avadanlıqlarla təchiz olunmuş, hərbi və idman hazırlığı üzrə bütün şərait yaradılmışdı. Məktəbdə 380 şagird təhsil alırdı. 7 illik məktəbin ilk direktoru Ağüdi kəndindən Səlim Əliyev olub. Sofulu orta məktəbinə 28 il (1960–1988-ci illərdə) Dadaş Məhəmməd oğlu Quliyev rəhbərlik etmişdir.
Erməni millətçilərinin təzyiqləri və antitürk siyasəti nəticəsində Sofulu kənd orta məktəbini bitirənlərin əksəriyyəti Azərbaycanın müxtəlif yerlərində yaşamağı üstün tuturdular. Ali təhsil almaq və Azərbaycanın başqa bölgələrində iş tapmaq Ermənistanın yerli hakimiyyət orqanlarının yaratdığı ayrı-seçkilik və təzyiqlərdən qurtuluşun tək yolu idi.
Coğrafiyası və iqlimi
redaktəSofulu kəndi 46 dərəcə şərq uzunluğu, 39 dərəcə şimal enliyində Zəngəzur qəzasında, indiki Qarakilsə (Sisyan) rayon mərkəzindən 24 km cənub-qərbdə Dastagert (Dəstəyurd) kəndi ilə Murxuz kəndi arasında Əyriçayın sol sahilindən yerləşir.
Sofulu kəndi dəniz səviyyəsindən 1940 metr yüksəklikdə yerləşirdi.[10]
Kəndin 15 km şimal-qərbində (Naxçıvan Muxtar Respublikasının Culfa rayonu ilə sərhəddə) Dəmirli dağ (Qırxlar zirvəsi) 3368,2 m yüksəlir.
Orta əsrlərdə Sofulu kəndinin ətrafı sıx meşələrlə əhatə olunubmuş. Təbii proseslər, meşə yanğınları və insan müdaxilələri nəticəsində meşələr məhv olunub. Gilənarlı dərə, Alma ağacı adlandırılan yerlərdən sonralar tapılmış, kömürləşmiş nəhəng ağaclar bunu təsdiq edir.
Kənd hər tərəfdən Zəngəzur dağ silsilələri ilə əhatə olunmuşdur. Dağlar, təpələr, alp çəmənlikləri, güneyli-guzeyli yamaclar, xüsusilə yazın gəlişi ilə əlvan rəngə bürünər, əsrarəngiz gözəlliyə qərq olardı. Çeşidli gül-çiçəyin, min bir dərdə dərman ot və dərman bitkilərinin hər cür növünə rast gəlmək mümkün idi: kəklikotu, zirə, yarpız, qantəpər, gülxətmi, qırxbuğum, quzuqulağı, əmənköməci, əvəlik, gicirtkən, qıppığan, ələyiz, caşır, baldırğanlar (su, daş, maral və s.), turşəng, yemilik, quş quyruğu, qazayağı, topalaq, cacıq, cüncülüm, xaşxaş, kəngər, qanqal, xincilovuz, ciriş, çobanyastığı, adaçayı, itburnu, qoyungozü, yemişan, atgötür, danaqıran, boymadərən, dəvədabanı, dağ kişnişi, göbələk, sümürtkən, batbat və s.
Əhalisi
redaktəSofulu kəndini təşkil edən Pisak, Alışar və Qıvraq kəndlərində əhali sayında müxtəlif dövrlərdə artım və azalmalar olmuşdur. 1905-ci ildə 970 nəfər Azərbaycan Türkü yaşamışdır. 1959-cu ildə burada 1816 nəfər azərbaycanlı yaşamışdır (85, s.190). 1988-ci ilin noyabr ayında azərbaycanlılar qırğınlarla qovulmuşdur. İndi ermənilər yaşayır.[11] 1988-ci ildə faciəli olaylar zamanı azərbaycanlılar kənddən bütünlüklə qovulub.[12]
1886 | 1897 | 1914 | 1918 | 1922 | 1931 | |
Pisak kəndi | 132 | 154 | 310 | --- | 150 | 197 |
Alışar kəndi | 138 | 148 | 214 | --- | 105 | 135 |
Qıvraq kəndi | 240 | --- | --- | --- | 77 | 111 |
1931-ci ildə güclü zəlzələ nəticəsində hər üç kəndin bir çox evləri uçmuş, ölən və yaralananlar olmuşdur.
Sonrakı illərdə Alışar və Qıvraq kəndləri Pisak kəndinin yaxınlığına köçürülmüş və Sofulu kəndi yaradılmışdır.
Kənd sakinlərinin çoxu mənsub olduqları tayfaların adı ilə adlandırılırdılar. Alışar kəndində Qurbanalı, İman, Nurməmməd, Qarar Eyub, Eyvaz, Süleyman soyuna, Pisak kəndində Hüseynalı, Nəcəfalı, Hüseyn, Şeybala, Qurban soyuna, Qıvraq kəndində Bəkir, Bahadur, Musa soyuna aiddirlər. Həmçinin Füzuli rayonunun Saracıqlı kəndindən Əhmədalı soyundan olan sakinlər Pisak kəndinə yerləşmişdilər.
1959-cu il siyahıya alınmasına görə Sofulu kəndində 1816 nəfər qeydiyyatda olmuşdur (85, s.190).
İkinci dünya savaşında (1939–1945) 92 nəfər Sofulu kənd sakini cəbhəyə getmiş, onlardan yalnız 45 nəfər sağ və ya əlil qayıtmışdır.
1988-ci ilin noyabr ayında azərbaycanlılar qırğınlarla qovulmuşdur. Hazırda ermənilər yaşayır.
İqtisadiyyatı
redaktəSofulu kəndinin əahlisi əsasən heyvandarlıqla keçinmişlər.
1933-cü ildə yaradılmış Sofulu kolxozunun ilk sədri Əli Hüseynov olmuşdur. Onun bacarıqlı idarəçiliyi sayəsində ağır müharibə şəraitində kənd sakinləri aclıq çəkməmiş, hətta cəbhəyə yardım da etmişlər. Yüksək təşkilatçılıq qabiliyyətinə görə Əli Hüseynov Moskvaya dəvət almış, orden və medallarla təltif olunmuşdur.
1957-ci ildə kolxoz sovxozla əvəzlənmiş, ilk sədr Mamed Mastayev, sonra isə uzun illər Əli Həsənov bu vəzifədə işləmişdir. Sofulu sovxozu böyük təsərrüfata malik idi. Heyvandarlıqla yanaşı əkinçilik, tütünçülük, arıçılıq, bağçılıq, bostançılıq, xalçaçılıq mühüm təsərrüfat sahələri hesab olunurdu.
1960-cı ildən başlayaraq kənddə yeni, yaraşıqlı yaşayış evləri tikilmiş, kəndə su çəkilmiş, böyük bağ sahələri salınmış, sakinlərin ağır əməyi hesabına yaşayış və maddi şəraiti yaxşılaşmışdır. 1988-ci ildə 128 yaşayış evi və 152 şəxsi təsərrüfat olmuşdur.
1988-ci ildə kəndi tərk edərkən Sofulu kənd sakinlərinin şəxsi mülkiyyətindən başqa ümumi təsərrüfata aid olanlar:
- Mal-qara üçün bina (tövlə) −10 ədəd
- İri buynuzlu mal-qara – 600 baş
- Xırda buynuzlu heyvanlar – 4800 baş
- Meyvə bağları – 80 h.
- Kənd təsərrüfatı texnikası – 12 ədəd
- Minik maşını – 4 ədəd
- Taxıl anbarı – 2ədəd
- Arıçılıq binası – 1 ədəd
- Yanacaq anbarı – 2 ədəd
- Dəmirçi sexi – 1 ədəd
- Dülgər atelyesi – 1 ədəd
- Su nasos stansiyası −1 ədəd
- Elektrik paylama şəbəkəsi – 2 ədəd
- Yük a/m tərəzisi – 1 ədəd
- Dəyirman – 1 ədəd
- İdarə binası – 1 ədəd
- Orta məktəb binası – 2 ədəd
- Mədəniyyət klubu binası – 1 ədəd
- Poçt binası – 1 ədəd
- Uşaq baxçası – 1 ədəd
- Mağaza binası – 2ədəd
- Yeməkxana binası – 1 ədəd
İstinadlar
redaktə- ↑ Հայաստանի 2011 թ. մարդահամարի արդյունքները (erm.).
- ↑ ASE, I və III cildlər. .
- ↑ Qeybullayev, Q.Ə. Azərbaycan türklərinin təşəkkülü tarixindən. Bakı -1994. İSBN 5-552-01387-5.
- ↑ ASE, VIII cild.
- ↑ ASE, V cild.
- ↑ Qeybullayev, Q. Ə. Qarabağ. Bakı, 1990.
- ↑ Qeybullayev, Q. Ə,. Qədim türklər və Ermənistan. Bakı,1993.
- ↑ Гейбуллаев, Г. А. К этногенезу азербайджанцев, том 1. Баку, 1991.
- ↑ https://tr.wikipedia.org/?q=Sofulu (#bare_url_missing_title). 2022-12-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-06-02.
- ↑ https://goo.gl/maps/vPfTeQnEgyQSy9pG9 (#bare_url_missing_title).
- ↑ "Arxivlənmiş surət". 2011-05-22 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-06-23.
- ↑ "Arxivlənmiş surət". 2011-09-11 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-06-23.