Sovet Azerbaycani Gemisi - Wikipedia
"Sovet Azərbaycanı" (əvvəlki adı: "Puşkin") — Xəzər Gəmiçilik İdarəsinin ixtiyarında olmuş gəmi/tanker. Əsasən sərnişin və yük daşınmaları üçün hesablanmış paroxod idi. II kateqoriya gəmilərə aid idi.
1893-cü ildə xüsusi gəmiçilik şirkətinin sifarişi ilə İsveçdə tikilmişdir[1]. 1920-ci ilin yayına qədər o, "Puşkin" adlanırdı[1]. Bir müddət hərbi donanmanın balansında olmuş, 1935-ci ildən isə Xəzər Gəmiçilik İdarəsinin ixtiyarına verilir[1].
Son səfəri və dəhşətli faciə
redaktəTanker son səfərinə 26 may 1935-ci ildə Həştərxana yollanmışdır. Həmin vaxt onun bortunda 1027 ton neft var idi. Belə ki, 1935-ci ildə Xəzər Gəmiçilik İdarəsi plandan artıq hasil olunmuş neftin hamısını Həştərxana daşımaq öhdəliyi götürmüşdür. Oradan isə yanacaq Samara və Yaroslavlın neft emalı zavodlarına daşınırdı[1]. Mayın 28-də, gecə saat 2:15-də, Çilov adası yaxınlığında ikən, gəmidə qəfildən partlayış və ardınca da yanğın baş vermişdir. Gəmidə baş vermiş yanğını həmin illərin ən böyük texnogen fəlakətlərindən biri hesab edirlər[1]. Komandanın bir hissəsi partlayışda həlak olmuş, digər hissəsi isə salamat qalaraq köməyə ümid bağlayır. Belə ki, "Sovet Azərbaycanı" tankeri "Sovet" paroxodunun yedəyində gedirdi. Ancaq gözlənilməz hadisə baş verir. Tankerdə yanğının başladığını görən "Sovet" paroxodunun heyəti çətinə düşənlərə yardım etmək əvəzinə, yedək trosunu qıraraq maksimal sürətlə Həştərxana şütüyür, bununla da "Sovet Azərbaycanı"nın ekipajını real ölümlə üzbəüz qoyur. Sonralar məşhur sovet alimi, akademik Aleksey Krılov bu faciənin təhlilinə həsr etdiyi yazısında "Sovet" paroxodunun heyətinin yanlış hərəkət etdiyini belə sübut etmişdir:
"Yanğının və partlayışın paroxoda yayılacağından çəkinən "Sovet" paroxodunun komandirinin qorxusu tamamilə əsassız idi. Yəni köməklik göstərəcəyi təqdirdə paroxodun ekipajı heç nələri ilə risq etmirdilər."[2]
Amma 3 saat sonra "Sovet" paroxodu faciə yerinə qayıdır. Onlar iri ləpələrdə çabalayan biri 12 yaşlı yunqa olmaqla 2 dənizçini xilas edir. Ancaq missiyasını bununla bitmiş sayaraq yenidən Həştərxana istiqamət götürürərək, 1 gün sonra oraya çatırlar. Paroxodda radio olmadığı üçün, Həştərxanda baş vermiş faciə barədə yalnız onların gəlişindən sonra xəbər tuturlar. Bundan sonra qəza yerinə "Alyoşa Caparidze" paroxodu göndərilir. Lakin bu paroxod hadisə yerinə çox ləng gedir. Gecə dreyfə dayanır. Faciənin baş verdiyi yerə yalnız faciədən 3 gün sonra – mayın 31-də, səhər saat 5-də çatır. 9 saat ərzində "Alyoşa Caparidze" yanan tankerin ətrafında olsa da, kapitan nəinki yanğını söndürmək üçün tədbirlər görmür, hətta neftlə dolu açıq sisternin qapatması üçün əmr də vermir. Sonda "Sovet Azərbaycanı" tankerini yedəyə almaq qərarına gəlsələr də, bunu edə bilmirlər. Çünki bu vaxt tankerdə daha bir güclü partlayış baş verir. Buna baxmayaraq, qəzaya uğrayan tanker hələ də suyun səthində idi. "Alyoşa Caparidze" isə, ərazini tərk edərək Həştərxana qayıdır.
Qəza haqqında məlumat Bakıya – Xəzər Gəmiçilik İdarəsinə 30 may gecəsi çatır. Növbəti gün axşam saatlarında "Lafarq" paraxodu yardım üçün Bakıdan yola düşür və iyunun 1-i səhər tezdən qəza yerinə çatır. "Lafarq"ın komandasının gözləri önündə də alov içində olan "Sovet Azərbaycanı" tankeri iyunun 1-i saat 4.15-də Çilov adası yaxınlığında Xəzər dənizinin dibinə gedir. Odda yanan və suda boğulanların epipaj üzvünün sayı 27 nəfər olur[1].
Məhkəmə
redaktəBaş vermiş faciənin təhqiqatı məqsədilə xüsusi dövlət komissiyası yaradılır. Komissiyanın gəldiyi nəticələr cinayət işinin açılması ilə nəticələnir. Çox qısa müddətdə məhkəmə prosesi başlayır. Məhkəmə avqustun 25-dən sentyabrın 1-inə qədər davam etmişdir. Müttəhimlər kürsüsündə 28 nəfər əyləşmişdir:
- Kapitan Krivonosov başda olmaqla "Sovet" paroxodunun bütün ekipajı,
- "Alyoşa Caparidze" paroxodunun kapitanı Sinenkov,
- Xəzər Gəmiçilik İdarəsinin istismar xidmətinin rəisi Zanko,
- Xəzər Gəmiçilik İdarəsinin səlahiyyətli işçilərindən Ustimoviç, Belyakov və başqaları.
Məhkəmə prosesində dövlət ittihamçısı qismində həmin ilin martında SSRİ-nin Baş prokuroru təyin olunmuş Andrey Vışinskinin çıxış etmişdir. O, avqustun 24-də Bakıda jurnalistlərlə görüş zamanı bildirmişdir ki,
"Bu proses su nəqliyyatında proletar intizamı uğrunda mübarizənin dönüş nöqtəsi olmalıdır."[3]
Andrey Vışinskinin sözlərinə görə,
"Bu qəddar cinayəti törədənlərin barəsində hansı hökmün çıxarılmasından asılı olmayaraq, su nəqliyyatında çalışanlar bu mənfəətpərəstləri, öz gönünü güdənləri lənətlə damğalamalıdırlar."[3]
SSRİ Ali Məhkəməsinin Su nəqliyyatı kollegiyasının Səyyar sessiyası "Sovet" paroxodunun kapitanı Krivonosovu ən ali cəzaya - ölüm hökmünə məhkum etmişdir. Bu, məhkəmədə çıxarılan yeganə ölüm hökmü idi. Həmin paroxodun kapitanının siyasi işlər üzrə köməkçisi Miquşenko 10 il, paroxodun mexaniki Çebotaryov 8 il, daha 2 nəfər - Qibşman və Sinenkov isə 5 il müddətinə həbs cəzasına məhkum edilirlər. Digər müttəhimlərin bir çoxu şərti cəza alır, "Sovet" paroxodunun 7 matrosuna isə bəraət verilir.
İstinadlar
redaktəBu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir. |
- ↑ 1 2 3 4 5 6 Məmməd Süleymanov. "Dəhşətli partlayış, ölüm hökmünə məruz qalmış kapitan" Arxivləşdirilib 2016-03-10 at the Wayback Machine. publika.az
- ↑ Aleksey Krılov. ""Sovet Azərbaycanı" tankerinin məhv olmasına dair". Moskva, 1956. (rus.)
- ↑ 1 2 Andrey Vışinski. "Məhkəmə çıxışları". 1955. (rus.)